Mariya Zaxarovanın açıqlaması etiraz doğurdu

Mariya Zaxarovanın açıqlaması etiraz doğurdu

Cəmiyyət
29 Aprel 2017, 12:25 695
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu günlərdə keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərinin ünvanına səsləndirdiyi fikirlər narazılığa səbəb olub. O, azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyaraq, suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə xoşagəlməyən ifadələr işlədib. Daha sonra "diplomat” bir qədər də irəli gedərək, Rusiya XİN barədə yazılan məqalələrin jurnalistika etikasına sığmadığını bildirib. Təbii ki, bu münasibət Azərbaycanda etirazla qarşılanıb. Həm rəsmi şəxslər və ictimai-siyasi fəallar, həm də media nümayəndələri M.Zaxarovanın bu davranışını tənqid ediblər. 
 
 

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı həmkarı M.Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı D.Əsgərovun taleyi ilə bağlı azərbaycanlı müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirib. XİN rəsmisi deyib ki, D.Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş D.Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. H.Hacıyev bildirib ki, kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür.
 
 

Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiya XİN-in sözçüsü M.Zaxarovanın qeyri-adekvat, qeyri-peşəkar, daşıdığı vəzifəyə yaraşmayan mövqe ortaya qoyduğunu diqqətə çatdırıb. O, bu barədə APA-ya açıqlamasında deyib ki, M. Zaxarova öz vəzifəsinin hər bir sualı sona qədər dinləmək və təmsil etdiyi qurumun mövqeyini açıqlamaq olduğunu unutmamalıdır: "Həmin məqamda Mariya Zaxarovanın davranışı daşıdığı vəzifəyə qeyri-adekvat, qeyri-etikdir, peşəkarlıq baxımından kifayət qədər problemlidir. Mariya Zaxarova yaxşı bilir ki, jurnalist o sualı ona nə üçün ünvanlayıb, jurnalistin ünvanladığı sualda toxunduğu məqam bizim üçün nə dərəcədə əhəmiyyətlidir, o məqama Azərbaycan-Rusiya münasibətləri baxımından hansı prizmadan baxılır. Mariya Zaxarova yaxşı bilir ki, Dilqəm Əsgərovun da, Şahbaz Quliyevin də hərəkətlərində heç bir qeyri-qanuni məqam yoxdur. Onlar valideynlərinin qəbirlərini ziyarət etmək üçün doğma yurdlarında olublar. Eyni zamanda, Mariya Zaxarova onu da yaxşı bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə hökmlərinin heç bir əsası yoxdur, oyuncaq bir rejimin heç bir beynəlxalq qanunvericiliyə söykənməyən qərarları nəticəsində ədalətsiz olaraq cəza çəkirlər”.

Ə.Amaşov Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfər edən Aleksandr Lapşinlə bağlı Rusiya tərəfinin fəallığına da toxunub: "Biz arzulayardıq ki, Dilqəm Əsgərovla bağlı məsələdə də Rusiya, Mariya Zaxarovanın özü bu qədər aktiv olsun. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi, münaqişənin həllinin gecikməsi, Azərbaycanın ədalətli mövqeyinin kifayət qədər diqqətdə saxlanılmaması jurnalistlərimizi, vətəndaşlarımızı hər zaman narahat edir. Mariya Zaxarova gərək o sayaq münasibət göstərərkən, jurnalistin təmsil etdiyi ölkənin mediası ilə bağlı əndazəyə sığmayan fikirlər söyləyərkən Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini nəzərə ala idi. Hazırda Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yüksək səviyyədə, istidir. Mariya Zavxarova da məsələyə bu aspektdən yanaşmalı idi. Hesab edirəm ki, bu, Mariya Zaxarovanın missiyasını düzgün yerinə yetirməməsi ilə əlaqədardır. Mariya Zaxarovanın bundan əvvəlki bir sıra çıxışlarını da nəzərə alsaq, bu, onda yaranmış müəyyən vərdişlərlə əlaqədardır”.
 
 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin Baş redaktoru Vüqar RəhimzadəRusiya XİN sözçüsünün səsləndirdiyi fikirlərə münasibət bildirərkən M.Zaxarovanın özünün "xamlıq” etdiyini dilə gətirib. O, qəzetimizə açıqlamasında bildirib ki, görünür M.Zaxarova hadisələrdən o qədər də məlumatlı deyil və D.Əsgərovla bağlı səsləndirilən sualdan yayınmaq, vəziyyətdən çıxmaq üçün belə bir addım atıb. Qeyd edib ki, elə bu cür davranışla da M.Zaxarova əsl xamlığa yol verib: "Azərbaycanda söz, mətbuat, fikir azadlığı var. Hər bir media qurumu sərbəst şəkildə istədiyi mövzuya münasibət bildirə bilər, yaxud istənilən jurnalist hər hansı hadisəni şərh edib öz qənaətini, analizini ortaya qoya bilər. Azərbaycanda kifayət qədər ciddi media qurumları, peşəkar jurnalistlər var. Onlar öz qəti, səlis və dəqiq mövqelərini hazırladıqları məqalələrdə böyük peşəkarlıqla nümayiş etdirirlər. Bu baxımdan, Zaxarovanın Azərbaycan jurnalistləri barədə səsləndirdiyi fikirlər təəssüf doğurur. Hesab edirəm ki, onun yanaşması, düşüncə tərzi naşıdır, daşıdığı vəzifəyə qeyri-adekvatdır, peşəkarlıqdan da uzaqdır”. 
 
 

"Bakı xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev deyib ki, azərbaycanlı jurnalistin D.Əsgərov və Ş.Quliyevlə bağlı sualının M.Zaxarova tərəfindən yarımçıq kəsilməsi, suala cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz fikirlər səsləndirməsi əslində bir çox mətləblərdən xəbər verir. Onun sözlərinə görə, Azərbaycan jurnalistləri haqlı olaraq öz yazılarında qeyd edirlər ki, Rusiya vətəndaşları D.Əsgərova və Aleksandr Lapşinə rəsmi Moskva tərəfindən fərqli münasibətin ortaya qoyulması qəbuledilməzdir: "Çünki, Rusiya XİN A.Lapşinin hüquqlarına həddən ziyadə diqqət göstərdiyi, ən yüksək səviyyədə müdafiə etdiyi halda, erməni girovluğunda saxlanılan azərbaycanlı D.Əsgərov bütün bu imtiyazlardan kənarda qalıb, ona qarşı soyuqluq, laqeydlik var. Zaxarovanın da qıcıqlanmasına səbəb budur ki, rəsmi Moskva bu mövzuda daha dərinə getmək istəmir. Yəni, burada söhbət forpost Ermənistanın sıxışdırılmasından, bu dövlət tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında yaradılmış qondarma rejimin heç bir əsas olmadan girov saxladığı Dilqəm və Şahbazın azad edilməsindən gedir. Rusiyanın əlində bunun üçün geniş imkanlar olduğu halda bu resurslardan istifadə etmir. Rusiya xoşlamır ki, bu məsələdə kimsə onu "sıxsın”. Əgər Rusiya "sıxışdırılarsa”, məcbur olacaq ki, mülki azərbaycanlıların girov saxlanması siyasətinə son qoymaq barədə Ermənistana təzyiq göstərsin. Zaxarova çox gözəl anlayır ki, Azərbaycan mediası Rusiyadan nə istəyir. Zaxarovaya tövsiyə olaraq çatdırmaq istərdik ki, Azərbaycan mediası Rusiyaya düşmən gözü ilə baxmır, ölkələrimiz arasındakı münasibətlərə xələl gətirilməsini də arzulamır. Bizim Rusiyanın rəsmi dairələrindən gözləntimiz və tələbimiz haqdır, ədalətli mövqedir, Rusiya vətəndaşı olan azərbaycanlı girovların azad edilməsi üçün müəyyən tədbirlərin görülməsinə çağırışdır, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq normaları çərçivəsində yanaşmadır. Əgər bunlar baş verərsə, Azərbaycan mediasında Zaxarovanı qıcıqlandıran və narahat edən yazılara da rast gəlinməz”.

Rufik İSMAYILOV