AZE | RUS | ENG |

“İnsan zəhmət çəkib öz işi ilə məşğul olursa, mütləq bəhrəsini görər” - Prezident mükafatçısı

“İnsan zəhmət çəkib öz işi ilə məşğul olursa, mütləq bəhrəsini görər” - Prezident mükafatçısı
Pərvin Nurəliyeva: “Nail olduğum bütün uğurlar ilk növbədə məsuliyyət hissimi artırır...”


Bu il ilk dəfə olaraq elm, mədəniyyət, ədəbiyyat, təhsil və ictimai sahələrdə xüsusi fərqlənən altı gəncə Prezident İlham Əliyevin 1 fevral 2014-cü il tarixli sərəncamı ilə Gənclər üçün Prezident Mükafatları verilib. İstedadı və bacarığı ilə seçilən və 10 min manatla mükafatlandırılan gənclərdən biri də Pərvindir.
Müsahibimiz 1984-cü ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 2009-cu ildə həmin universitetin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura pilləsinə daxil olub və 2012-ci ildə fərqlənmə diplomu ilə bitirib. Hazırda ADPU-da qiyabi doktorantura təhsili alır, fəlsəfə doktoru dissertasiyası üzərində çalışır. 2006-cı ildən ADPU-da çalışır, 2012-ci ildən isə Azərbaycan ədəbiyyatı tarixi kafedrasına müəllim vəzifəsinə seçilib.

2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunudur. Elə həmin ildə AYB-nin üzvü olub və Prezidentin xüsusi təqaüdünə layiq görülüb. Ədəbi mühitə gəldiyi ilk vaxtlarda mətbuatda esselər, kiçik hekayələr, publisistik məqalələrlə çıxış edib. 2011-ci ildə Pərvin Gənclər və İdman Nazirliyinin "Gənclər" mükafatına layiq görülüb. "Qar yağacaq" kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə", Rəsul Rza adına ədəbiyyat fondu tərəfindən "Rəsul Rza Beynəlxalq mükafatı"na layiq görülüb. Onun "Balerina" povesti isə ölkəmizdə keçirilən Milli Kitab Mükafatının ikincisi olub və əsər ayrıca kitab şəklində işıq üzü görüb. O, dəfələrlə xaricdə Azərbaycan gəncliyini təmsil edib. 2011-ci ildə Moskvada Gənc Yazarların I Beynəlxalq seminarında uğurla iştirak edib. Ruscaya tərcümə edilmiş hekayələri müxtəlif ölkələrdən olan seminar iştirakçılarının böyük marağına səbəb olub. "Samir üçün" və "Qar yağacaq" hekayələri müxtəlif almanaxlarda və Rusiyanın ədəbi qəzetlərində işıq üzü görüb.

Həmsöhbətimiz 2012-ci ildə Litvada keçirilən "Gənclik və sosial media" forumunda, Astanada keçirilən "Türk dünyası Dərgilər Konqresi"ndə iştirak edib. Türkiyənin Avrasiya Yazarlar Birliyinin üzvüdür. O, həm də Latviyanın Beynəlxalq Yazarlar və Publisistlər Birliyinin üzvüdür, ruscaya tərcümə olunmuş hekayələri dünyanın 40 ölkəsində yayımlanan "Proza" almanaxlarına daxil edilib. 2013-cü ildə Türkiyədə Akçağ yayım evində "Balerina" adlı türkcə kitabı xalq yazıçısı Anarın ön sözü ilə işıq üzü görüb. Bədii yaradıcılığı ilə yanaşı Pərvin rus və türk dillərindən tərcümələr də edir. Eyni zamanda o, müxtəlif səhnə əsərlərinə aid resenziyaların da müəllifidir.

Zəhmət və gərgin əməyin nəticəsi

-Pərvin xanım, gənc olmağınıza baxmayaraq, bir çox müsabiqələrin qalibi olub, müxtəlif mükafatlara layiq görülmüsüz. Bunu nəyə borclusunuz?

- İnsan inandığı, özünü bacarıqlı hesab etdiyi bir sahə ilə vicdanla, səylə məşğul olursa, uğurlar öz-özünə gəlib onu tapır. Mən heç vaxt mükafat qazanmaq, hansısa ad almaq üçün məqsədyönlü şəkildə nə isə etməmişəm. Sadəcə öz işimlə məşğul oluram. Bütün nailiyyətlərimin arxasında zəhmət dayanır. Yalnız və yalnız işləməklə, çalışmaqla nail olmuşam. Bir də şübhəsiz hər bir insanın getdiyi uzun, çətin yolda qarşısına çıxan adamlar da onun həyatında, taleyində müəyyən mənada rol oynayırlar. Bu adamlar sənin istedadını, zəhmətkeşliyini, gördüyün işləri dəyərləndirib dəstək olurlarsa, bu da əlavə köməkdi, stimuldu. Hesab edirəm ki, bu mənada bəxtim gətirib. Tale məni maraqlı, qeyri-adi, örnək götürməli insanlarla qarşılaşdırıb.

- Sizcə Prezident mükafatının təsis edilməsinin əhəmiyyəti nədir?
- Azərbaycan gəncliyi üçün bu çox böyük hadisədi. Mən hələ heç özüm mükafata layiq görülməmiş, sadəcə onun yaradılması haqqında qərarı eşidəndə çox sevinmişdim. Dövlət səviyyəsində Gənclər mükafatının təsis olunması müəyyən mənada müasir Azərbaycan mühitinin simvolu idi. Məsələn, Sovet dövründə belə idi ki, yaradıcı adamın yüksək səviyyədə mükafatlandırılması, diqqət mərkəzində olması üçün onun uzun bir yol keçməsi, öz sahəsində peşəkar olması lazım idi. O dövrə aid əsərlərdə də, müəyyən adamların memuarlarında da oxumuşuq ki, hanısısa bir gənc irəli çəkilirdisə, bunu etirazla qarşılayırdılar ki, hələ nə yaşı var, gözləməlidi, bir az da yetişməlidi və s. Bu mənada gənclər mükafatının təsis olunması müasir Azərbaycanda gənclərə olan münasibətin bir göstəricisi idi və sübut olundu ki, ölkəmizdə insanın zəhmətinin, istedadının dəyərləndirilməsi üçün heç də onun yaşlaşmasına, az qala bütün ömrünü arxada qoymasına ehtiyac yoxdur.

“Mükafatı hələ xərcləməmişəm”

-Dediniz ki, mükafatın təsis edildiyini öyrəndikdə sevinmisiz bəs bu mükafata layiq görüldüyünüzdə hansı hissləri keçirdiniz?
- Adətən insan həyatında baş verən əlamətdar hadisələri, günləri bir az zaman keçəndən sonra dərk edir, dərininə gedir. Əlbəttə, bu istər yazıçı taleyimdə, istərsə də ümumiyyətlə karyeramda çox böyük uğur, əlamətdar hadisə idi və sevinirdim buna. Amma nail olduğum bütün uğurlar ilk növbədə məsuliyyət hissimi artırır. Düşünürəm ki, bu etimad mənə göstərildisə, onu doğrultmalıyam, cavabını bundan sonra da layiqincə verməliyəm. Bəzən həmyaşıdlarımın bir-iki uğurdan, nailiyyətdən sonra arxayınlaşdıqlarını görürəm. Bəlkə də bu sadə bir insan psixologiyasıdı, adam özünü zirvədə hiss edincə, dincəlmək, aşağı enmək istəyir. Ancaq hər halda indi, bütün sadaladıqlarınızdan sonra da dincəlmək, arxayınlaşmaq üçün səbəb görmürəm. Əksinə, daha çox oxumaq, bundan da artıq işləməliyəm.

- Əgər sirr deyilsə mükafatı nəyə xərclədiz?

- Mükafatı hələ xərcləməmişəm. Müəyyən planlarım var və gələcəkdə onları həyata keçirmək üçün adıma açılan hesaba qoymuşam. Ona görə elə olduğu kimi qalır. Çünki həmin işlərin zamanı hələ çatmayıb.

- Pərvin xanım, necə oldu ki, ədəbiyyata gəldiniz?

- Gözümü açandan, özümü biləndən ədəbiyyata, kitaba çox bağlıyam. Evimizdə böyük kitabxana olub. Valideynlərim ədəbiyyatçı deyillər, amma hər ikisi ali savadlı, mütaliəli adamlardı. Hələ uşaq vaxtımdan atamla ədəbiyyat, sənət söhbətləri edirdik. Yazmağa da məhz uşaq vaxtlarımdan başlamışam. Əslində, çox uşaqlar kimi gördüklərimi, məni təsirləndirən nələrisə gündəliklər şəklində qeyd edirdim. Lakin o vaxtlar yazdıqlarımı gizlədirdim, üzə çıxarmağa utanırdım. 2009-cu ildə Yazıçılar Birliyinin nəzdində yaradılmış “Gənc Ədiblər Məktəbi”nə qoşuldum. Elə ilk yazılarım da bu məktəbdə oxuyanda çap olundu. Bu məktəb məndə ilk növbədə özünəinam, güvən yaratdı. Gənc ədiblər məktəbi eyni maraqları paylaşan adamları bir yerə toplamışdı. Orda müxtəlif ədəbiyyat, sənət müzakirələri keçirdi, ustad dərsləri olurdu, biz yazıçılar, şairlərlə görüşüb, ünsiyyətdə olurduq. Hesab edirəm ki, o məktəbə qoşulmasaydım, yəqin ki, yazacaqdım, yenə elə özüm üçün nəsə cızmaqaralar edəcəkdim, amma çap olunmayacaqdım. Bu gün nəyə nail olmuşamsa Yazıçılar Birliyindəki mühitin, Gənc Ədiblər Məktəbinin və daha sonra “525-ci qəzet”in böyük təsiri hesabınadır.

- Bir yazar kimi gənclərin kitab oxumağa marağının azalması sizin işinizə necə təsir edir?
- Ola bilsin ki, bu məsələlərə bir az romantik yanaşıram. Ümumiyyətlə, yazanda bir neçə zövqünə, ədəbi baxışlarına inandığım adam var ki, onları düşünüb, onların reaksiyalarını fikirləşib yazıram. Amma əlbəttə heç bir yazıçı deyə bilməz ki, o özü üçün yazır. Yazdıqlarımın oxunması, oxucu diqqətini çəkməsi xoş olur, şübhəsiz. Universitetdə dərs deməyim, tələbələrlə ünsiyyətim bu mənada xeyli oxucu qazanmağıma səbəb olur. Bir də əsas peşəkar işdi, qələmi itiləməkdi, öz üzərində çalışmaq və yaxşı əsər yazmaqdı. Hər bir əsərin öz zamanı və öz oxucusu var və vaxtı gələndə o əsər layiqli qiymətini alacaq.

- Gələcək planlarınız necədir?
- “525-ci qəzet”də “Yüz gözəl sevgi şeiri” adlı layihəm bitib. İndi həmin yazılarımın kitab şəklində çapını planlaşdırıram. Eyni zamanda Pedaqoji Universitetin dissertantıyam və Xalq yazıçısı Anarın nəsrindən dissertasiya üzərində çalışıram. Gələn ilin may ayına dissertasiyamı bitirib müdafiə etməyi düşünürəm. İlk növbədə qarşımda duran əsas məsələ elmi işimi bitirməkdir amma daha sonra üzərində çalışdığım və hələlik bir kənara qoyduğum romanı yazıb başa çatdırmalıyam. Hazırda Gənc Tamaşaçılar Teatrı ilə əməkdaşlıq edirəm. Elə bu ay rus xalq nağılı “Qoğal”ın motivləri əsasında yazdığım pyesin premyerası olacaq. Bir pyesim də yaxın zamanda YUĞ teatrında səhnəyə qoyulmalıdı.

- Həmyaşıdlarına məsləhətin nədir?
- Doğrusu, məsləhət verməyi elə də xoşlamıram. Sadəcə onu deyə bilərəm ki, gənc olaraq uğur qazanmaq üçün ən vacib məsələlərdən biri tənbəlliyə qalib gəlməkdir. Hər bir insanın daxilində bir ətalət, həvəssizlik, gördüyü işə biganəlik nöqtəsi var ki, o nöqtəni keçdinsə, özünü zəhmətkeşliyə alışdıra bildinsə, hər şey daha rahat olur, öz axarına düşür. Yalnız iradə və səbrlə o mərhələni keçmək mümkündü.

Aygün ƏZİZPrezident mükafatçısı"> Prezident mükafatçısı"> Prezident mükafatçısı">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219