AZE | RUS | ENG |


İdman ancaq kişilərin işi deyil- Reportaj

İdman ancaq kişilərin işi deyil- Reportaj
İdman zallarına gələn qadınların sayı artmaqda davam edir

"Sağlam bədəndə sağlam ruh” olar. Yəqin ki, bu deviz hamıya məlumdur. İdman sahəsində çalışan ekspertlər, həkimlər də bildirir ki, hər gün yüksək əhval-ruhiyyədə, enerjili və sağlam həyat yaşamaq istəyənlər ilk növbədə idmanla məşğul olmalıdırlar. Mütəxəssislər hesab edir ki, sağlam həyat ilk növbədə idmanın nəticəsidir.
İdmanın müxtəlif növləri var. Əgər əvvəllər idman deyəndə təsəvvürümüzdə ilk olaraq böyük və möhkəm əzələlər, şişkin bədən, ağır məşq, idman alətləri canlanırdısa, indi vəziyyət dəyişib. Artıq kişilərdən fərqli olaraq, gənc xanımlarımız da idmana böyük həvəs göstərir, müntəzəm idmanla məşğul olurlar.
Biz də idman zallarındakı vəziyyəti görmək üçün həm xanımların, həm də kişilərin idmanla məşğul olduqları idman mərkəzlərindən birində - Gold Fitness GYM-dəyik.
 
"Kişilərə giriş qadağandır”
 
İkimərtəbəli zalda məşqçinin təlimatları ilə həm qadınların, həm də kişilərin idman etmələri üçün şərait yaradılıb. Qadınların və kişilərin geyim otaqları isə fərqli mərtəbələrdədir. "Kişilərə giriş qadağandır” yazısı diqqətimizi çəkir. Qapını döyüb içəri giririk. Burada kimisi məşqlərini bitirib duş qəbul edir, kimisi paltarını dəyişib idmana hazırlaşır. Qızlarla birlikdə biz də zala daxil oluruq.
 


"İdman bədənin tərbiyəsidir”
 
Bizi məşqçi Səbuhi Pirimov qarşılayır. Deyir ki, insanlar idmanın əhəmiyyətini tam dərk etmirlər. İdman insana hava, su kimi lazımdır:  "İdman sağlamlıqdır. Təsəvvür edin, ailədə hər iki valideyn idmanla məşğul olursa, o ailədə övlad sağlam həyat tərzi, bədənin tərbiyəsi, gözəl düşüncə, dünyaya gözəl baxış götürə bilər. İdmanla məşğul olanda sən bədənini, qamətini  düzgün saxlayır və sağlam həyat tərzi sürürsən. İdman bədənin tərbiyəsidir. İnsanın tərbiyəsi birinci onun bədənindən, insan fiziologiyasından başlayır. İstər xanımlar, istər bəylər  gələcəyə dolğun baxmaq, sağlam düşünmək üçün idmanla məşğul olmalıdır. İdman ancaq güclü olmaq demək deyil”.
 
"İdman ancaq kişilərin işi deyil”
 
Zalda xanımların çoxluğu diqqətimizi çəkir. Gənc məşqçi deyir ki, 10 il bundan öncəyə qədər idman etmək üçün çox az xanım onlara müraciət edirdi, amma indi vəziyyət dəyişib: "Əvvəllər ölkədə bu qədər idman kompleksi yox idi. 5 il bundan öncə bizə müraciət edənlərin 30 faizini xanımlar təşkil edirdi. Çünki bəylərimizin əksəriyyəti düşünürdü ki, xanım idman etməz, idman ancaq kişi işidir. İndi belə deyil. Xanım da ailə başçısıdır, dünyaya uşaq gətirir. O, sağlam olmalıdır ki, sağlam uşaq  tərbiyə edə bilsin. 2010-cu ildə bir ay ərzində 100 xanıma məşqçilik edirdimsə, indi ay ərzində 1000-1500 xanım məşqlər üçün müraciət edir”.
Məşqçi deyir ki, xanımların 70 faizi çəki atmaq istəyənlərdir: "Özünüz də görürsünüz ki, zaldakı xanımların əksəriyyəti artıq çəkidən əziyyət çəkirlər. Amma çəki almaq üçün müraciət edən xanımlar və bəylər də az deyil. İnsanlar düşünür ki, idman ancaq arıqlamaq üçündür. İdman sırf çəki atmaq üçün deyil. İdmanda əzələ kütlələrini böyüdə də bilərsən, bədəni formaya da sala bilərsən”.
 
"3 aya 20 kilo çəki itirdim”
 
Zalda bütün idman alətləri demək olar ki, məşğuldur. İnsanlar yorulsalar belə, əzmlə məqsədlərinə çatmaq üçün sanki bir-birləri ilə yarışa girirlər. Çəki atanlar əvvəlki kiloları ilə indikini müqayisə edir və bir-birləri ilə sevinclərini bölüşürlər. Bu sevinci yaşayanlardan biri də Nicat Ağayevdir. Nicat 3 aya 20 kiloqram çəki itirib: "Çox kökəlmişdim. Çəkim nə yaşıma, nə də boyuma uyğun deyildi. 3 aya kifayət qədər çəki atmışam. Üstəlik, ac qalıb, pəhriz də saxlamıram. Normal şəkildə yeyirəm, amma idman sayəsində çəkimə da nəzarət edirəm”.
Şəfiqə Həsənova isə 5 ildir, idmanla məşğuldur: "Mən həm sağlamlıq, həm də çəki atmaq üçün idmana gəlirəm. İdman mənim üçün həyatdır. Xanımlar idmandan çəkinirlər. Qadınlar elə bilir ki, idman etsələr, əzələləri kişilərinki kimi inkişaf edəcək. Amma bu, sizin özünüzdən asılıdır. Qadın əzələləri kişilərinki kimi inkişaf etmir. Ona görə də qorxmaq lazım deyil. Əksinə, idman qadını gözəl qamətli edir”.
 
Xoşbəxtlik və özgüvən...
 
Trenajor alətlərində özünü sınayan Zaur 10 ildən çoxdur ki, idmanla məşğuldur. Düzgün qaməti ilə həmyaşıdlarından seçilir:  "İdmanın insana ən böyük xeyri xoşbəxtlik verməsidir. İnsanı stresdən azad və xoşbəxt edir. Ən əsası özünə güvəni artırır. Gözəl bədənə sahib olmaq hər oğlanın arzusudur”.
Zalda press hərəkətləri edən Fatimə diqqətimizi çəkir. Fatimə nə kökdür, nə də arıq. Deyir ki, idmana sadəcə, formada qalmaq üçün gəlir: "4 aydır idmana gəlirəm. Əvvəllər bir az artıq hərəkət edən kimi təngnəfəs olur, özümü xəstə kimi hiss edirdim. İndi belə hallar olmur. Məncə, bütün xanımlar gözəllik və sağlamlıq üçün fitneslə məşğul olmalıdır. İdmanın xeyrindən başqa ziyanı yoxdur”.
 
"Sağlam cəmiyyət üçün sağlam gənclik lazımdır”
 

Gənclərə edəcəyi hərəkətləri göstərən Nicat İbrahimxəlilov zalda məşqçidir. 15 ildir, idmanla məşğul olur və cüdo üzrə yaxşı nəticələr əldə edib. İdmanın faydalarından danışan gənc məşqçi deyir ki, idmanın hər bir insanın həyatında olması vacibdir: "İlk növbədə sənin sağlamlığın idman edənlərlə müqayisədə qat-qat yaxşı vəziyyətə olur. İkinci növbədə, gücün yerində olur. Üçüncüsü, görünüş, dördüncüsü isə, həyatın rejimdə olur. İdman edən insan düzgün qidalanır. Vaxtlı-vaxında yeyir, yatır. İdman insanın həyatını qaydaya salır. İdmanın qadını, kişisi olmur. Qadın da insandır, kişi də. Hər kəs idmandan faydalansa, onsuz da bunun xeyrini görüb əl çəkməyəcək. Sağlam cəmiyyət üçün sağlam gənclik lazımdır”.
 
"Sənin nə canın var, idmanla məşğul olursan”
 
Trenajor zalında həddindən artıq az çəkili xanımlar diqqətimizi çəkir. Aygünlə söhbətimizdən məlum olur ki, o, bura kilo almaq üçün gəlir: "25 yaşım var, çəki ala bilmirəm. Boyum 1.70 olsa da, çəkim 42 kiloqramdır. Buna görə mütəxəssisə müraciət etdim. Onlar məni kökəlmək pəhrizinə saldılar və bu reseptin içində idman da var. Məni görənlər həmişə deyir ki, "sənin nə canın var, idmanla məşğul olursan”. Amma mən 1 ayda artıq 1 kiloqram çəki almışam. Gecələr 4-5-dən tez yatmadığım halda, indi ən gec 12-də yatıram. İstər yuxu rejimim, istər yemək rejimim normasına düşüb. Bu da normal həyatda özümü daha xoşbəxt hiss etməyimə rəvac verir”.
Qiymətlərə gəldikdə, zalda həftədə 3 dəfə məşq etmək üçün 40 manat, yalnız bazar günü istisna olmaqla hər gün məşq etmək üçün isə 50 manat ödəməlisiniz. Bu məbləğə məşqçinin məsləhət gördüyü reseptlər də daxildir.
 
İdmandan həzz alaq
 
Mütəxəssislər qeyd edir ki, idman etmək hər yaşda faydalıdır. Buna görə də idmana bir əyləncə kimi baxmaq lazımdır. Peşəkar idmançılardan fərqli olaraq, biz idmandan həzz almalıyıq, ondan yalnız rəqabət vasitəsi kimi istifadə etməməliyik.
Aygün ƏZİZ
 



 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7068
GBP 1 İngilis funt sterlinqi 2.2238
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.6313
SEK 1 İsveç kronu 0.2071
EUR 1 Avro 1.9877
CHF 1 İsveçrə frankı 1.7531
USD 1 ABŞ dolları 1.7009