• çərşənbə axşamı, 19 mart, 06:23
  • Baku Bakı 8°C

“Məktəbdə “3”-ü atamın hesabına alırdım” – Keçmişdəki mən

12.04.16 11:32 3218
“Məktəbdə “3”-ü atamın hesabına alırdım” – Keçmişdəki mən
Özünü sənətdə sübut edənə qədər ailəsinin üzünə həsrət qalıb. Hətta sənət sevgisi o qədər böyük olub ki, varlı ailədən çıxsa da, təhsil almaq üçün pulsuz, tək Bakıya yollanıb. Atasının “əgər bu sənəti seçsən, bir də bu evə gəlmə” şərti belə onu yolundan döndərə bilməyib. Amma bu gün əzmi, üsyankarlığı, məqsədi, sənət sevgisi istər sənətində, istərsə də ailəsində onu “qəhrəman” edib.
Müsahibimiz teatr və kino aktyoru, xalq artisti, illərdir oynadığı obrazları ilə tamaşaçıların sevimlisi olan Tariyel Qasımovdur.
“3” alırdım...

Tariyel Qasımov 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. Atası kolxoz sədri, anası evdar qadın olub. 8 uşaqlı ailənin şıltaq oğludur: “Anam 8 uşaq dünyaya gətirdiyi üçün qəhrəman ana idi. 3 bacı, 5 qardaşıq. Evin ən ərköyün, davakar uşağı mən idim. Məktəb vaxtı dərslərimi də yaxşı oxumurdum. Ən sevdiyim fənn ədəbiyyat idi, amma digər fənlərdən atam kolxoz sədri olduğu üçün müəllimlər özləri “3” yazırdı. Atamın hesabına məktəb oxuyurdum”.
Müsahibimizin ilk sevgisi də məktəb illərində olub. Hətta uşaqlıq sevgisi o qədər dərin olub ki, qızın adının baş hərfini əlinə həkk etdirib: “Məktəbdə oxuyan vaxtı toppuş qız var idi, ondan xoşum gəlirdi. Hətta əlimin üstündə həmin qızın baş hərfini döymə etdirmişdim. Uşaqlıq sevgisi keçib gedir. Sonra universitet illərində sevdim və həmin xanımla da ailə qurdum”.
“Bəxt yolum”

Müsahibimiz deyir ki, aktyorluq sənətinə maraq 9-cu sinifdən başlayıb: “Uşaqlıqda aktyor olmaq kimi niyyətim yox idi. Doqquzuncu sinifdə oxuyarkən kəndimizdə “Ovod” filmini göstərirdilər. Kinoya baxandan sonra düşündüm ki, mən də aktyor olub belə rollarda çəkilim. O zaman tarix müəllimim Mustafa müəllimə təklif etdim ki, dram dərnəyində “Vaqif” tamaşasının oynayaq. Bizim kənd yaranandan ilk dəfə məktəblilərin iştirakı ilə “Vaqif” tamaşası oynanıldı. Bunu bütün kənd camaatına göstərdik. O zamandan bu sənəti sevdim və aktyor olmağı qarşıma məqsəd qoydum”.
Valideynləri Tariyel Qasımovun aktyor olmasına qarşı çıxsa da, ona mane ola bilməyiblər: “Aktyor olanda ailəm qarşı çıxmışdı, bu sənətin ardınca getməyimi istəmirdilər. Hətta atam qəti etiraz etdi. Mən onun sözünə qulaq asmadığım üçün universitetə oxumağa gələndə atam mənə pul göndərmirdi. Vəziyyətim çox ağır idi. Təsəvür edin, imkanlı ailədə böyümüşəm, amma sevdiyim sənəti seçdiyim üçün atam mənə pul göndərmirdi. Maddi baxımdan çox çətin günlər keçirirdim, amma xoşbəxt ildim. Çünki sevdiyim sənətin təhsilini alırdım. Aktyor Şahmar Ələkbərov məni öz evlərinə apardı. Dörd il onlarda qaldım, təhsil aldım. Bu mənim bəxt yolum idi, onun qarşısını heç kəs kəsə bilməzdi”.
“İstəmirdim qocalanda dilənəsən...”

Valideynləri müsahibimizin aktyor olmasına qarşı çıxsa da, indi onunla fəxr edirlər. İllər sonra nə üçün oğullarını bu sənətdə görmək istəmədiklərini etiraf ediblər: “Anam həkim olmağımı istəsə də, mənə atam qədər qarşı çıxmadı. Sənəti çox sevdiyimi görüb dedi ki, “bala, nə istəyirsən elə et, mən səni dəstəkləyirəm”. Atam isə kəskin şəkildə etiraz edirdi. Hətta mənə evə gəlməyi qadağan etmişdi. Xalq artisti olanda isə atam mənimlə fəxr edirdi. Atama deyirdim ki, axı sən məni aktyor olmağa qoymurdun, indi mənimlə fəxr edirsən? O, mənə dedi ki, “sən uşaq idin, mən kolxoz sədri olanda hər dəfə bizim evə pul almaq üçün bir qadın, bir kişi gəlirdi. Onlar vaxtilə aktyor və aktrisa olmuşdular. Qocalanda dilənirdilər. İstəmirdim ki, sən də aktyor olasan və yaşa dolanda dilənəsən. Sənin elə həyat yaşamağına göz yuma bilməzdim. Mən bilmirdim ki, aktyorlara hörmət edirlər”. Məşhur olandan sonra bütün Qazax mahalı məni qəhrəman kimi qarşılayırdı. Çünki o bölgədən yeganə xalq artisti mən olmuşdum”.
İlk maaş - 40 manat

Bakıya ali təhsil almağa gəldikdən sonra Tariyel Qasımovun çətin günləri başlayır. Çünki atası pul göndərmədiyi üçün həm oxuyub, həm işləyib. Üstəlik, universitetdə atasının kolxoz sədri olması da köməyinə çata bilməyib: “Atam mənə pul göndərmədiyi üçün yayda pioner düşərgəsində işləyirdim. Universitet vaxtı isə yaxşı oxuduğum üçün təqaüd alırdım. Məktəb vaxtı oxumasam da, universitetdə əlaçı idim. Atam şərt qoymuşdu ki, mən kəndə gəlməyim. Şahmargildə qaldığım üçün onun anası məni ikinci oğlu kimi görürdü, məndən kirayə pulu almırdılar. İlk pulumu o zaman qazandım. Öz sənətimdə ilk maaşımı isə 1963-cü ildə aldım. Üçüncü kursda oxuyanda Romeo rolunu oynayırdım. Amaliya Pənahova isə Cülyetta idi. Orada çox az maaş – 40 manat alırdım”.
“Yoldaşım məni qısqanmayıb”

Yuxarıda da qeyd etdiyimiz kimi, müsahibimiz universitet vaxtı tanış olduğu xanımla ailə həyatı qurub. Aktyor olmağı bu dəfə də onun qarşısında əngəl olub: “Bakıya qəlib institut oxuyanda indiki həyat yoldaşımla rastlaşdım və onunla da ailə həyatı qurdum. Ailə qurmağıma valideynlərim müdaxilə etmədi, kimi istədimsə onunla da razılaşdılar. Lakin sevdiyim qızın valideynləri qızlarının aktyorla ailə qurmasına etiraz etmişdilər. Amma qız da mənim kimi üsyankar olduğu üçün ailə qurduq. Öz xanımım ailəmdən fərqli olaraq mənim aktyor olmağıma heç bir irad bildirmədi. Adətən aktyorların həyat yoldaşlarında qısqanma problemləri olur. Bizim ailədə belə bir problem yox idi. Həyat yoldaşıma bir dəfə iş yerində demişdilər ki, Tariyel Qasımovu televizorda gördük, xanım aktyorla qucaqlaşmışdı, aktrisa ilə öpüşür. Bunu sən necə qəbul edirsən? Yoldaşım onda demişdi ki, sənin yoldaşının pulu mühəndislikdən, bina tikməkdən çıxırsa, mənim yoldaşım da aktrisalarla qucaqlaşıb, öpüşüb, maaş alır. O məni heç vaxt qısqanmayıb. Hətta biz o vaxt Xuraman Hacıyeva ilə o qədər sevgi rolları oynamışdıq ki, elə bilirdilər Xuraman xanımla hansısa münasibətimiz var. Biz ailəliklə dost idik, mənim də sevdiyim aktrisa idi”.
“Sənəti sevmək lazımdır”

Sonda aktyor olmaq istəyən gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gənclər əgər hansısa sənəti özlərində görür və bunu bacaracaqlarına inanırlarsa, o sənətin arxasınca getsinlər: “Aktyorluq asan sənət deyil. Hamı aktyorluq oxuya bilər, amma hamı aktyor ola bilməz. Sənəti sevmək lazımdır. Əgər sevirlərsə və istedadları varsa, bu sənətə gəlsinlər. Gənclər özlərini sənətdə yox, sənəti özlərində sevsinlər. Bu sənət zəhmət tələb edir. İstedadın üzərinə zəhmət qoymaq lazımdır ki, yaxşı aktyor olasan”.

Aygün ƏZİZ
Keçmişdəki mən"> Keçmişdəki mən"> Keçmişdəki mən"> Keçmişdəki mən"> Keçmişdəki mən">

banner

Oxşar Xəbərlər