Londondan tarixi "bürünc”lə qayıdan 16 yaşlı gənc – Portret
Yay Olimpiya Oyunlarının üzgüçülük yarışlarına,
adətən, "əsas iştirakdır" prinsipi ilə yanaşsaq da, dördilliyin
növbəti möhtəşəm idman tədbiri olan paralimpiadalarda bu növ üzrə
təmsilçilərimiz əsas medal ümidlərimiz hesab edilir. Qeyd edək ki, son iki
Paralimpiya Oyunlarında ən yaxşı nəticəni cüdoda qazanmışıqsa, üzgüçülərimiz 1
qızıl, 7 gümüş medalla ikinci sıradadırlar. 5-16 sentyabr tarixində Londonda
keçirilən dünya çempionatının yekunları, 7 il əvvəl elə Britaniya paytaxtında
başlayan uğur ənənəsinin Tokioda da davam edəcəyinə əminlik yaradır. Belə ki,
Temza sahillərinə 3 nəfərlik heyətlə yola düşən komandamız 73 ölkənin iştirakı
ilə baş tutan mötəbər yarışı 1 gümüş və üç bürünc medalla 26-cı sırada başa
vurdu. Bundan əlavə, "Tokio 2020"-yə ikinci lisenziyamız da
rəsmiləşdi. Bu gün sözügedən mundialın əsas qəhrəmanlarından birindən - 16
yaşında dünya üçüncüsü olmaqla, Azərbaycanın paralimpiya tarixinə düşən Vəli
İsrafilovdan geniş söhbət açacağıq.
Könülsüz
döyüş macərası
Azərbaycanın ən gənc dünya mükafatçısı 2002-ci ilin
oktyabrında Rusiya Federasiyasının Tümen şəhərində doğulub. Ailəsi ilə birgə
vətənə gəlişi 4 yaşına təsadüf edib. Altı yaşında atasının istəyi ilə
taekvondoya yazılan Vəli, Koreya döyüş təliminə qarşı həvəssiz olduğundan, heç
bir il keçməmiş, dayanqla vidalaşıb. Beləcə, özündən böyük bacısı Rəfiqə ilə
birgə üz tutub üzgüçülüyə. Hər bir uşaq kimi bu yola, sadəcə sağlamlıq naminə
qədəm qoyan Vəli, zaman keçdikcə yarışlara qatılaraq, mükafata layiq yerlər
tutub. İlk uğurunu 2014-cü ildə keçirilən "Şən delfin" açıq
birinciliyində qazanan London qəhrəmanımız, brass üsulu ilə 100 metr məsafəyə
üzmədə 1 dəqiqə 38 saniyə göstərici ilə ikinci yeri tutub. Yeri gəlmişkən,
İsrafilovun üzgüçülük karyerasında əldə etdiyi uğurların əksəriyyəti məhz
brassla bağlıdır. Səbəbini bir qədər sonra oxuyacaqsınız.
Sağlam
idmançılar arasındakı nailiyyətləri
Vəli gözündəki zəifliyə görə, paralimpiyanın
sıralarına qoşulanadək dəfələrlə sağlam idmançılar arasında keçirilən
yarışlarda fərqlənib. Belə ki, o, respublikadaxili çempionatlarda qazandığı
saysız-hesabsız uğurlarla kifayətlənməyib, "Bakı 2017" IV İslam
Həmrəyliyi Oyunları da daxil olmaqla, beynəlxalq yarışlarda da ölkəmizi
layiqincə təmsil edib. Mütəmadi olaraq, Türkiyə, Gürcüstan və Slovakiyada
təşkil olunan turnirlərə qatılan İsrafilov, az qala, bütün yarışlardan vətənə
medalla qayıdıb. Bunların arasında xüsusən Gürcüstan, Türkiyə, Slovakiyanın
Kranj və Jilina şəhərlərində keçirilən ənənəvi beynəlxalq turnirləri qeyd etmək
lazımdır. İslamiadada isə Vəli 200 metr məsafəyə brass üsulu ilə üzmədə 2
dəqiqə 28 saniyə göstərici ilə beşinci olub. Bu nəticələrə görə o, hələ 2017-ci
ilin noyabrında İdman ustası dərəcəsinə də yüksəlib.
Şəxsi
rekord və rəsmiləşməsini gözləyən lisenziya
Cari ilin aprelində Şotlandiyanın paytaxtı Qlazqoda
keçirilən Qran Pri turnirində tibbi təsnifatdan keçən yeniyetmə idmançı, görmə
məhdudiyyəti üzrə S12 kateqoriyasında ilk yarışını beşinci sırada tamamlayır.
Bununla da, dünya çempionatına lisenziya alan İsrafilov, 1 dəqiqə 6.01 saniyə
göstərici ilə həm şəxsi rekordunu yeniləyir, həm də ölkəmizin hesabına bürünc
medal yazdırır. Birinci və ikinci pilləni müvafiq olaraq, ukraynalı Oleksey
Fedina və belaruslu Vladimir İzotov tutur ki, 16 yaşlı yeniyetmə üzgüçümüz 33
yaşlı beşqat paralimpiya çempionundan 1 dəqiqə 39 saniyə geri qalırsa, "Rio
2016"-nın bu məsafəyə üzmə yarışının qalibindən onu, sadəcə 39 saniyə
ayırır. Nəticə, ona həm də Tokio paralimpiadasının qapısını açdı. Belə ki,
birbaşa lisenziyanı yalnız komandamızın Belarus əsilli üzvü Roman Saley qazansa
da, reytinqdə yerini möhkəmlədən Vəli də artıq lisenziya məsələsinin öhdəsindən
gəlib. Milli Paralimpiya Komitəsindən aldığımız məlumata görə, maksimum 2020-ci
ilin yanvarınadək bu, rəsmiləşəcək.
Tsiklin
əsas kəşfi
Konkretləşdirsək, Vəli cari paralimpiya tsiklinin
əsas kəşflərindən biridir. O cümlədən, Rio Yay Paralimpiya Oyunlarının ikiqat
vitse-çempionu Dmitri Saleyin yığmamızın sıralarını tərk etdiyini nəzərə alsaq,
İsrafilovun bu uğuru ikiqat əhəmiyyət kəsb edir. Tokioda əsas "qızıl"
ümidimiz təcrübəli Roman Saley olacaqsa, Vəlinin brass üsulu ilə üzmədə ən
azından DÇ-dəki nəticəsini təkrarlayacağını gözləmək olar. "Gümüş və
bürünc medalın elə bir fərqi yoxdur" deyən yeniyetmə qəhrəmanımız, yalnız
birinciliyi hədəfləyib. Bu dəfə olmasa belə, ən azından 2032-ci ildə keçiriləcək
paralimpiadaya qədər öz sevimli idmanına davam edəcəyini bildirir.
Genetik
üstünlüyü
Adəti üzrə, bu dəfə də qəhrəmanımız haqqında
mütəxəssis fikirlərinə ehtiyac duyduq. Artıq 10 ildir ki, para-üzgüçülük
yığmamızın "sükan'ı arxasında olan "Şöhrət" ordenli Alavərdi
Culfayev deyir ki, Vəlinin fiziologiyası brass üsulu ilə üzmə üçün ideal
sayılır: "Fəxri kürsüyə diqqət etdinizsə, digər iki nəfərlə Vəli
arasındakı yaş və boy fərqi açıq-aşkar idi. Üzgüçülükdə də boyun və təcrübənin
əhəmiyyətini qeyd etməyə xüsusi gərək yoxdur, məncə. Vəlinin üstünlüyü onun
iradəsində, mübarizə həvəsində, eyni zamanda da, ayaqlarının anadangəlmə brass
üsulu ilə üzmə üçün ideal formada olmasındadır. Üçüncülük 16 yaşlı idmançı üçün
əla nailiyyətdir, lakin necə deyərlər, general olmaq istəməyən əsgər, əsgər
deyil. Çalışmaq, vuruşmaq lazımdır ki, Tokioda yeni tarix yazaq. Vəli elə ilk
cəhdindən birinci ola bilər, potensialı buna tam imkan verir".
Bu arada, İsrafilov Tokioda qazanacağı hər hansı əyyarlı medalla Azərbaycanın
idman tarixinə ən gənc paralimpiada mükafatçısı kimi düşə bilər. "17 yaşlı
paralimpiya və dünya medalçısı"... Necə də möhtəşəm səslənir, deyilmi?
Onu da nəzərə çatdıraq ki, 16 yaşlı vunderkindin,
sadəcə brass deyil, sərbəst növdə də "Tokio 2020"yə lisenziya
qazanmaq şansı var.
Həm
də tələbə
İdman, xarici səfərlər, saysız-hesabsız medallar öz
yerində, Vəli təhsilində də uğurlu gənclərdəndir. Bu il məktəbi bitirən 16
yaşlı London qəhrəmanımız, yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinə qəbul olub. İdmanla təhsili bir araya gətirməyin
çətinliklərindən danışan Vəli qeyd edir ki, zamanla buna görə, həm
müəllimlərindən, həm də məşqçilərindən giley eşidib: "İdman və təhsilə
birgə diqqət ayırmaq doğrudan da çətindir. Nə qədər olmasa, bir-birinə təsirsiz
ötüşmür. Sadəcə təhsili seçsəydim, daha yuxarı bal toplayardımsa, yalnız idmana
diqqət ayırsaydım, yəqin ki, indikindən daha yaxşı göstəricilərim olardı. Lakin
heç nəyə görə peşman deyiləm".
Seçimdən söz düşmüşkən, paralel olaraq olimpiyaçılar arasında da çıxışlarını
davam etdirən Vəli, iki yol ayrıcında qalsa, paralimpiyanı seçəcəyini deyir:
"Görmə qabiliyyətimdəki məhdudiyyət mənə çətinlik yaradır. Lakin yenə də
çalışıram özümü göstərim, müəyyən nəticələr qazanım. Görsəm ki, iki cəbhədə
yarışmaq alınmır, əlbəttə, paralimpiya üzrə davam edəcəyəm".
Əyləncəyə qarşı meyilli deyil, "hobbim
üzgüçülük və dərslərimdir" deyir. Öz idmanından başqa heç bir növlə
yaxından maraqlanmır. Kumirinin kim olduğunu soruşduqda isə aldığımız cavab
təəccübləndirmədi - "Maykl Felps".
Portret
Erkən yaşda gələn uğur nə qədər möhtəşəmdirsə, bir
o qədər də təzadlıdır. Arxayınlığa, necə deyərlər, "ulduz xəstəliyinə
səbəb ola bilər. Hər halda, tez parlayıb tez sönən ulduzları az görməmişik.
Lakin Vəli haqqında nikbin danışmaq üçün xeyli əsasımız var. Göründüyü kimi,
yetərincə məqsədli, ciddi hədəfləri olan gəncdir.
Sahib