“İmtahandan kəsilməyim həyatımda dönüş nöqtəsi oldu” - Debüt
Yasin Abbasov: Uşaq evinə
gedəndə, ilk vaxtlar orda yaşamaq istəməsəm də, 10 ildən sonra ordan ayrılmaq
istəmirdim
1995-ci ilin iyununda Naxçıvan şəhərində doğulub. Uşaqlığı Nizami
rayonu 1 nömrəli uşaq evində keçib. 6 yaşından 16 yaşına qədər uşaq evində
böyüyən Yasin Abbasov məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin "Musiqili teatr aktyoru” ixtisasına qəbul olunub.
Burda ölkənin ən qabaqcıl pedaqoqlarından dərs aldıqdan sonra Abdulla Şaiq
adına Dövlət Kukla Teatrında əvvəlcə səhnə maşinisti rəisi, daha sonra aktyor
kimi fəaliyyət göstərib.
Aktyor kimi çalışdığı 1 il ərzində teatrın repertuarındakı yeni
tamaşalarda maraqlı obrazlarda görünüb. Belə ki, "Ələddin”də Ələddin, "Tıq-Tıq və
Taq-Taq-ın nağılı”nda nağılçı, "7 nar çubuğu”nda qardaş, "Cırtdan”da dəmirbaş, "Oyaq
gözəl”də şahzadə kimi obrazlar canlandırıb. Hələ yaradıcılığının əvvəlində olan
24 yaşlı aktyorun ən böyük müəllimi isə elə həyatın özü olub.
- Uşaq evindəki həyatınız yaddaşınızda
necə qalıb?
- Uşaq evinə gedəndə artıq 6 yaşım vardı. Mən burda məktəbə getmişəm,
eyni taleyi yaşadığımız həmyaşıdlarımızla mehriban bir ailə, dost olmuşuq. Düzdür,
orada qalan hər uşaqla münasibət saxlaya bilmirsən. Qrupda 25 nəfər uşaq varsa,
onlardan ancaq 4-5 nəfərlə yaxın münasibətdə olursan. Uşaq evində yaşamaq əvvəl
insana çətin gəlir. Düşünürsən ki, burda mənə baxa bilməyəcəklər. Ancaq yaşadıqca,
böyüdükcə, düşdüyün rejimə alışmağa məcbur olursan. Böyüməyə macal tapmırsan,
elə uşaq yaşlarından böyüyürsən. Uşaq evinə gedəndə, orda yaşamaq istəməsəm də,
10 ildən sonra ordan ayrılmaq istəmirdim. Uşaqlarla o qədər doğmalaşmışdıq ki, ayrılıq
mənə çətin gəlirdi.
- Ən çox nəyə ehtiyac
duyurdunuz?
- Əvvəllər düşünürdüm ki, görəsən bizə nə üçün belə soyuq münasibət
göstərirlər? Sonra anladım ki, biz valideyn qayğısından məhrum uşaqlarıq və
bunu yaşamaq taleyimizdir. Əlbəttə ki, daha çox valideyn qayğısına ehtiyacımız
var idi. Biz o qayğıdan məhrum idik. Düzdür, anam hər bazar günü 2 saatlıq bizi
görməyə gəlirdi, ancaq 2 saatlıq qayğı kifayət eləmirdi. 2 saat ərzində
gördüyün qayğı, onu hiss etməyə çalışdığın an bitirdi, o hissin yarımçıq
qalırdı. 150 nəfər üçün hazırlanan yeməyin dadı olmur. Valideynin bişirdiyi
yeməyin dadı tamam başqa olur. Uşaq evində uşaqlar daha çox qayğı istəyir. Yeri
gələndə döyülür, söyülür...
- Çoxmu döyülürdünüz?
- ... Mən onları qınamıram və haqq da qazandırmıram. Hansısa uşağa əl
qaldırmağa razı deyiləm, ürəyim bunu qəbul etmir. Razıyam ki, məni vursunlar,
ancaq hansısa körpəyə əl qaldırmasınlar. Heç kimə uşaq evində böyüməyi arzu
etmərəm. Ancaq ora elə bir yerdir ki, istər-istəməz, həyat özü səni böyüdür.
Uşaq yaşlarından böyüyürsən. Baxmayaraq ki 6 yaşın var, hər nə qədər dayə
başının üzərində dayansa da, o yaşında özün yatmaq məcburiyyətində qalırsan. Bəzən
gecə qızdırman olur, üstünü açırsan... O anlarda uşaq ana istəyir.
"Təklik
yazı qabiliyyətimi formalaşdırdı”
- Bəs incəsənətə olan
marağınız nə zamandan yaranıb?
- Uşaq evində rəssamlıq, xalçaçılıq, musiqi, rəqs və sair dərnəklər
vardı. Mən rəqslə məşğul olurdum. 9-cu sinifdə oxuyanda, rəqs ansamblı ilə Leninqrada
festivala getmişdik. Festivaldan döndükdən sonra öyrəndim ki, sinifdə qalmışam,
cəbr və həndəsədən rüblüyümə "2”
yazılıb. O "2”-lərdən sonra ayıldım. Düşünməyə başladım ki, bundan sonra mən
necə olacam? Sanki bu kəsrim məni oyatdı. Sinifdə qalmışdım və nəsə etməliydim.
O zamana qədər düşünürdüm ki, məktəbi bitirdikdən sonra peşə məktəbinə gedib,
bərbərliyi öyrənərəm, özümü idarə edərəm. Ancaq məktəbdə kəsildikdən sonra
düşündüm ki, nələrsə etmək lazımdır. Sanki beynim açıldı və anladım ki, mən "yolaverdi”
sənətlə məşğul ola bilmərəm. İnsanların elə uşaq yaşda formalaşmasına köməkçi
olan bir sənətlə məşğul olmamalıyam və bunun üçün aktyorluq ixtisasını seçdim.
Nəticədə imtahan verdim və ödənişli əsaslarla "Musiqili teatr aktyoru”
ixtisasına qəbul olundum. Birinci il təhsil haqqımı anam ödədi. İkinci il qaldığım
uşaq evinin direktoru Nərmin xanım mənə sənəd verdi və o sənəd əsasında universiteti
ödənişsiz olaraq başa vurdum. Hətta təqaüd də aldım. 9-cu sinifdə imtahandan
kəsilməyim həyatda dönüş nöqtəm oldu.
- Uşaq evindən çıxdıqdan
sonrakı həyatı necə dəyərləndirdiniz?
- Universitetdə oxuduğum illərdə sinif yoldaşımın evində tək yaşadım.
Orada 3 il qaldıqda, əslində tək yaşamın daha rahat və komfortlu olduğunu
gördüm. İlk günlər bir az çətinlik çəkdim, ancaq özümü ifadə etmək üçün təkliyə
ehtiyacım vardı. Tək qalanda, yazmaq vərdişimin olduğunu gördüm. Təklik yazı
qabiliyyətimi formalaşdırdı. Roman, esse, kiçik povestlər yazmağa başladım.
"Universitet
arzularımın başlanğıc nöqtəsi idi”
- Universitet sizə nə
qazandırdı?
- Universitet mənə ikinci bir həyat qazandırdı və mənə özümü realizə
etmək üçün bir şans verdi. Bilirdim ki, universitet arzularımın başlanğıc
nöqtəsidir və ali təhsil ocağı nəinki mənə sənət verir, həm də məni həyata
hazırlayır. Orada mənim dünyagörüşüm
formalaşdı, yeni çevrəm oldu və get-gedə təkmilləşdiyimi hiss edirdim. Aktyor
kimi formalaşmamda universitetin rolu böyükdür. Orda ən tanınmış pedaqoqlardan
dərs alırdım. Təbii ki, bunun da yaradıcılığıma təsir edəcəyinin fərqində idim.
Bir də universitet hisslərimi dəyişdirmişdi. Uşaq evindən çıxan o kobud,
soyuqqanlı, insanlara qarşı qəddar olan Yasinin sanki buzları ərimişdi. İnsanlara
qarşı daha mehriban davranmağa başlamışdım və getdikcə o soyuqluq aradan
qalxmışdı. Tələbə yoldaşlarımızın tamaşalarında oynayırdıq və bu da bizim
aktyor kimi yetişməyimizdə müstəsna xidmətlərini göstərirdi. Oynadığımız tamaşaları
pedaqoqlarımız izləyirdilər ki, bu da məsuliyyətimizi artırırdı.
- Bəs nə üçün Kukla
Teatrına müraciət etdiniz?
- Mənim uşaq evindən sirdaşım olan və onunla birlikdə İncəsənət
Universitetində təhsil aldığım dostum Ramiz Kukla Teatrında rejissor köməkçisi
olaraq çalışmağa başladı və bir gün mənə teatrda səhnə maşinisti vəzifəsinə
ehtiyac olduğunu söylədi. Mən də teatra müraciət etdim, teatrın direktoru Rəşad
Əhmədzadə ilə görüşdüm. O məni dəyərləndirdi və səhnə maşinisti kimi deyil,
maşinist rəisi vəzifəsinə işə qəbul
etdi. Bir ildən sonra isə aktyor ştatına qəbul olundum. Bununla da həyatımda
yeni bir dönəm başladı.
- Kukla Teatrının spesifik
xüsusiyyətləri var, burada kuklaları oynatmaq üçün mimikalar, jestlər olmalı,
riyazi ölçülər dəqiq hesablanmalıdır. Bunları öyrənmək nə qədər zamanınızı
aldı?
- Deyə bilmərəm ki, artıq peşəkar şəkildə kuklaları oynatmağı
bacarıram, mən hələ də öyrənirəm. Sentyabrdan bu günə qədər güzgünün qarşısında
bütün növ kuklalarla məşq edirəm. Kuklanı ifadə etmək, aktyorun danışığı ilə
kuklanın danışığının sintez təşkil etməsi bir qədər çətindir. Belə ki,
hərəkətlər, jestlər eyni xətt üzərində olmalıdır. Özümün düzəltdiyim iki əl
kuklam var, otaqda hər gün onlarla məşq edirəm. Bizim teatrda güclü aktyorlar
çoxdur. Hətta onlar da işlədikcə yeni nələrsə öyrənirlər. Belə bir mühitdə
çalışmaq mənim üçün bir avantajdır.
- 10 ildən sonra özünüzü
harda görürsünüz?
- Bunu öncədən demək bir qədər çətindir. 10 il əvvəl bilmirdim ki, nə
vaxtsa aktyor olacam və Kukla Teatrında çalışacam. Həyat sürprizlərlə doludur.
Sizə hansı qapıları açacağını, haralara aparacağını öncədən demək olmur. Çox
istərdim ki, gələcəkdə Kukla Teatrında aparıcı aktyorlardan biri olum. Bilirəm
ki, bu da mənim özümdən asılıdır. Hədəfə doğru addımlamalı və çox çalışmalıyam.
- "Üç fəsil” romanınız işıq
üzü görüb. Bu roman nədən bəhs edir?
- 50 faiz öz həyatımın, 50 faiz də xəyal gücümün məhsuludur. Burada insan
həyatının üç mərhələsi - gənclik, yeniyetməlik və yaşlılıq dövrü əks olunub.
Əziz adlı obrazın başına gələnlərdən bəhs olunur.
"Bu
hissləri sadəcə yaşamaq lazımdır”
- Uşaq evində sizi tetra
aparırdılarmı, ümumiyyətlə teatrdan anlayışınız var idimi?
- Uşaq evində sosial layihələrdə, bayram tədbirlərində çox olsaq da,
cəmi bir dəfə Kukla Teatrında Ələkbər əminin tamaşasına getmişik. Teatr
anlayışım ancaq tələbə vaxtlarımda formalaşıb.
- Böyüdüyünüz uşaq evindəki
uşaqları teatrla tanış edirsinizmi?
- Ötən il onlar teatra gəlmişdilər və tamaşamızı izlədilər. Həmin
uşaqlarla bərabər müəllimələrim də oynadığım tamaşalara baxdılar.
- Necə hissdir?
- Çox qəribə... Məni onlar böyüdüb, onların əlindən yemək yemişəm. İndi
onlar tamaşaya baxır və mənim fəxr edirdilər... Uşaqlar zaldan baxıb, "o, Yasindir,
bizim uşaq evində böyüyən Yasin” deyib məni göstərirdilər. Təbii ki, bu hissləri
sözlə ifadə etmək mümkün deyil. Bu hissləri sadəcə yaşamaq lazımdır. Yasin
olaraq mən o an çox dolmuşdum. Həm qürur hissi keçirirdim, həm də o uşaqları
gördükdə, öz uşaqlığım gözlərimin qarşısında canlanırdı. Və o uşaqların üzünün
gülməsi mənim üçün ayrı bir dünyadır. Çünki həmin an onların keçirdiyi hisslər
mənə çox tanış idi.
- Uşaqların üzünü
güldürmək, onlara sevinc bəxş etmək bəlkə də sizin yaşda bir gənc üçün
əvəzolunmaz duyğudur.
- Maşinist olaraq çalışdıqda, bunun fərqinə varmırsan. Ancaq özün aktyor
kimi səhnəyə çıxanda, uşaqların reaksiyasına baxırsan və onlardan müsbət enerji
alırsan. Özünü yerə-göyə sığdıra bilmirsən. Duyğusal hisslər yaşayırsan, keçmiş
gözünün qabağına gəlir, uşaqlığında bunlardan məhrum olduğunun fərqinə varırsan.
- Həyatınızı 3 hissəyə - uşaq
evi, tələbəlik illəri və Kukla Teatrı dönəmlərinə bölsək, hansı sizin üçün daha
dəyərlidir?
- Hər birinin öz yeri var. Uşaq evi mənə çox şey qazandırıb, həyata
1:0 məğlub başlasan da. Tələbəlik illərimi isə özümü dəyişmək üçün əsas mərhələ
hesab edirəm. Hazırda həm maddi, həm də mənəvi olaraq əsas qazanc yerim Kukla Teatrıdır.
İstəmərəm, keçmiş illərə qayıdım. 24 yaşım var və hesab edirəm ki, həyatımın
əsas hissəsi qarşıdadır.
Xəyalə Rəis