AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Klounlar koronavirusla “zarafatlaşa” bilmir

Klounlar koronavirusla “zarafatlaşa” bilmir

Mədəniyyət
07 Avqust 2020, 09:00 2842
Neçə aydır sevimli peşələri ilə məşğul ola bilməyən aktyorlar çətin günlərin tezliklə arxada qalacağına ümid edirlər
 
5 aydır ki, pandemiya ilə əlaqədar bir çox sahələrdə durğunluq yaşanır. İncəsənət nümayəndələri daha çox göz önündə, gündəmdə olduğu üçün onların problemləri daha qabarıq özünü göstərir.  Toyların bu müddətdə qadağan olunması və restoranların fəaliyyətini dayandırması təkcə müğənnilərin büdcəsinə təsir etməyib, eyni zamanda buradan qazanc əldə edən bir çox insanların, o cümlədən klounların işsiz qalmasına səbəb olub. Belə ki, gündəlik qazanclarını şənliklərdən, tədbirlərdən, yığıncaqlardan çıxaran klounların bugünkü vəziyyəti heç də ürəkaçan deyil. Onlarla söhbət etdikdə, artıq özlərinə alternativ iş axtardıqlarını bildirdilər. Klounlar yeni mövsümdən etibarən başqa sənətlə məşğul olub, koronavirusun bitməsini gözləyəcəklər. 

Aktyor Cavanşir Məhərrəmovdeyir ki, kənardan hər nə qədər asan görünsə də, klounada əslində bir o qədər də çətin sənətdir: "Uzun müddətdir ki, bu sahə ilə məşğuluq. Bəzən klounada ilə təlxəkliyi səhv qəbul edirlər. Klounada aktyorluğun özündən də çətindir. Təəssüflər olsun ki, pandemiya bu sənətimizi də əlimizdən aldı. Koronavirusla əlaqədar klounada janrı da çökmüş vəziyyətdədir. Uzun müddətdir ki, bu sahədə işlər zəifləmişdi, belə ki, bu işdə təcrübəsi olmayan, bir geyimlə ucuz qiymətə bu sənəti gözdən salanlar daha çox gündəmə gəlmişdi. Karantin dönəmində isə bu sənət öz aktuallığını birdəfəlik itirdi. Restoranlar, əyləncə mərkəzləri bağlandıqdan sonra pis vəziyyətdə qaldıq. Kirayə qalan, ailə saxlayan, çörəyini gündəlik bu işdən çıxaranlar var. Gündəlik ailə qayğıları ilə belə vəziyyətdə dolanmaq çətindir”.

C.Məhərrəmov deyir ki, bundan sonra da karantin rejiminin davam edəcəyini nəzərə alaraq alternativ iş axtarışındadır: "Ötən ay düşünürdüm ki, ailəmi dolandırmaq üçün Dənizkənarı Milli Parkda yerə xalça salıb, klounada ilə məşğul olub, 5-10 manat qazanım. Ancaq ondan da ümidim kəsildi. İnsanlar evdən çölə çıxmır və belə olduqda, bu variant da keçərli deyil. Hər tərəfdən əlimiz-qolumuz bağlıdır. Hesab edirəm ki, hazırkı durumdan sonra klounlar fikrini dəyişər və alternativ iş taparlar. Bir ay bundan qabaq sənətimi dəyişmək haqqında özüm də düşünürdüm. Pandemiyanın yeni ilə kimi davam edəcəyini deyirlər və bizim də edə biləcəyimiz heç nə yoxdur. Yəqin ki, peşəmizi dəyişməli olacağıq”.

Müsahibimiz hazırda qaydalar yumşaldılsa da, yenə də pul qazanmağın mümkün olmadığını bildirir: "5 ay pul qazanmamışıqsa, dənizə necə gedək? Bir güzgüdə özümə baxıram və bir də pəncərədən dənizə. Başa düşürəm, bunlar hamısı insanların sağlam yaşaması üçündür, ancaq bizə də çətindir. Bizim elə imkanımız olmayıb ki, zamanında həddindən artıq pul qazanaq və dar gün üçün ehtiyat saxlayaq”. 

"Aquşa” kimi tanınan məşhur kloun da deyir ki, vəziyyətləri çox ağırdır: "Bilirsiniz ki, 5 aydır evdəyik, pandemiya ilə əlaqədar olaraq şənliklərin, tədbirlərin keçirilməsinə icazə verilmir.  Belə günlərdə bizə gündəlik tələbatımızı ödəmək üçün dost-tanış, qohum-əqrəba köməklik edir. Vəziyyətin nə vaxta qədər bu cür davam edəcəyi bilinmir. Pandemiyanın hələ bir il davam edəcəyi deyilir və bu müddət ərzində mən də nə edəcəyimi bilmirəm. Gərək alternativ variantlar düşünüm. Yəqin ki, ən dar məqamda fəhləlik edərəm. Hər kəs kimi evdə oturub, pandemiyanın bitməsini gözləyirəm”.

Müsahibim sənətini sevdiyini və bu sənətlə insanlara gülüş bəxt etdiyini bildirir: "Bilirəm ki, bu işi bacarıram, insanların üzünə gülüş qondura bilirəm. Əvvəl həm də animator olaraq çalışırdım. İndi isə pandemiya bu işimizə də mane olur. Bundan sonra sosial şəbəkələrdə daha aktiv olmaq və "Youtube” kanalı açmaq istəyirəm. Ancaq burdan da gəlir əldə etmək çətin məsələdir. Açığı, mən Milli Aviasiya Akademiyasını bitirmişəm. Vəziyyət bir az da belə davam etsə, yəqin ki, hava limanında çalışmaq üçün CV-mi verəcəm. Ancaq istəmirəm ki, öz sənətimdən imtina edim. Hələ də ümidliyəm. Pandemiya, koronavirus, işin olmaması məni həvəsdən salmır. İnsanları, həyatı sevən insanam. Klounada məni xoşbəxt edən sənətdir. İnsanlarla ünsiyyət qurmağı, onları güldürməyi sevirəm. Ümid edirəm ki, bu çətin günlər geridə qalacaq”. 

Aktyor Niyaz İlyasoğlubildirir ki, nəinki klounada, incəsənətin bir çox sahəsində durğunluq yaşanır və bu da ümumi prosesə təsir edir: "Açığı, kloun olaraq son dönəmlər çox da şənliklərdə iştirak etmirdim. Son bir neçə ildə teatrla bərabər, serial və filmlərdən gəlir əldə edirəm. Ancaq təəssüf ki, Azərbaycanda bütün aktyorlar serial və filmlərdə çəkilmir. Pandemiya dönəmində aktyorlarımızın əlavə qazanc yeri olan el şənlikləri, restoranlar bağlandığı üçün onların gündəlik qayğıları daha da artdı. Aktyor yoldaşlarım var ki, onların çoxu heç seriallara da çəkilmir, yalnız teatr maaşı ilə dolanır. Tanınan klounlar belə yaxşı vəziyyətdə deyil. Açığı, belə məqamda dövlət teatrında işlədiyimiz üçün şükür edirik ki, ac qalmırıq. Ancaq təkcə özümüzü də düşünməməliyik, həmkarlarımın da vəziyyətim məni narahat edir. Ümid edirəm ki, bu vəziyyət tezliklə bitər, normal həyata qayıdarıq”.
 
Xəyalə Rəis