• şənbə, 27 Aprel, 07:47
  • Baku Bakı 12°C

“Ölsə də, günahsız insanların qanını yerdə qoymur” - Onun film seçimi

18.12.17 09:30 2018
“Ölsə də, günahsız insanların qanını yerdə qoymur” - Onun film seçimi
"Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib”. Rəhmətlik Səməndər Rzayevin bu replikası çoxlarımıza tanışdır. Aktyorun dediyi kimi, qəliz olan kinonun, vacib məqamları da çoxdur. Fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları düşündürməyə çalışmaq.
Bu dəfə rubrikamızın qonağı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şabandır.
İ.Şabanın ilk film seçimi 1980-ci ildə böyük ekrana çıxmış italyan filmi "İnadkarın ram edilməsi”dir. Deyir ki, az sayda filmdə bu qədər geniş spektrdə maraqlı görüntülərlə üzləşmək olar: "Azərbaycan auditoriyası bu filmə komik janrına və Ornella Muti kimi kino-ulduzun qeyri-adi məhəbbət seçiminə görə vurulsa da, mən diqqətimi iqtisadi məsələlərdə fokuslaşdırmağa çalışıram. Məsələn, italyan fermerinin həyat və məişəti, iş şəraiti, təsərrüfatı və özünü idarə etmə bacarığı”.
Onun məsləhət gördüyü ikinci film Fransa istehsalı olan "Proffessional”dır. Filmin ana xəttində ədalət uğrunda sonadək mübarizə aparmaq durur: "Rejissorun geniş auditoriyaya çatdırmaq istədiyi budur ki, ey insanlar, siz bu amal uğrunda ölümə belə getsəniz, yolunuzdan dönməməlisiniz, əks təqdirdə, arzularınızda yaşatdığınız ədalət, formasını və məzmununu da dəyişə bilər. Bunu gizli xidmətin agenti rolunda çıxış edən aktyor Jan Pol Belmando məharətlə ifa edir”.
Növbəti seçim fransız rejissoru Lyuk Bessonun ərsəyə gətirdiyi "Leon”dur. Kino, cəmiyyətdə qayda-qanunu, asayişi təmin etməli olan hüquq-mühafizə əməkdaşlarının bir qrupunun mütəşəkkil cinayətkar şəbəkə yaratması və bunun nəticələrinin aradan qaldırılması yollarının aranmasına həsr edilib: "Belə ki, poqonlu cinayətkarlar istədiklərini edə bilirlər və qanuni yollarla onları nə aşkar etmək, nə də bir tədbir görmək mümkün olmur, çünki şəbəkə formasında, əlbir işləyirlər. Belə olan halda, rejissor professional killer obrazını yaradan Jan Reno ilə bütün bu şəbəkəyə qarşı müharibə elan edir və sonda filmin qəhrəmanı ölsə də, günahsız insanların qanını da yerdə qoymur”.
Dördüncü film Rusiya istehsalı olan "Stilyaqalar”dır. İ.Şaban deyir ki, film o cəhətdən maraq doğurur ki, Sovet dövrünün Qərblə ideoloji qarşıdurmasının gücləndiyi bir zaman yeni submədəniyyətin ortaya çıxmasını və bunun məişətdə və cəmiyyətdə necə təzahür etdiyini göstərir: "Belə ki, II Dünya müharibəsi başa çatandan sonra əvvəlcə Sovet elitasının övladları, sonra isə SSRİ-nin əsas şəhərlərindəki çoxsaylı olmayan gənclər Qərb stilindəki geyimləri təqlid etməyə başlayırlar. Rejissor filmin kuliminasiya nöqtəsini finalda verir”.
Siyahının son filmi isə Türkiyə kinematoqrafiyasından olan "Min bir gecə” serialıdır: "Seriala bir neçə aspektdən baxıla bilər. Ailə həyatında qəfil bədbəxt hadisənin baş verməsi, qadının bu ağır yükün altından hansı yollarla və necə çıxa bilmə iradəsi, "mən dedim bitdi” xasiyyətli ailə başçılarının səhvlərini göz yaşları ilə sonda etiraf etməsi və s. kimi məsələlər burda öz əksini tapıb. Bu teleseriala baxmaqla, həyat üçün praktik çox şey qazanmaq olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər