AZE | RUS | ENG |


“Maraqlı ömür yaşamışam”- Keçmişdəki mən

“Maraqlı ömür yaşamışam”- Keçmişdəki mən
Baba Vəziroğlu: “Heç nəyə arxayın olmayın, heç kimdən heç nə ummayın”

Ona görə insan həyatda ancaq xoş hadisələr yaşasa, maraqlı ömür keçirdiyini demək olmaz. Acı da olmalıdır, şirin də, yaxşını da görməlisən, yamanı da. Bir də savada önəm verir. Bu aspektdən yanaşanda mənalı bir ömür keçirdiyini deyir. Müsahibimiz nasir, şair, tərcüməçi, kinodramaturq, əməkdar incəsənət xadimi Baba Vəziroğludur.
O, 1954-cü ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində dünyaya gəlib: "Sonra zaman necə gəlib keçdisə, bir də gördüm ki, artıq Bakıdayam və Məsimov Baba Vəzir oğlu dönüb Baba Vəziroğlu olub. Uşaqlığımla həmin dövr arasındakı zaman necə keçdisə, heç fərqində olmadım. Hamı kimi uşaqlıq keçirdim, oktyabyrat, pioner, komsomolçu oldum, amma partiyaçı olmadım. Böyüdüm, dərk etdim ki, adam olmaq, oxumaq, çalışmaq, cəmiyyətdə mövqe tutmaq lazımdır”.
 
"Maraqlı bir ömür yaşamışam”

Uşaqlıq dövrünün bir göz qırpımında ötməsini həmin illərin ancaq xoş keçməsi ilə bağlamır: "Hər anı ilə həmin illər yadımdadır. Xoş keçsəydi, yaddaşıma heç nə yazılmazdı. Çünki insan çox güldükcə, sevindikcə bir az arsızlaşır və həyat çox maraqsız olur. Həyat o zaman gözəl və maraqlı olur ki, eniş-yoxuş, işıq-zülmət, yaxşı-yaman hamısını görürsən. Buna görə həmişə deyirəm ki, maraqlı bir ömür yaşamışam”.
İlk şeirlərini elə uşaq yaşlarından yazmağa başlayıb. Deyir ki, ilk şeirlərin qələmə alınmasında məqsəd bəlkə də şeir yazmaq yox, sadəcə, sözləri qafiyələndirmək olur: "Şeir yazmağa bəlkə də məktəbə getməmişdən öncə başlamışam. Çünki yazıb-oxumağı məktəbə getməmişdən öncə bacarırdım. Hətta "Səfillər” romanını da oxumuşdum. Düzdür, mənasını o dərəcədə başa düşməmişdim, amma oxuyurdum. Birinci sinifdə demək olar, heç nə eləmədim. Çünki hər şeyi bilirdim. Hətta, məktəbə bir il də tez getmişdim. İlk dəfə şeir yazmaq belə başlayır ki, insan fikrini bədii sözün gücü ilə ifadə etmək istəyir. Biri var "ana, səni çox istəyirəm” deyəsən, biri var bunu qafiyələndirəsən”.
 
 
"Tərs uşaq olmuşam”

Uşaqlıq illərindən heç unutmadığı xatirələrdən birini bizimlə bölüşdü: "Tərs uşaq olmuşam. Bir söz mənə təfəkkür dili ilə, mədəni formada deyiləndə, onu qəbul edirəm. Amma məcburi tərzdə deyəndə əksini edirəm. 1960-cı illərdə Sovet hökumətinin vaxtı bizə "Partiyamız sağ olsun” adlı şeir öyrədirdilər. Mən də öyrənməmişdim. Bu şeri bizə öyrədən müəllim həm də direktorumuz idi. Məni qaldıranda şeiri bilmədiyimi dedim. Bu şeiri qəbul edə bilmirdim. Bütün qiymətlərim 5 olduğu halda buna görə mənə 2 yazdı. Gündəliyi cırıb atdım, həmin gecə evə də getmədim. Hamıdan əvvəl səhər məktəbə gedib, böyük hərflə yazı lövhəsinə "Partiyamız sağ olmasın” yazdım. Dərs zamanı da hamı ilə birgə sinfə girdim. Bütün məktəb bir-birinə qarışdı. Rayona xəbər getmişdi ki, Mollaisaqlı kəndində belə bir hadisə baş verib. Axırda bildilər ki, mən yazmışam. Bir il məni komsomola keçirmədilər. O da böyük bir stress idi. İki alan uşaqları belə keçirdilər, mən əlaçı olduğum halda keçə bilmirdim. Gör, zəmanə necə dəyişib ki, illər sonra həmin məktəbdə mənimlə görüş keçirilir. Biz "Baba müəllimə oxşamaq istəyirik” kimi söhbətlər olur. Orada olanda qəribə hiss keçirirdim ki, bir zamanlar məni buradan qovurdular. Bu o demək deyil ki, mən bununla kiməsə acıq verirəm. Sadəcə, o qənaətə gəlirəm ki, zəhmətin müqabilində insan istədiyi hər şeyi qazana bilər”.
 
 
İlk qazancı

Elə ilk qazancı da məktəb illərində yazdığı şeirlərdən olur. İlk qazancının hamısını isə kitaba xərcləyib: "Orta məktəbdə oxuyanda ilk şeirlərimdən olan "Qocalar” və "Çinar ömrü” rayonda "Zəhmətkeş” qəzetində çap olunmuşdu. Mənə 3 manat qonorar yazmışdılar. 5, ya 6-cı sinifdə oxuyardım. O zaman kitab çox ucuz idi. Bir neçə qəpiyə kitab almaq olurdu. Həmin 3 manata iki kisə kitab aldım. Günortadan sonra kəndə maşın getmirdi. Və həmin kitabları bir dostumla növbə ilə dumanlı-çiskinli, bir az da qarlı qış günündə 25 kilometrlik yolu piyada gətirdik. Bəlkə də kitabın qədrini o zamandan bilməyə başladım. Halal zəhmətimlə almışdım və o cür əziyyətlə evə gətirmişdim”.
Oxumaq üçün Bakıya üz tutur. Deyir ki, Bakıya gələndə özü ilə gətirəcəyi nə dəst-dəst geyimi olur, nə qapısını döyəcəyi tanışı, nə də pulu. Amma daxildən gələn güclü inamı onu yola çıxmaqdan çəkindirmir: "16 yaşımda kəndimizdən piyada İsmayıllı-Bakı magistral yoluna çıxdım. O vaxt "Alabaş” adlandırılan avtobuslar vardı. Bakıya onunla gəldim. Buraya gəlişim o vaxt sovet uşaqlarının Bakıya gəlmək üçün keçdikləri yolun başlanğıcı ilə eyni idi. Bir şalvar, bir az ütüsüz, süzülmüş köynək, cibdə bir qəpik yox. Bir-iki manat yol pulu ilə gəlirdik. Mənim təkbaşına Bakıda yerləşməyim, nəyəsə sahib olmağım Allahın möcüzəsi idi. Hər şey edirdim ki, məqsədimə çatım. Gecə növbəsində qarovulçuluq edir, xırda-para işlər görür, yük daşıyırdım. Pul, dayı, arxa-kömək olmasa da, böyük inamımız var idi. O inamı indi heç kimdə görə bilmirəm. İnam var idi ki, az müddət keçəcək və əziyyətimizin sayəsində cəmiyyətdə müəyyən mövqeyə sahib olacağıq. Zəhmət odur ki, gecə-gündüz çalışıb öyrənir, elm harda varsa, onun arxasınca gedirsən. Müqəddəs kitabda da yazılıb ki, elm, hətta uzaq Çində olsa belə, onun arxasınca getmək lazımdır. Elm arxasınca Çindən də uzağa getmişəm”.
 
"Tələbəlik illəri sonradan xatırlananda şirin olur”

B.Vəziroğluya görə insan nə qədər çətin dövrlər keçirsə də, ötən illərindən danışanda içində bir həsrət olur. Bu mənada o da tələbəlik illərini maraqlı zaman kəsiyi olaraq xatırlayır: "Tələbəlik illərini ömrümün ən maraqlı illəri kimi xatırlayıram. Amma qəribə bir darıxdırıcılıq da var idi. Tələbəlik illəri sonradan xatırlananda şirin olur. O da tək tələbəlik illəri ilə bağlı deyil. Ümumiyyətlə, ömrün ötən illərini insan həmişə xoş xatirələr kimi yadda saxlayır. Hətta həbsxanada olan adam da bir müddət sonra oradakı illərin sanki həsrətini çəkirmiş kimi xatırlayır. Çünki artıq keçib gedib və heç zaman geri qayıtmayacaq. Bəzən sovet dövrünü niskillə xatırlayanları görürük. Elə bilirsən, onlar sovet dönəminin özü üçün darıxıblar? Xeyr, o dövrdə keçən ömürləri, cavanlıqları, qaynar həyat üçün darıxırlar. Bu mənada məndə tələbəlik gecə-gündüz dərs oxumaq, işləmək, bir tikə çörək qazanmaq, erməni məhəllələrində tez-tez kirayə pulunu ödəmədiyi üçün mənzillərdən çıxarılmaq və daha nələrlə yadda qalıb. O vaxt evini kirayə verənlərin çoxu ermənilər idilər. Pulu bir ay gecikdirən kimi evdən çıxarırdılar, kənddən gətirdiyim evdə olan yorğan-döşəyi də müsadirə edirdilər. Bizim də nəyimiz olmasa da, qəşəng qalın yorğan-döşəyimiz olurdu. Çünki kənd uşaqları idik. Realist kimi yanaşanda, tələbəlik bu idi. Amma mənəviyyat tərəfdən yanaşanda, böyük inamımız var idi”.
 
"Əsas yeməyimiz bir tikə qurumuş kolbasa, sosiska olurdu”

Tələbəlik illərinin çətin dövrünü isə universitetdən qovulduğu dövrü hesab etmək olar. Belə ki, jurnalistika fakültəsini bir il oxuyandan sonra onu universitetdən qovurlar: "Səbəb sessiyada iştirak etməməyim, özümü yaxşı aparmamağım idi. Şirməmməd Hüseynov o vaxt bizim dekanımız idi. Çox sərt insan idi və qaydalar da sərt idi. Bütün respublikanın xahiş etməsinə baxmayaraq, Şirməmməd müəllim birinci kursda məni universitetdən qovdu. Mən də onun və hamının acığına bir il gecə-gündüz əziyyət çəkib, bilmədiklərimi öyrənib, yenidən həmin institutun həmin fakültəsinə qəbul oldum. O vaxt qəbul imtahanlarını ayrı müəllimlər götürürdülər. Dərs deyən müəllimlər məni auditoriyada görəndə şok olmuşdular”.
Tələbə vaxtının yemək bişirmə bacarıqlarından danışsaq, deyir ki, bu, zəngin mövzu ola bilməz. Çünki o vaxtın tələbəsinin yemək bişirmək üçün materialı az idi: "Əsas yeməyimiz bir tikə qurumuş kolbasa, sosiska olurdu. Tələbənin ən böyük kulinar fantaziyası işə düşəndə ya qayğanaq bişirirdi, ya da kartof. O zamankı tələbəçiliyin gerbi və emblemi çəkilsəydi, orada mütləq kartof olardı. Yazıq tələbə çox şeyi bişirə bilər, amma materialı yoxdur axı. Mən gözəl yemək bişirməyi rayonda bağ evi tikdirəndən sonra öyrənmişəm. Artıq bir çox yeməkləri ustalıqla bişirə bilirəm”.
Onun xahişi ilə əsgərliyimi Azərbaycanda çəkdim
O vaxt əsgərliyə əsasən Sibirə, Pribaltika ölkələrinə göndərirdilər. Amma o zaman Azərbaycan Yazıçılar İttifaqının sədri olan yazıçı İmran Qasımov ədəbi mühitdən uzaq düşməməsi üçün B.Vəziroğlunun ölkə daxilində hərbi xidmət keçməsinə nail olur: "Onun xahiºi ilə mən əsgərliyimi Azərbaycanda çəkdim. Azərbaycan ədəbi mühitindən ayrı düşməməyim üçün dedi ki, burada qulluq eləsin, gəlsin-getsin. Bir az Bakıda, sonra da Naxçıvanda qulluq elədim. Qazancım da o oldu ki, Naxçıvanı başdan-ayağa dolandım. Çox az naxçıvanlı Naxçıvanı mənim qədər yaxşı tanıya bilər. Çünki Naxçıvanda mənə həm də yazıçı kimi  hörmət edirlər. Mülki geyimdə bütün gün gəzib-dolaşırdım. Əsgərlik yox, turist həyatı yaşamışam. Tələbəliyimi, əsgərliyimi, gəncliyimi, gənc yazıçı olaraq bütün dünyanı gəzməyimi - hamısını bir yerə qatsaq, maraqlı ömür yaşamışam”.
 

"Fəxr edəcəyiniz insan özünüz olmalısınız”

Sonda müsahibimizin gənclərə məsləhətlərini də öyrəndik: "Bir zamanlar ümidimi itirmişdim ki, gənclər kitab oxumurlar, elmdən, poeziyadan uzaq düşüblər. Amma universitetlərdə, məktəblərdə, əmək müəssisələrində və digər məkanlarda görüşlərdə olduqda gördüm ki, cavanlarımız kitaba, elmə qayıdırlar. Gənclərə öz gəncliyimdə tutduğum bir prinsipi təlqin etməyə çalışıram. Nizami Gəncəvi deyirdi ki, bu dünyada bir insan digərindən ancaq elminə, savadına görə üstün ola bilər. Nə maşın, nə var, nə pul ilə üstün olmaq mümkün deyil. Bir-birinizdən üstün olmaq, fərqlənmək istəyirsinizsə, bu prinsipi rəhbər tutun. Mənim keçdiyim yol budur. Heç nəyə arxayın olmayın, heç kimdən heç nə ummayın. Dünyadan heç nəyi ummağa dəyməz. Dostun da, düşmənin də özünsən. Özündən umub-özündən küsə bilərsən. Fəxr edəcəyin insan da özün olmalısan”.
Aygün Asimqızı
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6580
GBP 1 İngilis funt sterlinqi 2.1594
TRY 1 Türk lirəsi 0.4777
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1936
EUR 1 Avro 1.8361
CHF 1 İsveçrə frankı 1.7253
USD 1 ABŞ dolları 1.7352