AZE | RUS | ENG |


“Məktəbdə verilən bulkanı çantamda gizlədib, xəstə anama gətirirdim”- Keçmişdəki mən - FOTOLARLA

“Məktəbdə verilən bulkanı çantamda gizlədib, xəstə anama gətirirdim”- Keçmişdəki mən - FOTOLARLA
Aqşin Babayev: “Atam dedi ki, ərləri müharibədə döyüşən qadınları küçədə görəndə utanırdım”

Müharibənin böyütdüyü uşaqlardandır. Həmin dövrdəki aclıq, səfalət, çətinlik, çörək növbələri indiyə qədər də xatirələrindən silinmir. Deyir ki, onun uşaqlıq illərində çörək o qədər müqəddəs və əlçatmaz idi ki, bu gün də kimsə çörəyə hörmətsizlik,  yaxud israfçılıq edəndə hiddətlənir. 
Müsahibimiz II dərəcəli dövlət müşaviri , əməkdar jurnalist, filologiya elmləri doktoru, professor, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aqşin Babayevdir.


"Biləcəriyə qədər piyada getdik”


Həmsöhbətimiz 1936-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlığı müharibə illərinə təsadüf edib. Atasını müharibəyə yola salması, qarşılaması bu günə kimi yadındadır: "Atam müharibəyə gedəndə 5 yaşım var idi. Nənəmlə birlikdə atamı Biləcəridən yola saldıq. Heç bir nəqliyyat vasitəsi yox idi. Həmin gün Biləcəriyə qədər piyada getdik. Nənəm məni aparmaq üçün bir qəmbər daş götürmüşdü, onu atırdı, deyirdi ki, Aqşin, get ona çat. Mən də qaça-qaça gedib daşı götürürdüm. Nənəm mənə çatanda yenə daşı atırdı... Gəlib Biləcəriyə çatdıq. Əsgərlər gözləyirdi. Atam məni görüb qucaqladı. Atam gedəndə, ardınca çox qışqırdım, hamı kövrəlmişdi...”.


"O qadınlardan utanırdım”


Müsahibim deyir ki, atası vəzifədə olduğu üçün onu müharibəyə aparmırdılar. Lakin o, könüllü şəkildə getmək üçün müraciət edib: "Atam Həmkarlar İttifaqı Mədəniyyət İşçiləri Respublika Komitəsinin sədri idi. Hətta mədəsində xəstəlik də var idi. Amma atam mədəsinin sağlamlığını sübut edən sənəd çıxartdırıb, könüllü müharibəyə yollandı. Sonra Stalinqradda yaralandı və qayıtdı. Çox uzun illər sonra atamdan soruşdum ki, sən niyə getdin? Sənə bir şey olsaydı, biz yetim qalacaqdıq. Atam dedi ki, ərləri müharibədə döyüşən qadınları küçədə görəndə utanırdım. Atam müharibədən xəstəxanaya göndərilmişdi. Xəstəxanadan evə gələndə  bizə xəbər etməmişdi. Yadımdadır, ilk dəfə atamı görəndə o qədər sevindim ki, pilləkənlərdən yıxılıb, dizlərim qan içində ayaqları altına düşdüm”.


"Onlar bizim atamızı öldürürdü, biz isə...”


Balaca Aqşin dəcəlliyi və açıq sözlülüyü ilə həmyaşıdlarından fərqlənib: "O dövrdə Novruz bayramını qeyd etməyi bizə qadağan etmişdilər. 5-ci sinifdə oxuyurdum, məktəb direktoru, eyni zamanda tarix müəllimimiz idi. İçəri girdi, girən kimi dedim ki, müəllim, bayramınız mübarək olsun! Sinif bir-birinə dəydi... Məni lövhənin qabağına çağırdı. Dedi ki, sən bilmirsən ki, bizim bayramımız Novruz bayramı deyil? Məni cəzalandırdılar və valideynimi məktəbə çağırdılar. Alman əsirlər təhsil aldığım 1 saylı məktəblə üzbəüz hündür bina tikirdilər. Alman əsirlərini Bakıya gətirib, işlədirdilər. Biz evdə verilən çörəkləri də taxtaların arasından onlara verirdik. İndi mənə qəribə gəlir ki, onlar bizim atamızı öldürürdü, biz onlara çörək verirdik”.


"Nənəm nəfəsi ilə əllərimin donunu açırdı”


Müharibə illərinin ən ağrılı günlərdən biri çörək növbələri idi. Çörək növbələri Aqşin Babayevin də xatirəsində silinməz izlər qoyub: "Atam müharibədə idi, anam isə xəstə yatırdı. O zaman bizə orta məktəbdə balaca bulka paylayırdılar. Bundan başqa, suda bişmiş makaron və yaxud vermişel verirdilər. Müəllimlərə də nəzarət etməyi tapşırmışdılar ki, şagirdlər onlara verilən bulkanı və yeməyi evlərinə aparmasınlar. Bir gün bizə verilən bulkanı anama aparmaq üçün çantamda gizlətdim. Heç demə, bunu Güllü müəlliməmiz görübmüş. Gəldi dedi ki, Aqşin, bulkan hanı? Dedim yemişəm. Dedi çantanı boşalt. Çantamı boşaltdıqda bulka yerə düşdü. Ağlaya-ağlaya dedim ki, anam xəstədir, bu bulkanı onun üçün aparıram. Gördüm müəllimənin səsi çıxmır. Başımı qaldırıb gördüm ki, müəlliməm də ağlayır. Mənə dedi ki, sən bulkanı ye, ondan sonra səni evə buraxacağam. Sonra çantasından bir bulka çıxardı, dedi ki, bunu da anana apararsan. Bəlkə də öz payı idi. Bax, bu cür müəllimlərimiz var idi. Müharibədən sonrakı illərdə də çörək növbələrində dayanırdıq. Yaşlı qadınlar məni qabağa itələyirdilər ki, uşaqdır, qoy çörəyini alsın, soyuq dəyər, hava şaxtalıdır. İnsanlar arasında belə mehribanlıq vardı. Bir dəfə də yadıma gəlir. Axşamlar işıqları söndürürdülər. Qaranlıqda çörək aldım. Çörək "buxanka” idi, hər ailənin öz payı vardı. Aldığım çörəyin üstünə ayrıca bir parça da kəsib qoymuşdular. Qar yağmışdı. O parça çörək düşdü. O qaranlıqda onu güc-bəla ilə tapdım. Əllərimi don vurmuşdu. Nənəm nəfəsi ilə əllərimin donunu açırdı. Biz küçəyə oynamağa gedəndə anam yalvarırdı ki, çox atlanıb-düşməyin, tez acırsınız, çörəyi çatdıra bilmirəm. Mən indi də bu yaşımda görsəm ki, yerdə çörək var, əyilib onu götürür, kənara  qoyuram”. 


"Buz heykəl”-dən ədəbiyyata gələn yol...


Müsahibim istər məktəb illərində, istərsə də universitet illərində yaxşı oxumağı ilə həmyaşıdlarından seçilib. Deyir ki, evlərində dərs oxumağa şəraiti olmasa da, heç vaxt hazırlıqsız getmirdi: "Mən həmişə əlaçı olmuşam. Amma baxmayaraq ki, atam vəzifədə idi, ev şəraitimiz yaxşı deyildi. Bir otağımız var idi, orada bir stol var idi. Axşam o stolu qırağa çəkirdilər, yerdə yatırdıq. Atamın bir xalası qızı var idi. Bir gün anam ona danışdı ki, mənim uşağım yaxşı oxuyur, amma şəraiti yoxdur. Sitarə xala tək yaşayırdı. Özü də dağ kimi qadın idi. Anama dedi ki, ay Tükəzban xanım, qoy Aqşin məktəbdən çıxsın gəlsin bizə, mən onu yedirdim, oturub dərslərini eləsin, axşam da qayıtsın evə. Sitarə xala çox yeyirdi və məni də hər dəfə yedirtməyə çalışırdı. Dərsimi eləməyə vaxt çatmırdı. Ona görə daha ora getmədim.”
Həmsöhbətimiz deyir ki, məktəb illərində riyaziyyatı çox sevib və mükəmməl bilib. Lakin bir hekayə onu ovsunlayaraq ədəbiyyata gətirib: "Orta məktəbdə oxuyanda riyaziyyatı çox yaxşı bilirdim. Riyaziyyat müəllimim elə bilirdi ki, sənədlərimi universitetin fizika-riyaziyyat fakültəsinə verəcəyəm. Riyaziyyat müəllimimiz eşidəndə ki, sənədlərimi filologiya fakültəsinə verirəm, bizə gəldi. Atama dedi ki, Aqşin şeir, hekayə yazsa da, sənədlərini fizika-riyaziyyat fakültəsinə versin, atam da həmin müəllimə cavabında bildirmişdi ki, mən Aqşini məcbur edə bilmərəm, həvəsi ədəbiyyata olduğu üçün o sahəyə də gedir. 6-7-ci sinifdən məndə ədəbiyyata meyl oldu, şeirlər yazmağa başladım. Ədəbiyyat müəllimim bir gün xəstələndiyi üçün dərsə gəlməmişdi və onu başqa bir ədəbiyyat müəllimi əvəz etməli oldu. Həmin müəllim əlində kitabla sinfə girdi və dedi ki, sizə bir hekayə oxuyacağam. Müəllim Ənvər Məmmədxanlının "Buz heykəl” hekayəsini oxuyandan sonra ədəbiyyata daha da bağlandım. Elə bil həmin hekayə məni ovsunladı”.
Həmsöhbətimizin tələbəlik illəri də oxumaq və işləməklə keçib: "Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. Ali məktəbdə Həmid Araslı, Əli Sultanlı, Əkrəm Cəfər, Feyzulla Qasımzadə, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan kimi böyük alimlər mənə dərs deyib. Yadımdadır, bizim müəllimimiz professor Əli Sultanlı "Roma ədəbiyyatı müntəxəbatı” hazırlamışdı və onu (rus dilində olan əsərləri) tərcümə etmək üçün tələbələrə paylamışdı. Biz tərcümə etmişdik. Həmin tələbələr - Yaşar Qarayev, Tofiq Hacıyev, Arif Şəfiyev, Şamil Salmanov və digərləri sonradan elm sahəsində özlərinə layiqli yer tutdular. Beləliklə, 1959-cu ildə kitab çap olundu. Artıq tələbə ikən kitab əlimizdə idi. Mənim tərcümə etdiyim pyes də həmin kitabda yer almışdı”.


"İlk sevgimə qovuşdum”


İlk sevgisinə gəldikdə isə Aqşin Babayev məktəb illərində Müzəyyən adlı sevdiyi qızla ailə həyatı qurub: "Orta məktəbdə oxuyanda mənimlə bir qız oxuyurdu. O vaxt da mən şer yazırdım. Bir gün ədəbiyyat dərnəyində dərnəyin rəhbəri poemam haqqında məruzə etməyi mənim indiki həyat yoldaşıma tapşırdı. O vaxt ürəyimi açmasam da, bir-birimizə rəğbətimiz var idi. İndiki kimi deyildi, biz utanırdıq, çəkinirdik. Mənimlə bir sinifdə Ənvər adlı oğlan oxuyurdu. Bu adamın cəsarəti çatmadı ki, Rəna adlı bir qıza "səni sevirəm” desin. Uzun illər sonra Ənvərlə Rəna bir-birlərinə rast gəlirlər və sevgilərini o vaxt deyirlər. Amma biz Ənvərlə Rəna kimi olmadıq... Yoldaşımla birlikdə 10-cu sinfi bitirdik. Birlikdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olduq. O, alman dilini çox gözəl bilirdi və istəyirdi alman dili mütəxəssisi olsun. Mən isə dedim bir yerdə oxuyaq. O da filoloq oldu”.


"Bir yolu tutub gedin...”


Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, əgər gənclər uğur qazanmaq istəyirlərsə, qarşılarına bir məqsəd qoyub, onun ardınca getsinlər: "Mən həm müəllim, həm nasir, həm ədəbiyyatşünas, həm əməkdar jurnalistəm. Gənclərə məsləhətim odur ki, bir yolu tutub getsinlər. Pərakəndə olmaq məndə genetik xüsusiyyətdir. Mənim atam həm rəssam idi, həm partiya işçisi, həm rejissor, həm yaxşı aktyor idi. Tar çalırdı, tar, saz düzəldirdi, yaxşı səsi də var idi. Mən həmişə gənclərə məsləhət görmüşəm ki, bir yolu tutub, axıra qədər getsinlər. Hansı sənəti seçirsinizsə seçin, bir yolun yolçusu olun. Mən bir yolu tutub gedən insanlara qibtə edirəm. Bir yolu tutub gedən insanlar daha çox uğur qazanırlar”.


Aygün ƏZİZ





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007