• cümə, 26 Aprel, 17:33
  • Baku Bakı 23°C

Kim iş tapa bilmədiyini deyirsə... – Sadə peşə adamı

25.04.15 05:55 2072
Kim iş tapa bilmədiyini deyirsə... – Sadə peşə adamı
Evlərin dəbli bəzədilməsində, təmirində bu peşə adamlarının xüsusi rolu var. İlk baxışdan asan görünsə də, əslində onların gördüyü iş o qədər də asan deyil. Özlərinin də dediyi kimi, bu peşə adamları daim toz-torpaqla təmasda olurlar. Çörəklərini çətinliklə, alın təri ilə qazanır, müştərini məmnun etmək üçün əllərindən gələni edirlər. Bu sənət adamlarının “çörək ağacları” isə alətləridir. “Sadə peşə adamı” rubrikasının bu dəfəki qonağı kafel-metlax-mozaika ustası Anar Quliyevdir.
“Universitet oxumaq qismətdir”
Anar 1987-ci ildə Mehdiabad qəsəbəsində anadan olub. Orta məktəbdə oxuyarkən sinif yoldaşları kimi o da ali təhsil alıb savadlı kadr kimi ölkəsinə xidmət etmək istəyib. Lakin bu arzusuna nail olmaq ona qismət olmayıb: “Məktəbdə oxuyarkən ali təhsil almağı çox istəyirdim. Bəzən düşünürəm ki, universitet oxumaq da qismətdir. Memarlıq və İnşaat Universitetində oxumaq üçün çox çalışdım. Amma imtahanda istədiyim fakültəyə qəbul olmaq üçün 35 balım çatmadı və kəsildim. Daha sonra hərbi xidmətə yollandım. Əsgərliyimi başa vurub qayıtdıqdan sonra da oxumaq mənə qismət olmadı”.
Həmsöhbətimiz deyir ki, hərbi xidmətdən qayıtdıqdan sonra ailəsində maddi vəziyyət yaxşı olmadığı üçün işləməyə məcbur olub: “2007-ci ildə əsgərlikdən gəldim. Əslində yenə hazırlaşıb təhsil almaq istəyirdim. Amma ailəmin maddi durumu buna imkan vermədi. Pul qazanmaq lazım idi və mən də işləmək məcburiyyətində qaldım. Sonra anladım ki, ali təhsil almaq şərt deyil. İnsanların sadə peşə ilə məşğul olan gənclərə də ehtiyacı var. Hər kəs ali təhsil alıb diplom dalınca qaçsa, bəs ustalıq tələb edən işlərin öhdəsindən kim gələcək? Mən də ali təhsil almaq fikrini kənara qoyub, sənət dalınca getdim”.
“Usta işini bilirsə, sənətkardır”
Anar artıq 8 ildir ki, peşəkar şəkildə kafel-metlax-mozaika ustası kimi çalışır. Həmsöhbətimiz deyir ki, bu sənətin sirlərini ona dostu Rasim öyrədib: “Əsgərlikdən gəldikdən sonra gördüm ki, qonşuluqdakı cavan oğlanlar ustalığı öyrənirlər. Hətta bu işi peşəkar şəkildə görənlər belə az deyildi. Dostumun vasitəsilə mən də sənət öyrənməyə başladım və indi çörəyim bu sənətdən çıxır”.
Sənətinin sirlərindən danışan müsahibimiz deyir ki, kafel-metlax ustası diqqətli, səliqəli və səbrli olmalıdır: “Hamı usta ola bilməz. Usta işini bilirsə, sənətkardır. Ümumiyyətlə, hansı işlə məşğul olmasından asılı olmayaraq, işində uğur qazanmaq istəyən hər bir peşəkar məsuliyyətli olmalı, işinə ciddi yanaşmalıdır. Çörək qazanmaq asan deyil. Əziyyət çəkməlisən ki, bəhrəsini görəsən. Yaxşı usta olmaq üçün gözəl əl qabiliyyəti ilə yanaşı, diqqət, səbr də şərtdir. Əgər bu xüsusiyyətlər səndə varsa, deməli, işini bacaracaqsan. Bəzən bu iş kiməsə asan görünə bilər. Lakin insan əlinin bacarıqlarını divarda, yerdə nümayiş etdirir. Usta olmaq o demək deyil ki, əlinə aləti götürüb necə gəldi kəsib-doğramaq lazımdır. Əgər bir dəfə səliqəsiz etsən, onda bütün ev səliqəsiz görünəcək”.
Bizi Allah qoruyur
Sənətinin çətinliklərindən danışan həmsöhbətimiz deyir ki, insan işini sevərək gördükdə ona heç nə çətin gəlmir: “Bu işin çətin tərəfi toz-torpaqla mübarizə aparmaqdır. Ölçüləri düzgün götürməyəndə problem yaranır. Buna görə diqqətli olmalıyıq. Amma mən toz-torpaq içində qalsam da, olduqca incə iş görsəm də, bəzən yorulsam da, sənətimdən bezmirəm. İşimin bəyənildiyini gördükdə bütün ağrı-acım gedir. İşə başladıqda tək istəyim ev yiyəsini məmnun etməkdir. Mənim burada ən böyük qazancım budur. Əgər işini sevirsənsə, onun heç bir çətinliyi olmur. Əsas odur ki, heç kimdən asılı deyiləm və öz çörəyimi özüm qazanıram”.
İş başında qarşılaşdığı maraqlı hadisələrdən danışan müsahibimiz deyir ki, laqundayla işlədiyi üçün daha çox təhlükəli hadisələrlə üzləşir. Ani diqqətsizlik bəzən həyatı bahasına başa gələ bilər: “Laqunda təhlükəli alətdir. Bəzən işlək vəziyyətdə olanda əlinə, ayağına düşə bilər. Belə hadisələrlə tez-tez üzləşirik, amma bizi Allah qoruyur”.
İş insanın cövhəridir
Sonda müsahibimiz tənbəllik edib işləməyən gənclərə səsləndi: “İş doğrudan da insanın cövhəridi. Hansı işi görməyindən asılı olmayaraq, işləmək gözəldir. Mən 8 ildir fasiləsiz çalışıram. Bəzən o qədər işim olur ki, sözün əsl mənasında başımı qaşımağa vaxtım olmur. Amma işləməyəndə darıxıram. İş olmayanda dolanışıq da çətin olur. Bu səbəbdən də nə qədər sağıq, işləyib pul qazanmalıyıq ki, heç kimin qarşısında əyilməyək, heç kimdən asılı olmayaq. Bəzi insanlar oğurluqla məşğul olur, əl-qolu olduğu halda dilənçilik edirlər. Əgər Allah mənə əl-qol, ağıl veribsə, nəyə görə işimi görüb pul qazanmayım? Alın təri ilə çalışmaq ayıb deyil. Bəzən gənclər işin olmamasından şikayətlənir. İşləmək istəyən insan üçün hər yerdə iş var. Kim iş tapa bilmədiyini deyirsə, bu, onun öz günahıdır. Əlinin zəhməti ilə çörək qazanmaq istəyənə hər vaxt iş var. Mən indiyə kimi çox yerdə işləmişəm. İşimi məsuliyyətlə gördüyüm üçün hər zaman işim bəyənilib. İşlədiyin yerdə özünü sübut edib hörmət qazandıqdan sonra hər zaman iş səni tapır”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər