“İşçi saat 7-dən sonra işdə qalırsa, izahat yazdırırıq” - Gör-götür
Fərid Məmmədov: "İşçinin iş görmək üçün rəhbərin ağzından tapşırıq gözləməyini sevmirəm”
Birinci kursda oxuyanda nazirlikdə işə başlayır, xeyli müddət də orda
çalışır. Ancaq bir müddət sonra özəl sektora keçmək qərarı verir. Ətrafdakılar
onun bu fikrinə "hazırı qoyub, nisyənin arxasınca getmək” kimi baxsa da, "Mən
hiss etdiyim və ölçüb-biçdiyim qərarın arxasınca getdiyimi bilirdim” deyən müsahibimiz "Caspian Event Organisers” şirkətinin
baş direktoru Fərid Məmmədovdur.
- 1992-ci ilinaprelayından Material Ehtiyatları Nazirliyində
çalışmağa başlamısınız. Bu, tələbəlik həyatınızın ilk dövrlərinə düşür. Bir tələbənin
o vaxt nazirlikdə işə düzəlməsi necə oldu?
- Mən təhsil
etibarilə iqtisadçıyam və Azərbaycan Dövlət İqtisad Universitetinin axşam şöbəsini
bitirmişəm. Birinci kursda oxuyurdum, o vaxt
mövcud olan Material Ehtiyatları Nazirliyinin hesablama mərkəzinin mühasibat
şöbəsinə işçi axtarıldığını eşitdim. Müraciət etdim, yoxladılar və qəbul etdilər.
- Hazırda birinci kursda təhsil
alan bir çox tələbəyə desək ki, nazirlik işçi axtarır, "tələbələri götürməzlər”
kimi düşünüb müraciət etməzlər. Qəbul ediləcəyinizdən əmin idiniz?
- Əlbəttə ki əmin deyildim, amma işləmək arzum çox böyük idi və mən
özümə inanırdım. İşləmək üçün sənədimi təqdim etdiyim ilk yer nazirlik deyildi.
Ondan əvvəl çox yerə müraciət etmişdim. Bəzən təcrübəm olmadığı üçün
götürmürdülər, bəzən isə iş vaxtı məsələsində razılaşmırdıq. Söhbət 1992-ci ildən
gedir, o dövrdə də qurumların, şirkətlərin işlə bağlı rejimləri də standart
olmaya bilirdi. Bu səbəbdən, iş saatının 6-da deyil, 8-də də bitə biləcəyini
deyirdilər. Mən isə dərsə getdiyim üçün işlərə müraciət etdiyimdə, bildirirdim
ki, 6-da mütləq işdən çıxmalıyam ki, dərsə çatım.
- Nə vaxta qədər nazirlikdə
çalışdınız?
- Mən axşam növbəsində oxuduğum üçün təhsili yarımçıq qoyub hərbi
xidmətə getməli oldum. 2 ildən sonra hərbi xidməti başa vurub qayıtdım və yenə də Material
Ehtiyatları Nazirliyində iqtisadçı-mühasib kimi çalışmağa davam etdim.
Nazirlikdə işləmək kifayət qədər maraqlı olsa da, enerji dolu gənc idim və
özümü daha dinamik bir işdə sınamaq qərarına gəldim.
- Adətən, dövlət strukturunda işləyən
adamlar bu cür işlərin müəyyən üstün tərəflərini fikirləşib uzaqlaşmırlar. Özəl
sektorun nazını çəkməkdənsə, dövlət işində qalmağı seçirlər. Sizin bu qərarı
verməyiniz necə oldu?
- Mən bir az aktiv adamam və oturaq iş məni sıxırdı. Müstəqil Azərbaycanın
ilk illəri idi və hesab edirdim ki, biznes üçün yaxşı imkanlar var. Əlbəttə ki,
o bir günün qərarı deyildi, ciddi addım idi. Çox düşündüm. Hamı nağdını qoyub,
nisyənin arxasınca getmək kimi baxırdı, amma mən hiss etdiyim və ölçüb-biçdiyim
qərarın arxasınca gedirdim.
- Keçidi necə etdiniz?
- Koreya avtomobil istehsalçılarından olan "Daewoo” şirkətində satış
mütəxəssisi kimi işə başladım. Həmin avtomobillər bizim bazarda yeni idi və
onları tanıtmalıydıq. Uğurlu nəticələr göstərdik, qısa müddətdə istədiyimizə
nail olduq.
- Bəs öz işinizi qurmağınız necə
oldu?
- Bunun üçün müəyyən təcrübə
qazanmaq lazım idi. Mən "Daewoo”dan sonra Böyük Britaniyanın sərgi və
konfransların təşkili ilə məşğul iri sərgi operatoru - "ITE
Group” şirkətinə keçdim. Artıq o dövrdə
"ITE Group Plc” şirkəti inkişaf edən bazarlarda uğurlu sərgilər təşkil edirdi.
Mən sərgilərin təşkili üzrə fəaliyyət sahəsini tədqiq etdikdən sonra belə qənaətə
gəldim ki, bu fəaliyyət növü həm maraqlı, həm də kifayət qədər perspektivli
biznesdir və ona görə həmin dövrdə Azərbaycanda özü üçün tərəfdaş axtaran "ITE
Group Plc.” şirkəti mənə iş təklif edən zaman, böyük məmnuniyyətlə razılıq
verdim. Məndən əvvəl də onların Azərbaycanda əməkdaşları
var idi, amma o qədər də aktiv deyildilər, uğurlu nəticələr göstərə bilmirdilər.
Şirkət gördü ki, fəalam, söz verdiyim hədəfləri vaxtında yerinə yetirməyə
çalışıram. Şirkətdə çalışdıqdan 2 il sonra dedilər ki, biz səni işçimiz yox,
partnyorumuz kimi görmək istəyirik. Beləliklə, "İteca Caspian” MMC yarandı.
Mən artıq 20 ildən çoxdur ki, bu biznesdəyəm və 20 ildir ki, "Iteca Caspian”
şirkətinə başçılıq edirəm. 2014-cü ildə isə "Caspian Event OrganisersLLC”ni
yaratdıq.
- Bir müsahibənizdə qeyd etmisiniz
ki, şirkətə işlə bağlı müraciət edən şəxslərlə, son müsahibədə özünüz də
iştirak etməyə çalışırsınız. Bunu niyə edirsiniz?
- Sizi
inandırıram ki, Azərbaycanda bu bizneslə məşğul olmağa başladığımız dövrdə mən
tək idim. Əlbəttə ki, "ITE Group Plc” şirkətinin xarici şöbələri sərgilərə
xarici şirkətləri cəlb etməkdə mənə kömək edirdi, lakin məhz Bakıda mən tək idim.
Ona görə işin bütün mərhələlərini yaxşı bilirəm. Bu işi
bacarmaq üçün insanda enerji olmalıdır və mən
onu hiss etməliyəm. O mənada ki, kadrın biliyi bir qədər az ola bilər, ancaq
hiss etməliyəm ki, o, öyrənmək istəyir. Bir də ki səmimi olmasına fikir verirəm,
mövqeyini bilməyə çalışıram. Ona görə, uzun illərdir ki, mən bu prinsiplə işçi
götürürəm.
Kollektivimiz artıq formalaşıb və indi heyətimizdə
60 nəfərdən çox əməkdaş işləyir. Qeyd etmək istəyirəm ki, əməkdaşlarımız
arasında kollektivçilik ruhu çox yüksəkdir. Onlar əsil peşəkardırlar və bu
biznes sahəsinin xüsusiyyətini nəzərə alsaq, Azərbaycanda bu cür insanları
sözün əsl mənasında barmaqla saymaq olar.
- Bəs iş prosesində kadrdan gözləntiniz
nə olur?
- İşçi müəyyən təşəbbüslərlə çıxış etməlidir. İşçinin iş görmək üçün
rəhbərin ağzından tapşırıq gözləməyini sevmirəm.
- İş rejimi ilə bağlı qaydalar necədir?
- Nizam-intizamsız nə isə qurmaq çətindir. Ancaq nizam-intizam ciddi
çərçivədə olmamalıdır. İş vaxtı ilə bağlı bizdə seçim var. İstəyirsən, 8-də gəl,
5-də çıx, ya 9-da gəl, 6-da get, ya da 10-da gəl 7-də işini bitir. Əsas odur
ki, işini görsün. Təbii ki biz işin monitorinqini aparırıq. Bizim iş elədir ki,
təhvil verməklə bağlı çox sərt son tarix müddəti olur. Böyük sərgi üçün vaxt təyin
olunur, elan verilir və həmin gün əskiklik olmaması üçün hər bir işçi məsuliyyətlə
çalışmalıdır.
Düzdür, sərgilərimiz ərəfəsində biz gec saatlara qədər, həftə sonları
da işləyirik. Lakin çox nadir şirkətik ki, işçi saat 7-dən sonra işdə qalırsa,
izahat yazdırırıq. Niyə işdə qalıb? Səbəbini bilmək istəyirik. İş yükü çoxdur,
yoxsa ləng işləyib? Səbəbini araşdırıb işçinin təkliflərini alırıq. Çatdıra
bilmədiyini görürüksə, mümkündürsə, müddəti uzada bilərik, yaxud əlavə resurs
veririk.
Həftə sonu sərgimiz varsa, işçilərimiz işləyirlər. Əgər şənbə günü
işləyibsə, həftə içi bir gün seçib istirahət götürməlidir. Həftə sonu işləyən şəxs
növbəti həftəni davamlı işləyəndə, soruşuram ki, niyə istirahətə çıxmır? İşçi həftə
sonu dincəlmirsə, ondan normal iş gözləmək olmaz.
- Necə rəhbər olmağa çalışırsınız?
- Balansı qorumağa çalışıram. İlk gündən kollektivimizdə etimad və səmimiyyət
ab-havası hökm sürür. Kabinetimin qapıları əməkdaşların üzünə həmişə açıqdır və
hər bir işçi öz təklifini və ya problemini bildirmək, yaxud sadəcə məsləhət
almaq üçün mənim yanıma gələ bilər. Bundan əlavə, biz iş yerindən kənarda da
münasibət saxlayır və asudə vaxtımızı bir yerdə keçiririk.
- Sərgi mövzusuna gələk. Şirkətlərimiz
sərgilərdə iştirak etməyə nə dərəcədə maraqlıdırlar?
- 1994-95-ci illərlə bu günü müqayisə etsək, çox dəyişiklik var. O
vaxt zəng vurub şirkətlərə sərgiyə qatılmağı təklif edəndə, bunun üçün müəyyən
məbləğ ödəməli olduqlarını bildirəndə, qəbul etmirdilər. Sovet vaxtı ümumi bir
sərgi var idi, insanlar bir ay pulsuz orda məhsullarını nümayiş etdirirdilər.
Belə dövrdən çıxmış şirkətlərə deyəndə ki, 3-4 gün sərgidə iştirak üçün müəyyən
məbləğ ödəyəcəksən, qəbul edə bilmirdilər. Bu səbəbdən, telefon danışıqları,
üzbəüz görüşlər çox vaxt aparırdı. İş adamlarına təklifimizi, sərgidə iştirakın
onlara nə verəcəyini izah edirdim.
Sərgi bir alətdir. Siz ondan düzgün istifadə edirsinizsə, fayda götürəcəksiniz.
Siz onu almısınız, amma istifadə etməyi bacarmırsınızsa, bunu lazımsız hesab edəcəksiniz.
Sərgi sizə lazım olan insanları müəyyən zamanda və bəlli məkanda toplayır. Bir
il ərzində şəbəkə qura bilməyəcəyiniz qədər insanları 3 gün ərzində sizinlə
görüşdürür. Ondan düzgün istifadə edən, hazırlaşan, əminəm ki faydalanacaq.
Stenddə dayanıb başınızı aşağı salsanız, telefonda vaxt keçirsəniz, heç kim sizə
yalvarmayacaq ki, gəl, sənin xidmətinə baxım. Sənin əməkdaşın stendində
telefonuyla məşğul olanda, rəqib şirkət fəal olub yaxşı ünsiyyət qurur və böyük
xeyir götürür.
- İnsanların yanaşmasından da
danışaq. Çünki sərgilərə getməyi faydasız hesab edənlər hələ də var. Sərgi
iştirakçıya nə verir?
- Biz əsasən biznes yönümlü sərgilər təşkil edirik. Digər qruplar
üçün də sərgilər olur, amma bu, çox azdır. Ona görə, bizim sərgilərə gələn mütəxəssislər
niyə gəldiklərini, necə faydalanacaqlarını bilirlər. O adamlar vaxtlarını
boşuna sərf etməzlər. "Nə faydası var?” deyənlər indi çox azdır və deyim ki,
belə insanlar dünyanın hər yerində var. Əvvəllər sərgiyə suvenir toplamaq üçün
gedənlər var idi, indi bu da minimuma enir. Sərgi keçirilən məkanın şəhərdən
uzaqda olması bu cəhətdən öz təsirini göstərdi. Bakı Ekspo Mərkəzi tikiləndə,
bir az narahat idik, dedik ki, uzaqdır, ziyarətçilərimiz azala bilər. Lakin bu
narahatlıq reallaşmadı. Sərgilərin ziyarətçilərinin sayı artır və onların 80%
peşəkar ziyarətçilər təşkil edir. Bu, çox gözəl nəticədir.
İnternet aktuallaşmağa başlayanda, bildirilirdi ki, sərgilərə ehtiyac
olmayacaq, hər kəs işini onlayn edəcək. O qorxu bizdə var idi, amma nəticə əksini
göstərdi. Onlayn imkanlar canlı görüşləri, ünsiyyətləri qıtlaşdırıb. Artıq
insanların belə görüşlərə ehtiyacı var. Bir sahədə çalışan insanlar harada bir
araya gələ bilərlər? Əlbəttə ki, sərgi və konfranslarda.
Ancaq sərgi və konfransların insanlar üçün maraqlı olması cəhətdən
bizim üzərimizə məsuliyyət düşür. Biz sərgilərin kontenti üzərində işləməliyik.
Bundan əvvəl sadəcə bir meydança olurdu, şirkətlər və qurumlar öz məhsullarını
göstərirdilər. İndi bu, yetərli deyil. Sərginin ətrafında çox maraqlı proqram
olmalıdır. Biz hazırda buna xüsusi diqqət edirik.
- Təhsil və karyera sərgilərinə
daha çox gənclər gedirlər. Sərgidən çıxanda, bir çoxu ancaq təqaüdlü təhsil
imkanı təqdim olunduğunu, iş cəhətdən real heç nə olmadığını bildirirlər. Gənclər
bu cür sərgilərdən necə faydalana bilərlər?
- Sərgiyə gedən şəxs ilk olaraq "Sərgiyə niyə gedirəm?” sualını özünə
verməlidir. Yəni hədəf dəqiq olmalıdır. Mən "Daewoo” şirkətinə işə necə düzəlmişdim?
Deməli, bir sərgiyə qatılmışdım, orda bir neçə şirkətin nümayəndəsi ilə
görüşdüm, biri də o şirkətin təmsilçisi idi. Stendə yaxınlaşıb söhbət etdim,
avtomobillərə marağım olduğunu dedim, satışda işləmək istədiyimi bildirdim. Üstəlik,
avtomobillərlə bağlı nöqtələrə toxundum ki, qarşı tərəfi maraqlandırım. Gördülər
ki, məlumatlı və həvəsliyəm, əlaqəmi götürdülər və mənə iş təklif etdilər.
Bir də başqa tərəfdən baxaq. Gənc təhsil sərgisinə gedir və xaricdə təqaüdlü
təhsil imkanı istəyir. Amma birinci fikirləşmək lazımdır ki, o təqaüdü mənə niyə
verməlidirlər, bunun üçün nə etmişəm? Karyera ilə bağlı sərgilərdən danışsaq,
şirkətlər onlara yaxınlaşan gənclərə blank verirlər ki, doldurub onlara göndərsinlər.
Gənclər deyirlər ki, biz iş istəyirik, bu deyir ki, blankı doldurub göndər və
s. Sərgidə heç kimə yerində iş təklif etmirlər. İştirak edən şirkət sərgiyə
çıxırsa, çox kadrla görüşmək istəyir, seçimi çoxalır. Ondan sonra kimisə dəvət
edirlər, kimisə yox. Bu da normal haldır.
Aygün Asimqızı