AZE | RUS | ENG |


İnsanların sevgisinə sürprizlərlə rəng qatan biznesmen xanım- İş adamı

İnsanların sevgisinə sürprizlərlə rəng qatan biznesmen xanım- İş adamı
Aytən Əliyeva Rüstəmova: “Sürprizdən təsirlənib, göz yaşlarını saxlaya bilməyən kişilər də olub”

Sürpriz sözü insanda xoş əhval yaradır. Hələ qaldı ki, o sürprizi sənə edələr, bu, təbii ki, daha gözəldir. Amma hər kəs də yeni sürpriz ideyası fikirləşə bilmir. İdeya olsa belə, bunu etməyə zaman ayırmaq çox vaxt mümkün olmur. Elə onun rəfiqəsi də sürpriz etməkdən əziyyət çəkənlərdəndir. Buna görə də rəfiqəsi üçün sürprizlər hazırlayan şirkət axtarır. Amma tapmır, nəticədə beyninə yeni ideya gəlir və sürpriz hazırlamaq istəyənlər üçün bir iş qurmağa qərar verir. Artıq 3 ildir ki, bu sahədə öz biznesini qurub. Müsahibimiz "Sürprizim var” şirkətinin rəhbəri Aytən Əliyeva Rüstəmovadır.
 
- İlk olaraq "Sürprizim var”ın gördüyü işlər haqda danışaq...

- Sırf kreativ ideyalarla bağlı işə başlamışdıq. Hansı ki, insanlar bir-birlərinə sürpriz etmək istəyirlər, amma bunun üçün ya ideyaları yoxdur, ya da zamanları. Biz də vaxtı, və ya  ideyası olmayanlar üçün bunu bir xidmət şəklində hazırlayıb təqdim edirdik, indi də bu xidmətimiz mövcuddur. Əvvəl sırf sürprizlər hazırlasaq da, bu gün həm korporativ, həm əyləncəli tədbirlər, nişan, toyların təşkilatçılığını da peşəkar şəkildə həyata keçiririk.
 
- Bizneslə məşğul olmaq üçün bu gün kifayət qədər sahə var. Amma sürprizləri seçmisiniz. Bu ideya necə yarandı?

- Həmişə fikirləşmişəm ki, daha yeni nələrisə insanlara təqdim etmək onlar üçün maraqlıdır. Buna görə biznes qurmaq üçün ilk olaraq daha yaxşı satacağım məhsul, xidməti müəyyənləşdirmək istəyirdim. Eyni vaxtda sürprizlərə tələbat olduğunu gördüm. İdeyam da bu tələbatdan yarandı. Bir rəfiqəm üçün sürpriz təşkil edəcək şirkət axtarırdıq, amma tapmadıq. Bizə ancaq gül salonları, kukla və güldən buket kimi nələrsə hazırlamağı təklif etdilər. Amma yaxşı sürpriz ideyası verən olmadı. Həmin vaxt ağlıma sürprizlərlə bağlı iş qurmaq ideyası gəldi. Bu, Allahın bir qisməti də ola bilər. Uşaqlıqda böyüyüb sürprizlər edən xanım olacağımı düşünməmişdim.

- Filologiya fakültəsini bitirsəniz də, bu gün bizneslə məşğulsunuz. Bəs bundan əvvəl harada işləmisiniz?

- 2006-2007-ci illərdə kompyuter proqramları əhali arasında yeni-yeni  yayılmağa başlayırdı. O vaxt 17 yaşım var idi və mən kursda kompyuter proqramları tədris edirdim. Tələbələrim özümdən qat-qat yaşlı insanlar idilər. Sonra özüm bir kurs idarə etməyə başladım, daha sonra satış, reklam meneceri, müştəri xidmətləri üzrə menecer, PR menecer, özəl şirkətdə müdir müavini, müxbir və s. vəzifələrdə çalışdım. Elə olub, eyni vaxtda 3 şirkətlə işləmişəm. Bu, mənim enerjili olmağımdan və işləmək həvəsimdən irəli gəlir. Amma illər keçdikcə şəxsi biznesimi qurmaq istədiyimi düşünürdüm.  Bu işi quranda çox yaxşı gəlirim var idi və Azərbaycanın böyük şirkətlərindən birində işləyirdim. Amma öz işimi qurmağı daha üstün tutdum. Çalışdığım şirkətdə olanda öz işimi qurmaq qərarı verdim, ayrıldım və öz ideyamla yoluma davam etdim. Ümumilikdə çalışdığım işlərin hamısı müştərilərlə iş olub. 10 il ərzində topladığım təcrübə və qazandığım bacarıqlar öz işimi qurmaqda və davam etdirməkdə mənə  kömək edir.
 
- İşə ilk başlayanda komandanızda kimlər vardı?

- Tək deyildim. Universitetdə qiyabi təhsil almağıma baxmayaraq, debat klubunun sədri idim. Debat klubunun sədrinin müavini, PR meneceri və s. olur. Bizim universitetdə əsas təhsil alanlar xanımlar idi, ona görə komandamda da əsas yeri  xanımlar aldı. Biznesimi quranda debatda olan komandanı ora dəvət etdim, razılaşdıq. Ofisimiz yox idi deyə, iclaslarımız universitetin siniflərində, ticarət mərkəzlərində, restoranlarda olurdu. O vaxt bir kurs da işlədirdim, oranı demək olar, iclas otağımız kimi istifadə edirdim. Belə-belə işi qurduq. İşə 8 nəfər xanımla başladıq. Əlbəttə, onların hamısı axıra qədər komandada qala bilmədi. Kimisi bu işi bacarmadı, kimisi, ümumiyyətlə, işləməyin tez olduğunu düşündü. Zamanla işçi heyəti tamamilə yeniləndi. Bu işi qurmaqda ən böyük dəstəkçim isə bacımdır. O olmasaydı, tam olaraq bu işi bəlkə də bacarmazdım. Biznes elədir ki, hər insana güvənə bilməzsən, hər komanda üzvü sənin işinə sənin qədər can yandırmır. Bacım ən etibarlı adamımdır.
 
- Bəs nə qədər maliyyə ilə qurdunuz?

- Düzü, bu işi  maliyyə əsasında qurmamışam. Yəni, xüsusi olaraq maliyyə ayırmamışam. Amma lazım olan ləvazimatları maaşımla alırdım. Əgər bizə nəsə  çap etmək lazım idisə, bunu məvacibim vasitəsilə edirdim. Bu işi qurmaq üçün böyük pullar xərcləməmişəm, xırda məbləğlərlə işə başladıq. İnsan istəyəndə həmin işi görməyin yolunu tapır. Əgər yemək bişirmək üçün 3 ərzağınız varsa, ondan da nə isə hazırlayıb ortaya çıxara bilərsiniz. Mən də o vaxt nəyim var, ondan istifadə edirdim. İdeyam vardı, aktiv idim, yanımda kömək edəcək dostlarım dayanmışdı. Kiməsə pulsuz, kiməsə çox cüzi məbləğdə iş görürdük. İşlərimizin sayı artsın, təcrübə formalaşsın deyə, bunları edirdik.
 
- İlk vaxtlardakı qazanc yadınızdadır?

-  Birinci dəfə bir müştəri bizə sürpriz etmək üçün 300 manat pul verdi. O puldan heç 50 manat da qazanmadıq. Bu gün 5 manata aldığımız ləvazimatı o vaxt 25 manata alırdıq, çünki yolunu bilmirdik. 300 manatı müştəri bizə verəndə bacımla bir-birimizə baxa-baxa qalmışdıq. Düzdür, bunu müştəriyə hiss etdirmədik, amma sevinirdik ki, artıq biz kimisə inandırmışıq. Çünki biz bu sahədə təcrübəsiz idik və biznes yeni idi, ətrafımızda bu işə inanmayanlar da var idi. Hansı ki, sonralar işimizin alınacağına şübhə ilə yanaşanlar belə, bizdən sürpriz hazırlamağımızı istədilər. Məmnuniyyətlə hazırladıq.
 
- Zamanla gəlirlər necə dəyişdi?

- Çalışan hər bir insanın gəliri olur. Əziyyət çəkənin ruzisini Allah yetirir. Xidmət sayı və keyfiyyətə görə müştərilərin müraciəti hər gün daha da artırdı. Artıq daha böyük tədbirləri belə rahatlıqla öhdəmizə götürə bilirik.
 
- İndi komandada nə qədər adam var?

- Hazırda komandada daha çox adam var. Amma hamısı ofisdə deyil. Dizayner, florist, PR meneceri, fotoqraf, videoqraf və s kimi işçilərin ofisdə oturmasına ehtiyac yoxdur. Ümumilikdə komandamızda 30 nəfərdən çox heyət çalışır.
 
- Sürprizlərin ideyası kimdən gəlir?

- İdeya əsasən məndən gəlir. Düzü, bir ara çalışdıq ki, ideyaları hazırlayan xüsusi insanlar cəlb edək. Gəldilər, ideyalar verdilər də, amma tam mənada məni qane etmədi. İnsan bir işin qurucusu olanda ortaya nə çıxarmaq istədiyini özü daha yaxşı bilir. Başqası nə istədiyimizi tam mənada bilmir, ya da mən elə insanla qarşılaşmamışam. Hansısa ideyadan bəhrələndiyim də olub, kiminsə ideyasının üzərində işləyib nələrsə hazırladığım da… Bunu danmaq olmaz. Amma böyük əksəriyyət mənim ideyalarımdır.
 
- Sürprizi daha çox kimlər edir?

- Əvvəllər daha çox kişilər edirdilər. 100 nəfərdən 5-i xanım olsa, bu, fantastik rəqəm idi. Bir ara isə xanımların sayı çoxalmağa başladı. Bir aylıq göstəricimizdə 10 nəfər vardısa, onun 3-ü kişi olurdu. Bilmirəm, bu nədən irəli gəlmişdi. Amma indi demək olar, yarı-yarıyadır. Sürprizi mənasız hesab edən kişilərin bir çoxunun fikri dəyişib, qadınlar da sürprizi ancaq əks cinsdən gözləmirlər, özləri də nəsə edirlər.
 
- Bəyənilməyən sürprizlər olurmu?

- Belə hal olmayıb. Ancaq qarşı tərəfin heç heyrətlənmədiyini gördüyümüz anlar olur. Bütün sürprizləri komanda olaraq çox böyük həvəslə hazırlayırıq. Sanki özümüz üçün edirik. Sürprizi edən adamla birgə həyəcanla o möhtəşəm anı gözləyirik. O qədər sürpriz olub ki,  ağlamışıq, gülmüşük. Bəzən oğlan neçə saat əvvəldən gəlib bizimlə bir yerdə hazırlaşır, hər detalla bir-bir maraqlanır. Sürpriz anında xanım elə bir reaksiya verir ki, sanki hər şey belə olmalıymış, sevincini ifadə etmir, əks fikir də demir. Bu halda daha çox qarşı tərəf məyus olur.
 
- Belə məqamlarda gördüyünüz işdən şübhəniz olurmu?

- Düzü şübhələnmirik. Çünki o ideya bir nəfərə tətbiq olunmur, xeyli insan üçün hazırlanır. İdeya satışa çıxarılanda tələbata baxılır. Heç tələb yoxdursa, deməli, ideya doğrudan da yaxşı deyil. Belə hallar, demək olar, olmur. Bəzən sürpriz edən şəxs qarşı tərəf üçün maraqlı olmur, ona görə də edilən bütün sürprizləri adi qarşılayır. Bir dəfə bir oğlan qızla münasibət qurmaq istəmirdi. Amma qız əl çəkmirdi, sürprizlər edirdi ki, bu iş alınmalıdır. Biz 3 dəfə ona çox fantastik sürprizlər hazırladıq. Amma o oğlan hər dəfə sevinmək və təşəkkür etmək əvəzinə,  əsəbiləşirdi. Üç cəhddən sonra qız işin sürprizlə bağlı olmadığını anladı.
 
- Xanımları təxmin etmək olur, bəs kişilər sürprizlərə necə reaksiya verirlər?

- Sürprizdən təsirlənib, göz yaşlarını saxlaya bilməyən kişilər də olub. Xanımı qucaqlayanlar, bizə dəfələrlə təşəkkür edənlər də var. Amma tərəflərin bir-birlərinə sevgisindən çox şey asılıdır. Düzdür, biz onların sevgisinə bir rəng qatırıq. Əgər sevgi yoxdursa, bu, bir az çətindir.
 
- Əvvəllər biznes dünyasında daha çox kişilər idi. İndi isə xanımlar da burada uğur qazanırlar. Xanım olaraq hər hansı çətinliyiniz olurmu?

- Universitetə hazırlaşmaq, yemək bişirmək necə çətindirsə, bu iş də çətindir. Çətinliyim olur əlbəttə, hər zaman səbirli olmaq asan olmur, hər gün tam fərqli insanlarla işləmək, onların həyəcanlı və stressli günlərində tədbirlərini hazırlamaq da asan deyil, əlbəttə. Ancaq işi sevmək bütün bunlara qarşı gücləndirir məni.
Biznes təhsilli olmamağım bəzən çətinlik yaradır, amma hər gün onun da öhdəsindən gələ biləcəyim yeni yollar kəşf edirəm.  İndi həyat yoldaşım da biznes məsələlərində mənə çox kömək edir. Əvvəllər daha çox vaxtım şəxsi inkişafla bağlı kitablar oxumaqla, TEDx-lərə qulaq asmaqla keçirdi. O qədər seminar, treninqlərə gedirdim ki, anam da bəzən sertifikatlarımdan bezirdi. İndi o qədər çox vaxtım olmasa da, yaxınlarda yerli və xarici mütəxəssislərin seminar və treninqlərinə qatılmağı planlaşdırıram.
 
- Biznesdə maraqlı nə var?

- Həmişə düşünmüşəm ki, bütün gün evdə oturmaqda maraqlı nə var? Necə olur ki, insanlar davamlı olaraq günün 24 saatını evdə keçirirlər? Bu, mənə çox maraqlı gəlib və soruşmuşam da. Amma normal cavab ala bilməmişəm. Biznes sahəsi ilə bağlı verdiyim cavab da kimin üçünsə maraqlı olmaya bilər. Amma insan hansı işdə özünü xoşbəxt, rahat hiss edirsə, orada çalışmalıdır. Mənim üçün biznes elədir. Bütün gün ora-bura qaçmaq, nələrsə öyrənmək, inkişaf etmək, yenilikləri kəşf etmək həyat tərzimdir. Hər kəsin təbiəti fərqlidir. Kimini pul qazanmaq, kimini şokolad, kimini də mənim kimi uğur qazanmaq xoşbəxt edir.
 
- İşə götürəcəyiniz adamlarda nələrə diqqət edirsiniz?

- Pessimist olmayan insanlara üstünlük verirəm. Bu, birinci qaydadır. Çox yaxşı potensialı olsa da, həddindən artıq pessimist, tez depressiyaya düşən insanlarla işləməyi bacarmıram. Ola bilsin ki, mənim xarakterimdən irəli gəlir, amma o cəhətdən çox səbirli insan deyiləm. Hərəkətli və çərçivələri olmayan insanlarla işləməyə üstünlük verirəm. Çünki bizim işin gecəsi-gündüzü yoxdur. Gecə 3-də də işdə ola bilərik, səhər 8-də də, günorta da. Bu kriteriyalar çox önəmlidir.
 
- İş saatınızın belə olmasını yoldaşınız problem etmir?

- Xeyr etmir, buna həm şans, həm doğru seçim də deyə bilərəm. Allaha inanıram və həmişə dua edirdim ki, mənə əks olan insanları qarşıma çıxartmasın. Yoldaşım mənim üçün yaxşı dost və mənəvi dəstəkdir.
 
- Həyat yoldaşınız sizə sürpriz edibmi? Sürpriz edənə sürpriz etmək bir az çətin olar yəqin...

- Görün, indi yoldaşım nələr çəkir (gülür – A.A.). Özüm etdiyim sürprizlər mənim üçün adiləşib. Çünki bir sürprizi yalan olmasın 50 dəfə görmüşəm. Amma yoldaşımın etdiyi də özünə xas olur. Kiçik və böyük, fərqi yoxdur. Nələrin mənim xoşuma gələcəyini demək olar, bilir. Mənim etdiklərimi yox, öz ideyası ilə nələrsə edir. Onun üçün bir dəfə mən də etmişəm. Amma ona hər gün sürpriz etdiyimi desəm, yalan olar.
 
- İş adamı kimi çox mövzudan danışdıq. Bəs evdarlığınız necədir?

- Evdarlığı o qədər də bacarmıram. Bütün günü yemək bişirib, ev yığışdırmağı sevirəm desəm, yalan olar.
Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.1901
TRY 1 Türk lirəsi 0.4835
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2096
EUR 1 Avro 1.9988
CHF 1 İsveçrə frankı 1.7610
USD 1 ABŞ dolları 1.7008