• çərşənbə axşamı, 19 mart, 13:22
  • Baku Bakı 8°C

İnternetin “qoruyucu mələk”ləri - Texnologiya

01.02.19 12:00 2954
İnternetin “qoruyucu mələk”ləri - Texnologiya
Sosial şəbəkələrdə qırılan şifrələrin bərpa olunması, izləyici sayının artırılması, sosial şəbəkə hesablarının güvənliliyinin qorunması işləri ilə bağlı mütəxəssisdir. Deyir ki, əgər kiminsə profili qırılırsa, bu öz səhvinə görə olur. Çünki sosial şəbəkələr heç kimə o boşluğu yaratmağa imkan vermir. Müsahibimiz sosial şəbəkələrlə bağlı İT mütəxəssisi, Aztagram MMC-nin rəhbəri Sahib Rzayevdir.

Qeyd edək ki, müsahibimizin dünyaca tanınmış aşpaz-qəssab Nüsrət Gökçə ilə də əməkdaşlığı olub.

1994-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 5-ci sinfə qədər Naxçıvanda təhsil aldıqdan sonra Bakıya köçüblər və orta təhsilini də elə Bakıda davam etdirib: "11-ci sinfə qədər "2”, "3” qiymətlərlə oxudum. Universitetə qəbul imtahanından isə, 64 bal topladım. İnformasiya texnologiyaları (İT) sahəsinə marağımı 9-cu sinifdə kəşf etdim. İlk fəaliyyətim "facebook”la oldu. Əvvəllər profillərə izləyici toplamaq, "like” sayının çoxaldılması aktual idi. Orta məktəbdə artıq bunu öyrənmişdim”.

- Bu sahədə ilk işinizi və qazancınızı xatırlayırsınızmı?
- Hərbi xidmətdən sonra ilk işimiz dostum Nurəddin Cəfərovla birlikdə oldu. Təsadüfən bir xanım yazdı ki, "facebook”uma girə bilmirəm. Onun səhifəsini qaytardıq. Xanım deyəndə ki borcumuz nədir, qiymətlərlə bağlı məlumatımız olmadığı üçün 30 manat dedik. O məbləği də iki hissəyə böldük. İlk qazancımız 15 manat olub. Ondan sonra instagramda fəaliyyət göstərdik. İtirilən şifrələri geri qaytarır, izləyici toplayırdıq.


- İzləyicini necə toplayırsınız? Süni yolla artırırsınız?
- Bəli. Şou-biznesin 60-70 faizi illərdir bizlə işləyir. Onların izləyici saylarını, bəyənmə sayını süni şəkildə artırırıq.
İT sahəsində məni ən çox tanıdan Kamil Zeynallıdır. Onun səhifəsi bağlananda, Azərbaycanda müraciət etmədiyi insan qalmamışdı. Səhifəni biz aktivləşdirdik. Bundan sonra müştərilərim daha çox artdı. Səhifələrini bərpa etdiyim məşhurlar mənə çox dəstək oldu. İşimizi tanıtmaq üçün kiməsə pul verib reklam etdirməmişik. Əziyyətimiz öz bəhrəsini verdi. Aztagram MMC olaraq dostum Nurəddinlə rəsmi şəkildə tam fəaliyyət göstərməyə başladıq.

- Bəs təhsillə münasibətləriniz nə vaxtdan pozulub?
- Heç vaxt yaxşı olmayıb. Bir səhifəni sona qədər oxuya bilmirdim. Özümü məcbur etsəm də, alınmırdı. Amma oxumaq yaxşıdır. Atam həmişə deyirdi ki, hər kəsdən müsbət mənada nə isə oğurla. Valideynlərim oxumamağıma görə məni çox incidirdilər. Amma oxumağa marağım olmadı və bacarmadım. Əslində bu sahəyə gələndə də çox çətinliyim oldu. İnsan keçmişini danmamalıdır. Vaxt olub ki, ailəmdən gizlin daş daşımışam, yanacaq doldurma məntəqəsində işləmişəm, ofisiant kimi fəaliyyət göstərmişəm. Düşünürəm ki, hər bir insan çətinliklə üzləşir. Ya yaxşını öncə görür, əziyyəti sonra çəkirsən, ya da əvvəlcə əziyyət çəkirsən, sonra yaxşı olur.


- Bəs çətinliklərlə mübarizədə sizə motivasiya verən nə idi?
- Həmişə istəmişəm ki, çoxlu pul qazanım. Elə gün olub ki, iki-üç işdə işləmişəm. Alın təri ilə çalışdığım zaman qazancım ən böyük motivasiyamdır. Əvvəllər çətinliklərimiz olsa da, bu gün bütün işlərimiz rəsmidir. Profillərin bərpasını, yenidən aktivləşdirilməsini, fake hesabların bağlanmasını şəxsin özünün iştirakı ilə edirik. Biz metro stansiyası çıxışlarında, ayaqüstü iş görmürük. Ofis açmaqda məqsəd o oldu ki, fəaliyyətimiz rəsmi formada olsun. Çünki bu sahədə dələduzluq çoxdur.

- Azərbaycanda sosial şəbəkə istifadəçilərinin güvənlik baxımından etdiyi səhvlər nədir və müraciətləri nə ilə bağlıdır?
- Ən çox müraciətlər başqaları tərəfindən hesabların ələ keçirilməsi, ya da sosial şəbəkə tərəfindən səhifənin deaktiv edilməsi ilə bağlıdır. Əslində sosial şəbəkələr o boşluğu heç kim üçün yaratmayıb ki, kimsə gəlib Əlinin, yaxud Vəlinin profilini qırsın. O boşluğu yaradan istifadəçilərdir. İnsanların boş maillər, sadə şifrə qoyması səbəbindən bu problem yaranır. Məsələn, Aytən Əliyeva (ad şərtidir) şifrə qoyur. Əsasən Aytənin profilini ona yaxın adamlar qıra bilir. Aytənlə bağlı düşünür ki, bunun ad günü və təvəllüdü nədir? İstifadəçilər daha çox şifrəyə doğum tarixlərini yerləşdirirlər. Beləliklə, profil ələ keçirilir və qırılır. İnstagramda da müəllif hüquqları var. 13 yaşdan kiçik uşaqların istifadəsi qadağandır. Bizim ailələr özləri uşağın səhifəsini açır və instagram bunu bağlayır. Yaxud "18+” səhifələri instagram özü bağlayır. Bizə üz tuturlar, biz də rəsmi şəkildə instagrama müraciət edirik, sənədlərlə sübut edirik və bərpa olunur.

- Bəs şifrə seçərkən əsasən nələrə diqqət etməliyik?
- Çətin şifrə qoyulmalıdır. Onsuz da sosial şəbəkə şifrəni yazarkən çətin və ya asan olması barədə sizi məlumatlandırır. Simvollardan çox istifadə etmək lazımdır. Bəzən normal şifrəsi olanın da hesabını qırırlar və bizə müraciət edirlər. Sadə insanlar tərəfindən linklər yaradılır və maillərə, mesaj bölmələrinə göndərilir. Yazırlar ki, instagram tərəfindən hesabınız rəsmiləşdirilir. Bura tıklayanda səhifənizə göy işıq gələcək. Səhifənin rəsmiləşdirilməsi pulludur. İnstagramın heç kimə ürəyi yanmır ki, səhifəsini pulsuz rəsmiləşdirsin. Onu yaradanlar dələduzlardır. Belə səhifələrə girmək olmaz. Bu profilləri ya satışa çıxarırlar, ya da qırdıqdan sonra yenidən bərpa etmək üçün pul alırlar. Yəni tanımadığınız adamlar tərəfindən göndərilən linklərə girməyin. Məsələn, Röyanın mahnısını göndərirlər. Amma boşdur. Belə linklərə daxil olduqda, hesabınız ələ keçirilir. İnstagramda və facebookda belə bir funksiya var ki, başqası tərəfindən hesaba daxil olunarkən sizin elektron ünvanınıza mesaj gəlir ki, filan markalı telefon sizin hesabınıza daxil olmaq istəyir.

Bundan əlavə, bizə ən çox fake profillərlə bağlı müraciət edirlər. Kimsə kimin üçünsə açır, həmin şəxsin şəkillərini paylaşır, şəxsi biabır edir. Bu, cinayət tərkiblidir. Bunun üçün polis orqanlarına müraciət edilməlidir. Biz, sadəcə fake hesabı deaktiv edirik, kiminsə ünvanını, kimliyini tapmırıq.

- Bu funksiyanı aktiv etmək üçün nə etməliyik?
- İnstagramda ayarlar bölməsində iki faktorlu kimlik doğrulaması var. Onu aktiv edirsiniz. Parolunuzu versəniz belə, nömrəyə sms gəlir ki, kimsə hesaba daxil olur.


- İşinizin çətinliyi nədir?
- Gecə-gündüz yatmırıq. Müştərilərimiz var ki, "like”larına, izləyici saylarının artırılmasına nəzarət edirik. Məsələn, kimsə gecə vaxtı şəkil paylaşır, deyir, bu şəkilə çox like gəlsin. Bu gün hər kəs like sayını artırmaq üçün çalışır. Bunun üçün işimizin konkret vaxtı yoxdur.

- "Sevgilimin şifrəsini qır” deyə müraciət edənlər var?
- Saysız-hesabsız. Oğlanlar deyir fikrim ciddidir, sevgilimin profilinə baxmaq istəyirəm. Bununla bağlı xidmət göstərmirik. Bu, şəxsi həyata müdaxilədir və qeyri-mümkündür. Çoxlu pul təklif edirlər. Amma pul hər şeyi həll etmir. Həyatda mümkün olmayan şeylər də var. Mümkün olmayan şeyləri bizə təklif etməsinlər.

- Oğlanlar daha çox müraciət edir, ya qızlar?
- Oğlanların profili daha çox qızlara maraqlıdır. "Fikrim ciddidir”, "onu alacam, profilini bilmək istəyirəm” kimi məqsədlərlə heç kim müraciət etməsin. Oğlanlar müraciət edir ki, sevgilimin profilinə girmək istəyirəm. Deyirəm ki, mən də istəyirəm, amma mümkün deyil. Yaxud bilmək istəyirlər ki, dostları, rəfiqələri bunlar haqqında nə danışır. Bu çox mənasızdır.

- Nurəddin bəy, bəs sizə hansı maraqlı müraciətlər olur?
- İki-üç gün öncə bir xanım müraciət etmişdi ki, TQDK-nın səhifəsinə girə bilərsiniz? Mən instituta girmək istəyirəm. Oradan balımı artırın. Yaxud rəfiqəmlə dalaşmışam. Görüm haqqımda nə danışır. Müraciətlərin çoxu əsasən bunlarla bağlı olur.


- Hakerlərə nə demək istəyərdiniz?
- Bu fəaliyyətə başlayan insanlar düşünür ki, onları tapmaq mümkün deyil. Amma onlar asanlıqla tapılır. Kiminsə şəxsi həyatına müdaxilə edilməsi düzgün deyil. Mənim şəxsi həyatımı siz niyə bilməlisiniz? Bizim bu gün mühafizə orqanlarımız heç də Avopadakından geri qalmır. Lazım olan adamı lazımi yerdə görə bilirlər. Ona görə heç kim fikirləşməsin ki, profilləri rahatlıqla qıra və pul qazana bilərəm.

- Profili oğurlanan insanların həyəcanı maraqlıdır...
- Bu yaxınlarda bir rəqqasə xanım öz səhifəsinə girə bilmirdi. 3-cü ay səhifəsi aktiv edildi. Sevincindən məni qucaqlayırdı ki, səhifəm qayıtdı. O qədər insanlar var ki, izləyiciləri çoxdur və səhifələri deaktiv edilir. Çox pis haldır.
Bir də şəhid səhifələrinin açılması ilə bağlı valideynlər müraciət edirlər. Onlara bizim tərəfimizdən rəsmi formada təmənnasız köməklik olunur.

- Aylıq məvacib qarşılığında profilləri qoruyursunuzmu? Yəni şirkətinizdə belə xidmət varmı?
- Bəli, belə xidmət göstəririk. Kimsə səhifəyə müdaxilə etsə belə, təmənnasız bərpa olunur. Bu, 3 aylıq paketə daxildir. Ümumiyyətlə isə, qiymətlər işin çətinliyinə baxır. Ona uyğun məbləğ alırıq.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər