AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çinli və qambiyalı tələbələrin Azərbaycandakı sərgüzəştləri- Əcnəbi

Çinli və qambiyalı tələbələrin Azərbaycandakı sərgüzəştləri- Əcnəbi

Gənclik qəzeti
13 Dekabr 2019, 12:13 1606
Ceesay Musa: "Dedim ki, mən insan yemirəm”
Min Feng: "Yetim” müraciəti çox qəribədir”

 
İki fərqli ölkənin vətəndaşlarıdırlar. Biri çinli, digəri qambiyalı. Təhsil almaq üçün Azərbaycana üz tutublar. Deyirlər ki, burada dil öyrənmək imkanları çox rahatdır. Onlara görə, əgər sən rus, ingilis və azərbaycan dilini eyni anda öyrənmək istəyirsənsə, mütləq Azərbaycana gəlməlisən...
"Əcnəbi” rubrikamızın qonaqları qambiyalı Ceesay Musa K və çinli Min Fengdir.
Ceesay Musa K Afrika qitəsində yerləşən Qambiyada Respublikasında anadan olub. Orta və ali təhsilini Qambiyada alıb. Məktəbi bitirdikdən sonra isə ölkəmizdə təqaüdlə təhsil almaq imkanı əldə edib: "Prezidentin "Qoşulmama hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə təhsil üçün qrantların verilməsi haqqında” sərəncamına əsasən Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram. Həm də müəllim kimi fəaliyyət göstərirəm”.
Min Feng isə Bakı Slavyan Universitetinin hazırlıq şöbəsində ətraf mühitlə bağlı təhsil alır: "Azərbaycanda oxumağa gəlmək şansı qazandığım üçün qürurlanıram. İlk məqsədim rus dilini zənginləşdirməkdir. Ümid edirəm ki, bakalavr təhsilimi uğurla başa çatdıracağam və məhz bu ölkədə magistratura pilləsində oxuyacağam. Azərbaycanı çox sevdim. Burada çoxlu dostlarım var. Onların sayəsində rus və azərbaycan dillərini asanlıqla öyrənirəm. Düşünürəm ki, əcnəbi dillərdə danışmağım mənim üçün üstünlükdür”.

"Bu şəhər məni inkişaf etdirdi”

Qambiyalı həmsöhbətimiz Azərbaycan haqqında ilk dəfə "Avroviziya” mahnı müsabiqəsində eşidib. Daha sonra Avropa Oyunlarının bizim ölkədə keçirilməsi, "Qarabağ” futbol komandasının Avropada uğurları ölkəmiz haqqında onda təsəvvür yaradıb. Məhz bu uğurlar ona ölkəmizi sevdirib və təhsil almaq üçün Azərbaycanı seçib: "Azərbaycanın mədəniyyəti çox zəngindir. Bu şəhər məni inkişaf etdirdi. Bir şəhərdə yaşayaraq iki dili öyrənmək imkanı qazandım. Mən buraya gələndə xarici dilləri bilmirdim. Bir ildə artıq ingilis və rus dillərini öyrəndim və rahat ünsiyyət qura bilirəm. Azərbaycan dilindən də az da olsa anlayışım var. Gələn semestrdən isə azərbaycan dilini səlis öyrənəcəyəm”. 

"Azərbaycanda özünü inkişaf etdirmək imkanları var”

Çinli tələbənin isə məqsədi təhsilini bitirdikdən sonra Azərbaycanda yaşayıb, biznes qurmaqdır: "Azərbaycanda yaxşı təhsil və özünüinkişaf etdirmək imkanları var. Ən əsası isə insanları çox yaxşı, qayğıkeşdirlər. Düşünürəm ki,  yaxşı oxuyub, biznes qurmalı və insanlara kömək etməyin yollarını öyrənməliyəm”.
Çinli müsahibimiz futbol oynamağı və izləməyi çox sevir: "Düzdür, Azərbaycan futbolu ilə dünyada məşhur deyil, amma gənc ölkə olmağınıza baxmayaraq, məşhur komandaları bura gətirməyi bacarıbsınız. Əslində, bu da böyük uğurdur”.

"Adına layiq - Şah plovu”

Əcnəbilərlə söhbət edərkən Azərbaycan mətbəxindən danışmasaq, olmaz. Adətən həmsöhbət olduğumuz əcnəbilər Azərbaycan mətbəxinin kababını sevirlər. Kababın adını çəkən kimi müsahiblərimizin də üzlərində məmnunluq ifadəsi canlanır. Xüsusilə, qambiyalı tələbə Azərbaycan mətbəxini çox sevir. Hətta yataqxanada öz yeməklərini də özü hazırlayır: "Azərbaycan mətbəxini sevməmək olmaz. Düzdür, kababın xüsusi dadı var və ən gözəlidir. Amma plovun da yerini heç nə verməz.
Xüsusilə şah plovun... Həqiqətən, adına layiqdir”.
İlk dəfə adını eşidəndə təəccübləndiyi yemək isə  həmsöhbətimizin "tri sestra” adlandırdığı, "3 bacı” dolması kimi məşhur olan badımcan, pomidor, bibər dolmasıdır: "Adı çox gülməlidir. Onu mənə təklif edəndə "insan yemirəm” demişdim. Universitetin yataqxanasında şərait çox yaxşıdır. Burada sizin ölkənin də yeməklərdən bişirməyə çalışıram. Düzdür, eyni dad alınmır, amma cəhd edirəm və bənzədirəm”.

 Dönər, makaron - tələbə yeməyi

Çinli isə bir çox tələbə kimi dönəri sevir: ""Dadlı yeməkləriniz var. Kababı və dolmanı sevirəm, amma bişirə bilmirəm. Ümumilikdə isə tələbənin məşhur və müasir yeməyi dönər və makarondur”.

"Özümü əcnəbi kimi hiss etmirəm”

Qambiyalı həmsöhbətimiz tez-tez tədbirlərdə çıxış edir, universitetinin ictimai həyatında, əcnəbi olsa da, fəallığı ilə seçilir. Deyir ki, insanlar onu o qədər yaxşı qarşılayır ki, özünü əcnəbi kimi hiss etmir: "Mən burada bir neçə tədbirə qatılmışam. Qoşulmama hərəkatı çərçivəsində Azərbaycana gəldiyim üçün Təhsil Nazirliyinin də bu istiqamətdə keçirilən tədbirlərində iştirak edirəm. Çıxış etməyi və diqqət mərkəzində olmağı sevirəm. Bütün bunlar mənim daha yaxşı olmağım üçün əlimdən gələni etməyimə yol açır. İnsanlarınız da həmişə məni yaxşı qarşılayır. Özümü vətəndəki kimi hiss edirəm. Azərbaycanlıların qayğıkeşliyi məni həmişə təəccübləndirib. Bir dəfə ingilis dilində danışıq klubundan çıxarkən hava soyuq idi və pulumun bitdiyinin fərqinə varmamışdım. Azərbaycanlı kurs yoldaşım məni taksiyə mindirib, pulumu da verdi. Bu hadisə məni çox təsirləndirmişdi”.

"Ona gülmək qadağandır”

Həmsöhbətimiz iki ölkə arasındakı fərqliliklərdən də danışdı: "Azərbaycan və Qambiya arasında oxşarlıqlarla yanaşı, fərqli tərəflər də çoxdur. Müsəlman olsaq da, Qambiyada fərqli adət-ənənələrimiz var. Çünki çoxlu sayda etnik qrup yaşayır. Hər bir etnik qrupun da fərqli və zəngin adətləri var. Bizim ölkədə də yaşından, irqindən asılı olmayaraq, hər kəsə hörmət edilir. Adətə görə, insanı xəstəliyinə, fiziki görkəminə görə lağ etmək qadağandır”.
Qambiyanın məşhur adətlərindən biri də, fərqli sünnət mərasimləridir. Gənc Qambiya oğlanları yetkinlik yaşına çatmamışdan əvvəl sünnət mərasimini keçirirlər. Xüsusilə, şəhər yerlərində ənənə pozulsa da, kəndlərdə əsl ənənəyə uyğun həyata keçirilir. Sünnətə əsl əməliyyat, sünnət olunan uşaqlar üçün bir təhsil proqramı və böyük bir şənlik daxildir: "Oğlanlar müəyyən müddət üçün o mərasimə aparılır və onlara sünnətlə yanaşı təhsil, tərbiyə verilir. İnsanlarla necə davranmaq lazım olduğu, etika, estetika, xanımla davranış qaydaları öyrədilir. Sünnət olunan oğlan artıq yetkin hesab olunur və heç kimə sirr verməməlidir”.
 
"Ola bilsin ki, heç vaxt onlar bu rəngdə adam görməyiblər”

Əcnəbi tələbələr azərbaycanlı müəllimlərini sevirlər. Çinli tələbə deyir ki, məqsədlərinə gedən yolda müəllimləri onu cəsarətləndirir: "Azərbaycanlı müəllimlərin mənimlə ünsiyyətini sevirəm. Dostcanlı və qayğıkeşdirlər. Onlar məni həmişə cəsarətləndirirlər”.
Qambiyalı tələbə də müəllimlərdən dəstək aldığını vurğulayır: "Azərbaycanlılar, xüsusilə də təhsil aldığım universitetin müəllimləri əcnəbilərə qarşı çox səbirlidirlər. Universitetdə dərslərimiz asan deyil. Müəllimlər çox tələbkardır, amma bir o qədər də səbirlidirlər”.
Azərbaycanda unutmadıqları maraqlı hadisəyə gəldikdə isə Qambiyalı tələbə Musa qaradərili olduğu üçün fərqli baxışlarla tez-tez rastlaşıb: "Məncə, burada hər şey maraqlı və unudulmazdır. İnsanlar məni görəndə diqqətlə baxırlar. Ola bilsin ki, heç vaxt bu rəngdə adam görməyiblər və buna görə onları anlayıram”.

""Yetim” müraciəti çox qəribədir”

Çinli həmsöhbətimizi isə deyir ki, burda hər kəs salamlayır, dost olmaq istəyirlər: "Burada bəzi gənclər məni görən kimi salamlayır, azərbaycan dilində sözlər öyrətməyə çalışırlar. "Yetim” müraciəti çox qəribədir. Mənimlə şəkil çəkdirmək istəyirlər. Bir də metronuz çox basabasdır. İnsanlar həmişə ayaqqabımı tapdalayırlar. Azərbaycan dilində öyrəndiyim ən gözəl söz isə "mən səninlə dost olmaq istəyirəm”dir”.
Aygün ƏZİZ