AZE | RUS | ENG |

““Lenin”ə görə imtahandan kəsildim” – Mən gənc olarkən

““Lenin”ə görə imtahandan kəsildim” – Mən gənc olarkən
Şəmistan Nəzirli: “Qızlardan utandığımdan dərsi danışanda nitqim quruyurdu”


Azərbaycanın hərb tarixi və Səməd Vurğun dünyası onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusudur. Artilleriya generalları Əli ağa Şıxlinski, Səməd bəy Mehmandarov, general-mayor Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı partizan, kəşfiyyatçı Mehdi Hüseynzadə, məşhur Naxçıvan xanları sülaləsinin sonuncu generalı Cəmşidxan Naxçivanski, topoqraf-general İbrahim ağa Vəkilov, general Yadigarov qardaşları və digər generallarımız barədə bilmədiklərimizə məhz onun araşdırmaları gün işığı tutub. Həmsöhbətimiz publisist, nasir, Azərbaycan hərb tarixinin araşdırmaçısı, jurnalist Şəmistan Nəzirlidir. Atasının qəbrini 31 il sonra tapır Uşaqlıq illəri Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində keçib. Ailədə 2 bacının bir qardaşı olub. Atası ömür boyu müxtəlif vəzifələrdə işləyib. 1942-ci ildə isə Böyük Vətən Müharibəsində Sovet ordusunda döyüşə gedir və 1944-cü ildə döyüşlərin birində Sapuqarada həlak olur. Atası müharibəyə evin sonbeşiyi Şəmistan anadan olmamış getdiyindən müsahibimiz atasının üzünü görmür. Onun qəbrini isə düz 31 ildən sonra tapa bilir. Xam dəftər söhbəti Orta məktəbdə tarix və ədəbiyyatın sevimli fənləri olduğunu deyən Ş.Nəzirli digər dərsləri də pis oxumur. Qərbi Azərbaycanda kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ermənilər bilərəkdən 10 illik məktəbi 8 illik edirlər. Təhsillərinin yarımçıq qalmaması üçün şagirdlərin hərəsi bir yana dağılır; kimisi Qazax, kimisi Borçalı, kimisi də Bakıya üz tutur. Bacısının yoldaşı və əmisi oğlu Seyfəddin Nəzirovun təklifi ilə 15 yaşlı Şəmistan indiki Bakıxanov (keçmiş Razin) qəsəbəsində bacısıgildə qalaraq 72 nömrəli məktəbdə oxuyur. Sinifdə onunla birlikdə cəmi iki oğlanın olması kənddən yenicə gəlmiş yeniyetməni narahat edir. Əksəriyyətin qız olması səbənindən utanıb sıxılır: “Qızlar yelpiklənir, pudralanır, kraskalanırdılar, heç müəlllimə də qulaq asmırdılar. Bir dəfə müəllim növbəti dərsdə inşa yazmaq üçün əlavə dəftər gətirməyimizi tapşırdı. Mənim də yadımdan çıxmışdı. Arxa partaya çevrilib qızdan soruşdum ki, “səndə əlavə xam dəftər yoxdur?”. Müəllim arxaya çevrildiyimə görə mənə iradını bildirdi, soruşdu ki, “qızdan nə istəyirsən?”. Qız məndən əvvəl durub mənim ona xam dediyimi bildirdi. Mən də buna etiraz etdim və dedim ki, “müəllim, heç nə demirəm, xam dəftər istəyirəm”. Bütün sinif mənim xam dəftər sözümə qaqqıldayaraq güldü. Biz tərəflərdə yazılmamış, təzə dəftərə xam dəftər deyirdilər”. “Yazdığım şeirlər “bezdarni” idi Şəmistan 72 nömrəli məktəbdə oxuduğu dövrdə əmisi oğlu Seyfəddini neft mütəxəssisi kimi Dəvəçi Qazma İdarəsinə baş direktor təyin edirlər: “Seyfəddin artıq Dəvəçdə qalırdı. Bir dəfə Dəvəçidən gələndə dərslərimi soruşdu və mənimlə birlikdə məktəbimizə getdik. Direktorla və müəllimlərimlə görüşdü. Evə gələndə bildirdi ki, müəllimlər məndən razılıq ediblər, ancaq bir az utancaq olduğumu deyiblər. Qeyd edim ki, kənd məktəbində oxuyarkən Allahın bəlası idim. Mən də Seyfəddinə qızlardan utandığımı, dərsi danışanda nitqimin də quruduğunu bildirdim. Təklif etdi ki, onunla Dəvəçiyə gedim, bəyənsəm, qalıb orada oxuyum, bəyənməsəm, geri qayıdım. Seyfəddin baş mühəndis Arif Abbasovu çağırıb məni məktəbə aparmasını xahiş etdi. Yolda Arif müəllimə dedim ki, məktəb xoşuma gəlsə də, gəlməsə də qalıb burda oxuyacam, ora qayıtmayacağam, çünki qızlardan utanıram. Direktorun qəbuluna düşdük. Bəlli oldu ki, gündüz növbəsində yer yoxdur. Mən də böyük məmnuniyyyətlə geri qayıtmamaq üçün gecə növbəsində oxumağa razılıq verdim və 10-cu sinifi Dəvəçidə qurtardım”. Ş.Nəzirli orta məktəbdə şeirlər də yazırmış: “Amma etiraf edim ki, yazdığım şeirlər “bezdarno” idi. Poçtalyon Dəvəçidə mənə redaksyalardan məktub gətirməkdən bezmişdi. Şeirlərimi qəzetlərə göndərirdim. Bir-iki şeirimi də düzəlişlə çap etmişdilər. Mənə də cavab yazırdılar ki, şeirim səviyyəcə aşağı olduğundan çap edə bilmirlər. Amma mən ruhdan düşməyib yazırdım” (gülür – İ.M.). “Lenin”ə görə imtahandan “kəsilir” Orta məktəbi bitirib sənədlərini indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə verir. Biletinə düşən üç sualın hamısını cavablandırır: “Ədəbiyyatşünas alim Əkbər Ağayev cavablarımdan razı qaldı. O vaxt hələ yenicə müdafiə etmiş Famil Mehdi Rəsul Rzanın, yoxsa Mayakovskinin “Lenin” poemasının daha dərin olduğunu soruşdu. Mən də bildirdim ki, “Səməd Vurğun deyib ki, Rəsul Rzanın “Lenin” poeması Mayakovskininkindən həm poetik məzmununa, həm poetik siqlətinə görə qat-qat üstündür, amma hayıf ki, Rəsul Rza kiçik xalqın böyük şairi, Mayakovski böyük xalqın kiçik şairidir. Bunu deyəndə Famil Mehdi duruxdu. Bu cavabıma görə imtahandan “kəsildim”. Sonralar jurnalistikada oxuyanda bunu Famil Mehdinin üzünə vurdum. Dedi ki, “əşi, olub keçdi də””. Qəzet oxuyan azərbaycanlı Növbəti imtahan ilinədək boş qalmaması üçün əmisi oğlu Camal Əliyev təklif edir ki, 5 saylı Bakı texniki-peşə məktəbində kino mexanik bölməsində oxusun: “Bildirdi ki, 9 aylıq məktəbdir. 9 aydan sonra sənədlərimi yenidən jurnalistikaya verə biləcəyəm. Amma 9 aydan sonra sənədlərimi geri istəyəndə dedilər ki, sənədləri sentyabrın 15-dən sonra verə biləcəklər. Beləcə, ikinci ilim də boşa getdi və Qazaxıstanla Çinin sərhədində yerləşən hərbi hissəyə əsgəri xidmətə apardılar. Hərbi hissədə yeganə azərbaycanlı mən idim”. Hərbi hissədə də boş qalmır, “Literaturnaya qazeta” və “Sovetskaya kultura” qəzetlərinə abunə yazılır: “Bölük komandirimiz əslən Ukraynadan olan kapitan Stasinko idi. Mənə də Alik deyə müraciət edirdi. Kapitan məndən yəhudi olduğumu soruşdu.Azərbaycamlı olduğumu bildirəndə təəccübləndi ki, azərbaycanlı ola-ola iki prestijli qəzetə abunəyəm. Hansısa azərbaycanlını qəzet oxuyan görmədiyini bildirdi. Ona əsgərlikdən qayıdandan sonra jurnalistika fakültəsinə qəbul olmaq istədiyimi dedim. Bunu biləndən sonra kapitan Stasinko məni hər şeydən azad etdi. Mülki vətəndaşlara anbardar lazım olduğunu və orada işlədiyim təqdirdə, kabinetimin də olacağını, oturub kitab oxuya biləcəyimi dedi. Mən də kitab oxumağı çox sevirdim. Evdən kim yazırdı, kitab, jurnal göndərmələrini xahiş edirdim. Böyük bir kitabxana yaratmışdım və geri qayıdanda hərbi hissəyə bağışladm”. Ermənilər sənədlərini oğurlayır O vaxt qaydalara görə, sənədlərini instituta vermək istəyənləri digərlərindən fərqli olaraq hərbi hissədən iki ay tez buraxırdılar. Ş.Nəzirli da bütün sənədlərini, kitabarını özü ilə hərbi hissəyə aparıb çemodanında saxlayır: “İşlədiyim anbar hərbi hissədən aralı idi. Burayağ, paltar, digər ləvazimatların yerləşdiyi anbar idi. Anbardan çölə çıxanda hərbi hissə tərəfdən hind mahnısının səsi gəli. Fikirləşdim ki, nə qədər kitab oxuyacam, mən də gedib kinoya baxım. Anbarın qapısını bağlayıb getdim. Deməyəsən, qonşu hərbi hissədə xidmət göstərən 21 erməni məni güdürmüş. Mən kinoya gedəndə qapını sındırıb fotoalbomumun, sənədlərimin, kitablarımın olduğu çemodanımı oğurlayırlar. Elektrik açarını da sındırırlar ki, işığı yandırmaq istəyəndə elektrik məni vursun. Bəxtimdən elektrik vurmadı, amma attestatımın da olduğu çemodanımın oğurlanmışdı. Attestatım itdiyindən məni tez buraxmırdılar. Kapitan Stasenkonun ora-bura yazmasından sonra 10-ca gün əvvəl tərxis edildim. Birbaşa Dəvəçiyə getdim, 2-3 günə sənədlərimi aldım. Oradan da Bakıya üz tutdum. Amma sənəd qəbulu bitdiyindən institutda sənədlərimi götürmədilər. Bir il də beləcə qaldım”. Qohumlarından birinin təklifi ilə müsahibimiz sənədlərini Pedaqoji İnstitututun ədəbiyyat fakültəsinə verir: “Qohumumuz söz verdi ki, instituta daxil olmağıma yardım edəcək. Özüm də imtahanlardan üç dənə “4” aldım. Ədəbiyyat fakültəsinə qəbul olsam da, evdə yalandan dedim ki, “kəsilmişəm”. O vaxt nəsə beynimə yerimişdi ki, jurnalist olmaq üçün mütləq jurnalistika fakültəsini qurtarmalıyam”. “Sizin dərsin nəyini oxuyum?” Nəhayət dördüncü cəhdi uğurlu alınır və Ş.Nəzirli illərdir arzuladığı faküttəyə daxil olur. Tələbəlik illərində bacısıgildə qalan müsahibimiz boş vaxtlarında mütaliə ilə məşğul olur. Pul sarıdan da korluq çəkmir. 45 manat təqaüd alır. Üstəlik, öz dili ilə desək, cijisi də (anası – İ.M.) arada pul göndərir. Dərslərini də əla oxuyur. Ş.Nəzirli tələbəlik illəri ilə bağlı maraqlı bir əhvalatı da bizimlə bölüşdü: “Xarici dil öyrənmək qabiliyyətim bir az zəifdi. Xarici dil müəllimimiz mənə niyə onun dərsini oxumadığımı soruşdu. Mən də dedim ki, “sizin dərsin dərs kimi nəyini oxuyum, mən klassikləri oxuyuram.Alman dili düşmən dilidir, o mənə lazım deyil...”. Sözlərim müəllimin xətrinə bərk dəydi. Zaçot vaxtı,mənə və Akif adlı qrup yoldaşıma da qiymət yazmayacağını bildirdi. Nə qədər adam ağız açdı, biz üzr istədik, dedi, yox ki, yox. Özü də birinci kursda oxuduğumuzdan kəsirimiz olsa, qovulacağıq. Kənd-kəsək də bilir ki, güclə universitetə qəbul olmuşam, kimi inandıra biləcəm ki, bir zaçot üstündə qovulmuşam. Axırda Şəkidən olan Akif anasına zəng etdi. Anası Şəkidən gəldi. Məlum oldu ki, Akifin anası aktyor Lütfəli Abdullayevin həyat yoldaşı Sevda Pepinova ilə yaxındır. S.Pepinova Pedaqoji İnstitutda ingilis dili müəlliməsi idi.Sevda xanım Akifin anası ilə müəllimin yanına gəldi, bizi oraya çağırıb xeyli danladılar. Sonda Sevda xanım müəllimimizə dedi ki, qiymət yazacaqsan, vəssalam. Bundan sonra müəllim qiymətimizi yazdı və eynimiz açıldı. O vaxta kimi evə də fikirli gedirdik”. Lalə MUSAQIZI İsmayıl MƏMMƏDOVMən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949