• cümə, 29 Mart, 18:12
  • Baku Bakı 14°C

“İşdən gələn zəngi gecə saat 2-3-də də açıram” - Uğur hekayəsi

08.03.19 14:30 2195
“İşdən gələn zəngi gecə saat 2-3-də də açıram” - Uğur hekayəsi
Birinci kursun sonunda iş təcrübəsi yığmaq üçün müxtəlif şirkətlərə CV göndərir. Təcrübə keçmək istədiyi şirkətlər əsasən bank və maliyyə sektorundakılar olur, lakin bir gün onu oteldən iş müsahibəsinə dəvət edirlər. Yəni özü də bilmədən otelə CV göndəribmiş. Əvvəldən oteldə işləmək kimi planı olmasa da, "yox” demir, otel sektorunu araşdırıb müsahibəyə gedir və işə qəbul olunur. Müsahibimiz bir təsadüf nəticəsində otel sektoruna düşən, sonra bu sahəni sevən və burda irəliləməyi bacaran "Pullman Bakı”nın satış direktoru Nigar Nəsirovadır.

- Nigar xanım, otel sektorunda iş mühitinə düşməyiniz necə olub?
- Azərbaycan Dillər Universitetində ingilis dili üzrə təhsil almışam. Birinci kursu bitirəndə - yayda 18 yaşım tamam olurdu. 10 il öncədən danışıram. Artıq elə bir zamana gəlmişdik ki, şirkətlər universiteti yeni bitirən kadrlardan belə, iş təcrübəsi istəyirdilər. Mən də bunu gördüyüm üçün birinci kursdan artıq bu haqda düşünməyə başladım. Düzdür, universitet öz sahəmizlə bağlı təcrübə qazanmağımız üçün şərait yaradırdı, amma başqa sahələrdə də özümü yoxlamaq istəyirdim. İyun ayında 18 yaşım tamam olacaqdı, mən may ayından CV göndərməyə başladım. Birinci kursun sonunda demək olar ki, Bakıdakı bütün şirkətlərə CV göndərdim (Gülür).


- Nə qədər şirkətə CV göndərmişdiniz ki?
- Bəlkə də, 50-60 yerə.

- Fərqli sektorlar idi?
- Çoxu demək olar ki, bank, maliyyə sahəsi idi. Onların içərisində otellərdən bircə "Hyatt Regency” olub. Düzü, ora CV göndərdiyimi belə bilmirdim, çünki otel sektorunda işləmək kimi fikrim yox idi. Otel sektoruna düşməyim bir növ təsadüf nəticəsində oldu. Oteldən məni müsahibəyə dəvət etdilər. Otel işi ilə bağlı heç bir məlumatım olmasa da, dedim ki, müsahibəyə gedəcəm. Və həmin oteli araşdırdım. Otelin nə vaxt, kim tərəfindən yaradıldığını öyrəndim, bu otel sistemini niyə yaratması ilə bağlı məlumatlar oxuyub müsahibəyə getdim. Müsahibədə otel sahəsi ilə bağlı məlumatım olmadığını etiraf etdim, amma müsahibə prosesində məni bəyəndilər, resepşn işi təklif etdilər. Dedilər ki, gənc, pozitiv xanımsınız, bu iş sizə də maraqlı olar. Otellərdə bu vəzifəyə işə qəbul zamanı xüsusi yanaşırlar, çünki otel sahəsində resepşnda oturanlar "otelin ürəyi” adlanır. Çünki qonaqlarla birinci ünsiyyətdə onlar olurlar. Və beləcə işə başladım. Birinci həftə işim çox çətin oldu. Otel sahəsində resepşnda işləmək asan deyil, üstəlik ingilis dili biliyin də yüksək səviyyədə olmalıdır. Çünki xarici qonaqlarla ünsiyyətdə olursan. Birinci iş günümdə çox böyük stress keçirdim. Öz-özümə dedim ki, 2 günə çıxsan, ayıb olar, heç olmasa bir həftə işlə, sonra çıx. Bir həftə necəsə keçdi, çətin olsa da, dedim ki, yox, bu, məndə alınmalıdır, qoy bir həftə də işləyim. Sonra artıq zamanla bu sahəni sevdiyimi, mənə uyğun olduğunu gördüm.
- İlk olaraq sizə nə qədər maaş təklif etdilər?
- Hələ iş müsahibəsində nə qədər maaş istədiyimi soruşdular. Mən hər hansı rəqəm demədim, çünki o vaxt əsas məqsədim maaş yox, hardansa başlamaq, təcrübə yığmaq, bir növ özümü təsdiq etmək idi. Dedim ki mənim üçün indi lazım olan otel sektorunda özümü təsdiq etməkdir. Ondan sonra hər hansı maaşı istəyə bilərəm.
- Gənclər adətən ilk iş müsahibəsində həyəcanlı olur, bəzən özlərini, bilik və bacarıqlarını təqdim edə bilmirlər deyə işə qəbul edilmirlər. Siz iş müsahibəsində həyəcanlı deyildiniz?
- O, mənim ilk iş müsahibəm idi. Buna görə çox narahat idim, amma müsahibəyə hazırlıqlı getmişdim. İş müsahibəsi ilə bağlı internetdə videoları izlədim. Həm də Dillər Universitetində biz yeni mühitə düşəndə necə davranmaq, stressi özlərindən necə uzaqlaşdırmaq, sualın cavabını bilməyəndə vəziyyətdən çıxış yolları və. s bu tipli mövzularda olan kitabları tərcümə edirdik. Ona görə bir az özümü müsahibəyə hazır hiss edirdim. Müsahibədə "necə oldu ki, bizim otelə CV göndərdiniz” deyə sual verdilər. Mən də düzünü dedim və səmimiyyət burda böyük rol oynayır. Dedim ki, mən çox şirkətə CV göndərmişəm, otel sektorundan isə bircə sizə təsadüfən olub. Amma sonra otel sektorunu araşdırdım, bu sektor mənim üçün maraqlıdır, burda işləmək istəyərəm.


- Tələbəlik müddətində davamlı olaraq işlədiniz?
- Yox, mən əyani təhsil aldığım üçün yalnız yay aylarında işləyə bilirdim. 4 ay yay tətili müddətində işlədim. İkinci kursun sonunda bir proqramla Amerikaya getdim, orda otel sahəsində ofisiant kimi 4 ay işlədim. Təcrübə yığdım, həm də ingilis dilini təkmilləşdirdim. 3-cü kursun sonunda isə Dünya Bankının bir layihəsinə qoşuldum. Sonuncu kursda oxuyanda isə öyrəndim ki, Bakıda "Hilton” otelinin tikintisi gedir. Otelin açılmasını gözləyirdim ki, orda işləyim. Açılışın avqust ayından sonra olacağı ilə bağlı oxudum. Ora CV göndərdim, bir ay keçdi, cavab gəlmədi, təzədən bir də göndərdim və e-mail yazdım ki, bəs mən sizə bir dəfə də CV göndərmişəm, bir az özüm barəmdə danışım və s. Bir neçə gün sonra mənə zəng gəldi. Zəng vuran adam isə əvvəl mənim "Hyatt Regency”da menecerim olub. Dedi ki, yadımdasan, narahat olma. Sonra orda çağırdılar, resepşn kimi işə başladım. Bir ilə yaxın resepşnda oldum.

- Çox adam CV-ni bir şirkətə bir dəfə göndərir, cavab gəlməyəndə ikinciyə cəhd etmir.
- İnsan qarşısına məqsəd qoyursa, birinci dəfə alınmayanda geri çəkilməməli, "gedim başqa tərəfdə özümü sınayım” deməməlidir. Əgər bunu istəyirsinizsə və sizdə alınacağını bilirsinizsə, öz üzərinizdə işləməli və o yerə layiq olduğunuzu göstərməlisiniz. Və siz özünüz haqqında danışmalısınız. Özünüzü təqdim etməlisiniz. Hərdən özünüzü yada salmalısınız. Bəzən hətta beş dəfə alınmır, amma öz üzərində çalışanda bir gün alınır.

- Satışa keçməyiniz necə oldu?
- Mən resepşnda işləyərkən satış şöbəsinin də işi ilə tanış oldum və dedim ki, satışda işləmək istəyirəm, hiss edirəm ki bu, məndə alınacaq. O zaman vakansiya var idi, amma alınmadı, mən keçə bilmədim və resepşn kimi davam etdim. Sonra elə oldu ki oteldə rezervasiya şöbəsinə keçdim. O şöbə satış departamentinin içindədir, yəni o şöbəyə düşdüm. Bir il orda çalışdım, sonra elə oldu ki şirkət məni "Hilton Praqa”ya göndərdi. Orda rezervasiya işi yeni qurulurdu və onlara bu istiqamətdə işi bilən adam lazım idi. "Hilton Baku” o vaxt treninq üçün məni ora göndərdi. 1 aya yaxın orda oldum, mənim üçün böyük təcrübə oldu. Özümü orda çox yaxşı göstərdim, qayıdanda müdirimiz dedi ki, satışda vakansiya var, bəlkə sənə maraqlı gələr (Gülür). Axır ki alındı. Rezervasiya ilə birlikdə götürsək, 6 ildən çoxdur ki satış sektorundayam. Bu gün isə "Pullman Baku”da satış şöbəsinin direktoruyam. "Pullman Baku” bir "Accor Hotels” brendidir və bizim nümayəndəlik "Gilan Hospitality Group”un nəzdində fəaliyyət göstərir.

- Amma biz satış sektorunda adətən kişiləri görürük. Sizcə, niyə?
- Burda ailə məsələsi, qadının öhdəlikləri yəqin ki öz sözünü deyir. Otel işi elədir ki, biz həftənin 7 günü 24 saat iş başındayıq. Hər birimizə gecə işlə bağlı şirkətdən zəng vura bilərlər. Bizim üçün bu, normal haldır. Bir dəfə bir nəfər qonaq dəvət edib, amma otel rezerv etmək yadından çıxıb, "Formula 1” yarışı ərəfəsi olduğu üçün oteldə də boş yer yox idi. Gecə yığıblar ki, bəs qonağım gəlib, necə edək? Müştəriyə yaxşı xidmət üçün də hər birimiz lazım olan anda telefona cavab verməliyik. İşdən gələn zəngi gecə 2-3-də də açıram. Əgər mən cavab verməsəm, müştərinin problemi həll olunmur. Ona görə sırf ailəyə köklənən qadınlar üçün çətin ola bilər. Mənim analıq məzuniyyətim bir ay yarım oldu. Hətta o müddətdə belə işdən uzaqda deyildim. Çünki satışda önəmli məsələlərdən biri də daim öz sahənlə bağlı hər məlumatı izləməkdir. 1-2 il işdən uzaq düşüb sonra qayıdanda o məlumatları toplamağa uzun zaman sərf etməlisən. Həm də şirkətlər səni unudur. Əlbəttə ki, xanım üçün çətindir, amma mümkünsüz deyil.

- Karyeranızda irəliləmə pillə-pillə olub. Bu irəliləmə sizcə, nəyin sayəsində olub?
- Pozitiv olmaq, həmişə düz danışmaq, bir də öz üzərində işləmək. Universitetdə oxuyan vaxt nə isə layihə olurdusa, dekanlıqdakıların yaxasından yapışırdıq ki bizi də yazsınlar. Kitab tərcümə etmək lazım olurdusa, ora qoşulurduq. Pulsuz da olsa, təcrübə üçün edirdik. Otel sahəsində iºləyəndə isə treninqlərdə iºtirak etdim. MBA sahəsində magistr təhsili almaq istəyirəm.

- İşdən ailəyə vaxt ayırmaq problem olmur ki?
- Yox, balansı qorumağa çalışıram. Uşağı təzəlikcə baxçaya qoyuruq, amma yoldaşımla bir-birimizi çox yaxşı başa düşürük deyə, bu cəhətdən problemimiz olmur. Hətta uşaq anadan olandan sonra mən işə çıxanda bir gecə yoldaşım uşağa baxırdı, bir gecə mən. Nənə-babalar da kömək edir, amma həyat yoldaşının dəstəyi önəmlidir.

- İş cəhətdən danışdıq. Bir xanım olaraq xəyallarınızda olanları əldə etmisiniz? Xoşbəxtsiniz?
- Bəli, mən xoşbəxtəm. Çünki ailəmdə hər şey yaxşıdır, ikinci mənim üçün vacib olan işimdir, orda da hər şey yaxşı gedir. Və bunlar ikisi də bir-birinə bağlıdır.

- Uğurun sirri sizə görə nədir?
- Əsas məsələ pozitiv olmaq, özünə inanmaqdır. Bir qapı üzünə bağlananda "məndə alınmır” deyib kənara çəkilməklə olmur. Bəlkə siz özünüzü düz göstərməmisiniz, ona görə sizi o vakansiyaya götürməyiblər. Əgər nəsə sənə lazımdırsa, məqsədə doğru getməli, öz üzərində işləməlisən. Və ailəni də unutmaq olmaz. Ailəyə də diqqət yetirmək lazımdır.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər