• çərşənbə, 24 Aprel, 20:42
  • Baku Bakı 23°C

Humanizm və mərhəmət prinsiplərinə söykənən addım - Fotolar

18.03.19 17:45 3421
Humanizm və mərhəmət prinsiplərinə söykənən addım - Fotolar
Müstəqil Azərbaycanda artıq humanist aktların həyata keçirilməsi ənənəsi formalaşıb. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Onun böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə, hətta 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların bir qismi də bağışlayıb. Prezident İlham Əliyev tərəfindən də 2003-cü ildən indiyə qədər imzalanan çoxsaylı əfv fərman və sərəncamları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb, cəzaları yüngülləşdirilib, neçə-neçə ailəyə sevinc bəxş edilib.

4 amnistiya aktının təşəbbüskarı
Heydər Əliyev Fondunun da bu istiqamətdə əhəmiyyətli fəaliyyəti olub. Belə ki, son illər Azərbaycanda qəbul olunan 4 amnistiya aktının təşəbbüskarı məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin sabiq deputatı, birinci vitse-prezident Mehriban Əliyeva olub. Onun təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877, 17 mart 2009-cu il tarixli qərarla isə 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil olunub, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib.
2016-cı il mayın 20-də isə Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib. Bu amnistiya aktı 10 min şəxsə şamil edilib ki, onlardan 3500 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Sərəncam 431 nəfərə şamil olunub
Ümumilikdə götürsək, müstəqillik tarixində dövlətimizin humanist siyasəti nəticəsində indiyə qədər 65 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul olunub ki, bunun da nəticəsində on minlərlə insan ailəsinə, cəmiyyətə qovuşub. Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında cari il martın 16-da imzaladığı sərəncam da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Bununla yanaşı, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 1 nəfər ictimai işlərdən, 12 nəfər cərimə cəzalarından azad edilib. Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına şamil olunub.

İkiqat bayram sevinci
Millət vəkili, politoloq Aydın Mirzəzadə mövzu ilə bağlı deyib ki,Prezident İlham Əliyevin 16 mart tarixli Sərəncamının icrası ilə bağlıötən gün dörd cəzaçəkmə müəssisəsində olub, əfv olunan insanların bir qisminə buraxılış vərəqələrinin təqdim edilməsi mərasimində şəxsən iştirak edib. Deputat bildirib ki, əfv olunanlar ikiqat bayram sevinci yaşayıblar. Millət vəkili cəzaçəkmə müəssisələrinin yanında toplaşmış məhkumların ailə üzvlərinə, yaxınlarına və qohumlarına gözaydınlığı verdiyini də dilə gətirib: "Belə əfv Sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. Son illərdə dövlətimizin başçısı 35 əfv Sərəncamı imzalayıb, beş mindən çox məhbus həbsdən azad edilib. Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir.Azadlığa çıxan məhbuslar da Prezident İlham Əliyevə dərin minnətdarlarını bildirirlər. Deyirlər ki, bir daha səhv etməyəcək, qanuna riayət edən nümunəvi vətəndaşlar olacaqlar. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması və belə bir tədbirin keçirilməsi Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından, humanizm prinsiplərinə sadiqlikdən xəbər verir. Bunun qarantı dövlətimizin başçısıdır".

"Dövlətimizin başçısı yüzlərlə ailəni sevindirdi”
Millət vəkili, professor Elman Nəsirov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Novruz bayramı ərəfəsində imzalanmış növbəti əfv sərəncamı Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirib. Onun sözlərinə görə, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin təcəssümü olan Novruz bayramı ərəfəsində belə bir humanist addım atılmasının xüsusi mənası və əhəmiyyəti var: "Dövlətimizin başçısı yüzlərlə ailəni sevindirdi. Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olunmuş bu insanlar əziz bayramı öz ailə üzvləri, yaxınları ilə birlikdə keçirəcəklər. Eyni zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. Cinayət yolu tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dərsi götürür və görürlər ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütöv bir ailənin faciəsidir”.

Humanizmin daha bir təzahürü
Millət vəkili deyib ki, hər bir əfv sərəncamı ərəfəsində bəzi müxalif dairələr ajiotaj yaratmağa cəhd göstərir, siyasi məhbus məsələsini gündəmə gətirirlər. Belələrinə cavab olaraq deputat qeyd edib ki, Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb və ola da bilməz: "Müstəqil dövlətimiz demokratik inkişaf yolu seçib və bu dəyərlərə sadiqdir. Azərbaycanda heç kim siyasi əqidəsinə görə həbs olunmur. Hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı, həssas münasibət Prezidentin dövlətçilik fəaliyyətinin ən mühüm fəlsəfəsini təşkil edir. Əgər kimsə azadlıqdan məhrum edilibsə, deməli o, cinayət törədib. Bəzən elə hallar da olur ki, cinayət yolu tutan insanlar cəzadan yaxa qurtarmaq üçün müəyyən bəyanatlar verir, məsələyə bilərəkdən siyasi don geyindirməyə çalışırlar. Bu, siyasi manipulyasiyadan başqa bir şey deyil. Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü islahatlar aparılır. Nəticədə cəza siyasəti humanistləşdirilir, insan hüquq və azadlıqları daha etibarlı şəkildə təmin olunur. Növbəti əfv sərəncamı da bu humanizmin daha bir təzahürüdür”.


Davamlı hüquqi islahatlar
Millət vəkili, professor Hikmət Babaoğlu da hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə halını alıb. O, qəzetimizə açıqlamasında deyib ki, belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib: "Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir. Buna paralel olaraq həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin humanistləşdirilməsi üçün şərtlər formalaşdırır. Xüsusi təhlükəli hallar istisna olmaqla təcridetmədə cəzanın yüngülləşdirilməsi imkanları yaradır. Budəfəki sərəncamla 400 yüzdən çox vətəndaşımız əfv edildi .Onların içərisində xarici ölkə vətəndaşları da var idi. Əfvetmə cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılandı və şübhəsiz ki, ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi. Məhkəmə-hüquq sistemi nə qədər adil olursa olsun hüquqi qərarlar bəzən subyektiv prizmadan yozulur. Əfv fərmanları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi assosiasiya olunur. Əlbəttə bu faktor da vacibdir və pozitiv əhval-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi iradəsinə söykənərək edir və bu zaman hələ 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir. Ona görə də Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxslər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə də əfv hadisəsi hüquqi cəzadan da tərbiyəedici vasitəyə çevrilir. Ona görə də imzalanan hər əfv sərəncamı cəmiyyətimiz və məhkumluqdan azad edilənlər üçün sözün həqiqi mənasında əlamətdar hadisəyə çevrilir”.

İnsanlara sevinc bəxş etmək
Millət vəkili, professor Musa Qasımlı da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatıb. Tarixçi-alim Prezident İlham Əliyevin əfv sərəncamı verməsini dövlət başçısının növbəti böyük humanist addımı kimi dəyərləndirib: "Əfv sərəncamının verilməsi cənab Prezidentin səlahiyyətlərinə daxil olan məsələdir. Bu dəfə də dövlətimizin başçısı böyük humanist addım atdı. Məhkum olunmuş insanlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu. Prezident İlham Əliyev həmin ailələrin Novruz bayramı sevincinə əlavə sevinc qatdı, onlara xoş əhval-ruhiyyə bəxş etdi. Dünyada insanlara sevinc bəxş etməkdən daha gözəl nə ola bilər ki?”

Aydın və işıqlı sabaha inam duyğusu
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev də bizimlə söhbətində qeyd edib ki, Prezident İlham Əliyevin humanist addımı sayəsində insanlara aydın və işıqlı sabaha inam duyğusu bəxş edən Novruz bayramı yüzlərlə ailənin evində ikiqat sevinclə qeyd olunacaq. Onun fikrincə, bu sərəncam həm də əfv olunan şəxslərin xoşbəxt gələcəyə, özlərinə olan ümidini artırıb: "Ən əsası, Prezidentimiz bu sərəncamla öz əməllərindən peşmançılıq hissi keçirən insanlara özlərini həyatda bir daha sınamaq imkanı verdi. Bu, bir daha göstərdi ki, 2003-cü ildə Azərbaycan seçicisinə vəd edilən "Mən hər bir azərbaycanlının prezidenti olacağam” sözləri ötən 16 il ərzində özünü tam doğruldub. Bu illər ərzində qazanılan uğurlar, əldə edilən nailiyyətlər təsdiq etdi ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizm və ədalət prinsipləri ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərdi-səri, qayğıları, problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir. Novruz bayramı ərəfəsində imzalanan əvf sərəncamı da Azərbaycan Prezidentinin siyasi iradəsinin və qətiyyətinin göstəricisidir. Bununla o, hər zaman ölkə vətəndaşının yanında olduğunu növbəti dəfə təsdiq edir. Prezident İlham Əliyev dünya üçün ali humanistlik, qayğıkeşlik nümunəsi göstərir, daim xalqı ilə birgə olmağın onun üçün həyat amalına çevrildiyini növbəti dəfə təsdiq edir”.

Azərbaycan dövlətinin və hakimiyyətinin gücü
Həmsöhbətlərimizin fikrinə dəstək olaraq onu da əlavə edək ki, indiyə qədər imzalanan fərman və sərəncamlarda, qəbul edilən amnistiya aktlarında olduğu kimi, budəfəki əfv sərəncamı da sırf humanizm və mərhəmət prinsiplərinə söykənir. Bu kimi addımlar Azərbaycan dövlətinin və siyasi hakimiyyətinin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin son addımları onu deməyə əsas verir ki, o, xalqla bir yerdədir, yalnız xalqına arxalanır və xalqdan güclü dəstək alır. Bunun nəticəsi olaraq Azərbaycan Prezidenti cəmiyyətə harmoniya, barış, sülh, sabitlik, əmin-amanlıq gətirəcək inamlı addımlar atmaqdan çəkinmir. Məhz bu amillər sayəsində Azərbaycan hakimiyyəti, eləcə də dövlət başçısı İlham Əliyev hazırda elə bir gücə sahibdir ki, çəkinəcəyi fərd və ya qüvvə yoxdur. Elə sonuncu əfv sərəncamı, bəzi beynəlxalq təşkilatların "siyasi məhbus” kimi qələmə verdikləri şəxslərin bu sərəncamın icrası ilə azadlığa qovuşması, Prezident İlham Əliyevin onları əfv etməsi də özünə inamın, xalqın dəstəyinə güvənməyin, gücün, qüdrətin göstəricisidir. Təsadüfi deyil ki, hər zaman olduğu kimi bu dəfə də əfv sərəncamı məhkumluqla vidalaşanlar, cəzası yüngülləşənlər və onların ailə üzvləri ilə bərabər, cəmiyyətin bütün təbəqələri tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Əfv sərəncamının icrasını 4, 10, 11 və 16 saylı cəzaçəkmə müəssisələrində ictimaiyyət nümayəndələri ilə birlikdə yaxından izləyən birisi kimi bunu tam səmimiyyətimlə xüsusi olaraq qeyd edə bilərəm. Əlavə olaraq vurğulanmaq yerinə düşər ki, hətta beynəlxalq təsisatlar, o cümlədən Avropa İttifaqı da 400-dən çox məhbusun əfv edilməsi ilə nəticələnən son prosesi alqışlayır.
Rufik İSMAYILOV





banner

Oxşar Xəbərlər