AZE | RUS | ENG |

“İlk maaşıma “Nağıl” tortu və kurtka aldım” - Mən gənc olarkən

“İlk maaşıma “Nağıl” tortu və kurtka aldım” - Mən gənc olarkən
Əliməmməd Nuriyev: “Bəxtimdən müəllim duyuq düşmədi və fəlsəfədən “4” alıb canımı qurtardım”


Rubrikamızın budəfəki qonağı tələbəykən Azərbaycanda azadlıq hərəkatının iştirakçısı olub. 20 Yanvar gecəsi isə Bakı küçələrində ayağından güllə yarası alıb. Müsahibimiz “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyevdir. Gənclik yaşını arxada qoysa da, etiraf edək ki, daim hərəkətdə olması, enerji dolu sürətli danışığı, ictimai həyatda fəallığı ilə seçilən Əliməmməd bəyə elə gənc də deyə bilərik.

On uşağın yeddincisi

1964-cü ilin martın 1-də Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açan Ə.Nuriyev ailədə on uşağın yeddincisi olub. Atası uzun müddət kolxozda briqadir işləyib, daha sonra məişət xidməti sahəsində çalışıb. Müsahibimizin dediyinə görə, ailələrinin böyüklüyünə baxmayaraq, yaşayışları normal olub. Orta məktəbi 1981-ci ildə, elə Ərkivan kəndində bitirən Ə.Nuriyev deyir ki, hələ kiçik yaşlarından hüquqşünas olmağı arzulayırdı. Elə bu ümidlə də Bakıya yollanır: “Amma hüquq fakültəsinə vermək üçün iki il ya iş stajım olmalı, ya da əsgəri xidməti keçməli idim. Mənim isə 17 yaşım var idi və bu göstəricilərdən heç birinə uyğun gəlmirdim. Buna görə də qardaşlarımın məsləhəti ilə həvəssiz indiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə verdim. İmtahanlardan 4/4 alsam da, yüksək müsabiqə olduğu üçün keçə bilmədim”.

“İlk maaşıma “Nağıl” tortu və kurtka aldım”

Universitetdən kəsilsə də, kəndə qayıtmaq istəməyən gənc 17 yaşında keçmiş Leytenat Şmidt adına Zavodda fəhlə kimi işə başlayır: “İlk maaş aldığım gün indiki kimi yadımdadır. 110 rubl maaş aldım və o pulla qış olduğu üçün özümə kurtka aldım. Sevincimi bölüşmək üçün isə o vaxt dəbdə olan və çox sevdiyim “Nağıl” tortu alıb qardaşımgilə apardım”.

“Kənd uşağı olduğumdan rus dilini bilmirdim”

Bir müddətdən sonra Ə.Nuriyev hərbi xidmətə çağırılır: “Kənddə böyüdüyümə görə rus dilini bilmirdim. Bununla belə, hərbi xidmətimi inşaat briqadasında çalışmaqla keçirmək istəmirdim. Kurs keçərək hansısa peşəyə yiyələnmək fikrinə düşmüşdüm. Amma imtahanımı rus dilində verməli idim. İmtahan suallarının hamısını tapdım və cavabları əzbərləyib imtahandan keçdim. 6 ay Ukraynanın Xarkov şəhərində rabitə üzrə kurs keçdim. Rus dilini bilməməyimlə bağlı əvvəllər böyük problem yaşasam da, var gücümlə çalışdım və kursu əlaçı bitirdim. Nəticədə hərbi xidmətimi daha yaxşı yerdə Lvovda xüsusi hərbi hissədə çəkdim. Bir müddət sonra bölük komandirinin müavini vəzifəsinə çəkildim. Həmin hərbi hissədə yeganə azərbaycanlı idim. Hərbi xidmətə gedərkən rus dilində danışmağa çətinlik çəksəm də, kəndimizə məzuniyyətə qayıdarkən Azərbaycan dilində danışmağa çətinlik çəkirdim. Dili hətta elə öyrənmişdim ki, hərbi xidmətdə mənə təklif oldu ki, sənədlərimi hərbi siyasi peşə məktəbinə verim. Amma hərbçi daim xüsusi formada olmalı, normativlərə əməl etməli idim. Mənsə daxilən azadlığı sevdiyim üçün hərbçi ola, müəyyən çərçivə daxilində fəaliyyət göstərə bilməzdim”.

Tələbəlik və fəhləlik həyatı

Məzuniyyətdən yenidən hərbi hissəyə qayıdan bölük komandirinin gənc müavini özü ilə ali məktəbə hazırlaşmaq üçün kitablar da aparır: “1984-cü ildə hərbi xidmətdən qayıdıb yenidən Şmidt zavodunda əmək fəaliyyətimi davam edirdim və zavodun yataqxanasında qaldım. Həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Ailəmiz böyük olduğundan onlara əlavə yük olmaq istəmirdim, buna görə işdən çıxmadım. Gündüzlər oxuyur, gecələr işləyirdim”.

İşləməsinə baxmayaraq ,Ə.Nuriyev universitetin 2-ci kursunun ikinci semestrindən 5-ci kursu bitirənə qədər əlaçı olur.

“Ən çox qorxduğum fənn fəlsəfə idi”

Tələbəlik xatirələrini bizimlə bölüşən müsahibimiz ən çox qorxduğu fənnin fəlsəfə olduğunu bildirdi: “Fəlsəfə bütün tələbələr kimi mənim üçün də asan deyildi. Beləliklə, imtahan biletini çəkdim, 3 sualdan yalnız 1-cinin cavabını bilirdim. Bu artıq “kəsilməyimə” işarə idi. Ancaq özümü itirmədim. Müəllimin qarşısında oturub biletimdəki bildiyim bir sualın cavabını danışandan sonra digər biletlərə düşən 2 sualın cavabını da danışdım. Bəxtimdən müəllim duyuq düşmədi və “4” alaraq canımı qurtardım”.

“Rayona yollayırdılar, getmədim”

Ə.Nuriyev universitetin son kurslarında oxuyarkən SSRİ-nin laxlaması prosesi baş verir: “Artıq milli azadlıq hərəkatının rüşeymləri yaranırdı. Universitetdə müxtəlif tələbə təşkilatları yaradılmışdı. Mən də bu təşkilatlarda fəallıq göstərir, mitinqlərdə iştirak edirdim. Sonra Xalq Cəbhəsi yaradıldı, fəaliyyətimi bu cəbhədə davam etdirdim”.

1989-cu ildə universiteti bitirən müsahibimizin təyinatını Ədliyyə Nazirliyinə, buradan da Vəkillər Kollegiyasına verirlər: “Vəkillər Kollegiyasında bildirdilər ki, rayonda fəaliyyət göstərməliyəm. Etiraz etdim və uzun-uzadı söhbətlərdən sonra 15 saylı hüquq məsləhətxanasına yolladılar, 6 ay təcrübə keçib 1990-cı ildə elə bu məsləhətxanada vəkil kimi fəaliyyətə başladım. Artıq çalışdığıma görə Şmidt Zavodundan işdən çıxdım. Mülki və cinayət hüququ sahəsində məhkəmələrdə vəkil kimi çıxış edib uğur qazanmağa, tanınmağa başladım”.

Ümumi şöbənin müdiri

1990-cı il yanvar hadisələrində ayağından güllə yarası alan 26 yaşlı Ə.Nuriyev bir müddət xəstəxanada və evdə yatandan sonra yenidən işə çıxır: “Yanvar hadisələrindən sonra məhkəmələrdə bir çox hərəkat yoldaşlarımın müdafiəsində iştirak etdim. Eyni zamanda, Xalq Cəbhəsində hüquq şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü idim. 1992-ci ilin iyun ayının 3-nə qədər vəkil kimi çalışdım. Sonra məni Prezident Aparatına işə dəvət etdilər. Orada bir müddət ümumi şöbənin sektor müdiri oldum, daha sonra 28 yaşımda prezidentin sərəncamı ilə ümumi şöbənin müdiri təyin edildim”.

Xalq Cəbhəsindəki illər

Yenə Xalq Cəbhəsinə qayıdan Ə.Nuriyev burada şöbə müdiri, komitələrin birində hüquq müşaviri vəzifəsində çalışır: “O zaman Xalq Cəbhəsi hələ partiya deyildi. Bu illər ərzində Azərbaycan Xalq Cəbhəsinin siyasi partiyaya çevrilməsi prosesi gedirdi. 1996-cı ildən 2001-ci ilə qədər partiyadakı fəaliyyətimi davam etdirməklə yanaşı, iki universitetdə hüquqdan dərs deməyə başladım. 2001-ci ildə majoritar qaydada parlamentə Bakıdan deputat seçildim. Partiyadaşlarımla hadisələrə fərqli yanaşmamız olduğundan 2001-ci ildən, ümumiyyətlə, partiya ilə əlaqələrim zəifləmişdi. 2004-cü ildə Azərbaycanda olmadığım müddətdə məni AXCP sıralarından xaric etdilər”.

2003-cü ildə “Konstitusiya” Araşdırmalar Fondunu yaradan Ə.Nuriyev konstitusiya normaları, seçki məcəlləsi, korrupsiyaya qarşı mübarizə və digər məsələlərlə bağlı layihələr həyata keçirməyə başlayır: “2006-cı ildə isə QHT-lərin Antikorrupsiya Şəbəkəsini təsis etdik, bu şəbəkənin koordinatoru oldum”.

Toy günü evimə “oboy” vuruldu

Onu da deyək ki, Ə.Nuriyev 1992-ci ildə 28 yaşında ailə həyata qurub: “Həyat yoldaşımla hərəkat dövründə tanış olduq, o da tələbə idi və hərəkata qoşulmuşdu. 1991-ci ildə dövlət tərəfindən mənə bir otaqlı ev verildi. Amma o evə 1992-ci il oktyabrın 15-i, toyum olan gün köçdüm. Ona qədər yataqxanada qalırdım, ailə quran dostlarım o evdə yaşayırdı. Prezident Aparatında işləyərkən xidməti maşın arxamca yataqxanaya gəlirdi. Təsəvvür edin, toy günü zavoddakı iş yoldaşlarım otağımızın “oboy”unu güclə vurub qurtardılar”.

Qeyd edək ki, Ə.Nuriyevin iki övladı var. Böyük övladı İqtisad Universitetində oxuyur, kiçiyi isə hələ 10-cu sinifdədir.

Lalə MUSAQIZIMən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219