“Ölsə də, günahsız insanların qanını yerdə qoymur” - Onun film seçimi
"Bu kino
ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib”. Rəhmətlik
Səməndər Rzayevin bu replikası çoxlarımıza tanışdır. Aktyorun dediyi kimi,
qəliz olan kinonun, vacib məqamları da çoxdur. Fərqli dillərdə, müxtəlif
janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək,
maarifləndirmək və onları düşündürməyə çalışmaq.
Bu
dəfə rubrikamızın qonağı Neft
Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham
Şabandır.
İ.Şabanın
ilk film seçimi 1980-ci ildə böyük ekrana çıxmış italyan filmi "İnadkarın ram edilməsi”dir. Deyir ki, az sayda filmdə bu qədər geniş
spektrdə maraqlı görüntülərlə üzləşmək olar: "Azərbaycan auditoriyası bu filmə
komik janrına və Ornella Muti kimi kino-ulduzun qeyri-adi məhəbbət seçiminə
görə vurulsa da, mən diqqətimi iqtisadi məsələlərdə fokuslaşdırmağa çalışıram.
Məsələn, italyan fermerinin həyat və məişəti, iş şəraiti, təsərrüfatı və özünü
idarə etmə bacarığı”.
Onun
məsləhət gördüyü ikinci film Fransa istehsalı olan "Proffessional”dır. Filmin ana xəttində ədalət uğrunda sonadək
mübarizə aparmaq durur: "Rejissorun geniş auditoriyaya çatdırmaq istədiyi budur
ki, ey insanlar, siz bu amal uğrunda ölümə belə getsəniz, yolunuzdan
dönməməlisiniz, əks təqdirdə, arzularınızda yaşatdığınız ədalət, formasını və
məzmununu da dəyişə bilər. Bunu gizli xidmətin agenti rolunda çıxış edən aktyor
Jan Pol Belmando məharətlə ifa edir”.
Növbəti
seçim fransız rejissoru Lyuk Bessonun ərsəyə gətirdiyi "Leon”dur. Kino, cəmiyyətdə qayda-qanunu, asayişi təmin etməli olan
hüquq-mühafizə əməkdaşlarının bir qrupunun mütəşəkkil cinayətkar şəbəkə
yaratması və bunun nəticələrinin aradan qaldırılması yollarının aranmasına həsr
edilib: "Belə ki, poqonlu cinayətkarlar istədiklərini edə bilirlər və qanuni
yollarla onları nə aşkar etmək, nə də bir tədbir görmək mümkün olmur, çünki
şəbəkə formasında, əlbir işləyirlər. Belə olan halda, rejissor professional
killer obrazını yaradan Jan Reno ilə bütün bu şəbəkəyə qarşı müharibə elan edir
və sonda filmin qəhrəmanı ölsə də, günahsız insanların qanını da yerdə qoymur”.
Dördüncü
film Rusiya istehsalı olan "Stilyaqalar”dır.
İ.Şaban deyir ki, film o cəhətdən maraq doğurur ki, Sovet dövrünün Qərblə ideoloji
qarşıdurmasının gücləndiyi bir zaman yeni submədəniyyətin ortaya çıxmasını və
bunun məişətdə və cəmiyyətdə necə təzahür etdiyini göstərir: "Belə ki, II Dünya
müharibəsi başa çatandan sonra əvvəlcə Sovet elitasının övladları, sonra isə
SSRİ-nin əsas şəhərlərindəki çoxsaylı olmayan gənclər Qərb stilindəki geyimləri
təqlid etməyə başlayırlar. Rejissor filmin kuliminasiya nöqtəsini finalda
verir”.
Siyahının
son filmi isə Türkiyə kinematoqrafiyasından olan "Min bir gecə” serialıdır: "Seriala bir neçə aspektdən baxıla
bilər. Ailə həyatında qəfil bədbəxt hadisənin baş verməsi, qadının bu ağır
yükün altından hansı yollarla və necə çıxa bilmə iradəsi, "mən dedim bitdi”
xasiyyətli ailə başçılarının səhvlərini göz yaşları ilə sonda etiraf etməsi və
s. kimi məsələlər burda öz əksini tapıb. Bu teleseriala baxmaqla, həyat üçün
praktik çox şey qazanmaq olar”.
Günel
Azadə