• çərşənbə axşamı, 19 mart, 09:40
  • Baku Bakı 8°C

İnsanları keçmişə aparan məkan - Reportaj

20.04.18 14:00 7998
İnsanları keçmişə aparan məkan - Reportaj
İllər ötür, zaman keçir, yaş dəyişir… Bizdən uzaq düşən uşaqlıq xoş xatirə kimi xəyallarımızda yaşayır. Hər dəfə söz düşəndə "90-larda uşaq olmaq başqa idi” deyirik. Düzdür, 80-lər, 70-lər də gözəl olub. Amma internet əsrini "görməyən” son nəsil 90-lardır. Bəlkə, bu səbəbdən əziz, doğmadır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq "iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının çox olduğu günlərdir, məhəllə davalarıdır, məhəllələrin önündə "Yeddi şüşə”, "Gizlənqaç”, "Ortadaqaldı”, "Bənövşə bəndə düşə”, "İp atdı” kimi oyunlar oynanılması və heç bir qonşunu narahat etmədiyi illərdir 90-lar… Bəlkə də uşaqlığını uşaq kimi yaşayan son nəsil olmaqdır… Ən əsası, gözəl xatirədir…Hərdən hansısa əşya görəndə, uşaqlıq dostları ilə görüşəndə o illəri xatırlayır, işıq sürətiylə 90-lara ünvanlanırıq. Xəyallarımızda canlandırdığımız əşyalar, oyunlarla həyəcanlanırıq. Amma elə bir məkan var ki, orada xəyala dalmağa ehtiyac yoxdur. Bu məkan elə xatirələrin özüdür, qoxusudur, keçmişə səyahətdir. Adı da elə "90lar kafesi”dir. Bizi 28 il öncəsinə aparan, əsrarəngiz məkan…

Keçmişə səyahət üçün sözügedən kafeyə yollanırıq.

Gənclərin 90-lar güşəsi

3 otaqdan ibarət, balaca məkandır. Qapıdan içəri daxil olan kimi insanı ovsunlayır. Orada müasir heç bir əşya yoxdur. Ən xırda detalına qədər keçmişə boyanıb. Dəhlizdə o dövrdə demək olar ki, hər evdə olan piano qarşımıza çıxır. Pianonun kənarlarında kasetlər, plakları, səs yazıları var. Üstü 90-cı illərdə istifadə olunan oyuncaqlarla doludur. Divar ağ-qara uşaqlıq şəkilləri ilə bəzənib. Məlum olur ki, bu şəkillər məkana gələn müştərilərin uşaqlıq şəkilləridir. Hər şəkilin olduğu divar həmin gəncin 90-lar güşəsidir. Girişdə həmçinin yazı makinası (daktilo), qarmon, köhnə telefonlar və fotoaparat diqqətimizi çəkir.

"Sizdən adam olmayıb, olmayacaq da”
Dəhlizdən otaqlara daxil oluruq. Birinci otaqda divarda məşhur "Yol əhvalatı” filmindən sitat var: "Sizdən adam olmayıb, olmayacaq da”. Yerdəki köhnə stol-stullar, hətta stolüstü örtüklər belə, həmin dövrə aiddir. Gənclər köhnə "xallı, rəngarəng” stəkanlarda çay içir, domino, nərd oynayırlar. Məkanda siqaret çəkmək, içki içmək qadağandır. Domino və nərd kimi oyunların oynanılmasına da qız olan stullarda icazə verilir. Məqsəd çayxana abı-havasını yaratmamaqdır. Çünki xanımlar olanda oyun daha sakit keçir.

"Bakkuş”, sakitlik və hüzur
Müştərilərdən Orxangilin komandası dominoda uduzur və o, sərt şəkildə uduzduğu üçün dostlarını qınayır: "Dominoda çox güclüyəm, komanda yoldaşıma görə uduzdum. Oynaya bilmirsiniz, oynamayın da…”. Orxana çay gələndən sonra üzündə qəribə təbəssüm yaranır. Bu təbəssümün səbəbi isə çayın yanında "bakkuş”-un olmasıdır: "Uşaqlığımın ən sevdiyim şirniyyatı… Dadı eyni olmasa da, "bakkuş” məni çox uzaqlara apardı. "Bakkuş”, sakitlik və hüzur üçün darıxmışdı”.

"Özümü nənəmin evində hiss edirəm”

Digər otaqda köhnə divan, qarşısında da stol var. Bu otaq qrup halında gələn müştərilər üçündür. Divarda isə rəngli kağızlarda gənclər öz təəssüratlarını yazırlar. Kimisi xoşbəxtliyini ifadə edir, kimisi ilk görüş yeri olduğunu yazır, nə yalan deyək, "Bura bir də gəlməyəcəm, tövbəəə…” deyənlər belə var…
3-cü otaq isə, məncə ən maraqlı otaqlardandır. Yerlər, divarlar xalça ilə əhatələnib. Bu otaqda stol, stul yoxdur. Müştərilər ayaqqabılarını çıxarır və yerdən əyləşirlər. Mütəkkələr, nalçalar onları uşaqlığına aparır. Yerdə əyləşən Nigara yaxınlaşırıq: "Özümü nənəmin evində hiss edirəm. Hesab edirəm ki, biz 90-ların uşaqları olduğumuz üçün çox xoşbəxtik. Hər dəfə bura gələndə elə fərqli abı-havada oluram ki… Bir uşaq göy qurşağını görəndə, nə qədər sevinərsə, mən də bu kafedə o qədər sevinir, uşaqlaşıram”.
İndi gələk gənclər üçün bu mühiti yaradan "90lar”ın sahiblərinə”… Kafe 2 qardaşın - Rac və Rəhman Aslanovun səyi nəticəsində yaranıb. Özlərinin təbiri ilə desək, kafeni "sürünə-sürünə” yaradıblar.

Rac Aslanovun retro əşyalara xüsusi marağı olub. Evlərinin bir otağında bu əşyaları toplayıb: "Buradakı əşyaların çoxu evdə öz kolleksiyamdandır. Retro əşyaları yığmaq hobbim idi. Kafeni açdıqdan sonra da dost-tanış əşyalar gətirib dəstək oldular”.


"Müştəriyə gəl yox, get deyirik”

Kafenin əsas özəlliklərindən biri vay-fayın olmamasıdır. Kafelərdə gənclərin ilk soruşduğu məlumatın vay-fay parolu olduğunu nəzərə alsaq, bəlkə də kafedə internetin olmaması riskdir. Rac deyir ki, sanki biz müştəriyə gəl yox, get deyirik: "İlk günlər hamı vay-fay tələb edirdi. Əslində dostlarım da dedi ki, bu, riskdir. Amma sonra gördük ki, gənclər söhbət etməkdən zövq alırlar. Təsəvvür edin ki, içki yox, siqaret yox, vay-fay yox. Təzə açılanda qardaşımla deyirdik ki, biz müştəriyə gəl yox get deyirik. Dövrün tələbi vay-fay, siqaret, içkidir. O da bizdə yoxdur. Vay-fay avtobuslarda belə var. İnternet əsrinin əlimizdən aldığı uşaqlığı burada bərpa etmək istədik. Qablar hamısı anamın cehizləridir. Uşaqlıqda şkafda gördüyümüz amma heç vaxt istifadə etmədiyimiz qablar. Qabları yığmaq üçün qohumların evinə gedirdik. Bizi görən kimi qablarını gizlədirdiər”.

Rac deyir ki, dövrə uyğunlaşaraq keçmişin də gözəlliklərini saxlamalıyıq: "90-larda səmimiyyət var idi. İndi səmimiyyət itib. Əvvəl uşaqları çöldən evə yığa bilmirdik indi evdən çölə çıxmırlar. Düzdür, dövrə uyğunlaşmalıyıq. Amma keçmişin gözəlliklərini də saxlamalyıq. İnsanlar ətrafdakı insanlara vaxt ayırmır. Burada vay-fay yoxdur deyə, məcburiyyətdən söhbət edirlər və nəticədə söhbət şirinləşir”.


"İlk zərbəmizi nənəmdən aldıq”

Racın qardaşı Rəhman deyir ki, ilk zərbəni nənələrindən alıblar: "Biz buranı sürünə-sürünə açmışıq. Evdə otağa balaca stol qoyurduq köhnə əşyaları yığırdıq. Anam deyirdi ki, evi tarakan basacaq, bunları yığışdırın. Sonra kafeni açanda kafeyə apardıq və anamın da cehizlərini aldıq. Nənəm isə cehizlərini bizlə bölüşmədi. İlk zərbəmizi nənəmdən aldıq (Gülürlər-A.Ə) Bütün dost-tanışlar bizə dəstək oldu. Kafedə hər 5 nəfərdən 3-ü deyir ki, özümü nənəmin evində hiss edirəm. Anam isə ilk dəfə gələndə kövrəlib ağlamışdı”.

"Tostu yandırmışdıq”

Menyuda tostlar, pomidor-yumurtla, kolbasa-çörək, kofe, çay, dovğa, kokteyllər var. Bütün bunları iki qardaş özü hazırlayır və xidmət edirlər. Rəhman deyir ki, ilk günlər yemək baxımından bəxtləri gətirməyib: "İlk dəfə tostları yandırırdıq. Hətta bəzən çiy tost da vermisik. Bir dəfə müştərinin birinin tostunu yandırmışdım. O da çox ac və əsəbi idi. Ürək sözlərini kağıza yazıb ki, bir daha bu kafeyə gəlməyəcək. Biz də həmin kağızı divara vurduq. Amma artıq hər şey yaxşıdır”.
Kafedə kiril əlifbası ilə olan kitablar da var. Gənclər sakit otaqda, retro musiqilərin əhatəsində o dövrün kitablarını da oxuya bilərlər: "Kitablarımız müxtəlifdir. Dostoyevski, Tolstoy kimi yazıçıların da əsərləri var, amma əksəriyyəti Azərbaycan müəllifləridir. Bəzən müştərilərimiz kitabı aparır, qaytarmırlar. Düzdür, kitab oğurluğu pis şey deyil, amma başqaları da oxuyacaqdısa, onu niyə aparasan? Gənclər kitabların bahalığından şikayətlənirlər. Biz də fikirləşdik ki, onlar kitaba pul verib, ala bilmirlərsə, burdan istifadə eləsinlər”.

Aygün ƏZİZ













banner

Oxşar Xəbərlər