Kiçik qəhrəmanlar Bakıda - Fotolar

Kiçik qəhrəmanlar Bakıda - Fotolar

Gənclik qəzeti
31 İyul 2015, 12:08 2142
Cəbhə bölgəsindən olan uşaqların yay düşərgəsindən reportaj

Uşaqlar üçün təşkil olunan yay düşərgələrindən bir çox reportajlar hazırlanıb. Amma bu düşərgə digərlərindən fərqlənir. Çünki düşərgənin uşaqları şəhər uşaqları kimi ərköyün deyil, hər anı təhlükə altında olan, silah, atışma səsləri ilə böyüyən cəbhə bölgəsinin qəhrəman yetirmələridir. Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən “Cırtdan” Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunan düşərgədə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlarından olan uşaqlar seçilib istirahət edir. Biz də həmin uşaqlarla söhbətləşmək üçün sözügedən ünvana yollandıq.
Cəbhə bölgəsində yaşayan uşaqlara psixoloji dəstək vermək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Bu məqsədlə ötən ildən başlayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il belə düşərgələr təşkil edilir.

Ağdam, Tərtər, Füzuli, Daşkəsən...

Düşərgəyə daxil olduqda uşaqlar oyun oynayırdılar. Hava isti olduğu üçün onların əksəriyyəti müəllimlərinin nəzarəti ilə hovuzda üzürdü. Həvəslə oynadıqları oyunlara mane olmamaq üçün qayğısız, gözlərində sevinc olan uşaqları kənardan izləyirdik.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Ədilov müəllimlərlə günün proqramını müzakirə edirdi. Müzakirədən sonra söhbətləşmək üçün komitə nümayəndəsinə yaxınlaşırıq. Həmsöhbətimiz deyir ki, uşaqlar xüsusi ilə təmas xəttinə yaxın rayonlardan seçilib: “Uşaqlar Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarındandır. Düşərgədə qeyd olunan rayonların təmas xəttindəki kəndlərdən olan 10-16 yaş arası 120 uşaq var. Həmin uşaqlar iki həftə ərzində həm əylənir, həm də müxtəlif yerlərə ekskursiyalara gedirlər. Uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramlar həyata keçirilir, şənliklər təşkil olunur”.
Müsahibimiz bildirdi ki, komitənin dəstəyi ilə düşərgədəki uşaqlara təlimlər də keçilir: “Bu təlimlərdə əsasən, uşaq hüquqları ilə bağlı biliklər verilir. Məqsədimiz sərhədyanı kəndlərdə yaşayan uşaqların Bakıda daha yaxşı vaxt keçirmələrinə nail olmaq, onları sosiallaşdırmaqdır”.

“Dostlarım ən böyük qazancımdır”

Düşərgədə uşaqların vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada futbol meydançası, tennis, voleybol, şahmat, bilyard zalları uşaqların ixtiyarına verilib. Hətta onların arasında rəsm yarışları belə keçirilir.
Ayrı-ayrı bölgələrdən olan uşaqlar bir-biri ilə tanış olur, yeni dostlar qazanırlar. Ağdam rayonunun 13 yaşlı sakini Selcan deyir ki, ailəsindən ötrü darıxdıqda, buradakı rəfiqələri ona dəstək olurlar: “Artıq bir həftədir ki, düşərgədəyik. Burada oyunlar oynayır, idman edirik. Qızlarla bir-birimizin əlaqə nömrəmizi götürmüşük. Bundan sonra da münasibətlərimizi davam etdirəcəyik”.
Zalda bilyard oynayan Səbiyyə də buranı çox sevib: “Mən Füzulidə yaşayıram. Belə bir düşərgənin olduğunu məktəbimizin direktoru bildirdi. Valideynlərim razılaşdı və məni düşərgəyə göndərdilər. Özümə xeyli yeni dostlar qazanmışam. Burada uşaq hüquqları ilə bağlı yeni biliklər əldə edirik. Hətta şəhər uşaqları ilə də yaxşı münasibətlər qurmuşuq. Həmişə düşünürdüm ki, şəhər uşaqları bizi sevməz, dostluq etməzlər. Amma düşündüyüm kimi deyilmiş. Yaxşı dost üçün şəhər, kənd fərq etmirmiş. Burada qazandığım dostlarım ən böyük qazancımdır”.

“Rayon uşaqları sakit olurlar”

Uşaqların əylənməsinə kömək edən, demək olar ki, onlarla birlikdə əylənən xanım diqqətimizi çəkir. Bu xanım “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin müəllimi Könül Əhmədovadır. Gənc müəllimə deyir ki, iki ildir, uşaqlar sərhəd bölgəsindən və paytaxtdan yay düşərgəsinə gəlirlər. Həmsöhbətimizin sözlərinə görə, düşərgədə uşaqların günü çox maraqlı keçir: “Şəhərdə yaşayan uşaqlar daha dəcəl, rayon uşaqları isə sakit olurlar. Məqsədimiz rayon uşaqlarının bütün kompleksləri kənara atmasına kömək göstərmək və onları sosiallaşdırmaqdır. Uşaqlar yalnız düşərgə daxilinə qapanıb qalmırlar. Hər gün onlar üçün müxtəlif turlar təşkil olunur. Burada futbol, voleybol, tennis, bilyard oynayır, ekskursiyaya, dənizə gedirik. Rəsm çəkmək üzrə yarış keçiririk. Çalışırıq ki, uşaqlar burada ürəkləri istəyən kimi dincəlsinlər”.

Düşərgənin Rihannası

Düşərgənin ən dəcəl qızı isə Riyanədir. Hətta ona bəzi yoldaşları Rihanna, bəziləri “Rihannanın əmisi qızı” deyirlər. Riyanə düşərgənin həm də ən kiçiyidir. Öz düşüncələri və gülməli ifadələri ilə yoldaşları arasında sevilir: “Qızlar mənə deyirlər ki, sən düşərgənin qənimisən. Amma mən onları güldürürəm. Deyirəm, 25 bacı-qardaşım var, mənə inanmırlar (düşərgədəki yoldaşlarını nəzərdə tutur - A.Ə). Onları mənə Allah baba göndərib”.

“Cəbhə bölgəsindən olan uşaqlar söz deməyə çəkinirlər”

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olan təlimçi Nərmin Məmmədova deyir ki, düşərgədə uşaqlara keçirilən təlimlərdə mövzular müxtəlifdir: “Keçirilən təlimlər sistemli təşkil olunub. Yəni, təkcə uşaq hüquqlarının müdafiəsi ilə kifayətlənmirik. Burada Qarabağ həqiqətləri, ətraf mühitin qorunması, asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı mövzular var. Təlimlərdə ümumi informasiya veririk. Daha sonra uşaqlarla mövzu ətrafında müzakirə aparırıq. Uşaqların ailədə və cəmiyyətdə hüquqlarından danışırıq”.
Nərmin deyir ki, sərhəd bölgəsində olan uşaqlarla şəhər uşaqları arasında heç bir fərq yoxdur: “Hətta Səmirə adında bir uşaq o qədər aktiv idi ki, elə bildim, Bakının hansısa yaxşı məktəbinin şağirdidir. Biləndə ki, cəbhə bölgəsindəndir, təəccübləndim. Çünki çox savadlı və dünyagörüşlü uşaq idi. Amma onların bir problemi var ki, komplekslidirlər, passiv olurlar, çəkinirlər. Sosiallaşmadıqları üçün kollektiv arasında söz deyə bilmirlər. Belə təlimlərin keçirilməsində də məqsəd uşaqların sosiallaşmağıdır”.
Artıq yemək vaxtı yaxınlaşırdı. Uşaqların istəyi ilə onlarla xatirə şəkli çəkdirib həmin məkandan ayrılırıq.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi düşərgə avqustun 3-nə qədər davam edəcək.

Aygün ƏZİZFotolar"> Fotolar"> Fotolar"> Fotolar">