• cümə axşamı, 25 aprel, 08:57
  • Baku Bakı 14°C

“Kaspi” liseyində 20 Yanvar şəhidləri yad edilib - Fotolar

17.01.20 18:43 3419
“Kaspi” liseyində 20 Yanvar şəhidləri yad edilib - Fotolar
Sona Vəliyeva: 20 Yanvar matəm günü deyil, milli azadlıq hərəkatının qəhrəmanlıq salnaməsidir

Hər bir xalqın tarixində unudulmaz, yaddaşlara həkk olunan günlər var. 20 Yanvar da Azərbaycan xalqının qan yaddaşı, unudulmaz hüzn günüdür. Həmin günü tarixin yaddaşına şəhidlərimiz qanları ilə yazdı. Bu günü nə unutmaq, nə də unutdurmaq olar. Bunun üçün də hər il 20 Yanvar günü təhsil ocaqlarında xüsusi qeyd edilir, yetişməkdə olan nəslə o faciəvi gün haqqında məlumat verilir.
Həmin tədbirlərdən biri də 17 yanvar tarixində "Kaspi”liseyinin Bakıxanov filialında keçirilib. 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq "Yenilməzlik tarixi” adlı ədəbi-bədii kompozisiya hazırlanmışdı. Tədbirdə "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, şair Dayandur Sevgin, 20 Yanvar faciəsinin şahidi İslam Sadıq, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
İlk olaraq söz təhsil şirkətinin təsisçisi Sona Vəliyevaya verildi. S.Vəliyeva qeyd etdi ki, şəhid olan insanların tək günahı onların vətənpərvər olması idi: "20 Yanvar hadisələrindən 30 il ötür. 1990-cı ildə dünyaya gələn uşaqlar hazırda 30 yaşındadırlar və dövlətçiliyimizin müxtəlif sahələrində çalışmaqdadırlar. Özüm bir Azərbaycan vətəndaşı olaraq ölkəmizin müstəqilliyini elə o dövrdən hesablayıram. Çünki 20 Yanvar hadisəsi olmasaydı, nəticədə milli azadlıq hərəkatı bu səviyyəyə yüksəlməsə idi, Azərbaycan xalqı bu gün azad olmazdı. 20 Yanvar günü qəhrəmanlıqla həlak olan şəhidləri dərin hörmət hissi ilə anırıq. Onlar bizim azadlığımız, suverenliyimiz uğrunda şəhid olan vətəndaşlarımızdır. Həmin gün meydanda bizim qohumlarımız, dostlarımız, tanışlarımız, yeni evlənmiş insanlar, universitet tələbələri vardı. Həmin hadisələrdə nə qədər günahsız insan öldürüldü. Şəhid olan insanların tək günahı onların vətənpərvər olması idi. 20 Yanvar matəm günü deyil, milli azadlıq hərəkatının qəhrəmanlıq salnaməsidir. Əziz şagirdlər, hər birimiz yaşımızdan, tutduğumuz mövqedən asılı olmayaraq, öz tariximizi, milli kimliyimizi təfsilatı ilə bilməliyik. Siz xalqımızın yaşadığı tarixi faciələri də bilməlisiniz. Çox sevindiricidir ki, siz bu faciələri o dövrün iştirakçısı olmuş kimi dərk edirsiniz və bunu yaratdığınız səhnəciklərdə hiss etdirirsiniz. Siz o faciəni yaşayan nəslin övladları olduğunuzu təsdiqləyirsiniz. Bu, çox vacib bir məqamdır və o deməkdir ki, növbəti dövrlərdə də bu hadisələri unutmayacaqsınız. Siz də sizdən sonrakı nəslə bu tarixi gündən danışıb, onları məlumatlandıracaqsınız. Ona görə də qan yaddaşımızda yer alan bu günü unutmamalıyıq. Bu gün bizim hər iki məktəbimizdə birincidən onbirinciyə qədər bütün siniflərdə ilk dərs 20 Yanvara həsr olunub”.
Daha sonra çıxış edən Dayandur Sevgin bildirdi ki, 20 Yanvar, sadəcə həmin gün şəhid olanlarla bitmədi, nə qədər insan mənəvi zərbə aldı, nə qədər uşaq atasız, anasız qaldı: "Ona görə də ayıq olmaq lazımdır. Düşmənə heç vaxt inanmaq olmaz. Bu gün ölkəmizin müstəqilliyinə sevinməli və müstəqilliyi ədəbi yaşatmaq üçün əlimizdən gələni etməliyik”.
Şair İslam Sadıq isə çıxışı zamanı söylədiyi "Ağlama, Qərənfil” şeiri ilə bütün zalı kövrəltdi. O, daha sonra həmin dövrdən, şahidi olduğu qırğınlardan danışdı. Qeyd etdi ki, 20 Yanvar ağlamalı bir tarix deyil, xalqımızın qəhrəmanlıq tarixidir.
Sonda isə liseyin direktoru Səbinə Əliyeva çıxış edərək tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi. O, çıxışında həmin dövrlə bağlı xatirələrini bölüşdü: "Mən həmin dövrdə uşaq idim. Pəncərədən baxırdım. İnsanların harasa qaçdığını xatırlayıram. İndi anlayıram ki, onlar azadlıq yolu ilə qaçırmışlar. Biz şəhidlərimizi heç vaxt unuda bilmərik”.

Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii hissə ilə davam etdi.
Günel Azadə










banner

Oxşar Xəbərlər