“Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum” - Örnək
"Xoşbəxtlik mənim üçün
ayaqlarımın olmaması ilə bitmir”. Bu onun şüarıdır. Pozitivliyi ilə məhdudiyyəti
olan insanlara belə motivasiya verir. Ən əsası, qüsurlarını sevir, qəbul edir və
bütün çətinliklərə sinə gərib, onlara gülümsəməyi bacarır.
"Örnək” rubrikasında
qarşısına çıxan bütün çətinliklərə qarşı dimdik dayanan, həyatı sevən, fiziki məhdudiyyətlərin
üstündən xətt çəkən İmran Lalayevlə söhbətləşdik. Qeyd edək ki, İmran Əsa Teatrının
aktyorudur.
"Həyatda
mübariz olmaq lazımdır”
O qədər pozitivdir ki, qüsurunu
belə xoşbəxtlik hesab edir... Həyat onu
çox çətin sınaqlardan keçirib. Ən böyük sınağı isə ayaqlarını qurban verməsi ilə
nəticələnib: "Hadisə 2013-cü il may ayının 24-də baş verib. Qulağımda
qulaqcıqlarla işə gedirdim. Yolun üstündə körpü var idi, hansı ki, altından
qatar yolu keçirdi. Körpünün dirəkləri gözümün qarşısını kəsdiyi üçün qatarın gəldiyini
görmədim, qulaqcıqlarım isə qatarın səsini eşitməyimə imkan vermədi. Qatar məni
vuranda özümü atdım, lakin iki ayağım qatarın altında qaldı. 21 yaşım var idi və
mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü bu vəziyyətə elə həmin gün
hazırladım və qəbullanmağım da çox vaxt aparmadı. Bu həqiqətdir ki, heç kim həyatından
sığortalanmayıb. Sabah bu vəziyyət hər kəsin başına gələ bilər, əsas odur ki,
özünü güclü hiss edib, üsyankar olmayasan. Mənim prinsipim odur ki, fərq etməz
hansı çətinliyin var, həyatda mübariz olmaq lazımdır”.
"Fiziki
məhdudiyyətli olmaq həyatın sonu deyil”
İmran protez ayaqla həyatına davam edir. Deyir ki, həmin
hadisə onun bütün həyatını dəyişib və ona ikinci həyat bəxş edib. Həmsöhbətimiz
elə
komplekslərini də sözügedən hadisədən sonra həmin qatarın altında qoyub: "Hadisədən
sonra həyatımda çox dəyişikliklər oldu. Sanki başqa bir insan olaraq, yenidən
dünyaya gəldim. İkinci həyatım başladı. Hətta dünyagörüşüm dəyişdi. Əgər köhnə
İmran olsaydım, kompleksli olardım və şortik geyinməzdim. Əvvəllər insanlarla
ünsiyyət qurmaqda çətinlik çəkirdim. Komplekslərimi də qatarın altında qoydum.
Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yeni bir həyat deməkdir.
Hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu, yaxşılığa doğru
olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim həyatımda
xoşbəxtlik
ayaqlarımın olmamasi ilə bitmir. Bunu hər yerdə deyirəm. Xoşbəxtliyi özlüyümdə
yaradan bir insanam və düşünürəm ki, həyatda pul, var-dövlət olsa da, insan əgər
xoşbəxt ola bilmirsə, demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz-özlüyündə
xoşbəxt ola bilmirsə, qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə
bilməz və onlarla normal ünsiyyət qura bilməz. Xoşbəxtlik insanın qarşısında hər
zaman bir güzgü kimi dayanır. Sən ona baxıb gülərsən, o da sənə...”
"İnsanları
protez ayaqlara alışdırmağa çalışıram”
Hadisədən sonra İmran
tez-tez şortik geyinir. Deyir ki, şortik geyinməkdə məqsədi odur ki, insanları
protez ayaqlara alışdırsın və onların hər dəfə fiziki məhdudiyyətli insan görəndə
təəccüblənməsinin qarşısını alsın: "Ətrafımda insanların fərqli münasibəti heç
vaxt xətrimə dəyməyib. Həyatımla barışdığım üçün məni heç bir söz, fikir, baxış
incitmir. Mən həyatımı olduğu kimi qəbul edir və sevirəm. Əksinə, bir
çoxlarının ayaqlarımla bağlı fikirləri gülməli gəlir. Məsələn, bir dəfə səhər
evdən çıxanda məhləmizdə rus bibi mənə dedi ki, sənin yuxarı tərəfin 20-ci,
aşağı tərəfin isə 21-ci əsrdir. Bunu gülərək qarşıladım və xətrimə dəymədi.
Əksinə, bu fikir xoşuma da gəldi. İnsan vəziyyəti ilə barışmalıdır. Cəmiyyət isə
istər arabada, istər protez ayaqla, istərsə də başqa məhdudiyyətli insanları
görəndə təəccüblənməsin. Mənim də məhz şortik geyinməyimdə məqsəd odur ki,
insanlar protez ayaqlara alışsınlar. Qəribə baxışlar mənə gülməli gəlsə də,
kompleksli fiziki məhdudiyyətli şəxsləri incidə bilər. Bu səbəbdən fikir bildirərkən
həssas insanları nəzərə almaq lazımdır”.
"Hər
çətinliyin sonunda işıq var”
Yuxarıda qeyd etdiyimiz
kimi, İmran Əsa Teatrının aktyorudur. Memarlıq və İnşaat Kollecini bitirsə də,
təsadüf nəticəsində bu sənətə gəlib: "Bir gün dostum mənə Əsa Teatrı haqqında məlumat
verdi. Öncə tərəddüd etdim, çünki 4 il kollec oxumuşdum və düşünürdüm ki, bu
sahədə çalışacam. Amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat
belə bir şans verdi. Artıq 1 il olar ki, aktyor kimi çalışıram və "Adamlar və
siçanlar” və "Paris partladı” tamaşalarında oynamışam. Hər çətinliyin sonunda
bir işıq var və mən uğur qazanmağa davam edəcəm”.
"Çətinliklərə
də gülməyi bacarmaq lazımdır”
İmran hər şər işdə bir
xeyir olduğunu düşünür və neqativ düşüncələri özündən uzaqlaşdırır: "Mən
qarşıma çıxan hər problemin xeyirli tərəfini axtarıram. Çalışıram ki, hər məsələyə
pozitiv yanaşım. Niyə insanlar yaxşı bir şey olanda sevinir, həyata minnətdar
olur, amma bir dəfə barmağı ağrıyanda üzülür, üsyan edir? Hər bir insanın həyatında
çətin və xoşbəxt gün ola bilər. Əsas odur ki, o çətinliyi həyatında xoşbəxtliyə
çevirə biləsən. Hər şey insanın öz iradəsindən asılıdır. Yıxıldığında öz-özünə
gülə bilirsənsə, çətinliklərə də gülməyi bacarmaq lazımdır”.
Sonda gələcək
planlarından danışan həmsöhbətimiz vurğuladı ki, həyatda heç vaxt boş xəyallar
qurmur: "Xəyallarımı hər zaman məqsədyönlü qururam. Bacaracağıma inanıb, irəliləyirəm.
Qarşıma çıxan şansları düzgün qiymətləndirməyə çalışıram və aktyorluq sənətində
özümü inkişaf etdirirəm. Aktyor olaraq, kimisə özümə örnək almıram. İnsanlara
özümə xas olan xarakter göstərmək istəyirəm”.
Aygün ƏZİZ