Kənd uşaqlarına dərs deyən bakılı qız – Təhsil

Kənd uşaqlarına dərs deyən bakılı qız – Təhsil

Gənclik qəzeti
31 İyul 2015, 14:03 2834
Müəllim gələcəyin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvəti olan uşaqları - öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Hələ bu peşənin sahibi doğulduğu, yaşadığı şəhər mühitini atıb ucqar kənddə vəzifəsini yerinə yetirirsə, onun qarşısında baş əyməmək mümkün deyil. Eynilə müsahibimiz Nilgün Ömərova kimi.

Əvvəlcə həmsöhbətimizi tanıyaq.
Nilgün Ömərova Bakı Qızlar Universitetinin filologiya-tarix fakültəsini ingilis dili ixtisası üzrə bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaqogika tarixi və nəzəriyyəsi” fakültəsində magistr təhsili alıb. Hazırda Şamaxı rayonunun Dəmirçi kəndində S.Heydərov adına tam orta məktəbdə ingilis dili müəlliməsi işləyir.

- Nilgün xanım, necə oldu ki, Şamaxıya getdiniz?

- Həm işləyib, həm oxumaq üçün magistr təhsilini qiyabi almağı qərara aldım. Hərçənd, əksər insanlar qiyabi təhsilin keyfiyyətli olmadığını deyir, lakin bəzən şərtlər insanı buna məcbur edir. Bakıda kurslarda, özəl şirkətlərdə çalışırdım. Anam məsləhət bildi ki, dövlət işində çalışmağım mənim üçün daha perspektivli olar. İmtahanlara bir ay qalmış müəllim olmağa qərar verdim və imtahandan keçdim. Əslində anam Bakı məktəblərini birinci sırada yazmağı tapşırmışdı. Amma mən Bakıdan yorulmuşdum. Ona görə ilk olaraq Şamaxını yazdım.

- Bəs kənddə ilk dəfə bakılı qızı necə qarşıladılar?

- Mən ora elə getdim ki, sanki illərdir bu kənddə yaşamışam. Məni çox gözəl qarşıladılar. Üç ildir, buradayam, mənə heç vaxt problem yaratmayıblar. Əsas ehtiyat etdiyim məsələ kəndin cavanları idi. Ancaq heç bir problem yaratmadılar. Məktəbdən evə gələndə küçədə-bayırda heç kəs olmurdu. Bəzən düşünürdüm ki, bu kənd boşdur. Kəndin oğlanları kənd qızlarına elə doğma, mehriban münasibət göstərirlər ki, bəzən özüm də təəccüblənirəm. Bu kəndin oğlanları şəhər oğlanlarının bəzilərinə hörmətdən, mədəniyyətdən dərs keçər. Ümumiyyətlə kənddə böyüyə, kiçiyə çox böyük hörmət var.

- Şəhərdə yaşayan insan üçün kənd həyatı o qədər də rahat deyil, eləmi? Hansı çətinlikləriniz oldu?

- İlk qəbul olunduğum məktəb əslində Dəmirçi məktəbi deyildi. Təyinatım ondan bir az da ucqarda, dağların ətəyində yerləşən “Səfalı” adlı məktəbə verildi. Əslində həmin məktəbi adına görə seçmişdim. “Səfalı”nı cənnət kimi bir yer düşünürdüm. Sən demə, əsl adı Zarat imiş. İlk dəfə o kəndə gedəndə gözlərimə inanmadım. Hələ də ölkəmdə evləri çay daşlarından olan, qışda evi odunla qızdıran, hətta kompyuterin nə olduğunu bilməyən insanları olan yerlər var imiş. Şəhərdə yaşasam da, kənd həyatı ilə həmişə maraqlanırdım. Buna görə artıq özümü qarşılaşacağım çətinliklərə psixoloji olaraq hazırlamışdım. Hamımız yaxşı bilirik ki, şəhər deyəndə çoxunun ağlına yaxşı şərait, gözəl ev, maşın, əyləncə, pul gəlir. Amma bu belə deyil. Çətinlik hər yerdə var. Kəndlərdə elə evlər var ki, insan görəndə heyran olur. Onu yaradan kimdir – insan! Demək insan istəsə, xarabalığı cənnətə çevirə bilər. Hələ üstəlik, birlik də olsa, insanların qarşısında heç bir maneə durmaz. Buna görə də ucqar yerə gedənlər çətinlikdən qorxmasınlar. Mənim tək çətinliyim evlə bağlı oldu. İnsanların çox olduğu yerlərdən həmişə qaçırdım. Kənddə də ilk günlər külfətlə yaşamalı oldum. Bu, mənə çox çətin gəldi. Buna görə də çox ev dəyişdim. Amma düşündüm ki, oradakı insanlar yaşayıb, işləyirsə, biz niyə işləməyək.

- Həm Bakıda, həm Şamaxıda müəllim kimi çalışmısınız. Kənd məktəbi ilə şəhər məktəbinin fərqi nədir?

- Şəhər məktəbi ilə kənd məktəbi arasında çox fərq var. Kənddə hamımızın bildiyi kimi normal, standartlara uyğun şəraitin olmaması, şagirdlərin və valideynlərin əksəriyyətində “məcbur oxumaq” düşüncəsinin olması əsas problemlərdəndir. Amma onu da qeyd edim ki, kənd məktəbində təhsil alanlar daha zəhmətkeş olurlar. Çünki onlarda əməyə sevgi uşaq yaşlarından aşılanır. Təhsil alan şagirdlərin dərsə davamiyyəti, il boyu bütün əlamətdar günlərin keçirilməsi və şagirdlərin fəal iştirakı, müəllim kollektivinin bir-birinə olan hörməti, məktəbdə qanundan kənar heç bir hadisənin baş verməməsi bizim məktəbin üstün cəhətləridir.

- Bəzi kəndlərdə qızları dərsə qoymurlar. Sizin dərs dediyiniz məktəbdə vəziyyət necədir?

- Hamı bir nəfər kimi dərsə gəlir, davamiyyət 100 faizdir. Əvvəllər bəzi kəndlərdəki kimi burada da qızların 9-cu sinifdən sonra təhsil almasına icazə vermirdilər. Amma indi şükür, elə deyil. Bu kənd çox müasirləşib. Onların təhsil almağa marağı çox böyükdür. Gücləri yetdiyi qədər oxumağa çalışırlar. Kaş bütün ucqar kənd məktəbləri belə olaydı.

- Özünüz də qeyd etdiniz ki, təhsil sahəsində bəzi kəndlərdə vəziyyət ürəkaçan deyil. Kənddə dərs deyən müəllim kimi, sizcə, hansı məsələlər həll olunsa, təhsilin keyfiyyəti artar?

- Doğrudur, buna səbəb kimi kənddə lazımi şərait, maddi-texniki bazanın olmamasını misal göstərirlər. Şagirdlərin dərsdən sonra repetitorla məşğul olmaq imkanı yoxdur. Amma mən bunları səbəb yox, bəhanə sayıram. Çünki sizin də bildiyiniz kimi, 700 bal toplayanların əksəriyyəti elə rayon-kənd məktəbinin yetirmələridir. Demək ki, insan qarşısına məqsəd qoysa, kənd, rayon, şəhər - fərq etməz. Ona heç nə maneə ola bilməz. Mütləq onun əməyi, zəhməti qiymətləndirilir. Düşünürəm ki, kənd məktəblərində ilk olaraq “kənd psixologiyası”nı dəyişdirmək lazımdır. Bunun üçün valideynlərlə mütəmadi olaraq danışıqlar aparmalı, övladına təhsilin nə üçün lazım olduğunu izah etmək lazımdır. Ən əsası da kənd məktəblərində psixoloq olmalıdır. Həm valideynlərlə, həm şagirdlərlə mütəmadi danışılmalıdır. İşlədiyim müddətdə şahidi olmuşam ki, şagirdlərin və valideynlərin doğru yönləndirilməyə çox ehtiyacı var.

- Aylıq gəliriniz ehtiyaclarınızı ödəyirmi?

- Mən ilk vaxtlar işləyəndə 7 saat dərsim var idi. Şamaxı rayon Təhsil Şöbəsində işləyən Baba müəllim mənə dəfələrlə sual verdi ki, “bax, qızım, dərs saatı azdır. İşləmək fikrində qətisən?”. Dedim, “bəli”. Çünki maaşı düşünmürdüm. Sevdiyim peşədə işləməyi Allah mənə qismət etdiyi üçün yaşadığım xoşbəxtliyin yanında pul heç nə idi. Ruzini verən Allahdır. Bir ay işlədim, bir aydan sonra qonşu kənddən təklif gəldi. Hazırda işlədiyim məktəbdə 7 saatlıq dərsim 24 saata keçdi. İki il hər iki kənddə işlədim. Maşın düşəndə maşınla, düşməyəndə ayaqla gedirdim. Hətta bir-iki dəfə çaya da yıxılmışdım. Məni heç bir çətinlik yolumdan döndərə bilməz. Allah nə vaxta kimi yazıbsa, o vaxta kimi də işləyəcəm.

Aygün ƏZİZTəhsil">