Çində universitet birincisi olan azərbaycanlı tələbə - Xaricdə təhsil

Bu yaxınlarda azərbaycanlı tələbə Fərahim Hüseynzadə Çində
universitet birincisi oldu. Çinin Renmin Universitetində təhsil alan
həmyerlimiz oxuduğu ali təhsil müəssisəsinin
daxili təqaüdünə və ən yüksək mükafatına layiq görülüb. "Xaricdə təhsil”
rubrikası üçün elə bu nailiyyətindən dolayı Fərahimlə söhbətləşdik. Deyir ki,
Çinə gedəndən ağlındakı tək fikir təhsilini
tamamlayıb, yenidən Azərbaycan qayıtmaqdır. Bütün gücünü, elmini, biliyini
ölkəmizin, xalqımızın inkişafı üçün sərf etmək niyyətindədir.
Qeyd edək ki, F.Hüseynzadə Bakı Dövlət
Universitetinin (BDU) hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili
alıb. BDU-da oxuduğu müddət ərzində fakültənin Tələbə Gənclər Təşkilatının
sədri və iki dəfə "İlin tələbəsi” seçilib.
Hazırda isə Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Çin Xalq Respublikasının qarşılıqlı müqaviləsi əsasında (Chinese
Government Scholarships) Renmin Universitetində "Çinin biznes hüququ” üzrə
magistr pilləsində tam təqaüdlə təhsilini davam etdirir. Təhsil aldığı müddətdə
ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən F.Hüseynzadə "Academic
Performance” kateqoriyası üzrə Renmin Universitetində nəinki fakültə, həmçinin
universitet üzrə birinci olmağı bacarıb. Bu kateqoriyada o, ABŞ, Böyük
Britaniya, Almaniya, Fransadan olan tələbə həmkarlarını qabaqlamağı bacarıb.
- İlk olaraq sizi
tanıyaq.
- 1994-cü ildə Bakı şəhərində doğulmuşam. Məktəb
illərində bir çox bilik yarışlarında özümü sınamışam. "Mən Azərbaycanlıyam”
intellektual oyunu üzrə ilin qalibi, "Nə? Harada? Nə zaman?” intellektual oyunu
üzrə kubokların sahibi, "Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi və
universitet liqası üzrə Azərbaycan çempionu olmuşam. Həmçinin, "Ağıl Dəryası”,
"Parlaq zəka” bilik yarışmalarında iştirak etmişəm. 2011-ci ildə 642 balla
BDU-nun hüquq fakültəsinin ingilis dilli bölməsinə qəbul oldum. Hüquq sahəsində
də kifayət qədər təcrübəm var. Çünki ixtisasım üzrə müxtəlif qurumlarda həm
praktika keçmişəm, həm də çalışmışam. 2015-ci ildə universiteti bitirib hərbi
xidmətə yollandım. Hərbidən tərxis olunduqdan sonra isə yaxın bir dostumla şirkət
qurduq. 2017-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq
Respublikası arasında olan təhsil proqramına əsasən Çinin Remain Universitetində
tam təqaüdlə təhsil almaq şansı qazandım. Oxuduğum illərdə də universitet
rəhbərliyi heç vaxt dəstəyini əsirgəməyib. Xüsusilə də rektorumuz Abel
Məhərrəmovun və fakültəmizin dekanı Əmir müəllimin daim dəstəyini hiss etmişəm.
İstər xarici ölkələrə təhsil üçün müraciət edəndə, istərsə də ictimai
fəaliyyətimdə əllərindən gələn köməkliyi göstəriblər. Uğurlarıma verdikləri
töhfə əvəzsizdir. Buna görə onlara təşəkkür edirəm.

- Necə oldu ki,
xaricdə təhsil almaq qərarına gəldiniz? Və nəyə görə Çin?
- Əslində, əvvəldən xaricdə təhsil haqqında planım
var idi. Təhsil, digər ölkələrin də insanları ilə fikir mübadiləsi apardıqca
daha da dəyərli olur. Bütün günü kitabxanada oturub kitab oxumaqla elmi,
təhsili mənimsəmək olmaz. Müxtəlif düşüncəli insanların da fikirlərini eşitmək
lazımdır. Məncə, insan daim özünü inkişaf etdirməyə çalışmalıdır. Həmin ərəfədə
dünyanın bir çox tanınmış universitetlərindən dəvətə almışdım, amma Çini
seçdim. Çini seçməyimə səbəb isə hazırda bu ölkə ilə əlaqələrin
genişləndirilməsinin ölkəmizin prioritet məsələlərindən biri olmasıdır.
Düşünürəm ki, ölkələr arasında olan bu əməkdaşlığı inkişaf etdirəcək,
genişləndirəcək şəxslərə ehtiyac var. Hüquq sahəsi də, dövlətin sütunlarından
biridir. Buna görə düşündüm ki, Çin ən doğru seçimdir. Bura gələndən sonra da
bir daha əmin oldum ki, bu ölkədə olan innovasiyalar, inkişaf daha çoxdur və
seçimim də yanılmamışam.
- Xaricdə təhsil
şərtdirmi?
- Əslində, bu sualı verəcəyinizi gözləyirdim. Yox,
məncə, xaricdə təhsil şərt deyil. Başqa
ölkəyə getmədən də kifayət qədər özünü inkişaf etdirmək olar. Yəni, hazırda
texnika və texnologiya o qədər inkişaf edib ki, istənilən onlayn resursdan
istifadə edərək, biliklərini artıra bilərsən. Məncə, məkanın fərqi yoxdur.
İnsan öz şəxsi inkişafı üçün daim çalışmalıdır. Ona görə də "xaricdə təhsil
mütləq olmalıdır” deyə bir düşüncəm yoxdur. Amma ki, əgər təqaüdlü təhsil
proqramlarına qoşulmaq imkanı varsa, ölkəmiz belə bir şərait yaradıbsa, niyə də
bundan istifadə edilməsin?

- İki ölkənin
təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?
- Bir çox dünya ölkələrində olduğu kimi Çində də
dərsin keçirilməsində interaktiv üsula üstünlük verilir. Texnologiyanın verdiyi
imkanlardan geniş istifadə etmək olur. Digər tərəfdən, Çində kitabxana
mədəniyyəti daha çox inkişaf edib. Burada kitabxanaların boş olduğunu görmək
müşkül məsələdir. Kitabxana müqəddəs bir yer sayılır. Oxumağa böyük həvəsləri
var. Çünki irəli getməyin, inkişaf etməyin yolunu oxumaqda görürlər. Amma buna
baxmayaraq, müəyyən oxşarlıq da var. Belə ki, konfutsi mədəniyyətindən irəli
gələrək, müəllimə dərin hörmət və ehtiram hissi ilə yanaşırlar. Yəni, bu o
demək deyil ki, digər ölkələrdə bu yoxdur. Sadəcə, Azərbaycanda və Çində daha
yüksək səviyyədədir. Məncə, bir qədər də ideologiyadan irəli gələn yanaşmadır.
- Xarici ölkəyə
gedən tələbələrin mətbəxə öyrəşmək məsələsi də var. Çin mətbəxinə alışmaq çətin
olmadı ki?
- Buranın mətbəxinə öyrəşə bilməmişəm, məncə,
öyrəşə də bilməyəcəyəm (gülür). Mətbəxlərimiz çox fərqlidir. Bacardığım qədər
yeməkləri özüm hazırlayıram. Əsasən, toyuqdan hazırlanmış yeməkləri yeyirəm.
Çinlilərin əsas yeməyi əriştədir. Bəzi xəmir yeməkləri var ki, bizimkilərə
oxşayır. Bir az da onlardan yeyə bilirəm. Açığı, yeməklərini dadmağa çəkinirəm,
çünki çox acılı olur.

- Ən çox nədən ötrü
darıxırsınız?
- Əslində, bu suala cavab vermək çox çətindir.
Çünki artıq uzun müddətdir ki, burdayam və bir çox şey üçün darıxmışam. Ən çox
da ailəm üçün darıxıram. Ailəm daim hər işdə mənə dayaq olub. İndi isə onlarla
ancaq internet üzərindən əlaqə saxlayıb danışa bilirəm. Bu isə real ünsiyyətin
yerini vermir. Ailə mühiti, istiliyi tamam başqadır. Digər tərəfdən də, doğma
Bakı üçün də çox darıxmışam. Məncə, Bakını əvəzləyəcək ikinci bir şəhər yoxdur.
Oradakı doğmalığı, səmimiyyəti, istiliyi başqa heç bir şəhərdə tapa bilmirəm.
Mətbəxdən danışsaq, anamın bişirdiyi yeməklər üçün darıxıram.
- Nə kimi
çətinlikləriniz olur?
- Əslində elə də ciddi bir çətinliyim olmayıb. Ən
böyük çətinlik ölkələr arasında 4 saat fərqin olmasıdır. Hələ də bu fərqə
öyrəşə bilmirəm. Digər tərəfdən, aradakı mədəniyyət fərqi də bir az çətinlik
doğurur.
- Xərclərinizi necə
qarşılayırsınız?
- Oxuduğum universitetdən təqaüd alıram. Deyərdim
ki, bu, mənə kifayət edir. Çox güman ki, universitetdə əldə etdiyim uğura görə,
indi aldığım qədər əlavə bir təqaüd də alacam. Özüm də çox qənaətcil insanam.
İsrafçılığı xoşlayan deyiləm. Burada ev çox bahalıdır. Mənim burada qalmağım da
qarşılandığı üçün o baxımdan ciddi bir xərcim çıxmır. Həmçinin, özüm də
işləyirəm. İşləməyi sevən adam üçün düşünmürəm ki, pul problem olsun.

- Boş vaxtlarınızda
nə ilə məşğul olursunuz?
- Musiqi dinləməyi çox sevirəm. Yeri gəlmişkən, qeyd
edim ki, fortepiano məktəbini bitirmişəm. Bakıda olanda boş vaxtlarımda pianino
çalırdım. Burada pianinom yoxdur deyə, sadəcə qulaq asıram. Və arada şer
yazıram. Artıq iki kitabım nəşr olunub, çox güman ki, ilin axırına üçüncünü də
çap etdirəcəyəm.
- Musiqi zövqünüz
maraqlıdır...
- Daha çox klassik və retro mahnılara qulaq asıram.
Qruplardan "Qaya”nı, müğənnilərdən Flora Kərimovanı, Şövkət Ələkbərovanı, Akif
İslamzadəni, Oqtay Ağayevi, Nərminə Məmmədovanı dinləmək mənə böyük zövq verir.
Həmçinin, fransız, türk retro mahnılarını da dinləyirəm.

- Universitetdə ən
yüksək bal toplayan tələbə olubsunuz. Maraqlıdır, bu uğurun sirri nədir?
- Mənim üçün uğurun sirri daim öz üzərində işləyib,
inkişaf etməkdir. Təbii ki, hər gün dərs oxuyub, ancaq elmlə məşğul olmaq
lazımdır deyə bir şey yoxdur. Məsələn, ziyalı, dünyagörüşlü biri ilə bir
saatlıq söhbət belə, insana çox şey öyrədə bilər. Bunun özü də bir növ
inkişafdır. Həmçinin, gərək insan təvazökar olsun. Kiçik bir uğur qazanan kimi
özünü insanlardan üstün görüb, onlardan təcrid olunmamalıdır. Baş vermiş hər
yaxşı hadisəyə görə şükür etmək lazımdır. Bir də mən düşünürəm ki, həyat
bumeranq kimidir. Etdiyimiz hər bir şey bizim özümüzə qayıdır. Ona görə də,
bacardığımız qədər yaxşı insan olmağa çalışmalıyıq. Onu da qeyd edim ki, zəhmət
çəkən insanın əziyyəti yerdə qalmır, mükafatı mütləq olur.
- Gələcəklə bağlı nə
düşünürsünüz?
- Mən ölkəmi çox sevirəm. Bura gələndə də ağlımdakı
tək fikir təhsilimi tamamlayıb, yenidən Azərbaycan qayıtmaq idi. Hələ də, bu
düşüncədəyəm. Burada öyrəndiklərimi gəlib öz ölkəmdə tətbiq etmək istəyirəm.
Bütün gücümü, elmimi, biliyimi ölkəmizin, xalqımızın inkişafı üçün sərf eləmək
niyyətindəyəm. Bu işdə də istədiyim uğuru əldə edəcəyimə əminəm. Çünki bunu istəyərək,
sevərək edirəm. Bilirəm ki, bunun üçün müəyyən mərhələlərdən keçməliyəm.
Ümidvaram ki, qarşıma qoyduğum bu məqsədə nail olacağam. Bunu da qeyd edim ki,
hazırda Çində təhsil alan azərbaycanlı gənclərin elmi assosiasiyasını yaratmağı
düşünürük.
Günel Azadə
