AZE | RUS | ENG |

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən
Həmid Vəliyev: “Əgər nəyəsə nail ola bilməmişəmsə, deməli, bu, mənim öz günahımdır”

"Teleqram gəldi ki, təcili Bakıya gəlin. O zamanlar Bakı Dövlət Universitetinin binası indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Dedilər ki, sən hüquq fakültəsinin rus şöbəsinə qəbul olmusan. Çünki rus dili yazısından "5” alan yeganə tələbə idim. Bunu deyəndə mən "milisoner” olmaq istəmədiyimi söylədim. Universitetdəki müəllimlər buna təəccübləndilər. Camaat bu fakültəyə qəbul olmaq üçün nələr edir, sən niyə istəmirsən? Dedim ki, mən jurnalistikaya qəbul olmaq istəyirəm, qəbul etmirsinizsə, gələn il bir də imtahan verərəm”.

Bu sözləri bizimlə söhbətində Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev söylədi. Həmid müəllimlə söhbətimiz əsnasında onun uşaqlıq və gənclik illərini xatırladıq.

1939-cu ildə Gürcüstanın Sadaxlı kəndində dünyaya göz açan  həmsöhbətim deyir ki, doğulduğu kənd Ermənistanla sərhəd zonada yerləşirdi: "Kəndin ortasında Debeta çayı axırdı və çayın o biri sahili meşəlik idi. Bu meşənin meyvələrini bizim kəndin uşaqları toplayırdı. Sonradan bilmişik ki, sən demə, bu meşə Ermənistanın imiş. Amma uşaq vaxtı bizə heç kim heç nə demirdi. Zoğal, armud, alma, cürbəcür giləmeyvələr toplayır, qışa odun tədarükü görürdük. Mənim 3 yaşım olanda müharibə başladı, atam, böyük qardaşım cəbhəyə getdi. Amma onların heç biri müharibədən qayıtmadılar. Bizi anam böyüdüb boya-başa çatdırdı. Altı qardaş, bir bacı idik. Qardaşlarım müxtəlif işlərdə çalışır, anama kömək edirdilər. O illərdə mənim həyatım çox maraqlı idi. Bizim dolanışığımız nisbətən yaxşı idi. Hər kəs öz həyətində, bağında nə isə əkib-becərirdi. Atam müharibəyə getməzdən əvvəl bizə çoxlu mal-qara qoyub getmişdi və biz onları saxlayırdıq. Böyük qardaşım Həmzə arabaçı idi, daha sonra ekskavator sürməyə başladı. Digər qardaşım Süleyman isə sürücü idi. Mustafa adlı qardaşım isə ailəmizdə ilk dəfə BDU-ya qəbul olmuşdu və belə demək olarsa, universitet qapılarını mənim üzümə açmışdı. O, 1970-ci ildə universitetdə təzə yaranan tətbiqi riyaziyyat fakültəsinin ilk dekanı olub”.
 
 

"Mənim adım Həmiddir”

1947-ci ildə Sadaxlıda yerləşən orta məktəbə başlayan professor elə sözügedən məktəbin məzunu olub: "Həmin ərəfədə çıxan qərara görə Gürcüstanda məktəblər 11 illik sistemə keçirildi. Çünki o dövrdə orta təhsillilərin sayına görə Gürcüstan SSRİ məkanında birinci yerdə idi. Məhz bunun qarşısını almaq üçün belə bir qərara verildi. Orta məktəbdə oxuyarkən jurnalistikaya böyük marağım var idi. Jurnalistikanı gələcək uğurlarımın açarı kimi görürdüm. Məktəbdə oxuyarkən rayonda keçirilən tədbirlərdə aktiv çıxış edirdim. Rus dilini səlis bildiyimə görə, məni Tiflisdə çıxan iki qəzetin rayon üzrə müxbiri təyin etdilər. Kəndlərdəki müxtəlif məsələlərlə bağlı yazılar hazırlayırdım və qəzetdə çap olunurdu. O yazılarıma görə mənə qonorar verirdilər. Bir dəfə 8-ci sinifdə oxuyarkən uşaqlar məni çağırıb dedilər ki, Həmid, poçtalyon səni axtarır. Səbəbini soruşanda məlum oldu ki, mənə pul gəlib. Poçtalyonu tapdım və o, mənə 10 manat olan bir zərf verdi. Zərfi imzalayıb pulu aldım. Yazılarıma görə tez-tez pul alırdım. Bir dəfə reaktor yazımın altından imzamı H.Vəliyev əvəzinə Q.Vəliyev yazmışdı. Redaksiyaya zəng vurub şikayət etdim ki, Mənim adım Həmiddir, Qəzənfər yox”.

Jurnalistikaya marağım o qədər çox idi ki, fikirləşirdim ki, ya  jurnalist olacam ya da savadsız qalacam. O dövrlərdə bütün qiymətləri əla olanlar qızıl medal alırdı. Mənim də bütün qiymətlərim əla idi. Müəllimimizin qardaşı da bizim sinifdə oxuyurdu və medala iddialı idi. 11-ci sinifdə cəbr fənnindən mənə imtahanda dörd yazdılar. Şikayət edib məndən imtahan götürmələrini istədim. Müəllim dedi ki, saat 6-da burda ol, sənə 3 sual verəcəm, bilsən, qiymətini düzəldəcəm. Yüzə yaxın şagird mənlə bərabər nəticəni gözləyirdi. Bütün suallara düzgün cavab verdim, məni yoxlayan müəllim dedi ki, bu uşaq riyaziyyatı yaxşı bilir, buna niyə dörd yazmısınız? Beləcə, qiymətimi düzəltdilər. Amma fizikadan mənə demədən dörd yazmışdılar, qiymətim protokola yazıldığı üçün medal ala bilmədim.
 
 

"Mən milisoner olmayacam”

Həmsöhbətim deyir ki, 1958-ci ildə orta məktəbi bitirəndən sonra imtahan vermək üçün Bakıya gəlir: "O zamanlar jurnalistika filologiya fakültəsinin tərkibində şöbə kimi fəaliyyət göstərirdi. Yenə bütün qiymətlərim beş, biri dörd oldu. Fikirləşdim ki, artıq qəbul olunmuşam. Teleqram gəldi ki, təcili Bakıya gəlin. O zamanlar Bakı Dövlət Universitetinin binası İstiqlaliyyət küçəsində yerləşirdi. Mənə dedilər ki, səni hüquq fakültəsinin rus şöbəsinə qəbul olmusan. Çünki rus dili yazısından beş alan yeganə tələbə mən idim. Bunu deyəndə mən "milisoner” olmaq istəmədiyimi söylədim. Universitetdəki müəllimlər buna təəccübləndilər, dedilər ki, camaat bu fakültəyə qəbul olmaq üçün nələr edir, sən niyə istəmirsən? Dedim ki, mən jurnalistikaya qəbul olmaq istəyirəm, qəbul etmirsinizsə, gələn il bir də imtahan verərəm. Rektor özü də mənim hüquq oxumağımı istəyirdi. Amma qərarımdan dönmədim və fikirləşdim ki, gələn il bir də imtahan verərəm.

Həmin vaxtlar Tiflisdə Azərbaycan dilində veriliş var idi. Həmin vaxt orada diktor elanı verilmişdi. Mən də özümü sınamaq qərarına gəldim. Getdiyim gün mənim səsimi lentə yazdılar və "Danışır, Tbilisi” adlı xəbərlər buraxılışını oxudum. Mənə dedilər ki, axşam saat 8-də səsinə qulaq asa bilərsən. Söylədim ki, həmin vaxt mən qatarda olacam, olarmı, indi dinləyim? 15 dəqiqəlik səsyazma idi. Elə səsləndirmişdim ki, montaja ehtiyac qalmamışdı. O zamanlar paytaxt şəhərlər qapalı hesab olunurdu və başqa yerdən gələnlər orada qeydiyyata düşə bilmirdi. Məni diktor kimi işə götürmək istəyəndə problem yarandı. Nazirlər Sovetinin sədrinə məktub yazdılar ki, müxbir götürmək istəyirlər, xahiş edirik, bizə köməklik edin. O vaxt jurnalist olmaq, televiziyada işləmək indi kimi asan deyildi. 6 ay haqqımda araşdırma aparıldı. Nəhayət qərar verildi və yarımştat olaraq işə düzəldim. Orada işlədiyim müddətdə Tiflisdə yaşamırdım, evə gedib gəlirdim. 1959-cu ilin sentyabrında rayon qəzeti böyüdüldü və mən orda işləməyə başladım. 1960-cı ildə "Sovet Gürcüstanı” qəzeti yenidən bərpa oldu. Məni orada da işə götürdülər. Eyni vaxtda 3 yerdə işləyirdim. Öz qəzetimizdə korrektor, baş korrektor və daha sonra qəzetin əsas şöbəsinin müdiri oldum. Getdikcə nüfuzum və gəlirim artırdı. Günlərin bir günü "Sovet Gürcüstanı” qəzetində redaktor müavini təyin edildim. Bu, dövrünə görə böyük vəzifə idi. Mənə maşın da verdilər”. 
 
Müsahibim nəhayət BDU-nun jurnalistika fakültəsinə qəbul olur: "1959-cu ildə belə qərar çıxdı ki, jurnalistika və hüquq fakültəsinə qəbul olmaq üçün iki il əmək stajı olmalıdır. Bu dəfə də universitetə qəbul ola bilmədim. Nəhayət, 1960-cı ildə yüksək balla fakültəyə qiyabi olaraq qəbul oldum. Qiyabi oxuduğuma görə, Bakıda yaşamırdım. 1990-cı ilin sonlarına yaxın Bakıya köçməli oldum. Oğlum Marneulidə komsomol komitəsinin katibi işləyirdi. Prezidentliyə namizədliyini irəli sürən bir nəfər iddia qaldırdı ki, azərbaycanlılar bizim torpaqlarımızı mənimsəyir. Buna görə də iki uşağı olan azərbaycanlı köçüb getməlidir. Oğlum ona dedi ki, yaxşı ki azərbaycanlılar gürcü dili bilmir, yoxsa səni parça-parça etmişdilər. Buna görə ondan bərk incidilər. Həmin ərəfədə oğlumun təhsilinə görə biz Bakıya köçməli olduq".
 

 
"Gürcüstanın əməkdar jurnalisti”

Bakıda mənə milli televiziyada "Dostluq” redaksiyasında vəzifə təklif edildi. Televiziya işinin çətinliklərini bildiyimə görə, imtina etdim. Daha sonra "Yurd” adlı diaspor jurnalına məsul katiblik təklif olundu, amma bu işdən də imtina etdim. Çünki məsul katib yaradıcı yox, texniki işdir. Beləcə "Azərbaycan” jurnalının reaktor müavini oldum. Bu iş mənim ürəyimcə oldu və qəbul etdim. Baş redaktorumuz Sevda Həsənbəyova idi. Eyni zamanda ali məktəblərdə dərs deyirdim. İlk dəfə indiki Slavyan Universitetində iki semestr dərs dedim. İndiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasında da bir müddət çalışdım. Amma doğma BDU-nun jurnalistika fakültəsində dərs deməyə icazə verilmədi. O zaman universitetdə Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi yeni yaradılırdı. Fakültənin tərkibində beynəlxalq jurnalistika ixtisası var idi və mən orada dərs deməyə başladım. 1999-cu ilə qədər o fakültədə işlədim. Sonradan bu ixtisası jurnalistika fakültəsinə keçirdilər. Gərgin səylərimizin sayəsində fakültədə beynəlxalq jurnalistika kafedrası yaradıldı. 2004-cü ildə mən kafedraya müdir təyin oldum. Yeri gəlmişkən qeyd edim ki, 1988-ci ilin dekabrın 30-da mərkəzi komitənin katibi Nuqzar Popxadze zəng vurub dedi ki, yoldaş Vəliyev, siz yeni il hədiyyəsi olaraq Gürcüstan SSRİ-nin əməkdar jurnalisti adına layiq görülmüsünüz. 2011-ci ildə isə professor adına layiq görüldüm”.

O illərə nəzər salan professor deyir ki, gənclik illərində iş yükü həddən artıq çox olub: "Eyni vaxtda üç yerdə işləyirdim. Əgər nəyəsə nail ola bilməmişəmsə, deməli, bu, mənim öz günahımdır. Gənclik illərində insan çox şey nail ola bilər, amma buna cəhd etmirik. Adətən, fikirləşirik ki, sonra vaxt tapıb bu işi edərik. Məmməd Səid Ordubadi deyirdi ki, əgər mənim gəncliyimi geri qaytarsaydılar, bilərdim ki, ondan necə istifadə edərəm. Yəni insan yaşlaşdıqca gənclik illərində etdiyi səhvləri daha yaxşı dərk edir. Mən ilk qonorarımı hələ məktəbdə oxuyanda almışam. 1959-cu ildən bəri işləyirəm. Bu günə kimi heç vaxt bülletenə çıxmamışam. 1984-cü ildə "Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” adlı kitabım nəşr olundu. Bu kitaba görə mənə 3 min manata yaxın qonorar verdilər. Bu pula oğluma maşın aldım. Maddi cəhətdən ciddi sıxıntım olmayıb”.

Müsahibim deyir ki, 1963-cü ildə, 24 yaşında ailə həyatı qurub: "Həyat yoldaşım Tamara xanımı rayon qəzetində işlədiyim vaxtda tanımışam. Məsul katibimiz Rüstəm Həsənovun qəşəng bir qızı var idi. Hərdən bir atasının yanına gəlirdi. O özü də kitabxanada işləyirdi. Beləcə bir-birimizi sevib ailə qurduq. 57 ildir ki, ailəliyik. Bu evlilikdən iki oğlumuz dünyaya gəldi. Bir oğlum dünyasını dəyişib. Üç nəvəm, bir nəticəm var. Məncə, nəticə övladdan da, nəvədən də şirin olur”.
Sonda həmsöhbətim gənclərə öz tövsiyəsini də verdi: "Gənclərə tövsiyəm budur ki, çalışıb çox oxusunlar, internetdəki məlumatlarla kifayətlənməsinlər. Xüsusən gənc jurnalistlər internetə aludə olmamalıdır.  Çünki o insanı texniki imkanlara sövq edir, yaradıcılığını aşağı salır. İndi çoxlu kitabxanalar var. Bizim dövrümüzdə dərsliklər tapılmırdı. İndi onların oxuması üçün hər bir şərait var. Düzdür, bəzən müəllimlər də uşaqlardan çox şey tələb edir. Amma biz onlara şərait yaratmalıyıq. Gənclərin dünya görüşünü, bilik səviyyəsini nəzərə almaq lazımdır”. 
 
Şəbnəm Mehdizadə
 









Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019