Ölkəmizi turistlərə tanıdan peşə - Reportaj

"Keçən
dərsimizdə Gülüstan, Türkmənçay müqavilələri, bir zamanlar mövcud olan
xanlıqlar dönəmindən danışdıq. Bugünkü dərsimizdə isə ən incə, həssas
məqamlardan birinə toxunacağıq. Əmin olun ki, bu sualı sizə çox verəcəklər. Bu,
millətin adı ilə bağlıdır. Çünki müxtəlif tarixi dönəmlərdə fərqli adları olub.
Daha sonra isə ölkəmiz haqqında ən çox verilən coğrafi suallardan danışacağıq.
Yadınızda saxlayın, əgər onlar bizdən
çox bilsələr, biz uduzarıq”.
Əminəm ki,
bir çoxunuz yazının girişini oxuyanda bu dəfə ki reportajımızın tarix və ya
coğrafiya dərsindən olduğunu düşündünüz. Amma elə deyil, bu dəfə Azərbaycan
Turizm Assosiasiyasının təşkilatçılığı ilə "Baku Guide Service”in tərkibində
keçirilən "Bələdçilik” kursuna baş çəkdik, bir dərs prosesində iştirak etdik.
Saat
yarımlıq dərs, demək olar ki, ölkəmizin tarixi və coğrafi əsaslarına həsr
olundu. Sözün açığı, dərs ilk dəqiqələrdə sıxıcı gəlsə də, müəllimin verdiyi
məlumatlar sonrakı təəssüratı dəyişdi.
Öyrəndik
ki, bu kursda dərslər iki hissədən - mühazirə və seminardan ibarətdir. Biz
mühazirə dərsində iştirak etdik. Müəllim bir saat dərsi izah etdikdən sonra
yarım saat iştirakçılarla sual-cavab oldu.
Bələdçi tərəddüd etsə...
Dərs
bitdikdən sonra kursun müəllimi, tarixçi Anar Abbasovla həmsöhbət oluruq:
"Dərslərimiz bir neçə hissəyə bölünür. Bələdçinin peşə fəaliyyəti, yəni
ekskursiyanı aparmaq qaydaları, mikrofonu necə tutması, səs tembri və s. kimi
mövzuları artıq keçmişik. Hazırda mətnləri keçirik. Biz ekskursiya bələdçisi
hazırlayırıq. Onlar adi bələdçidən və ya tərcüməçidən fərqlənməlidir. 6 ildir
bu sahədə işləyən biri olaraq deyə bilərəm ki, ekskursiya zamanı sualların
70-80%-i məhz tarix və coğrafiyadan olur. Üstəlik, kursumuzun iştirakçılarının
böyük əksəriyyəti rusiyalı qonaqlarla işləyəcəklər. Həmin qonaqların bir çoxu
bu tarixi məlumatları bilirlər. Ona görə, tarixi bilikləri yüzdə doxsan
səviyyədə olmalıdır. Əgər bələdçi turistə informasiya verən zaman hansısa
mövzuda tərəddüd etsə, bu zaman onun dediklərinə inanmayacaqlar”.

Anar
müəllim deyir ki, dərs proqramı Azərbaycan Turizm Assosiasiyasının müşaviri
Müzəffər Ağakərimov tərəfindən tərtib edib olunub, bu günədək bütün qruplarda
tədris bu proqram əsasında aparılıb: "Ancaq yenə də daim araşdırma edirik,
turistlər üçün hansı məlumatların maraqlı olduğunu, ekskursiya zamanı nələrin
daha çox sual edildiyini öyrənib dərsdə tətbiq edirik. Bu cür informasiyalar
əsasında qurulan ekskursiyalardan turistlər çox razı qalırlar”.
Kursun
müddəti 3 aydır. Ölkəmiz, regionlarımızla bağlı məlumatların hamısını bu
müddətə sığdırmaq nə dərəcədə mümkündür? Anar müəllim deyir ki, 3 aylıq kurs
müddətində bələdçiləri bölgələr üzrə yetişdirmək imkanı olmur: "Ona görə
çalışırıq ki, ümumi olaraq həm coğrafi, həm də tarixi baxımdan məlumatlar
verək. Digər tərəfdən, bütün məlumatları dərhal vermək də mümkün deyil. Çünki
elə iştirakçılar olur ki, bələdçiliyə sıfırdan bu kursla başlayır. Həmin şəxsi
birdən-birə 3 aya bu qədər informasiya ilə yükləmək olmaz. Ekskursiyaların
böyük hissəsi Bakı ərazisində təşkil edildiyindən məlumatların bir çoxu Bakı və
Abşeron yarımadasını əhatə edir”.
Turistlər istənilən sualı verə bilər
Anar
müəllim deyir ki, dərslər həm nəzəri, həm də təcrübə xarakterli olur. Nəzəri
olaraq bəzi informasiyaları verdikdən sonra, onlar təcrübə vasitəsilə də
öyrədilir: "Təcrübədə ekskursiyanın necə aparılmalı olduğunu göstəririk.
Məsələn, ilk ekskursiyamız keçən həftə İçərişəhərə baş tutdu. İkincisi isə
dünən oldu və məni çox təəccübləndirdilər. Çox hazırlıqlı gəlmişdilər. Təbii
ki, bir sıra çatışmazlıqlar var idi. Bəziləri informasiyanı utanaraq verirdi,
bəziləri tam fikrini ifadə edə bilmirdi. Bunlar ilk dəfə üçün normaldır.
Düşünürəm ki, kursun sonuna hər biri sərbəst şəkildə şəhərimizə gələn
turistlərə bələdçilik edə biləcək”.

Anar
müəllim qeyd edir ki, əslində, bir şəxsin bələdçi kimi yetişməsində 3 aylıq
kurs kifayət etmir: "Bələdçilik peşəsi çox dərin sahədir. Kurs müddətində biz
işin 50 faizini öyrədə bilirik, qalan 50 faizi isə gələcəkdə iştirak edəcəkləri
ekskursiyalar və araşdırmalar zamanı öyrəniləcək. Bizim öyrətdiyimiz materialla
3-4 ay bələdçi kimi fəaliyyət göstərə bilərlər. Lakin növbəti mərhələdə özləri
daha çox araşdırmalı, yeni informasiyalar əldə etməlidirlər. Turistlər
istənilən sualı verə bilər. Ona görə biz hər informasiyanı bütün xırdalıqlarına
qədər öyrədirik”.
Dərs
zamanı Anar müəllim "əgər onlar bizdən çox bilsələr, biz uduzarıq” deyə bir
cümlə işlətdi. Maraqlıdır, gələn turist haqqımızdan bizdən çox informasiyalı
ola bilərmi? Həmsöhbətimiz bunun mümkün olduğunu deyir: "Bəli, təəssüf ki, bu
cür hallar da baş verir. Məsələn, Azərbaycanın 1992-ci ildə müstəqillik əldə
etdiyini, 1918-ci ildə ilk dəfə dövlət qurduğunu, Səfəvi dövlətinin 1501-ci
ildə yaradıldığını bilməyən bələdçilərimiz var. Amma bunları turistlər bilir.
Çünki hazırlıqlı gəlirlər. Turistlərin əksəriyyəti gedəcəkləri ölkə ilə bağlı
məlumat toplayırlar. Hansısa suala cavab verə bilməyəndə bizim üçün böyük ayıb
olar”.

Biz tələbələrimizi işlə təmin etmirik, amma...
Anar
müəllimlə söhbətimizi yekunlaşdırıb AzTA-nın
icraçı direktoru Əhməd Qurbanov və "Baku
Guide Service” direktoru Teymur Mahmudzadə ilə kursla bağlı danışırıq.
Əhməd bəy qeyd edir ki, ilk "Bələdçilik” kursu 2015-ci ildə təşkil edilib:
"Ölkəmizdə turizm sahəsinin inkişafı bələdçilik peşəsinə tələbat yaratdı. Çünki
həmin dövrdə hərtərəfli şəkildə yetişmiş bələdçi yox idi. Ona görə düşündük ki,
ölkəmizdə belə bir kursa ehtiyac var. İlk kursumuz ödənişsiz oldu. 100 nəfər
arasından 17-si kursda iştirak etmək hüququ qazandı. İlk buraxılışımızda o vaxtkı
mədəniyyət və turizm naziri Əbülfəz Qarayev şəxsən iştirak etmişdi. İndi isə
kursumuz ödənişlidir və 3 aylıq 450 manatdır. Sonda isə sertifikat veririk
hansı ki, bu sertifikatlar ölkəmizdə fəaliyyət göstərən muzeylərdə, tarixi
qoruqlarda və turizm şirkətlərində tanınır. Biz tələbələrimizi işlə təmin
etmirik. Ancaq çoxsaylı turizm şirkətləri bizə müraciət edib bələdçi
istəyirlər, biz də iştirakçılarımızı onlara yönləndiririk”.
Teymur Mahmudzadə isə
bələdçilər üçün vacib olan nüanslardan, iştirakçıların seçim mərhələsindən
danışdı: "Bələdçiliyin əsas tələblərindən biri ölkəmiz haqqında kifayət qədər
bilgi sahibi olmaq və xarici dil biliyinin olmasıdır. Yəni bizim kursa yazılan
hər kəs bilməlidir ki, turistlə işləyəcək və ən azından rus-ingilis dilində
danışmağı bacarmalıdır. Təbii ki, kursumuza heç bir dil biliyi olmayanlar da
yazıla bilər. Amma bu, onun sabah iş tapmasında problem yaradacaq. Çünki dil
bilmirsə, turist sual verəndə, nə onu başa düşəcək, nə də cavab verə biləcək.
Seçim mərhələsi isə çox sadədir. Kursa qoşulacaq şəxslərə ali təhsil tələbi də
qoymamışıq. Çünki onsuz da dərs prosesində əsas məlumatlarla təmin edirik. Amma
bələdçi üçün ali təhsilin, dünyagörüşünün geniş olması üstünlükdür. Digər
tərəfdən, insanın nitqinə, özünü ifadə etmə qabiliyyətinə fikir veririk”.

Bildiklərimizin təqdimatı çox önəmlidir
Daha sonra
iştirakçılara yaxınlaşıb onların da fikirlərini öyrənirik. İlk həmsöhbətimiz Sevda Əliyevadır. Sevda xanım ali təhsilini
beynəlxalq münasibətlər üzrə alıb, amma turizm sahəsi maraqlı gəldiyi üçün
bələdçilik kursuna yazılıb: "Turizm hazırda ölkəmizdə inkişaf etməkdə olan
sahələrdəndir. Düşünürəm ki, bir neçə ilə bu sahədə peşəkar bələdçilərə böyük
ehtiyac olacaq. İlk dəfədir turizmlə bağlı bir kursa qatılıram, çox maraqlıdır.
Bilirsiniz, tarix və coğrafiya sahəsində verilən informasiyalar bir çoxumuzun
bildikləridir. Amma bildiklərimizin turistə necə təqdim etməyi öyrənirik. Rus
və ingilis dilini mükəmməl bildiyim üçün bu sahədə uğurlu fəaliyyət
göstərəcəyimə inanıram”.
Əfsun Mehdiyeva italyan
dilini bildiyini və bunun xüsusilə də italyan turistlərlə əlaqə qurmaqda ona
kömək etdiyini qeyd edir: "Rəssamlıq Akademiyasını bitirsəm də, bu sahəyə olan
marağım məni "Bələdçilik” kursuna yazılmağa vadar etdi. Məncə, bir bələdçi daim
axtarış etməli, yeni nələrsə öyrənməlidir. Hər sahədən informasiyası olmalıdır.
Turist istənilən an gözləmədiyimiz bir sual verə bilər”.
Həmidə Camalaova isəingilis dili müəllimidir. Deyir ki, turistlərin ölkəmizə çox gəldiyi bir
dönəmdə dostları ona turistlərə bələdçilik etməyi təklif edib və iki ilə
yaxındır ki, "freelancer” bələdçi kimi fəaliyyət göstərir: "Məncə, yaxşı
bələdçi olmaq üçün ilk növbədə insan özü səyahət etməyi sevən biri olmalıdır.
Özüm bir çox ölkədə olduğum üçün turistə hansı informasiyanın lazım olduğunu
yaxşı bilirəm. Turistlər getdikləri yerdə "mədəni şok” yaşamağı, müxtəlif
yeməklər haqqında məlumat əldə edib, onların dadına baxmağı çox sevirlər.
Bələdçi işini sevərək görməlidir. Bunun üçün də xalqını, mədəniyyətini,
ölkəsini sevməlidir. Çünki bir bələdçinin işi ölkəsini turistlərə tanıtmaq və
həqiqətləri təbliğ etməkdir”.
Günel
Azadə





