• çərşənbə axşamı, 19 mart, 08:28
  • Baku Bakı 8°C

Kiminin pulu, kiminin duası... – Sadə peşə adamı

10.02.17 09:30 2714
Kiminin pulu, kiminin duası... – Sadə peşə adamı

İnsanın sevdiyi işi görməsinin tərəfdarıdır. Düşünür ki, diplom almaq məqsədi ilə oxuyub, aldığın diplomu evdə tozlandırmaqdansa, sevdiyin sənəti öyrənib, işində peşəkar olmaq daha gözəldir. Müsahibimiz məişət əşyalarının təmiri sahəsində ixtisaslaşan Xaliq Abullayevdir.

Xaliq Naxçıvanın Culfa rayonunda anadan olub. Orta təhsilini bitirdikdən sonra texniki peşə məktəbində qaynaqçı olaraq ixtisaslaşıb. Məişət əşyalarının təmiri ilə daha çox maraqlandığı üçün bu sahədə biliklərini inkişaf etdirməyə başlayıb. Türkiyədə 2 aylıq kursu bitirdikdən sonra 1 il qardaş ölkədə çalışıb. Sonra işini ölkəmizdə davam etdirib. Artıq 6 ilə yaxındır ki, məişət avadanlıqlarının təmirində baş usta kimi çalışır.
"İmkansızlardan pul almıram”
Müsahibimiz deyir ki, atası elektrik qatarında radio texnik işlədiyi üçün uşaqlıqdan elektronikaya marağı olub və bu sahə üzrə ixtisaslaşıb: "İşimi sevirəm və sevdiyim işi gördüyüm üçün xoşbəxtəm. İnsanın sevdiyi işi görməsinin müsbət tərəfi odur ki, sırf pul qazanmaq məqsədilə işləmir. Mənim üçün puldan da önəmlisi gördüyüm işə müştərilərin verdiyi dəyər və işimdən razı qalmalarıdır. Bu vaxta qədər imkanlı, imkansız müştərilərim də olub. İmkansızlardan pul almıram. Kiminin duası, kimin də pulu mənim üçün kifayətdir”.

İşinin xüsusiyyətlərindən danışan həmsöhbətimiz deyir ki, gördüyü iş olduqca məsuliyyətli və çətindir: "Bizim servisdə 3 komanda var. Hər bir komanda 2 nəfərdən ibarətdir. Servisə quraşdırılma sifarişi gəldiyi zaman biz müştəriyə əvvəlcə qiymət, çatdırılma haqqında məlumat veririk və quraşdırmağa gedirik. Kondisioneri quraşdıran zaman yeri düzgün seçilməlidir. Ola bilər ki, müştəri konkret yer göstərsin ki, bura quraşdırılmalıdır. Diqqətli olmaq və kondisioner quraşdırılan otağa baxış keçirmək lazımdır. Əgər kondisioner düzgün yerə quraşdırılmazsa, fəsadları ola bilər. Məsələn, müştəri yataq otağına kondisioner quraşdırılmasını istəyir. Biz bunu elə etməliyik ki, yatdığı zaman kondisioner onun üstünə vurmasın. Paltaryuyan maşının təmiri ilə bağlı müraciətlər çox olur. Sularımızın çirkli olmağı maşınları sıradan çıxarır və qumlu su paltaryuyana ciddi zərər vurur”.
"İş başında cərəyan vurdu”
İşinin çətin tərəflərindən danışan müsahibimiz deyir ki, istər yayın istisi, istərsə də qışın soyuğunda iş başında olurlar: "Yay vaxtı havanın çox isti olmağı, kondisioner quraşdıran zaman bizi çətinliyə salır. Dəfələrlə məni gün vurub, xəstə yatmışam. Soyuq havalarda isə kombilərdə nasazlıq olur. Soyuq, şaxta işimizi çətinləşdirir. Yaxud kondisioneri yuxarı mərtəbələrdə quraşdıran zaman yıxılmaq təhlükəsi ola bilər. Mütləq kəmərdən istifadə etmək lazımdır”.
İşini o qədər sevir ki, heç bir təhlükə onu qorxutmur: "Bir dəfə iş başında məni cərəyan vurub. Müştəri kondisionerin cərəyan qoşulan yerini səhv göstərmişdi. Cərəyanla işləyən zaman məni ciddi şəkildə cərəyan vurdu. Bir dəfə də kondisioneri sökürdük. Sən demə, kondisionerin ayaqları divara boş bağlanıb. Ön ayağı açanda divardan aralanıb üstümə düşərkən saxlamışıq”.
"Nə qədər yaxşı ustasansa, o qədər çox qazanırsan”
Müsahibimiz deyir ki, bu sahə kifayət qədər gəlirli sahədir: "Diploma görə oxumaqdansa, sevdiyin peşə ilə məşğul olmaq daha uğurludur. Məsələn, mənim qardaşım İqtisad Universitetinə yüksək balla qəbul olub və bitirib. İndi diplomunu evdə toz basıb. Oxuduğu sahəyə aid iş görmür. Hazırda dizayn işi ilə məşğuldur. Şərt deyil ki, getdim oxudum, diplom aldım, ali təhsilliyəm. Olsun... Ali təhsillilər var ki, bizim işi görür. Düzdür oxumaq, savadlanmaq yaxşıdır, amma istədiyin sahəni oxumalısan. Bizim sənətə həmişə tələbat olacaq. Çünki əksəriyyət kondisioner, paltaryuyan, kombi işlədir. Bu ləvazimatlar işləyirsə, demək nə vaxtsa nasaz olmaları qaçılmazdır. Bu isə bizim üçün iş deməkdir”.

İşi öyrənmək üçün yanlarına şagirdlər gəldiyini bildirir: "Gəlib pulsuz işləyirlər ki, bir sənətə yiyələnsinlər. Çünki bilirlər ki, bu sənətin sirlərini öyrənəndən sonra "çörəkləri” olacaq. Nə qədər yaxşı ustasansa, o qədər çox qazanırsan”.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər