AZE | RUS | ENG |


“İkimiz də maraqlı və fərqli biznes ideyası axtarışındayıq” - Startap

“İkimiz də maraqlı və fərqli biznes ideyası axtarışındayıq” - Startap
Jalə və Leyla iş qurarkən yaxınlarından belə maddi kömək istəmədiklərini deyirlər

Dediklərinə görə, əsas məqsədləri yalnız bizneslə məşğul olub pul qazanmaq deyil, etdikləri işi keyfiyyətli görüb, insanların ruhunu oxşamaq, əhval-ruhiyyəsinə müsbət təsir etmək, üzlərində təbəssüm yaratmaqdır. Müsahiblərimiz startapçı Jalə və Leyladır. Onlarla yaxından tanış olaq.  
 
Jalə Ələkbərova İqtisad Universitetinin magistratura pilləsində İnsan resurslarının idarə olunması ixtisası üzrə təhsil alır. Sosial aktiv gənc, bloqerdir, müxtəlif layihələrdə iştirak edib, təşkilatlarda çalışıb. 

Leyla İsmayılova isə Rusiyada Uzaq Şərq Dövlət Akademiyasının İqtisadiyyatın idarə olunması ixtisasını bitirib. Hazırda şirkətlərdən birində baş mühasib kimi işləyir. Jalə və Leyla eyni zamanda "Magic Flowers” ("Sehrli güllər”) startaplarının üzərində çalışırlar. 
 
- Necə oldu, "Magic Flovers”i qurmaq qərarına gəldiniz? 
- Leyla ilə bir-birimizi neçə illərdir tanıyırıq. Hər zaman bizim biznesə marağımız olub. Görüşlərimizdən birində söhbət əsnasında bəlli oldu ki, ikimiz də maraqlı və fərqli biznes ideyası axtarışındayıq. Sonra mən təsadüfən internetdə böyük çiçəklərlə rastlaşdım. İdeyanı Leylaya göndərdim. Leyla çox bəyəndi. Qeyd edim ki, bu böyük güllər Rusiyada, keçmiş MDB ölkələrində, həmçinin Avropada populyardır. Düşündük ki, bu biznesi Azərbaycana da gətirək. Nəticədə birlikdə bu işi qurmaq qərarına gəldik.


           
- İdeya ağlınıza gələndən neçə müddət sonra ilk məhsulunuzu ortaya qoydunuz? 
- İlk məhsulumuz ərsəyə gələnə qədər üç ay çəkdi. Bu üç ay ərzində xaricdə olan və bu sahə üzrə peşəkar şirkətləri, onların iş prinsiplərini, istehsalat prosesini, materialların alınması və s. kimi məsələləri araşdırırdıq. Gördük ki, bacararıq.   
 
- Yəqin işi qurmamışdan əvvəl Azərbaycan bazarını da araşdırdınız... 
- Təbii ki, öncə Azərbaycan bazarını araşdırdıq. İnsanlar tərəfindən bu məhsula olan marağı müəyyən etmək üçün bir neçə sorğu keçirdik, ideyamızı dostlarımızla paylaşdıq. Eyni zamanda, marketinq şirkətləri ilə görüşdük, məsləhətlər aldıq. Nəticədə, güllərimizin böyük maraqla qarşılandığını gördük. Ətrafımızdakı insanların da dəstəyi bizi çox ilhamlandırdı və əminliklə bu işə başladıq.
 
 
 
- Bəs bu işi necə öyrəndiniz, harada öyrəndiniz?
- İşi dərindən bilmək üçün mütəxəssislərdən dərs almalıydıq. Bunun üçün  Avropa  və keçmiş MDB ölkələrində hansı şirkətlərin bu işi peşəkar şəkildə gördükləri ilə maraqlandıq və Ukraynadakı şirkətlərdən birinə bizə təlim keçməsi üçün müraciət etdik, bir həftə master klass keçdik. 
 
- İşinizi qurmaq üçün maliyyəni haradan aldınız? 
- Öz daxili imkanlarımızla maddi problemi həll etdik. Leyla uzun illər idi işləyirdi, mən də müxtəlif layihələrdə çalışmışdım. Bir sözlə, bu işi ikimiz də öz maliyyə imkanlarımız hesabına qurduq. Yaxınlarımızdan belə maddi baxımdan kömək istəmədik. 
 


- Bəs, gülləri kəsən ləvazimatları haradan aldınız?
- Ləvazimatları elə Ukraynada master-klass keçəndən sonra oradan alıb gətirdik. 
 
- Materialları haradan alırsınız?
- Materialları bir neçə Avropa ölkəsindən alırıq. 
 


- Maraqlıdır, hazırladığınız məhsulların potensial alıcıları  kimlərdir?
- Bizim biznesin potensial alıcıları həm biznes qurumları, həm də adi alıcılardır. Güllər dekor elementi olaraq vitrinlərin, mağazaların, fotostudiyaların, hotellərin, restoranların, müxtəlif tədbirlərin, ticarət mərkəzlərinin, toy şənlikləri salonlarının və bu tipli məkanların bəzədilməsində istifadə edilə bilər. Bu səbəbdən də hazırda məhsullarımızı əsasən fotoqraflara, fotostudiyalara, hotellərə və restoranlara təklif edirik. Həmçinin "instaqram”, "facebook” səhifəmizdə də müxtəlif şəxslər bizə müraciət edir. Bu, fərdi və korporativ sifarişlər olur. 
 
-  Marketinq işini, satışı kim həyata keçirir?
Jalə:
- Müxtəlif qeyri-hökumət təşkilatlarında çalışdığımı, şəxsi bloqumun olduğunu, eyni zamanda müxtəlif layihələr reallaşdırdığımı nəzərə alsaq, sosial şəbəkələr, sosial media meneceri, marketinq sahəsi mənə daha rahat, daha yaxındır. Bu səbəbdən şirkətimizin marketinq işlərini mən görürəm.  
Leyla:
- Mənim işim maliyyə ilə bağlı olduğundan, satış işi, smeta və s. ilə məşğul oluram. 
 


- Satış necə gedir?
 - Nəzərə alaq ki, Azərbaycanda böyük güllərin satışı ilə məşğul olan şirkət yoxdur. Düzdür, bizim hazırladığımız məhsullara yaxın güllər hazırlanır, amma bizimki ilə eynisi, yəni ayaqlı, hündür güllər hazırlanmır. Məhsullarımız böyük maraqla qarşılanır və sifariş olunur . 
 
- Hazırladığınız məhsulları qoymaq, eyni zamanda onları hazırlamaq üçün  konkret bir yeriniz var?
- Bildiyiniz kimi, bizim güllər sıfırdan hazırlanır. Bunun üçün bizə mütləq istehsalat məkanı lazımdır. Hazırda belə bir məkanımız var və güllərimizi orada hazırlayırıq. 
 
- Böyük bir gülü düzəltmək nə qədər vaxtınızı alır?
- Böyük bir gülün hazırlanmasına bir gün, yaxud  gün yarım vaxt sərf edirik. 
 
- Bir az da qiymətlər və sifarişlər barədə danışaq... 
- Bizdə böyük güllərin həm satışı, həm kirayəsi mümkündür. Minimal kirayə haqqı günlük 30 manatdan başlayır. 
Sifarişlərə gəlincə, sifarişçi ilə görüşdükdən sonra eskiz hazırlanır, onlara ideya təqdim olunur. Kompozisiyadırsa, kompozisiyanın üzərində çalışırıq, ikinci görüş zamanı eskizlər təqdim olunur. Tək-tək güllərdən istəyirlərsə, gülün fərdi xüsusiyyətləri, məsələn, hündürlüyü, ölçüsü, rənginə görə qiymət dəyişilir.
 
- Startapınızla bağlı gələcək planlarınız nədir?
- İşimizi böyütmək , Azərbaycanın digər şəhərlərində də filial açmaq, eyni zamanda biznesimizi qonşu ölkələrdə də davam etdirmək istərdik.  
Lalə MUSAQIZI
 

 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6580
GBP 1 İngilis funt sterlinqi 2.1594
TRY 1 Türk lirəsi 0.4777
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1936
EUR 1 Avro 1.8361
CHF 1 İsveçrə frankı 1.7253
USD 1 ABŞ dolları 1.7352