AZE | RUS | ENG |

İnsanlıq ölməyib... - Örnək

İnsanlıq ölməyib... - Örnək
Elxan Hacıyev: “Yaxşılıq, yardım etmək istəyi bir çox insanların qəlbində yaşayır”

Universitetin ideal vaxtının 1-2-ci kurslar olduğunu düşünür. Deyir ki, bu illərdə özünü sübut edə bildinsə, sonrakı həyatında da öz yolunu rahatlıqla tapırsan. Ona görə, bu həyatda ən böyük qazanc mənəvi zənginlikdir. Çünki mənəviyyatı zəngin adam hər vaxt çörək tapacaq. Əsas odur ki, bir işi görəndə, ürəkdən görəsən və başqalarının nə dediyini düşünməyəsən. Düşündünsə, yerində sayacaqsan.

Müsahibimiz xeyriyyəçi gənc Elxan Hacıyevdir. Elxan 1999-cu ildə Bakıda anadan olub. İlk təhsilini Qaraçuxur qəsəbəsində, Cavanşir Rəhimov adına 146 nömrəli orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin tərcümə fakültəsinə qəbul olunub. Hazırda 3-cü kursda təhsil alır. Universitetin ictimai-siyasi həyatında fəallığı ilə seçilir.

20 qəpik, 1 manat, 50 qəpik...

Elxan deyir ki, məktəb illərində aktiv fəaliyyət göstərən şagird olmayıb. Universitet onu ictimai fəaliyyətə sövq edib. Xüsusilə də xeyriyyə tədbirlərində iştirakı ilə həmyaşıdlarından seçilib: "Xeyriyyə işlərinə əvvəlcə iştirakçı kimi qoşulurdum. Sonra özümə sual verdim ki, niyə bunu başqaları edir, mən bacarmıram. Birinci kursda iştirakçısı olduğum tədbirləri ikinci kursdan artıq özüm təşkil etməyə başladım. İlk aksiyamı öz fakültəmizdə həyata keçirdim. Ehtiyacı olan ailələrə, uşaqlara ərzaq yardımı etmək üçün pul yığırdım. Kafedra müdirləri ilə danışdım, maddi-mənəvi yardımlarını göstərdilər. Bu xeyriyyə aksiyam çox gözəl nəticələndi. İstər ərzaq, istərsə də geyim yardımı etdik. Öz dekanımız, kafedra müdirlərimiz, müəllimlərimiz o qədər kömək etdilər ki... Hətta başqa fakültənin tələbələri də aksiyamıza dəstək verdilər. Kimin nəyə gücü çatırdısa, yardımını əsirgəmirdi. Kimi 20 qəpik, kimi 1 manat, kimi 10 manat, kimi 50 qəpiklə faydalı olmağa çalışırdı. Ərzaq və dərs ləvazimatları almağa gedərkən, mağazalarda da aksiyamız haqqında məlumat verirdim. Hətta satıcılar, həmin mağazaya təsadüfən alış-veriş üçün gələnlər belə, öz yardımlarını edirdilər”.
 


"Balaca dostlarımıza az da olsa, sevgi göstərək”

Elxan deyir ki, birinci kursda həyata keçirdiyi bu aksiyadan sonra, imkanı çatdıqca, ehtiyacı olanlara kömək edəcəyinə söz verib: "İlk dəfə uşaq evinə iştirakçı qismində birinci kursda getmişdim. Oradakı uşaqların simasındakı kədər hissi, gözlərinin daim qapıda olmaları, yol gözləmələri mənə çox təsir etdi. Elə uşaqlar var idi ki, valideynləri onları körpəykən deyil, uşağın anladığı yaşda, gözlərinin içinə baxa-baxa atıb. Bəziləri hər iki valideynlərini qəza nəticəsində itiriblər. O qədər qayğıya möhtacdırlar ki... Bir anlıq fikirləşdim ki, bu hamının başına gələ bilərdi. Heç kim həyatdan sığortalanmayıb”.

Müsahibimizin sözlərinə görə, fərqli universitetlərin tələbələri də tez-tez uşaq evlərini ziyarət edirlər: "Hər dəfə gedəndə, uşaqlarla oyunlar oynayır, ünsiyyətdə oluruq. Oradakı uşaqların əksəriyyəti eqoist, əsəbi olurlar. Elə uşaqlar var ki, ata-ana məfhumunun nə demək olduğunu bilmirlər. Düzdür, bəzilərinin ata-anası yanına gəlir, amma bu çox az olur. Birinin valideyni gələndə o birininki gəlmirsə, o uşağa pis təsir edir. Onun psixologiyasında, həyat tərzində böyük iz qoyur. Mən də istədim ki, balaca dostlarımıza az da olsa, sevgi göstərək. Hər dəfə biz gedəndə, çox sevinirlər. Yolumuzu gözləyirlər. Sadəcə onlarla vaxt keçirməyə, oyun oynamağa getməklə belə, o uşaqlara sevgi, sevinc bəxş edirik. Biz orada uşaqlarla müxtəlif söhbətlər edir, onlara az da olsa, bəzi məlumatları veririk. Hətta bildiyimiz dillər, ölkələr haqqında danışırıq. Universitet həyatının necə yaxşı olduğundan, universitetdə qarşına çıxa biləcək fürsətlərdən, oxumağın bizə verdiyi imkanlardan söhbət açırıq. Azərbaycanda xeyriyyəçi insanlar o qədər çoxdur ki... Hər dəfə gedəndə, fərqli insanlar, fərqli universitetlərin tələbələri ilə rastlaşırıq”.
 


İnsan bir dəfə uşaq evinə baş çəksə...

Elxan deyir ki, hər bir insan bir dəfə uşaq evinə baş çəksə, artıq bu hal onda məcburiyyətə çevriləcək. Ayaqları daim o uşaqların yanına gedəcək, çünki bunu özünə borc biləcək: "Bir dəfə müəllimlərimizdən birini özümüzlə aparmışdıq. O da bizimlə birlikdə uşaqların dərsləri, geyimləri ilə maraqlanırdı. Müxtəlif maddi-mənəvi yardımlar etdi. O müəllim həmin gün bir dəfə getməsinə baxmayaraq, o gündən sonra tez-tez o uşaqlara baş çəkir. Baxmayaraq ki ora yol çox uzaqdır. O uşaqların gözündəki kədər hissini müəyyən bir vaxt ərzində olsa da silə bilmək hamımızın borcudur. Üçüncü kursda oxuyuram, 7-8 dəfə uşaq evinə səfər təşkil etmişik. Biz uşaq evinə getmək istəyəndə, universitetdən o qədər tələbə bizə qoşulmaq istəyir ki. Hətta biz məcbur olub, avtobus tuturuq. Amma oradakı yer məhdudiyyəti, tələbələrin sayının çoxluğu hamını aparmağa imkan vermir. Hər dəfə gedəndə, yeni tələbələr aparırıq. Hələ də insanların qəlbində yaxşılıq, yardım etmək hissi yaşayır. İnsanlıq ölməyib. Çalışacam ki, gələn ildə də, magistratura dövründə də belə aksiyaları həyata keçirim. Bununla bağlı müxtəlif fikirlərim var. Böyük miqyaslı etməyi düşünürəm. Başqa universitetlər və bütün insanların bizə qoşulması üçün əlimdən gələni edəcəyəm”.

Elxan deyir ki, aksiyaya çox tələbə qoşulsa da, büdcələri ürəkaçan olmur: "Biz nə qədər çox yardım etmək istəsək də, tələbə büdcəsi yetərli olmur. Yığdığımız pullarla ucuz yerlər axtarıb, alış-verişi oradan edirik. İmkanı yaxşı olan tələbələr var ki, öz valideynlərinin maşını ilə bizi uşaq evinə aparmağa çalışırlar. Lazımi isti münasibəti hər kəsdən görürük”.
 


- Elxan bəy, yaxşılıq etmək, vaxtının əhəmiyyətli hissəsini xeyriyyə tədbirlərinə sərf etmək sizə nə verir?
- Mənəviyyatım zənginləşir. Ən əsası isə, o uşaqların dualarını qazanırıq. Hər insan öz dövlətinə, vətəndaşlarına xeyirli bir iş görməlidir ki, dünyadan köçəndə deyə bilsin ki, mən bu həyatda nəsə etmişəm, elə-belə yaşamamışam. Az da olsa, kiməsə faydamız dəyirsə, deməli, həyatı boşuna yaşamamışıq. İnsanların səni gözəl xatırlaması, ətrafa gözəllik qatmaq sənin də mənəviyyatını zənginləşdirir.

- Pulun xeyriyyə məqsədilə yığılmasına insanları inandırmaq o qədər də asan deyil. Bu prosesi necə həyata keçirirsiniz?
- Universitetdə fakültənin elmi iclaslarında iştirak edirəm. Orada dekan, kafedra müdirləri, sayılıb-seçilən müəllimlər və bir-iki fakültədə söz sahibi olan tələbələr iştirak edir. Əvvəlcə həmin iclasda fikrimi bildirirəm. Təbii ki, pul yığılması üçün onun icazəsi alınır. Özünüz də bilirsiniz ki, harada pul söhbəti varsa, orada müxtəlif danışıqlar da olur. Bir-bir qruplara daxil olub, uşaqlarla 10-15 dəqiqəlik danışıqlar aparıram. Kafedralardan, dekanatlığımızdan müəyyən məbləğ, geyim ləvazimatları, müxtəlif oyuncaqlar yığılır. Demək olar ki, məbləğin yarısı da tələbələrdən toplanır. Tələbələr yaxşılıq etmək üçün əllərindən gələni edirlər. 15-20 nəfərlik qrup şəklində uşaq evinə gedirik. Oradakı otaqlar kiçik olduğuna görə, çox uşağın getməsinə icazə verilmir. Getmək istəyib imkanı olmayan tələbələrin qrup rəhbərləri ilə danışıram. Onları da uşaq evinə aparırıq. Ola bilər ki, imkanı yoxdur, amma uşaqları görmək, onlarla ünsiyyətdə olmaq istəyir. Elə tələbələr də var ki, ən çox yardımı edirlər, amma uşaqlarla üz-üzə gəlməyə "ürəklər”i yoxdur. İmkan olanda avtobus tutur, olmayanda, hərə öz hesabına avtobuslarla gedirik. Uşaq evinə getmək bizə mənəvi istirahət kimi təsir edir. Oradakı uşaqlarla müxtəlif oyunların, söhbətlərin olması, qayıdanda öz tələbələrimizlə müxtəlif yerlərə getmək, sonradan bu haqda iclas keçirmək, uşaqların fikirlərini öyrənmək zövqlüdür.  Hətta elə tələbələr var ki, öz dost-tanışı, qohumları ilə yığışıb gedirlər. Xeyriyyə tədbirləri nə qədər çox olsa, o qədər yaxşıdır.
 


- Uşaq evində unutmadığınız hansısa hadisəni bizimlə bölüşün.
- İkinci kursun sonları idi. Yenə uşaqları görməyə getmişdik. Orada 7-8 yaşlarında balaca dostumuz var idi. Qolundan bir qolbaq çıxarıb mənə verdi. Dedi ki, bunu məndən yadigar saxla, gələndə də mənə qolbaq alıb gətirərsən (Hələ də o qolbaq məndədir, baxanda o uşağı, o yeri xatırlayıram. Çox güman ki, bundan sonra da elə olacaq). Getdik, uşağın istəyini unutmamışdım. Ona yaxşı bir qolbaq aldım. Üstündə onun adını və öz adımın baş hərfini yazdırmışdım. Təbii ki, məni görəndə tanıdı və üstümə qaçdı. Gözlərindən hiss edirdim ki, mənim gətirdiyim hədiyyəni gözləyir. Hədiyyəni qoluna taxanda, o uşaqdakı sevinc, xoşbəxtlik insanda elə bir əvəzolunmaz hisslər yaradırdı ki... Onu heç nəyə dəyişmək olmaz. Təbii ki, başqa uşaqlara da hədiyyə almışdıq. Sadəcə bu xüsusi idi.

- Hələ 3-cu kursda təhsil alırsınız. Gələcək planlarınız nədir?
- Universiteti fəxri məzun adı ilə bitirib, magistraturaya qəbul olunmaq istəyirəm. Öz ixtisasımı inkişaf etdirmək, araşdırmaq və elmi dərəcə almaq məqsədimdir. Ən əsası isə, xeyriyyə aksiyalarımı böyüdəcəm.

Belə bir məlumat oxumuşdum: Deyilirdi ki, bir vərəqə ən böyük 5 arzunu yaz. Sonra da baxmaq lazımdır ki, o arzuların hansıları maddi yardımla, neçəsi mənəvi yardımla həyata keçə bilər. Əgər maddi yardım üstünlük təşkil edirsə, demək sənin arzularına gedən yolda maddiyyat var. Əgər mənəvi olanlar üstünlük təşkil edirsə, deməli arzularına mənəvi dəstək lazımdır. Mənə arzularıma gedən yolda ən çox mənəvi dəstək lazımdır. Çünki insan bir yola addım atdıqda, onu dəstəkləyənlərdən çox mənfi fikirlər söyləyənlər olur. Mən məni dəstəkləyənlərin çox olmasını istəyirəm.
 
Aygün ƏZİZ
 





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299