AZE | RUS | ENG |

“İnsan istədikdən sonra heç bir məhdudiyyət ona əngəl ola bilməz”- Örnək

“İnsan istədikdən sonra heç bir məhdudiyyət ona əngəl ola bilməz”- Örnək
Paralimpiya millimizin üzvü Bəhruz Mirzəyev: Elə boylu-buxunlu uşaqlar tanıyıram ki, nə valideynlərinə, nə də dövlətə xeyir veriblər

Həyatın çox çətin sınaqlarından keçib. Yeniyetməlik dövründə fərqli xəyalları, arzuları olduğu vaxt xəstəliyə tutulub və bu xəstəlik onu arabaya məhkum edib. Amma sağlamlığı ilə bağlı problemləri onun əzmini, iradəsini qıra bilməyib. Arzularının arxasınca gedib və çempion adını qazanıb. "Örnək” rubrikamızın qonağı Boccia idman növü üzrə Paralimpiya millimizin üzvü Bəhruz Mirzəyevdir.
1988-ci ildə Masallıda anadan olub. Orta məktəbi 9-cu sinifdən sonra tərk edib. 18 yaşından sonra xəstəliyi ağırlaşdığı üçün həyatı dəyişib: "Məhdudiyyətim anadangəlmə deyil. Əslində sağlam uşaq idim. Xəstəliyim sonradan büruzə verdi və inkişaf etdi. 18 yaşından sonra isə ağırlaşmağa başladı. Sağlam insanın bir anda fiziki məhdudiyyətlərinin yaranması çox çətindir. O qədər pis olmuşdum ki, evdən çölə çıxmır, özümə qapanırdım. Bəzən yaşamaq istəmirdim. Amma sonra anladım ki, insan istədikdən sonra heç bir məhdudiyyət ona əngəl ola bilməz”.
 
"Karyeramda uğurlar qazanmağa başladım”
 
Bəhruz valideynləri və peşə məktəbindəki müəllimlərinin dəstəyi ilə 18 yaşından sonraki həyatını fərqli arzular və ümidlərlə davam etdirir: "Valideynlərim mənə çox dəstək oldu. Üç il bundan əvvəl eşitdim ki, Sabunçu rayonunda, Ramanada sağlamlıq imkanları məhdud gənclərin 1 saylı Peşə Reabilitasiya Mərkəzi yaradılıb. Fiziki məhdudiyyəti olanlar burada peşələr öyrənə bilərlər. Mən bura gəldim və peşə öyrənərkən məşqçim İlham Məhərrəmovla tanış oldum. Boccia idman növü ilə bağlı mənə məlumat verdilər. Boccia 1984-cu ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib. 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cu ildən ölkəmizdə boccia idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər. Mən təzə başlayanda, dəfələrlə olurdu ki, oyunda qalmaq istəmirdim. Hətta bir dəfə çıxıb evə getdim. Baş məşqçim mənə dedi ki, sən bu oyunda irəli gedə, bayrağımızı zirvəyə qaldıra bilərsən. Atamla müəllimim məni bu oyuna qaytardı. Fiziki məhdudiyyətli olsam belə, onların dəstəyi ilə karyeramda uğurlar qazanmağa başladım”.
 
Bəhruzun uğurları...
 
Bəhruz bundan sonra üzərində işləyib və 11 ölkədə Azərbaycan bayrağını zirvələrə qaldırıb: "Bu mənim üçün milyona dəyər. Beləcə, mən bildim ki, dövlətə lazımlı, dəyərli bir vətəndaşam. Bir dəfə Belarusun Minsk şəhərində təlim məşqində olmuşam. Ondan sonra Türkiyə ilə Azərbaycanda keçirilən dostluq yarışında üçüncü yeri tutdum. 2018-ci ilin mart ayında İspaniyanın Madrid şəhərində 11 ölkə arasında keçirilən regional turnirdə iştirak etdim. Üç ölkəni məğlub etdim. 4 gün bundan əvvəl İtaliyanın Olviya adasından dönmüşəm. Orada da açıq regional turnirdə 15 ölkə arasında birinci yer – təkbətək oyunda qızıl medal götürmüşəm və cütlük arasında da üçüncü yerə çıxmışıq”.
Bəhruz düşünür ki, əgər valideyn sənə dəstək olursa, qarşında heç bir maneə dayana bilməz: "Dostlarım, yaxınlarım da mənə çox dəstək olub. Heç kim həyatda heç nədən sığortalanmayıb. Valideynlərim mənə daha da güc verdi. Sağlamlıq imkanı məhdud övladı olan valideyn övlada güc verirsə, o həmişə gözəl yaşayacaq. Valideyn övladın qəlbini qırdısa, o övlad uğur qazana bilməz”.
 
"Bu bizim çempionumuzdur”
 
Bəhruz deyir ki, mərkəzə gəlməzdən öncə ətrafdakı insanlara fərqli gözlərlə baxıb: "Bu mərkəzə gəlməzdən əvvəl insanlara başqa gözlə baxır, onlara inanmır, qaynayıb-qarışa bilmirdim. Bir neçə dəfə olub ki, mənə nəzir-niyaz kimi pul uzadıblar. Hətta yanımdan keçəndə qulaqlarını dartıblar. Amma indi mənimlə çox adamlar fəxr edir. Tanımayanlar yenə də birtəhər baxır. Bəzən də yanımda uşaqlar olanda soruşurlar ki, siz onu tanıyırsınızmı? "Bəhruz bizim çempionumuzdur” deyə məni onlara təqdim edirlər. Bu mərkəz və valideynlərim məni həyata qaytardı. Bütün qınaqlara gülərək keçməyi bacardım. Onlar mənə dedilər ki, sən həyatda yaşamağa qadir övladsan. Mən onlara minnətdaram. Bir dəfə İspaniyada birinci yarışda olarkən bir saniyənin hər şeyi həll etdiyini anladım. Sonra bildim ki, mən sağlam insandan artığam ki, əskik deyiləm. Elə boylu-buxunlu uşaqlar tanıyıram ki, nə valideynlərinə, nə də dövlətə xeyir veriblər. Allahdan arzum budur ki, canımı sağ etsin, ağlımı başımdan almasın, ağrı-acı verməsin. İnsan bir az zirvəyə qalxdıqca ağlı başından gedir. Pis insanlardan daima uzaq olum”.
 
"Məqsədli olub oxumaq, irəli getmək istəmişəm”
 
Bəhruzun ən böyük arzusu ali təhsil almaq olub. Lakin sağlamlığı səbəbindən məktəbdən uzaqlaşdığı üçün bu arzusunu reallaşdıra bilməyib: "Atam 21 il mühasib vəzifəsində işləyib. Özüm də riyaziyyatı güclü bilir və savadlı idim. Bu xəstəlikdən sonra mənim yaddaş problemim oldu. Ali təhsil almaq istəyirdim və heç bilməzdim ki, fiziki məhdudiyyətli olacağam. Buna da şükr edirəm. Heç kim deyə bilməz ki, 3-5 dəqiqədən sonra nələr olacaq. Daim məqsədli olub, oxumaq, irəli getmək istəmişəm. Ailəm də mənimlə fəxr edir. İnanıram ki, irəli gedəcəm, ruhdan düşməyəcəm. Hər bir insanın qəlbində gözəl arzusu olur. Mən arzumu reallaşdırmaq istəmişəm. Fiziki məhdudiyyətli olmamışdan öncə həyatdan çox şey istəyirdim. Hazırda arzularıma doğru gedirəm. Müəllimlərim mənə o qədər inanır ki... Əvvəl toylara gedə bilmirdim, özümə, məhdudiyyətliyimə baxıb utanırdım. Valideynlərim, müəllimlərim mənə özünəinam, cəsarət verdilər. İnanıram ki, özümü tanıtdıracaq, irəli gedəcəyəm. Bu gün yaşayıramsa, bu gün varamsa, şükr edirəm”.
 
Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN