• cümə axşamı, 28 mart, 15:46
  • Baku Bakı 16°C

İlk təcrübə və açıq suallar

05.06.19 12:00 1773
İlk təcrübə və açıq suallar
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də keçirilmiş I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının I mərhələsi və V qrup üzrə keçirilən imtahanların nəticələrini açıqlayıb. İmtahanların nəticələri cəmiyyətdə birmənalı qarşılanmayaraq çoxlu suallar doğurub. 700 bal toplayan abituriyentlərin yoxluğu ciddi müzakirələrə səbəb olub. Hər il qəbul imtahanlarında 700 bal toplayan tələbələr nümunə göstərildiyi, təhsilin uğuru kimi qiymətləndirildiyi halda, bu il abituriyentlərin balı 695-dən yuxarı qeydə alınmayıb.
İmtahanların belə nəticəsi çoxlu suallar və narazılıqlar doğurub. Belə ki, kurikulum üzrə ilk dəfə məzun olanların imtahan verməsi və DİM-in kurikulum üzrə test vəsaitlərindən ibarət toplular əməlli-başlı çaşqınlıq yaradıb. İmtahanda abituriyentlərin üz-üzə qaldıqları test tapşırıqlarının köhnə sistemdən qalan tapşırıqlara aid olması, tapşırıqların kurikulum proqramından uzaq olması və s. ilə bağlı fikirlər səslənməkdədir. Abituriyentlərin 700 bal toplaya bilməməsi sosial şəbəkələrdə də ciddi müzakirələr yaradıb. Elə isə, şagirdlərin 700 bal toplaya bilməməsinə səbəb nədir? Bu, gerçəkdən təhsilin səviyyəsinin aşağı düşməsi ilə bağlıdırmı?
İnsan amili yox, maşınlar...
Təhsil eksperti Etibar Əliyev qəbul imtahanlarının nəticələrinə öz feysbuk səhifəsində münasibət bildirib: "Obyektiv yanaşaq, tutaq ki, ötən ildən bu yana inkişaf olmayıb, lakin enmə də olmayıb. Eyni nazirdir, eyni ab-havadır, eyni məktəblərdir. Başqa vaxt 700 balları məktəbin yox, repetitorların uğuru sayanlar da olurdu, indi bunu repetitorların uğursuzluğu da saymaq olmaz, onlar da yerində qalıb”.
Ekspert hesab edir ki, səbəb test suallarının məzmunu ilə bağlıdır. Ya tapşırıqlar daha çətin olub, ya yeni tip tapşırıqlar olub, ya keyfiyyətsiz, ya da daha keyfiyyətli olub: "Suallar asan ola bilməz, məktəb proqramının tələblərini aşmadan (kurikulumlar bunu daha dəqiq aparmağa imkan verir) çətin sualların düşməsi təhsilə ziyan deyil. Çətin dedikdə, olimpiada suallarından, proqramı aşan tapşırıqlardan söhbət getmir. Normalda məktəb dərslərinin tələblərinə daxil olan və asan olmayan suallar nəzərdə tutulur. Bundan qorxmaq əvəzinə, nəzarət etmək lazımdır ki, əskinə, asan suallarla yüksək nəticə göstərənlər, ictimaiyyəti aldatmasın. Mənim təhlillərimə görə, bu il sualların çətinlik səviyyəsi də dəyişməyib, onların keyfiyyətinin azalıb-artmasından da söhbət getmir, əsl səbəb doğrudan da yeni tip sualların – açıq tipli sualların imtahana salınması ilə bağlıdır.
Nazirlik əvvəldən bəyan etmişdi ki, digər tip bacarıqların aşağı olmasına görə imtahanın məzmununa açıq tipli suallar salınacaq. Bütün suallar bu məsələ üzərində qoyulmalıdır. Deməli, doğrudan da uşaqlarımız açıq tipli suallara cavab verməkdə çətinlik çəkir. Təsdiq olunan budur. 700 balların arxasında gizlənib, yalandan öyünməkdənsə, bu cür etiraf yaxşıdır. Məktəb doğrudan da açıq tipli sualları çözmək bacarığını yüksəldə bilmir”.
Ekspert hesab edir ki, imtahanın başlıca nəticəsi 700 balların sayı ilə ölçülmür: "Zatən 85 faizlik göstərici bütün dünyada əla kimi qiymətləndirilir. 700 bal böyük uğurdur, bu uşaqlar hər cür hörmətə və diqqətə layiqdir, amma çox istedadlı uşaqlar, o cümlədən olimpiada uğurları olan uşaqlar dünyanın hər yerində ümumi standart test imtahanlarında 100 faizlik nəticə göstərmir. Bunun da müxtəlif səbəbləri var, kifayət qədər öyrənilmiş məsələdir. Yəni 700 bal toplayacaq abituriyentlər yenə də çempiondur, bu dəfə tutaq ki, 695 balla. Heç kimin haqqına girilməyib. Bizim qorxacağımız ədalətsizliyin olmasıdır. Bunu da iddia edə bilmərik. Bütün dünyada test üsulunu pisləyənlərə qarşı ən yaxşı cavab odur ki, bundan ədalətli seçim yoxdur. Hamı eyni şərtlər altında yarışıb. Çempion yenə öndədir, əla qiymət alanlar yenə öndədir, uğursuz olanlar da yenə ortadadır”.
E.Əliyevin fikrincə, şişirtmədən, asan imtahandansa, daha sərt müsabiqə üstündür: "Ədalət hər hansı digər göstəricidən üstündür. Mən açıq suallara cavab vermək bacarığının vacib olmasını, yazı bacarıqlarının inkişafını və tənqidi oxu keyfiyyətinin, natiqliyin vacib olduğunu qəbul edirəm. Dövlət İmtahan Mərkəzinin bu qayğısını başa düşürəm, haqsızlıq saymıram, amma yenə də açıq tipli sualların imtahana salınmasının üzərində düşünməyi vacib sayıram. Onu da bilirəm ki, buna çağırışlar bütün dünyada var. Həm də qiymətləndirmədə insan iştirakına birmənalı olmayan münasibətləri də bilirik. İmtahana düşən açıq tipli suallardan uşaqlar razı qalmır, onların bəzilərinin ikibaşlı cavablar tələb etdiyini deyirlər. İldən-ilə bunu da təkmilləşdirmək olar. Amma yenə də bütün ixtiyarı Ədalətin Təntənəsinə xələl gətirməyəcək maşınlara verməyin tərəfindəyəm. O maşınlar ədalətli və dəqiq riyaziyyat proqramları ilə işləyir. İnsan amili ilə şübhə yeri qoymur. İnsan amilinə xərclənən vəsait isə məzmuna xərclənsə daha yaxşı olar. Nazirlik, DİM bunu yenidən düşünməli, cəmiyyətin qəlbində özünə yurd qurmuş bir sistemi saxlamalıdır”.
Ekspertin fikrincə, qapalı test sualları ilə qiymətləndirmənin də qüsurları var, amma üstünlükləri daha çoxdur: "Çoxlu tədqiqatlar var, test üsulunun əvəzsiz olduğunu göstərir. Bunun əvəzinə, qapalı test suallarının keyfiyyətini dəyişmək olar, onlara tənqidi oxu məzmunu əlavə etmək olar, keys (situasiya) suallarının qapalı forması ilə digər bacarıqları da yoxlamaq olar, amma qiymətləndirmədə insan amilinin lap aşağı salınması istiqamətində çalışmalar davamlı olmalıdır”.
2007-ci ilin "700 ballıları”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin səslənən fikirlərə münasibəti isə qurumun rəsmi saytında yer alıb. Test imtahanlarının 1992-ci ildən etibarən keçirildiyini qeyd edən sədr ilk 700 bal toplayanların 2007-ci ildə qeydə alındığını bildirib: "Bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilmişdir. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranmışdır. Məhz bunun nəticəsində 2007-ci ildə ilk "700 ballı”ları müşahidə etdik. Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə, tapşırıq və ya pul ilə nəyisə həll etməknəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir. Ballar məhz bunun üçün lazımdır”.
M.Abbaszadə Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnozu da qeyd edərək, dövlət sifarişi üzrə yerlərin sayının bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artırıldığını bildirib. Belə ki, bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq.
Subyektiv faktorlardan asılı məsələ
Professor Şahlar Əsgərov hesab edir ki, abituriyentlərin qəbul imtahanında 700 bal toplaya bilməməsi cəmiyyət üçün o qədər də əhəmiyyətli olmamalıdır. Bu, subyektiv faktorlardan asılı olan məsələdir: "Məsələdə Qiymətləndirmə Mərkəzinin də sualların tərtibi ilə bağlı nüansı və ya Təhsil Nazirliyinin də haradasa səhvi ola bilər. Əsas ümumi orta statistik balın nə qədər olmasıdır. Toplanan bal keçən ilkindən çoxdur, ya az? Yoxsa kimsə 700 bal topladı, kimsə 700-dən aşağı bal topladı - bunun əhəmiyyəti yoxdur. Bir nümunə xatırladım: mən parlamentdə işləyəndə 700 bal toplayan Qaralov adlı gənc vardı. İndi həmin oğlan haradadır – bunu heç kim bilmir. Ancaq o zaman bütün mətbuat onun haqqında yazırdı. Ona görə 700 bal məsələsi ötəri bir şeydir. Bu məqama o qədər diqqət yetirmək, günahkarlar axtarmaq əhəmiyyətli deyil”. Ş.Əsgərovin fikrincə, əgər ümumi orta bal keçən ilkindən çoxdursa, demək məktəblər yaxşı işləyib, azdırsa, demək məktəblər pis işləyib: "Biz əsası qoyub, qeyri-əsası müzakirə edirik. Bu baxımdan mən bu məsələyə çox da əhəmiyyət vermirəm».
Açıq sualların sayı
Kurikulum proqramı üzrə həyata keçirilən imtahanların yeni təcrübə olduğunu deyən tarix müəllimi Pərviz Ağalarov abituriyentlərin 700 bal toplamamasının səbəbini bu formatda imtahanın ilk dəfə keçirilməsi ilə əlaqələndirir: "Yəni açıq sualların sayı çoxdur. Əvvəllər 25 sualın 4-ü açıq sual olurdu. İndi təsəvvür edin ki, 22-dən 30-a qədər açıq suallardır. Şagirdlərin həmişə açıq suallarla bağlı problemi olub. Mənim şagirdlərimin etdiyi səhvlər bəzən situasiya sualları ilə bağlı olur. 29 suala cavab yazan şagird var, ancaq o, bəzən situasiyada səhv edir, açıq suallarda səhvə yol verir. Məsələn, ikisini seçib, birini seçməyənlər var. Tam hazırlıqlı uşaqlar sualların əksəriyyətini yaza bilir”. P.Ağalarov 695 balla 700 balın arasında heç bir fərq görmür: "Mən həmişə demişəm: 695 balla 700 bal arasında heç bir fərq yoxdur. Sadəcə, burada diqqət məsələsi var. Bəzi şagirdlər diqqətli, bəziləri isə diqqətsiz ola bilər. Bu, hazırlıqla bağlı deyil. İlk təcrübənin olması və açıq sualların sayının çoxluğu uşaqların 700 bal toplamasına mane olub”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər