“Məktubu alandan sonra mənə həqarətli bir cavab yazmışdı” - Məktəb illəri
Həyatımızın
ən qayğısız, ən şirin illəridir məktəb illəri. Bəlkə də buna görə heç vaxt o
illəri unutmur, xoş xatirələrlə xatırlayırıq. Bu dəfə Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü məktəb
illərini xatırladı. Müsahibimin
məktəb illəri 70-ci illərə təsadüf edib. Deyir ki, o illərdən yaddaşında çox
gözəl xatirələr qalıb: "Məktəb illərim çox maraqlı keçib. Müxtəlif dərnəklərdə
iştirak edirdim, voleybol, stolüstü tennis, şahmatla məşğul olurdum. Voleybol
üzrə rayon birincisi olmuşam. Hətta bir il respublika yığma komandasının üzvü
olmuşam. Amma zədələndikdən sonra voleyboldan ayrıldım. O illərdə yay aylarında
məktəbli uşaqlar pambıq sahələrinə gedirdi. Biz pambıqçılıqla məşğul olan fəal
şagirdlərdən idik. Atam məktəb direktoru olduğuna görə, məktəb tədbirlərində
birinci mənim adım çəkilirdi. Deyirdi ki, sən və bacıların digərlərinə örnək olmalısınız. Çalışırdıq ki,
məktəbimiz üçün faydalı işlər görək. Orta məktəbdə dərslərimi orta səviyyədə,
yəni 4-5 qiymətlə oxuyurdum. Evin böyük qızı olduğuma görə, ev işləri də mənim
üzərimə düşürdü. Bizə məktəbdə kimya dərsini anam tədris edirdi və o, çox
tələbkar qadın idi. Bir dəfə evdə o qədər iş var idi ki, kimya dərsini oxuya
bilmədim. O, bunu hiss etmişdi və dərsə girən kimi öncə məni dərs danışmağa
çağırdı. Dərsi oxumadığıma görə, mənə «2» yazdı. Evə gələndən sonra ağladım və
dedim ki, sən görmürsən ki, bizim nə qədər işimiz var idi? Anam mənə qarşı çox
tələbkar idi”.
M.Mürşüdlü
məktəb illərində başına gələn maraqlı əhvalatı da bizimlə bölüşdü: "11-ci sinifdə
oxuyanda həkim olmaq istəyirdim. Aşağı siniflərdə isə mühəndis, jurnalist olmaq
istəyirdim. Həmçinin, rəsmə böyük marağım var idi. Valentina Tereşkova kosmosa
uçanda mən də kosmonavt olmaq istəmişdim. Bir dəfə məktəbdə voleybolda
qazandığım uğurlara görə, qəzetdə haqqımda yazı getmişdi. Çoxlu məktublar
alırdım. Bir dəfə Baykal gölü sahilində xidmət edən astaralı bir oğlandan
məktub aldım. O məktubda məndən xalq mahnısı istəyirdi. Mən bu məktuba cavab
yazmadım. Çünki rayon yerində bu yaxşı qarşılanmazdı. Ümumiyyətlə, mənim buna
heç vaxtım da yox idi. Sinfimizin qızları mənim adımdan o oğlana "xoruz”
şeirini yazıb göndəriblər. O, bu məktubu alandan sonra mənə həqarətli bir cavab
yazmışdı. Bu məktub anamın əlinə keçdi. Evə gələndən sonra Mendeleyev cədvəlini
göstərdiyi çubuğu əlində tutaraq məni yan otağa çağırdı və məktub barədə soruşdu.
Xəbərim olmadığını dedim. Açıb oxuyanda gördüm ki, mənə nələr yazıb. Anam buna
görə məni çox danladı. Ona dedim ki, yəqin ki, bunu qızlar edib. Səhəri gün
anam məktəbdə məhkəmə qurdu. Mənimlə bərabər 12 qız da bu «məhkəmə»də iştirak
etmişdi”.
Şəbnəm