“İnsan daha yaxşısını görmədiyi vaxt özünü mükəmməl sayır” - Uğur hekayəsi
Çalışan,
cəhd edən, alınmayanda isə həvəsdən düşməyən biridir. Deyir ki, bir işi görməyə
çalışırsansa, bir, iki, üç dəfə alınmaya
bilər, amma səhvlərdən nəticə çıxarıb düzgün yolu tapanda, mütləq alınacaq.
"İnsanın cəhd etməsi daha yaxşıdır ki, səhv etdikcə öyrənir” – deyən
müsahibimiz "AZSIĞORTA” şirkətinin
onlayn satış üzrə şöbə müdiri Sərvər Cəfərovdur.
- Tələbə vaxtı hazırladığınız bir sosial videonu
gördüm. Deyəsən, tələbəlikdən aktiv olmusunuz. Yəqin ki, işləməyə də elə o
vaxtdan başlayarsınız...
- Bəzən
bir çox uğursuzluğumuzun səbəbini olduğumuz mühitin çatışmazlığında axtarırıq,
ancaq ruhunuzda inkişaf həvəsi, irəli getmək arzusu varsa, alternativləri
özünüz yaradır və var gücünüzlə çalışırsınız. Mən Naxçıvanda doğulmuş, orta və
ali təhsilimi də orda almışam. Dərslərdən əlavə hər hansı bir fəaliyyətlə məşğul
olmaq üçün çox az seçim var idi. Qarşıma SIFE (indiki adı ENACTUS) çıxdı. SIFE
Amerikanın təhsil proqramı idi. Universitetlərdə formalaşan tələbə komandalar
SIFE-ın kriteriyalarına uyğun olaraq layihələr icra edir və bunu ölkə
çempionatında təqdim edirdilər. Qalib komanda Azərbaycanı dünya çempionatında təmsil
edirdi. IT menecer kimi qoşulduğum bu proqramda birinci il komandamız Azərbaycan
3-cüsü oldu. Daha sonra isə iki il üst-üstə komandamız Azərbaycan çempionu oldu
və ölkəmizi ABŞ-da və Malaziyada Dünya çempionatında təmsil etdik. Bu zaman artıq
komandanın kapitanı idim. ABŞ-da nəticəmiz yaxşı olmasa da, Malayziyada qrup
3-cüsü olmuşduq və hələ ki bu, Azərbaycanın bu yarışda ən yaxşı nəticəsi
sayılır.
Əslində
"alternativlər” yaratmağa çalışdığım vaxt da, əmək fəaliyyətinə başlamağım da tələbəliyin
ilk illərinə düşdü. İlk olaraq xəbər kanallarından birində texniki işçi kimi
başladım, montaj işləri görürdüm. İkinci kursda oxuyanda Naxçıvanda "Belissa”
mebel fabrikində işlədim. İlk işim sadəcə məhsulların kataloqunu, posterlərini
hazırlamaq idi. Amma bir də gördüm ki, mühasibatlıqdayam. Həmin fabrikdə
çalışmadığım vəzifə qalmamışdı. Mühasib, marketinq, satınalma... Düzdür,
ixtisasıma aid olan istiqamətlər deyildi, amma o iş yeri mənim üçün böyük təcrübə
idi.
- İxtisasınız nədir?
-
İxtisasım Gömrük işinin təşkili və idarə edilməsidir. Qəbul imtahanı dövründə
bu ixtisas çox prestijli sayılırdı. Lakin istənilən halda, bu ixtisasa heç vaxt
marağım olmayıb. Sadəcə, qəbul imtahanı zamanı topladığım bal və ixtisas seçimi
zamanı etdiyim səhv bu fakültədə təhsil almağıma səbəb oldu. Ümumiyyətlə isə
heç vaxt arzuladığım təhsili almamışam.
- Tələbə vaxtı işləməyə başlamağınız maliyyəyə görə
idi, yoxsa özünüzü başqa sahədə görürdünüz?
- İşləmək
imkanı yaranırdı, mən də dəyərləndirirdim. Pul qazanmaq motivasiyası da var.
Üstəlik də gömrük çalışmaq istəmədiyim bir sahə olduğu üçün özümü başqa istiqamətlərdə
də sınamaq marağım böyük idi. İş mühitində olduqca gördüm ki, marketinq mənim
üçün daha çox arzuolunan bir sahədir.
- Marketinq istiqamətində təhsil almamağın
boşluğunu hiss edirsiniz?
- Tələbə
vaxtı təhsilə yox, işə daha çox vaxt sərf etmişəm. Düzünü desəm, təhsilə az
zaman ayırmağın boşluğunu çox hiss etmişəm. 3-cü kursdan sonra işləməyə
başlasaydım, bəlkə də o boşluq olmazdı. Amma digər tərəfdən də fikirləşirəm ki,
tələbə vaxtı o imkanı dəyərləndirməsəydim, indi hələ də "imkan” axtarırdım. Onu
da deyim ki, mənim 34 yaşıma qədər çatmalı olduğum müəyyən məqsədlərim var.
Onlardan biri də xaricdə nüfuzlu universitetlərdən birində MBA təhsili
almaqdır.
- İmkan axtarmaq məsələsinə toxundunuz. Bu gün
imkanlar özü sizi tapır?
- Əslində,
yaranmış imkanı düzgün dəyərləndirməyə çalışıram. Məsələn, media və rəqəmsal
marketinq mütəxəssisi istiqamətinə getdiyim zaman o sahə Azərbaycanda yeni
formalaşırdı. İndi də bəzi yerlərdə iş müsahibəsinə gedəndə CV-də media və rəqəmsal
marketinq sahəsində çalışdığımı görənlər deyirlər ki, vəzifənizin adı dəqiq belə
gedirdi? Çünki o vaxt o sahə məşhur deyildi. Bu imkan qarşıma çıxanda artıq 3-4
başqa variant da var idi və mən birini dəyərləndirməli idim. Dəyərləndirdiyim
media və rəqəmsal marketinq oldu. Artıq o sahə işimdə uğurlu olmağımda verdiyim
ən düzgün qərarlardan biridir. O qərarı verdiyim zaman düşünürdüm ki, bəlkə də
digər işləri seçsəydim, daha yaxşı olardı, amma sonra proses göstərdi ki, ən
düzgün qərarı vermişəm.
- "MƏN” şirkətində də fəaliyyətiniz olub. Orda
sizin haqqınızda yazılan bir cümlə diqqətimi çəkdi: "Biznesmen deyil, lakin biznesin inkişafına dair
iddialı çıxışları onun bu istiqamətdə fəaliyyətinin qənaətbəxş olduğunu göstərir”.
Öz işinizi qurmaq cəhdləriniz olubmu?
- Bakıya
gələndən sonra işlədiyim ikinci yer "MƏN” şirkəti olub. Biz fərqli şirkətlərin
işlərini görürdük. Təkcə orada yox, həmişə mənə həvalə edilən işə şirkətin nümayəndəsi yox, rəhbəri kimi
yanaşmışam. Rəhbər bu işin necə olmasını istəyir? Bu sualı özümə verib, işi
görmüşəm. İndi fəaliyyət göstərdiyim şirkətdə başqa bir agentliklə çalışırıqsa,
onlar üçün nə isə bir iş hazırlayıb göndərirəmsə, çox nadir hallarda düzəliş
üçün mənə geri qaytarırlar. Mümkün qədər üstündə çox işləyirəm, artıq hər şey
aydın olur.
Öz
biznesimə gəlincə isə, çox cəhdlər etmişəm. Hazırda bir dostumla şərikli PUB
işlədirik. İşdən sonra günümün bir hissəsi orada keçir. Əlbəttə ki, bu, xəyalımdakı
biznes deyil, gələcəkdə onu da reallaşdırmaq üçün çalışıram.
- Dediniz ki, çox cəhd etmişəm. Yəqin ki alınmayıb.
Amma deyəsən, bu uğursuz təcrübələr sizi həvəsdən salmayıb.
- Belə
bir fikir var, deyir sizin ən yaxşı təcrübəniz sonuncu səhvinizdir. Ona görə hər
uğursuz biznesi səhv adlandırsaq, deməli, o, bizim üçün yaxşı təcrübədir. Bir dəfə
səhv edirsən, ikinci dəfə deyirsən ki, başqa cür etsəm, alınacaq. Amma o da
uğursuz olur. Üçüncüdə də bəlkə səhv olur, amma əvvəl-axır birində alınmalıdır
(Gülür). İnsanın özünün cəhd etməsi daha yaxşıdır ki, səhv etdikcə öyrənir.
İndiyə kimi uğursuz cəhdlərimin, səhvlərimin nəticəsində öyrəndiklərim biznes
mühitində öz əksini tapmasa da, çalışdığım işdə mütləq özünü göstərib, ən
azından hansısa bir qərarı qəbul etməmə təsir edib.
- Bəzən hansısa bir şirkətdə fəaliyyəti olan
adamlar öz biznesini qurmaqdan ehtiyat edirlər ki, ikisini bir arada aparmaq çətin
olar.
- Bunun əziyyətini
mən də çox çəkmişəm. Bəzən çalışdığım şirkətin işləri ilə yanaşı, əlavə 4 iş
götürmüşəm. Onda düzdür, subay idim, vaxt daha çox olurdu. Amma yenə də hiss
edirdim ki, gördüyüm işdə zəifləmələr olur. İstər-istəməz təsir göstərir. Ona
görə ikisindən birini mükəmməl görməlisiniz. Bu, insanın hansını prioritet
götürməsindən asılıdır. Siz ya işinizi əsas götürürsünüz, biznesə ikinci planda
baxırsınız, yaxud əksinə. Buna görə də hazırda çalışdığım işə daha çox diqqət
verirəm. PUB bir əyləncə yeridir. Sadəcə, dostumla danışıb bunu etmişik.
Hazırda öz biznesimə əyləncə kimi baxıram, işdən sonra işin stressini atmaq
üçün bir yer də demək olar. İşdən uzaqlaşmaq deyək. Amma orada da işin sahibi
olmaqdan çıxıb, işlədiyim də olur. Bəzən qonaq çox olur, onda barmen, ofisiant
kimi də işləyirəm. Gələn müştərilər də məni adi işçi bilir. Bəzən hansısa bir
şirkət nümayəndəsi ilə işlə bağlı görüşəndə görürəm ki, barmen kimi xidmət
etdiyim adamdır. Onlar da təəccüblə baxırlar (Gülür).
- Bəs bu, işdən sonra vaxtınızı çox almır?
- Əslində,
işə başlayanda düşünürdüm ki, PUB işlətmək vaxtımı elə çox almayacaq. Gündə
bir-iki saat ayırmaq bəs edəcək. Amma işə başlayandan sonra işin məsuliyyətini
çiyinlərə götürəndə görürsən ki, bir-iki saatla heç də alınmır. Çalışdığım şirkət,
PUB və ailə. Bunların hamısına zaman ayırmaq lazımdır. Bu üçü arasında balansı
qorumaq çox çətindir, amma mümkün qədər tənzimləməyə çalışıram.
- İndiyə qədər əldə etdiklərinizə əsasən heç
özünüzü qiymətləndirirsiniz?
- Hər
hansı bir işi görəndə, bitirəndə öz fəaliyyətimi mütləq analiz edirəm. Düz və səhvlərimi
araşdırıram, nəticənin nə olduğuna baxıram. Ümumi yanaşsaq, universitetə qəbul
olduğum vaxtla indiyə kimi olan prosesləri götürəndə düşünürəm ki, mən uğurlu
bir insanam. Həmişə çətin şəraitlərdə nə isə etməyə çalışmışam. Universitet
vaxtı məndə belə bir neqativ fikir var idi ki, niyə Bakıda yox, Naxçıvanda təhsil
alıram. Amma o müddətdə yaxşı bir aktivlik formalaşdıra bildim. Universitet
vaxtı səfər etdiyim ilk ölkə ABŞ olmuşdu. Daha sonra Malayziya, İspaniya getdim. Əsgərlikdən sonra Bakıya gəlmək istədim, burada təklif
olunan işin maaşı isə az idi. Komfort zonamı tərk etdiyimdən xərclərim bir neçə
dəfə artıq olacaqdı. Amma mən özümü o çətinliyin, rəqabət mühitinin içinə
atdım. Və burada başqa bir şeyi kəşf elədim. İnsan daha yaxşısını görmədiyi vaxt özünü mükəmməl sayır. Məsələn,
Naxçıvanda düşünürdüm ki, çox mükəmmələm, amma Bakıya gəlib burda iş mühitinə
düşəndə çox dayazda olduğumu gördüm. Və o boşluğu doldurmaq üçün çalışdım.
- Ənənəvi sualımız: uğurunuzun sirri nədir?
- Mənə
görə, bütün insanların uğurunun sirri çalışmaqdır. Bəzi insanlar işsizlik, işlərinin
alınmaması, şərait və s. məsələlərdən şikayətlənirlər. Amma məncə, əgər insan
hansısa bir nəticə əldə etmək istəyirsə və bunun üçün çalışırsa, imkan, pul, şərait
də gəlir. Nobel mükafatçısı kimyaçı alim
Dr.Aziz Sancar deyib ki, insanları
bir-birindən fərqləndirən onların çalışma tezliyidir. Yəni, daha çox və sürətli
çalışanlar seçilirlər.
- Bəs xanımınızın uğurunuzda payı nə dərəcədədir?
- İki
ildir ailəliyəm. Sual verilsə ki, ən böyük uğurum nədir, heç düşünmədən deyərəm
ki, düzgün həyat yoldaşını seçmək. Çünki eyni düşüncə, eyni fikirdə biriyik.
Əlavə işlər götürəndə onları həyat yoldaşımla bir yerdə görürük. İndi də hər
hansı ideyam olanda, birinci məsləhətləşdiyim şəxs həyat yoldaşım olur. Onun rəyləri
mənim üçün çox önəmlidir. O, PR mütəxəssisidir, bilik və bacarıqlarımızı cəmləşdirib
işləyə bilirik.
Aygün
Asimqızı