İlk dəfə səs verəcək şəxslər nələri bilməlidirlər? - Gənclərə məsləhət
Əliməmməd Nuriyev: "Baxışlarına uyğun, real vədlərlə
çıxış edən insanları müəyyənləşdirib səs verə bilərlər”
Fevralın 9-da ölkəmizdə Milli Məclisə növbədənkənar seçki keçiriləcək.
Artıq hər yerdə qarşımıza seçkilərlə bağlı məlumatlar çıxır. İndiyə qədər səs
vermək hüququ qazanan və bu hüququndan istifadə edənlərlə yanaşı, ilk dəfə səs
verəcək şəxslər də var. Maraqlıdır, ilk dəfə səs verəcək şəxslər nələri bilməlidirlər?
"Konstitusiya” Araşdırmaları
Fondunun prezidentiƏliməmməd Nuriyev deyir ki, ilk olaraq səsvermə
gününə qədər 18 yaşı tamam olmuş hər bir gənc adının seçki siyahısında
olub-olmadığını araşdırmalıdır: "Səsvermə 9 fevraldadır. Həmin günə qədər şəxsin
18 yaşı tamam olursa, bilməlidir ki, artıq səs verə bilər. Sonra qeydiyyatda
olduğu seçki məntəqəsində seçici siyahısında adının olub-olmadığını
araşdırmalıdır. Adı orda olmasa, məntəqə və ya dairə seçki komissiyasına müraciət
etməlidir ki, adı siyahıya əlavə edilsin”.
Ə.Nuriyev bildirdi ki, əgər şəxsin adı siyahıda varsa, səsvermənin
vaxtını və yerini öyrənməlidir: "Səsvermə gününü, həmin gün hansı saatlar
arasında səsvermə prosesinin keçirildiyini müəyyənləşdirməlidir. Hansı seçki məntəqəsində
səs verməli olduğunu da bilməlidir. Onu, yaşadığı ərazinin Dairə Seçki Komissiyasının,
yaxud Mərkəzi Seçki Komissiyasının saytına daxil olmaqla asanlıqla
müəyyənləşdirə bilər”.
Ə.Nuriyev deyir ki, kimə səs verməyə gəlincə, bunu da hər bir şəxs
özü üçün araşdırmalıdır: "Mərkəzi Seçki Komissiyasının, Dairə Seçki
Komissiyasının saytından məlumat ala, kimlərin namizədliklərini irəli sürdüyünü,
onların haqqında məlumatı saytdan əldə edə bilər. Digər tərəfdən, sosial şəbəkələr
hazırda bunun üçün işlək platformadır. Namizədin sosial şəbəkədə səhifəsi,
profili varsa, onu izləyə, seçki kampaniyasını necə apardığına baxmalıdır. Mətbuat,
dostlar və s. müxtəlif mənbələrdən məlumat alsın. Seçki qərargahlarına gedib
namizədlərlə tanış olmaq, söhbət etmək imkanı da var. Namizədlərin əksəriyyəti
istəyər ki, seçiciləri onlarla görüşə gəlsinlər. Namizədlərin hansı vədlər
verdiyini, şüarlarının nələr olduğunu öyrənsinlər. Baxışlarına uyğun, real vədlərlə
çıxış edən insanları müəyyənləşdirib səs verə bilərlər”.
Ə.Nuriyev deyir ki, məntəqə seçki komissiyasının işçiləri və yaxud
müşahidəçilər namizədlərlə bağlı seçicilərə məlumat verməməlidirlər: "Səsvermə
gününə bir neçə gün qalmış, artıq çox adam kimə səs verəcəyini müəyyənləşdirir.
Amma bəzən qərarı elə həmin gün verənlər də olur. Seçki praktikasında belədir
ki, insan məntəqəyə gəlirsə, kimə səs verəcəyini artıq qərarlaşdırıb. Məntəqə
seçki komissiyasının işçiləri, müşahidəçilər bu haqda seçicilərə heç bir məlumat
verə bilməzlər. Ancaq gələn hansısa seçici digərinə fikrini söyləməkdə azaddır.
Öz iradəsini ona da yeritmək kimi yox, sadəcə fikrini deməsi problem deyil”.
Ə.Nuriyev məntəqədə olan səsvermə prosesi haqqında da məlumat verdi:
"Səs verəcəyi məntəqəyə gələndə, onu seçki komissiyasının üzvləri
qarşılayırlar. Sonra onu digər komissiya üzvlərinin yanına yönəldirlər. Komissiya
üzvləri gələn şəxsin barmağında mürəkkəb olub-olmadığını yoxlayırlar və şəxsiyyət
vəsiqəsinə baxırlar ki, o məntəqədə səs verməlidir, yoxsa yox. Bura qədər hər
şey qaydasındadırsa, barmağına mürəkkəb vururlar və ona seçki bülleteni
verilir. Bülletenin kənarı kəsik, möhürlü olmasına diqqət etsinlər. Bülletendə
seçki komissiyasından kiminsə imzası və möhür olmalıdır. Səsvermə kabinetinə
daxil olub, seçdiyi namizədin adının qarşısına sadəcə "X” və ya dərkənar qoya
bilər. Bizdə birmandatlı seçki dairələridir. Yalnız bir nəfər deputat seçilə
bilər. Ona görə, ancaq bir nəfərə səs vermək mümkündür. Səs verməyə, bülletendə
hamının əleyhinə də ola bilər. Heç bir problem yoxdur. Bülleteni büküb şəffaf
qutuya atdıqdan sonra məntəqəni tərk edə bilər”.
Ə.Nuriyev qeyd etdi ki, hər kəsə yalnız bir bülleten verilir. Əgər
bülleten korlanırsa, bu, aktlaşdırılmalıdır: "Ola bilər ki, seçicinin bülleteni
hansısa səbəbdən cırılar, yaxud səhvən bir neçə işarə qoyur və s. Səhv etdiyini
deyirsə, müraciət edib yeni bülleten ala bilər. Ancaq bu zaman mütləq köhnə
bülleten təqdim olunmalı, aktlaşdırılmalıdır. Korlanmış bülletenlər
protokollaşdırılır və seçkinin yekununda ümumi protokollara əlvə edilir”.
Aygün Asimqızı