Ölümə doğru süpürgə çəkənlər
Yollarda təmizlik işi aparan süpürgəçilərin
təhlükəsizliyi üçün çıxış yolu nədir?
Günün istənilən
saatında hərəkətin intensiv olduğu, avtomobillərin sürətlə hərəkət etdiyi
küçələrdə yolları süpürən qadınlara rast gəlirik. Bəzən onların yolun tam
hərəkət hissəsində, çox təhlükəli situasiyada işlədiklərini görürük. Bunu görən
şəxslər belə fikirlər səsləndirilər: "Onlar günün bu saatında
işləməməlidirlər”, "Yolda intensiv hərəkət başlayanda, onların işi bitməlidir”,
"Onları bu işlərə məcbur edirlər” və s.
Bu narahatlıq anlaşılandır,
çünki dəfələrlə, yollarda təmizlik apardığı zaman qəza nəticəsində dünyasını
dəyişənlər olub. Bəs bu narahatlıq doğuran fikirlər nə dərədəcə həqiqəti əks
etdirir? Onların iş saatı necə tənzimlənir və necə olmalıdır? Məcburiyyət
varmı?
"Bu, texniki təhlükəsizlik qaydalarının
pozulmasıdır”
Bir çox şəxs, problemin həlli kimi bu işin icrasına
texnikanın cəlb edilməsinin tərəfdarıdır. Əmək HüquqlarıMüdafiə Liqasının sədriSahib Məmmədov deyir
ki, bu, bir xeyli şəxsin işsiz qalmasına gətirib çıxaracaq: "Bəziləri təklif edirlər ki, küçələrin, yolların
təmizlənməsi işini texnikalar həyata keçirsin. Mən həmişə bunun əleyhinə çıxış
edirəm. Texnikanın gəlməsi yüzlərlə, bəlkə də minlərlə işçinin ixtisarı deməkdir.
Xərc eyni olur. Əməkhaqqına sərf olunan maliyyə yanacağa, o texnikanın saxlanma
xərclərinə və s. gedəcək. Keyfiyyət eyni
olacaq, əvəzində isə iş yerləri azalacaq. O texnikanı yalnız hərəkətin
intensiv, sürətin yüksək olduğu yerlərdə tətbiqinin tərəfdarıyam. Məsələn,
Neftçilər prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq prospekti və s. yerlərdə
hərəkət daim intensivdir. Həmin küçələrdə xüsusi texniki vasitələrdən istifadə
etmək olar. Parklar, bağlar, hərəkətin intensiv olmadığı dar küçələrdə əl əməyi
yenə də saxlanmalıdır”.
S.Məmmədovun
sözlərinə görə, çıxış yolu əməyin mühafizəsi və texniki təhlükəsizlik
qaydalarına ciddi şəkildə riayət edilməsi və buna nəzarət olmasıdır: "İstənilən
iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları var. Onlara
əməl olunsa, belə qəzaların qarşısını almaq olar. Məsələn, xəbərdaredici
vasitələr, daşınan baryerlər və s. var.
Hansı ərazidə təmizlik işi aparacaqlarsa, orda baryer qoyurlar və
maşınlar da onları görürlər və hərəkətlərini ona əsasən tənzimləyirlər. Həmin
vasitələrin bəzisi ağırdır, daşımaq çətindir. Amma plastik materiallardan
hazırlanan yüngül vasitələr də var, onlardan hər birində olmalıdır. Onu
qoysunlar və arxasında təmizləmə işlərini aparsınlar. Bütün bunların olması
üçün isə həmin işçilər əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizliklə
bağlı daim təlimatlandırılmalıdır. Bəzən mən də görürəm ki, hərəkətin lap
intensiv olduğu yerdə yola xəzəl düşüb, gedib onu götürürlər və s. Amma bunlar
olmamalıdır. Bu, texniki təhlükəsizlik qaydalarının pozulmasıdır. Qaydalara
əməl etmək lazımdır, buna görə məlumatlandırılmalıdırlar. Qeyd etdiyim kimi, bu
kimi yerlərdə təmizlənmə işində texnikandan istifadə edilməlidir.
Təmizlənmə işi
üçün bəlli bir saat olmamasının problemə səbəb olub-olmadığına gəlincə, S.Məmmədov
bunları söylədi: "Pik saatlarda avtomobillərin sürəti yollarda daha aşağı olur,
nəinki digər vaxtlarda. Yollar nisbətən boş olanda, sürəti də ona mütənasib
artırırlar. Ona görə, problemi tək pik saatlarla əlaqələndirmək omaz. Elə
yollar var ki, orda həmişə intensiv hərəkət var, sadəcə günün bir neçə vaxtında
tıxaclar yaranır. Eyni zamanda da, şəhərdə elə yollar var ki, mərkəzi hissədir,
oranı gün ərzində bir neçə dəfə təmizləmək lazımdır. Ona görə də, ancaq hansısa
vaxt aralığında təmizlənmə aparılması məsələsi indi işləmir. Hərəkət hər zaman
intensivdir. Həmin ərazilərdə texniki vasitələrlə təmizlənmə aparılsa, bu da
böyük tıxac yarada bilir. İstənilən variantdan yanaşanda, bir problem ortaya
çıxacaq. Ona görə, ilk növbədə əməyin mühafizəsi və texniki təhlükəsizlik
qaydalarına əməl etmək lazımdır. İşçilər bu qaydalara riayət etsələr, rəhbərlik
də qaydaları pozanlara qarşı cəzalandırma tədbirləri görsə, bədbəxt
hadisələrdən qaçmaq olar”.
Həmin işçilərin
məcburən iş başında olması kimi yanaşmalar haqqında danışan S.Məmmədov bildirdi
ki, iş saatına daxildirsə, məcburiyyət kimi yanaşmaq olmaz: "Həmin işçilərlə
əmək müqaviləsi bağlanır ki, gün ərzində onun üçün ayrılmış sahədə müəyyən vaxt
çərçivəsində iş görsünlər. İş saatlarıdır, o vaxt da işləyirlər. Amma qeyd
etdiyim məqamlar nəzərə alınmaqla, qaydalara riayət etməklə bu işi
görməlidirlər, həyatlarını təhlükəyə atmaqla yox”.
"Yolda intensiv hərəkət varsa...”
Hüquqşünas Ərşad Hüseynov bildirdi ki, yol təhlükəli məkandır və burda iş
prosesi tənzimlənmiş şəkildə aparılmalıdır: "Yol elə bir yerdir ki, istənilən
vaxt istənilən iş görülə bilər deyə bir şey yoxdur. Yol həmişə təhlükəli
məkandır, çünki orda həmişə intensiv hərəkət var. Yol, orda iş görən adamdan
konkret təhlükəsizlik tələblərinə riayət edilməsini istəyir. Ona görə,
qanunvericilikdə belə qeyd olunub ki, yolda iş görənlər özləri necə və nə vaxt
istəsələr yox, yol sahibləri - yol polisi ilə razılaşdırılaraq icra
etməlidirlər. Birdəfəlik iş görüləcəksə, bunun üçün konkret dəqiq vaxt
razılaşdırılmalıdır. Mütəmadi olaraq hər gün görülən işlərdə isə ən azından
müəyyən vaxt təyin olunmalıdır. Tutaq ki, hər gün filan saatlarda iş görülə
bilər. Həmin saatlar günün ən sakit, intensivliyin ən aşağı, yəni
təhlükəsizliyin daha aşağı olduğu vaxtlarda müəyyənləşdirilməlidir. Ancaq işin
neçədə başlayıb neçədə bitməsi ilə bağlı xüsusi vaxt yoxdur. Əsas odur ki,
təhlükəsizlik təmin olunsun”.
Ə.Hüseynov deyir
ki, intensiv hərəkət olan yollarda nə iş görmək mümkündür, nə də həmin şəxsin
təhlükəsizliyi təmin olunur: "Yolda intensiv hərəkət varsa, orda təmizlik
işlərini düzgün yerinə yetirmək olmaz. Üstəlik, işi görən adamın həyatı,
sağlamlığı birbaşa risk altında olur. Çünki yolun hərəkət hissəsində iş
görülürsə və nəqliyyat vasitəsi hərəkət edirsə, sürücünün, yaxud elə yolda iş
görənlərin xırda bir səhvi, eyni zamanda, yol infrastrukturundakı problem –
məsələn, işıqlandırılmamış küçə, pis görünən yol, döngə, döngənin arxası və s.
olanda, qəza qaçılmaz olur. Ona görə, razılaşdırılmalı və ən təhlükəsiz vaxtlarda
görülməlidir”.
Ə.Hüseynov qeyd
etdi ki, bu işin təhlükəsiz görülməsi üçün vacib olan məsələlər diqqətdə
saxlanmalıdır: "Dünyada belə bir təcrübə var, sovet dövründə bizdə də olub, yolların
təhlükəli hissələri, nisbətən sürətli hərəkət olan yerlər texnika ilə
təmizlənməlidir. Yolun hərəkət hissəsində iş görən insan çox nadir olmalıdır.
Bunu texnika etməlidir. İntensiv hərəkət olmayan, məhəllədaxili yaşayış
zonaları və s. bu tipli yerlərdə bu işi insanlar görsələr, daha yaxşı və
təhlükəsiz olar.
Bu işi icra edən
adamları təhlükəsizliklə bağlı yüksək səviyyədə məlumatlandırmaq, işıqqaytarıcı
xüsusiyyətə malik, yaxşı görünən geyimlərlə təchiz etmək lazımdır. Sutkanın
qaranlıq vaxtı işləyirlərsə, işıqqaytarıcı element olsun. İşıqlandırılmamış
küçələrdə işləməmələrinə çalışmaq lazımdır.
Bir də həmin
işçilərin əmək hüquqlarının da qorunmasına riayət edilməlidir. İş normaları da
ciddi şəkildə gözlənilməlidir. Görülən işçin həcmi, riski nəzərə alınmalıdır. Bu
kimi məsələlərə diqqət yetirilsə, təhlükəsizlik, nisbətən daha yaxşı təmin
oluna bilər”.
"Sürücülərimiz də bir az məsuliyyətli olsunlar”
Magistral yollar
və prospektlərdə, intensiv hərəkət olan ərazilərdə təmizlik işini
"Azəravtoyol" ASC-nin əməkdaşları aparırlar. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, bu
yerlərdə təmizlik işləri əsasən texnika vasitəsilə həyata keçirilir: "Məsələn,
Ziya Bünyadov, Heydər Əliyev, Babək, Nobel prospekti və şəhərətrafı yollar. Bu
ərazilərdə təmizlik işini texnika aparır. Şəhərətrafı yollarda, ümumiyyətlə, əl
əməyindən istifadə olunmur. Şəhəriçi prospektlərdə isə yalnız körpülərin
üstündə və tunellərdə əl əməyindən istifadə etmək məcburiyyətində qalırıq.
Çünki bu yerlərə təmizlik işi aparan nəqliyyat vasitələri daxil ola bilmirlər.
Qalan yerlərdə işi texnika görür”.
A.Nəcəfli
bildirdi ki, səhər saat 8-dən sonra "Azəravtoyol” əməkdaşları yollarda təmizlik
işi aparmırlar: "İş səhər saat 6-da başlayır, 8-ə kimi yekunlaşır. Bu zaman
əraziyə maksimum 2 nəfər çıxarılır və qısa müddət ərzində təmizlik işi aparıb
ərazini tərk edirlər. Qeyd edim ki, bu zaman texniki təhlükəsizlik qaydalarına
ciddi şəkildə riayət edilir. Təmizlik aparan şəxslərdən əlavə, bir nəfər də
əraziyə təhkim olunur ki, təhlükəsizlik məsələsini tənzimləsin. Bizim
əməkdaşları günün digər saatlarında yolda təmizlik apararkən görməzsiniz. Bizim
əməkdaşların öz geyimləri var və üzərinə agentliyin loqosu vurulub. Yollarda
təmizlik işi aparan şəxsləri görəndə, geyimlərinin üstündəki loqoya fikir
vermək lazımdır”.
A.Nəcəfli deyir
ki, yollara tullantı atanların sayı nə qədər az olarsa, əl əməyindən istifadə
faizi də azalar: "Mən körpünün yanından keçəndə, ora zibil atmasam, ora heç
zibil də yığılmaz. Sürücülərimiz də bir az məsuliyyətli olsunlar. Nəzərə
alsınlar ki, ora xüsusi nəqliyyat vasitəsi daxil ola bilmir. Çünki körpülərin
kənarıdır, orda beton, dəmir tirlər olur. Tullantılar onların kənarına düşür.
Orda əl əməyindən mütləq istifadə olunur. Tullantı nə qədər az atılsa, biz də
əl əməyindən o qədər az istifadə edərik”.
"Səhər edilən təmizliklə iş bitmir”
İkinci dərəcəli
yollar, həyətlər və s. yerlərdə təmizlik işini Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin
əməkdaşları aparırlar. Departamentdən bildirildi ki, səhər saatlarında edilən
təmizlik kifayət etmir: "İşin başlanma vaxtı belədir ki, bəzi qruplar səhər
6-nın yarısından işə çıxırlar, bəziləri 6-da, bəziləri 7-nin yarısı. Şəhər
böyükdür, hərəsinin öz ərazisi, hər qrupun da öz qrafiki var. O qrafiklə
işləyirlər. Hər bir qrup erkən saatlarda iş başında olur ki, insanlar işə
getdiyi vaxt artıq küçələr, yollar təmiz olsun. Amma səhər edilən təmizliklə iş
bitmir, şəhər təmiz olmalıdır. Ona görə, qrafik əsasında günün digər saatlarına
da təmizlik işi aparılır”.
İş yükünün çox
olub-olmamasına gəlincə, bildirildi ki, hər bir dalandarın (küçə süpürən
xadimələr) iş yükü Nazirlər Kabinetinin qərarına uyğun olaraq
müəyyənləşdirilir: "İş yükü o halda çox ola bilər ki, işlədiyi ərazidə
zibillənmə səviyyəsi daha çox olsun. Şəhərin mərkəzidir, insan, hərəkət çoxdur.
İstər-istəməz, şəhəri zibilləyirlər. Bizdə tullantıları qablara deyil, yerə
atmaq problemi də böyükdür. Bu da onların iş yükünə təsir edə bilir”.
Təmizlənmə işinə
süpürən-təmizləyən texnikaların cəlb olunması istiqamətində də işlər getdiyi
bildirildi: "Məişət tullantılarını daşıyan 36 ədəd texnika alınıb. Bu il də
alınması nəzərdə tutulub. Müəyyən qədər texnika var ki, əsas küçələrin
kənarında təmizlik işləri aparırlar. Ancaq nə qədər texnika olsa da, insan
əməyini aradan qaldırmır. Çünki hərəkət olan vaxt yolda texnikanın işləməsi
çətin məsələdir. Burda insan əməyinə ehtiyac yaranır”.
Departamentdən
bildirildi ki, işçilər texniki təhlükəsizlik məsələləri ilə bağlı davamlı
olaraq məlumatlandırılır: "Texniki təhlükəsizliklə bağlı onlar təlim keçirlər,
sonra müqavilə bağlanır və işə başlayırlar. Mütəmadi olaraq da bu
məlumatlandırılma aparılır”.
Aygün