• çərşənbə, 24 Aprel, 04:46
  • Baku Bakı 14°C

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin yaradılmasının 35 illiyi qeyd olunub - Fotolar

21.12.16 15:27 5059
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin yaradılmasının 35 illiyi qeyd olunub - Fotolar
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin yaradılmasının 35 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Cavid nəslinin dəfn olunduğu məqbərəni ziyarət edib və buraya gül qoyublar.

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Aparatının Şöbə müdiri Həsən Kərimov giriş sözü ilə açaraq bildirib ki, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi ölkəmizdə sənətə və sənətkara göstərilən qiymətin ən gözəl nümunəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz ümumilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci ilin 21 iyulunda "Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək qiymət verilib, sənətkara münasibət köklü şəkildə dəyişib. Ötən əsrin 70-ci illərindən başlayaraq Cavid irsi geniş tədqiq olunmağa başlayıb, əsərləri kütləvi tirajla nəşr olunub, pyesləri teatrlarda səhnəyə qoyulub, xatirəsini əbədiləşdirmək üçün mühüm işlər həyata keçirilib.
Qeyd olunub ki, bu gün muxtar respublikamızda Hüseyn Cavidlə bağlı tədbirlərin keçirilməsi, sənətkarla bağlı elmi konfransların təşkil olunması artıq ənənəyə çevrilib. Hər il oktyabrın 24-nun qədim diyarımızda "Hüseyn Cavid Poeziya Günü” kimi keçirilməsi böyük sənətkara məhəbbətin ifadəsidir.

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov "Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin fəaliyyəti” mövzusunda çıxış edərək deyib ki, muzeyin rəsmi açılışı 1984-cü il iyun ayının 9-da olub. Muzeyin rəsmi açılışı əsl ədəbi-mədəni hadisəyə çevrilib. Azərbaycanın xalq yazıçıları Mirzə İbrahimov, Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas, tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, həmçinin Özbəkistanın xalq yazıçısı Səid Əhməd, Litva yazıçısı Pronas Raşşyus və başqaları muzeyin açılış mərasimində iştirak ediblər. O zaman muzeyin ekspozisiyası mərhum teatrşünas Tamilla Təhmasib tərəfindən hazırlanıb. Muzeyin yaradılması zamanı şairin qızı, Azərbaycan Teatr Muzeyinin direktoru Turan Cavidin bu sahədəki zəhməti də xüsusi qeyd edilməlidir. Turan xanımın muzeyin qurulmasında və tərtibatında verdiyi dəyərli məsləhətlər nəzərə alınıb.
Qeyd olunub ki, Hüseyn Cavidlə bağlı müxtəlif sənəd, fotoşəkil, qəzet və jurnal materialları, kitabların əldə edilməsində şairin dostu görkəmli ədəbiyyatşünas alim Əziz Şərufin köməyi də muzeyin zənginləşməsində əhəmiyyətli rol oynayıb. Muzey yaradıldığı dövrdə bir sıra görkəmli ədəbiyyat və elm adamlarına, dövlət qurumlarına müraciət olunub ki, bunun nəticəsində bir sıra tanınmış insanlardan, keçmiş Sovet İttifaqının arxivlərindən Cavidlə bağlı müəyyən qədər sənəd, fotoşəkil, qəzet və jurnal materialı, kitablar alınıb və bunlar da muzeyin ekspozisiyasında öz yerini tutub. Muzey yaradıldığı ildə cəmi 150 eksponatla fəaliyyətə başlayıb. 2011-ci ilin sonlarına yaxın muzeydə 8000-dən artıq eksponat toplanıb. Bu gün isə muzeydə 9200 eksponat mövcuddur. Bu eksponatların içərisində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən xatirə əşyaları, təsviri sənət və heykəltaraşlıq nümunələri, ədibin əsərlərinin ilk nəşrləri qiymətli eksponatlardır.

Vurğulanıb ki, muzey yaradıldığı gündən buraya dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq gəlib. Rəy kitabında yazılan qeydlər, arzular bunu göstərir. Muzeyin Bakıdakı Hüseyn Cavid Ev-Muzeyi, Nizami adına Ədəbiyyat İnstitutu və Ədəbiyyat Muzeyi, Ədəbiyyat və İncəsənət Arxivi və başqa elm ocaqları ilə əlaqələri genişdir.

Bəhruz Axundov çıxışının sonunda bildirib ki, həmişə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısını görmüşük. Muzeydə aparılan əsaslı təmir və bərpa işləri bu diqqət və qayğının ifadəsidir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır. Muzeyin yaxınlığındakı Xatirə Kompleksində Cavidlər nəsli uyuyur.

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filalogiya üzrə elmlər doktoru Hüseyn Həşimli "Hüseyn Cavid irsinin tədqiqi və təbliğində Hüseyn Cavidin Ev Muzeyinin rolu” mövzusunda çıxışında bildirib ki, bu illər ərzində muzey böyük şairin irsinin təbliği baxımından mühüm işlər görüb. Muzeydə demək olar ki, böyük sənətkarla bağlı bütün kitablar, fotoşəkillər, teatr afişaları mühafizə olunub, saxlanılır. Bu gün muzeydə nümayiş etdirilən eksponatlar elmi-dəyəri ilə Cavid irsini öyrənmək baxımından çox qiymətlidir. Alim bildirib ki, hələ 1990-cı ildə "Hüseyn Cavidin həyat və yaradıcılığı” adlı sərgi Belarus Respublikasının paytaxtı Minsk şəhərində nümayiş etdirilib və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb. 2007-ci ildə Hüseyn Cavidin anadan olmasının 125 illiyində "Hüseyn Cavidin dramaturgiyası” adlı sərgi Türkiyənin İstanbul şəhərində böyük şairin vaxtilə təhsil aldığı İstanbul Universitetində, başqa universitet və mədəniyyət ocaqlarında nümayiş etdirilib. Bütün bunlar Cavid irsinin tanıdılmasında əhəmiyyətli olub.
Tədbirdə ziyalılardan yazıçı Əbülfəz Əsgərli, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov, Bakıdakı "Turan Cavid” Qadınlar Mərkəzinin sədri Sevda Cəfərova, rəssam Qəhrəman Tağıyev, ziyalı Südabə Süleymanova və başqaları çıxış edərək ürək sözlərini deyib və muzeyin kollektivini təbrik ediblər.
Sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, xalq artisti Həsən Ağasoy və aktrisalar Nurbəniz Niftəliyeva, Şölə Novruzbəylinin ifasında Hüseyn Cavid əsərlərindən hazırlanmış kompozisiya göstərilmiş və muzeyin fəaliyyətində fərqlənən bir qrup əməkdaş diplom və fəxri fərmanlarla təltif edilib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.
Əli Rzayev



banner

Oxşar Xəbərlər