“İticket” bilet satışı ilə bağlı yaranan problemə aydınlıq gətirdi
Azərbaycanda mədəniyyət və idman tədbirləri üçün onlayn bilet satışı
üzrə operator - ""İticket” " şirkəti
mətbuatda və sosial şəbəkələrdə "Qarabağ” - "Roma" matçının
bilet satışı zamanı yaranan anlaşılmazlıqları və bununla bağlı müzakirələrin
hələ də davam etdiyini nəzərə alaraq bütün suallara aydınlıq gətirib.
Kaspi.az xəbər verir ki, Şirkətin Baş İcraçı direktoru Ziya Mammadovun adından "Marja"ya
daxil olmuş açıqlamada deyilir:
"Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində
keçirilən "Qarabağ” - "Roma” oyunundan sonra qarşılaşma üçün bilet satışını
reallaşdıran "İticket” şirkətinə qarşı
müəyyən narazılıqlar yaranıb. Bütün suallara aydınlıq gətirmək üçün ilk növbədə
onu bildirək ki, "İticket”də 2 cür bilet satılır: biri elektron, digəri isə
adi, kağız bilet.
Onlayn olaraq bilet aldıqda siz elektron bilet əldə edirsiniz ki,
həmin bileti istədiyiniz adi kağızda çap edib, teatra, konsertə gedərkən qapıda
göstərərək içəri daxil olmağınız mümkündür. Amma böyük idman yarışları -
futbol, Formula 1, Olimpiya Oyunları kimi tədbirlərdə mütləq onlayn alınan
bilet - vauçer kağız biletə dəyişilməlidir.
Şirkət olaraq işimizi elektron bilet satışı ilə yekunlaşdırmaq bizə
də rahat olardı. Əvvəl vauçer satmaq, sonra onu kağız biletə dəyişmək ikiqat
zəhmət tələb edir. Lakin elektron bileti saxtalaşdırmaq çox asandır. Bir
biletin 10, 100 ədəd surətini çıxarmaq mümkündür. Real biletin isə surətini
çıxarmaq mümkün deyil. Məhz bu səbəbdən də mötəbər yarışlar zamanı biletin
satışı təkcə vauçerlərlə yekunlaşmır.
"Qarabağ” - "Roma” oyunu üçün bilet satışının təşkili "İticket”
şirkəti olaraq ilk təcrübəmiz deyil. Bundan öncə Formula 1, İslam Oyunları kimi
mötəbər yarışların bilet satışını da məhz şirkətimiz reallaşdırıb.
"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan
sonra klubla bilet satışı ilə bağlı müqavilə imzaladıq. Sözləşmə imzalanandan
dərhal sonra işə start verildi. İlk 3-4 gün ancaq biletin dizaynına sərf olundu.
Hazırlanan nüsxə UEFA-ya göndərildi. Məhz qitə futbol qurumunun təsdiqini
aldıqdan sonra həmin dizaynı İtaliyaya göndərdik. Bilet dizaynının hazırlanması
UEFA-nın tələbinə əsasəndir, çünki Çempionlar Liqasının oyunları üçün bileti
biz istədiyimiz dizaynda, kağızda çap edə bilməzdik. Biletin dizaynını mütləq
UEFA təsdiqləməlidir. İtaliyada biletlər 15 günə hazır oldu. 3 gün ərzində də
təyyarə ilə Bakıya gətirildi.
Sentyabrın 7-də vauçerlərin onlayn satışına başlandı. Vauçerlərin
satışı müəyyən vaxt aparır. Çünki hər bir şəxs vauçeri alarkən özü haqda
məlumatı təqdim etməlidir. Sentyabrın 19-20-si tarixlərində biletlər Bakıya
çatdıqdan sonra vauçerlərin biletlərlə əvəzləməsi prosesinə start verildi. Bu
proses qısa çəkdi. Çünki vauçer satışı zamanı alıcının özü haqda məlumatı
verməsi müəyyən vaxt aparırdısa, bu dəfə həmin vauçeri təqdim edərək dərhal
biletə sahib çıxmaq mümkün idi.
Narazılıqların bir qismi çatdırılma ilə bağlı idi. Halbuki çatdırılma
prosesini biz həyata keçirmirdik. "İticket” şirkəti olaraq 8 gün ərzində 60 min
bilet dəyişdik. Biz biletlərimizi ofisimizdə zərfə yerləşdirib çatdırıcı
şirkətə təqdim edirdik, onlar da lazımi ünvana çatdırırdılar. Bir müddətdir
əməkdaşlıq etdiyimiz həmin şirkət işinin öhdəsindən 99,9 faiz gəldi. Çox cüzi sayda
bilet sahibinə çatmayıb ki, bu da sifarişçilərin adlarını, yaxud telefon
nömrələrini düzgün qeyd etməmələrindən irəli gəlir.
"İticket” şirkəti olaraq Azərbaycanda 18 kassamız vauçer satışı
təşkil edirdi. Qısa müddət ərzində 60 min insana xidmət etmişik. Satış zamanı
istər-istəməz növbə olmalıdır. Bu, dünya praktikasında da belədir. Çempionlar
Liqası, UEFA Avropa Liqası kimi mötəbər turnirlərin vacib oyunlarına bilet
satışları zamanı minlərlə insan saatlarla növbədə dayanır. Bu, qaçılmazdır. 60
min biletin satışını qısa müddət ərzində növbəsiz təşkil etmək qeyri-mümkündür.
Digər tərəfdən də zaman çox az idi. Bütün bu işi 28 günə yerinə yetirdik.
Halbuki, İslam Oyunları zamanı biletlə bağlı bütün prosesə 1 il vaxt sərf
edilib.
Şirkətimizin "Call Center”i bilet satıışı zaman fasiləsiz zənglər
qəbul edirdi. Həmin mərkəzdə cəmi 3 operator fəaliyyət göstərirdi. 1 oyun üçün
50 nəfərlik "Call Center” saxlamağımız qeyri-mümkün idi. 1 saatda 1 operator maksimum
30 müştərinin sualını cavablandıra bilər. Bu isə 30 gün ərzində 10 min insanın
zənginə cavab vermək deməkdir. İstər-istəməz 50 min insanın zəngi cavabsız
qalır. Bütün azarkeşlərin suallarını cavablandırmaq fiziki olaraq qeyri-mümkün
idi. Azarkeşlərin narahatçılığını aradan qaldırmaq üçün sosial şəbəkələr
vasitəsi ilə mütəmadi olaraq hər kəsə biletinin çatdırılacağı barədə anonslar
verirdik.
Biletlərin İtaliyada sifariş verilməsi ondan irəli gəlir ki, həmin
kağızdan Azərbaycanda yoxdur. Biletlər mütləq dünya standartlarına uyğun olan
kağızlarda çap olunmalı idi. Hər yerdə mümkün olduğu qədər kassalarımızın
sayını artırmışdıq. Azarkeşlərin rahatçılığı üçün şirkətimiz maksimum əlindən gələni
edirdi. Bəzən əməkdaşlarımız işin sürətlənməsi üçün səhər saat 5-ə qədər
çalışırdılar.
Azarkeşlərdən xahiş olunmuşdu ki, oyuna 3 saat öncədən gəlsinlər.
Təəssüf ki, həmin vaxtda stadionun qarşısında maksimum 200 nəfər var idi. Onlar
da çox rahat şəkildə stadiona daxil oldular. 1 saat ərzində bu proses normal
şəkildə davam etdi. Bütün biletlər yoxlanılır, sonra azarkeşlər stadiona
buraxılırdılar. Təəssüf ki, əsas kütlə, azarkeşlərin təxminən 70 faizi yalnız
oyuna 40 dəqiqə qalmış stadiona təşrif buyurdular. Bu halda insan axınının
qarşısını almaq mümkün olmadığı üçün müəyyən problemlər ortaya çıxdı. Stadionda
3 sektorun boş qalması isə həmin hissənin "Roma” fanatlarına ayrılmasından
irəli gəlir. UEFA-nın qaydalarına əsasən, arenanın azarkeş tutumunun 5 faizi
qədər yer qonaq komandaya ayrılmalıdır. İtaliyadan həmin sayda azarkeş ölkəmizə
gəlməmişdi. Həmin sektorların biletlərinin yerli azarkeşlərə satılması isə
qadağandır.
1 biletin 2 dəfə satılması da qeyri-mümkündür. Bununla bağlı yaranan
narazılıq korporativ biletlərə aiddir. Belə ki, müəyyən şirkətlər vauçeri
aldıqdan sonra onu hədiyyə ediblər. Bileti hədiyyə olaraq əldə edən şəxs də 2
dəfə vauçeri biletə dəyişməyə cəhd edib. Bu halda birinci şəxsin adı sistemdən
çıxarılıb.
Biletlərdə alıcının ad və soyadının, şəxsiyyət vəsiqəsinin nömrəsinin
qeyd edilməsi haqda qərarı "İticket” şirkəti olaraq "Qarabağ” Futbol Klubu ilə
birgə qəbul etmişik. Bu addım "qara bazar”ın qarşısının alınması üçün atılıb.
100 faiz mümkün olmasa da, əminliklə söyləyə bilərik ki, "qara bazar”ın
qarşısını ən az yarısından çoxunu ala bildik. Bir daha azarkeşlərin diqqətinə
çatdırırıq ki, "qara bazar”dan bilet almasınlar. 2 manatlıq bileti 20-30 manata
almağın nə mənası var?
Bildiyiniz kimi, artıq həm "Atletiko”, həm "Çelsi” ilə oyunlara
vauçerlərin satışı başlanıb. Artıq "Atletiko” ilə oyun üçün satılan
vauçerlərdən 5 mindən artığı biletə dəyişdirilib. "Çelsi” ilə görüş üçün isə 4
mindən çox vauçer satılıb. İnsanları indidən bilet almağa dəvət edirik. Bu
halda onlar həm bizim həm də öz işlərini asanlaşdırmış olacaqlar.