• cümə, 26 Aprel, 11:40
  • Baku Bakı 12°C

Lənkəranda Topaz müəmması

28.10.13 16:25 1451
Lənkəranda Topaz müəmması
Azərbaycan Premyer Liqasının baş sponsoru olan Topazın bannerləri “Xəzər Lənkəran”ın ev oyunları zamanı Lənkəran şəhər mərkəzi stadionunda gözə dəymir. Lent.az-ın məlumatına görə, bu mövsüm cənub təmsilçisinin keçirdiyi 5 ev oyununun heç birində meydanın kənarındakı reklam lövhələrində baş sponsorun bannerləri yer almayıb.
Halbuki əsasnamədə meydanın ətrafındakı hissənin 25 faizinin çempionatı təşkil edən Peşəkar Futbol Liqasına (PFL) ayrılmasına dair bənd yer alıb. PFL isə adətən, həmin hissədə özünün və “Topaz”ın bannerlərini yerləşdirir.
“Xəzər Lənkəran”ın marketinq, satış və reklam üzrə meneceri Rəşad Əzizov Lent.az-a açıqlamasında bildirib ki, Topazın bannerlərinin yoxluğunun səbəbi sadədir: PFL kluba hələ də müvafiq bannerləri təqdim etməyib. R. Əzizov meydanın kənarındakı bütün yerlərin satıldığını da əlavə edib: “PFL bizə 4 banner təqdim etməli idi. Gözlədik, bir xəbər olmadığından, həmin yerləri başqa şirkətə satdıq. Əslində, çempionatın püşkü atılarkən, bannerlər də təqdim olunmalı idi. Amma hələ də verməyiblər. Təqdim etsələr, öz klubumuza aid olanları ixtisara salaraq, Topazın bannerlərini yerləşdirə bilərik”.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də hələ hazır olmadığından, Topazın bannerlərinin Lənkəran şəhər stadionunda qoyulmadığını təsdiqləyib. O, Lent.az-a bildirib ki, 4 banner tezliklə çap olunaraq, Lənkərana göndəriləcək.
Qeyd edək ki, son illər “Xəzər Lənkəran”la PFL arasında zaman-zaman müxtəlif məzmunda anlaşılmazlıqlar baş verib. Belə anlaşılmazlıqlardan biri Premyer Liqanın əvvəlki baş sponsoru “Unibank”ın bannerlərinin vaxtilə Lənkərandakı arenada yerləşdirilməməsi səbəbindən yaranıb.
banner

Oxşar Xəbərlər