İdman edərkən nələri diqqətdə saxlamalıyıq? - Gənclərə məsləhət
Qış aylarında yığdığımız çəkidən xilas olmaq üçün
ilk ağlımıza gələn çıxış yolu dieta və idmandır. Bir çoxları məşq etmək üçün
idman zallarına gedir. Amma bir məsələ də var ki, bu zallara gedən əksər
insanlar məşq qaydalarına tam bələd olmadan idman hərəkətləri edir. Mütəxəssislər
isə bildirirlər ki, düzgün formada edilməyən idman hərəkətləri bədənə zərər
vura bilər. Bu dəfə idman zallarının qanun-qaydaları, məşqlərin hansı
ardıcıllıqla edilməsi və bu məşqlərin faydaları haqqında fitnes-məşqçi Nicat İbrahimxəlilovla həmsöhbət olduq.
Müsahibimiz deyir ki, idman zalına gedərkən əməl
etməli olduğumuz qaydalar var: "Yaxşı olar ki, bu qaydalara bütün zallarda
riayət olunsun. Amma təəssüf ki, bu qaydalara nə zala gələnlər, nə də orada
işləyənlər əməl etmir. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanların etdiyi
ən böyük yanlışlıq idman zalına düzgün geyimdə gəlməməkdir. Belə ki, bəzən
kişilər məşqə idman deyil, yüngül rezin ayaqqabıda gəlirlər. Bəzi idman
hərəkətləri var ki, orada ayaq dayaq funksiyasını yerinə yetirir. Ona görə ayaq
geyiminə xüsusi fikir vermək lazımdır. Ayaq geyimi düzgün olmadıqda, məşq
zamanı büdrəmə və ilişmə halları ola bilər. Bu da zədələnməyə gətirib çıxardır.
Düşünürəm ki, heç olmasa, zallarda bununla bağlı maarifləndirmə işləri
aparılmalıdır. Digər bir yanlışlıq isə idman zamanı məşqçilərin məsləhətinə
qulaq asmamaqdır. Zala təzə gələnlər birmənalı şəkildə məşqçinin nəzarəti
altında idman etməlidirlər. Bəzən deyirlər ki, mənə məşqçi lazım deyil, özüm
sərbəst məşq edəcəyəm, hər şeyi internetdən öyrənmişəm. Amma bilmirlər ki,
internetdə olanlar peşəkar idmançıların sadəcə reklam üçün qoyduqları
qısametrajlı videolardır. Bilmədən edilən məşqlər zədələnmələrə, əzələ
dartınmalarına, yırtığına gətirib çıxarar, sümük ağrılarına səbəb ola bilər.
Ona görə də məşqçinin nəzarəti altında idman etmək daha məqsədəuyğundur”.
Müsahibimiz deyir ki, yanlış edilən hərəkətlər
idman həyatının başlamamış bitməsinə səbəb ola bilər: "Məşqçi ilə məşq etmək, bir
az baha başa gəlir deyə, bundan imtina edirlər. Əslində isə zalda istənilən
məşqçiyə yaxınlaşıb məsləhət almaq mümkündür. Bundan əlavə, təzə başlayanlara,
xüsusilə də, tələbələrə məsləhətim odur ki, dərhal ağır hərəkətlərə yaxın
durmasınlar. Çünki ilk dəfə gələn zaman zala baxıb görürlər ki, kimsə ağır
təmrinlər yerinə yetirir. O da fikirləşir ki, yəqin mən də bunun yarısını bacararam
və 80-100 kiloluq daşları qaldırmağa cəhd edir. Girir ağır çəkinin altına,
özünü zədələyir. Bununla da başlamamış idman həyatı bitir. Halbuki, heç 50 kilo
da qaldıra bilməz. İlkin olaraq daha az kilolardan, yüngül məşqlərdən başlamaq
lazımdır”.
"Dieta saxlamaqla bədəni formalaşdırmaq olmaz”
deyən həmsöhbətimiz bildirir ki, dieta ilə birlikdə idman da etmək lazımdır: "Dieta
saxlayanların bütün bədənləri çökmüş halda olur. Dəri boşalır, əzələ boşalır.
İki nəfər yüz kilosu olan adam çəki atsın. Biri gəlsin idmanla 20 kilo atsın və
80 kilo olsun, digəri də dieta ilə çəki atsın, 70-65 kilo olsun. Amma yan-yana
qoyanda, idmanla arıqlayan dieta ilə arıqlayandan qat-qat formalı və daha arıq
görünəcək. Ona görə ki, dieta təkcə çəkini dəyişir, amma idman bədəni bütün
görünüşü dəyişir. Məsləhətim budur ki, çox sərt dietadan istifadə etməsinlər.
Çünki mədə-bağırsaq çox gücə düşür. Həddən artıq güc isə müxtəlif xəstəliklərə
gətirib çıxarır. Ona görə də yüngül dieta, intensiv məşqlə çəki atmaq lazımdır.
Bu cür çəki atsalar, həm daha sağlam qalarlar, həm də yaxşı formaya düşərlər.
Məşqçi qeyd edir ki, düzgün edilən idmanın ziyanı
yoxdur, əksinə böyük xeyri var. Artıq
çəkisi çox olmayan insanlar müəyyən məsləhət almaqla, evdə də idman edə
bilərlər: "İnsanlar evdə də, çöldə də idmanla məşğul olub, sağlamlıqlarını
qoruya, həyat tərzlərini yaxşılaşdıra, rejimə düşə bilərlər. İdmanın istənilən
növündən yararlana bilərlər. İdmanın ziyanlı tərəfi yoxdur. Əksinə, çoxlu
xeyirli tərəfləri var. Bunun üçün də zala gəlmək şərt deyil. Səhər və yaxud
axşam bir saat sürətli yürüş edə, velosiped sürə, evdə isə bəzi yüngül
hərəkətlərlə artıq çəkini ata bilərlər. Amma bədən quruluşlarında köklü
dəyişiklik etmək istəyirlərsə, mütləq peşəkar yardım almalıdırlar”.