Hovuzla dəniz arasında böyük fərq var - Reportaj

Hovuzla dəniz arasında böyük fərq var - Reportaj

Gənclik qəzeti
28 İyun 2019, 12:15 3963
"Çəkilin, çəkilin. İndi tullanacağam”. Məkana yenicə daxil olmuşdum ki, üst-başım su olmamışdan əvvəl eşitdiyim son cümlə bu oldu. Ani olaraq səsin haradan gəldiyini və nə baş verdiyini müəyyənləşdirmək üçün arxaya döndüyümdə artıq gec idi. Sanki haradansa, üstümə bir vedrə su atdılar. Əslində, hovuz başına reportaja gəlib, üst-başım su olmadan geri qayıtmaq günah olardı. Ona görə də, baş verən hadisəni gülüşlə qarşılayıb işimə davam etdim.
 
Son dönəmlər uşaqlar və gənclər arasında böyük maraq qazanan idman növlərindən biri də üzgüçülükdür. Bu idman növü ölkəmizdə də yavaş-yavaş inkişaf etməkdədir. Belə ki, bir müddət əvvəl sadəcə hobbi, yalnız boş zamanlarda məşğul olunacaq idman növü kimi yanaşılsa da, artıq professional şəkildə də davam etdirib, beynəlxalq arenaya çıxanlar var. Ona görə də, qərara gəldik ki, bu dəfə yolumuzu üzgüçülük dərsindən salaq və oradan reportaj hazırlayaq.
 
Dənizdə rahat və yaxşı üzmək üçün...
 
Bayaq məni isladan isə balaca boyu ilə hündürlüyü 2 metr olan hovuzda üzməkdən doymayan Əli idi. Əli o möhtəşəm tullanışı edib bir az üzdükdən sonra yanıma gəlir. Məşqçi digər uşaqlarla dərs keçdiyindən, biz də Əli ilə bir az həmsöhbət oluruq. Əlinin 9 yaşı var və 7 aydır ki, üzgüçülüyə gəlir. Üzgüçülüklə bərabər karate ilə də məşğul olur. Deyir ki, bədəninin formalaşması və dənizə gedəndə daha rahat üzmək üçün müəllim yanına gəlir. Həmçinin bunu növbəti illərdə daha professional şəkildə davam etdirməyi düşünür. Əlini dərsə nənəsi Səkinə xanım gətirmişdi. O deyir ki, nəvəsi başqa idman növü ilə də məşğul olur, amma ən çox sevdiyi üzgüçülükdür: "Üzgüçülüyə marağı böyükdür, bu dərsə böyük həvəslə gəlir. Su ilə oynamağı, suda vaxt keçirməyi sevir. Demək olar ki, üzgüçülüyün bütün növlərini bilir. Üzgüçülük həm boyuna, həm də bədənin formalaşmasına müsbət təsir göstərib”.
 

 
Heç olmasa, üzgüçülüyə gətirsinlər
 
Üzgüçülüyün faydasından danışan müsahibim nəvəsinin keçən qış xəstələnmədiyini qeyd edir: "Bu dərsin digər bir faydası isə bədəni sağlam etməsidir. Əli hər qış xəstələnirdi, amma bu qış xəstələnmədi. Boyunda da artım hiss edirik. Mən digər valideynlərə də məsləhət görərdim ki, başqa idman növünə aparmasalar da, uşaqlarını heç olmasa, üzgüçülüyə gətirsinlər. Bu idman növü həm psixoloji, həm də fizioloji olaraq uşağın inkişafına müsbət təsir göstərir”.
 
Yavaş-yavaş hovuz başına yaxınlaşıb dərsin gedişini izləyirəm. Məşqçi Rüstəm Şahbazovdur. Məşqçi müxtəlif əl hərəkətləri ilə uşaqlara ilkin təlimatları verir. Üzərkən ayaqlardan və əllərdən necə istifadə etmək lazım olduğunu izah edir. Eşitdiklərimdən aydın olur ki, üzgüçülüyün 4 - sərbəst, arxa, qurbağa, kəpənək növləri var. Uşaqların ən çox sevdiyi isə sərbəst növdür. İlk dərsləri olan uşaqlar əlləri ilə hovuzun qıraqlarından tutub suda ayaq hərəkətlərini öyrənirlər. Məşqçi deyir ki, ayaq hərəkətlərini bilmək vacibdir. Təzə başlayanlar mütləq qolçaqlarla suya girməlidir. Bu, onların rahat və sərbəst üzməyinə kömək edir. Müəyyən qədər öyrəndikdən sonra isə qolçaqsız üzmək olar. Dərs prosesi bitdikdən sonra məşqçi ilə həmsöhbət olub, üzgüçülüklə bağlı olan suallarımızı ünvanlayırıq.
 

 
Bəzən könüllü yox, həkim məsləhəti ilə gələnlər də olur
 
Rüstəm müəllim deyir ki, son dönəmlər üzgüçülüyə maraq artıb və müxtəlif yaşda olanlar gəlir: "Ən çox uşaqları gətirirlər. Uşaqları daha çox 6 yaşından qəbul edirik, amma elə istedadlı uşaqlar olur ki, 4 yaşdan da götürürük. Nə üçün 6 yaş? Çünki öyrənmək üçün ən ideal yaşdır. Yuxarı yaşda öyrənmək çətin olur. Bu yaşda üzgüçülüyə gedən uşağın inkişafı 1-ə 5 artır. Həmçinin uşağı qəbul etməmişdən əvvəl də valideynlə söhbət edirik. İlk olaraq uşağın sağlamlığı ilə maraqlanıram. Onun xlorlu suya allergiyasının, nəfəs çatışmazlığı kimi problemin olub-olmadığını öyrənirəm. Yəni hər bir məşqçi bu tip nüanslara fikir verməlidir. Bəzən könüllü yox, həkim məsləhəti ilə gələnlər də olur. Çünki üzgüçülüyün müalicəvi əhəmiyyəti də var. Xüsusilə, belində problemi olan uşaqları gətirirlər. Biz də zamanla bu problemi həll etməyə çalışırıq. Tam da olmasa, 85-90 % köməyi olur”. 
 

 
Xanımların 70-80%-i sudan qorxurlar 
 
Həmsöhbətimiz deyir ki, təzə başlayan insanlarda ən böyük mane suya olan fobiyadır: "Xanımların 70-80%-i sudan qorxur. Özləri üçün psixoloji travma halına gətirirlər. Sudan qorxmaq lazım deyil. Əksinə, "qorxuram” sözünü nə qədər çox istifadə etsələr, öyrənmələrinə bir o qədər əngəl olacaq. Əgər insan hovuza girməmişdən əvvəl bunu bacaracağına özünü inandırsa, qalan işlər müəllimdən asılıdır”. 
 
Bu məqamda bir sual yaranır ki, üzgüçülük müəllimi necə biri olmalıdır, uşağı necə öyrətməlidir? R.Şahbazov deyir ki, üzgüçülük müəllimi üzməkdən əvvəl, psixologiyanı yaxşı bilməlidir: "Yəni uşaqla uşaq, böyüklə böyük kimi. Xanımlarla da zərif rəftar etməlidir. Azyaşlı tələbələrim məni müəllim yox, dost kimi qəbul edirlər. Bir az da tibbi sahədən xəbərdar olmaq lazımdır”. 
 

 
Üzgüçülüklə əyriliyin qarşısını 70-80% almaq olar
 
Məşqçi qeyd edir ki, bir çox insanın üzgüçülüyə gəlməkdə məqsədi bədənin formalaşmasıdır: "Yaşından asılı olmayaraq, hər kəsin bədən quruluşunun formalaşmasına müsbət təsir edir. Bundan başqa, bəzi insanlar var ki, onlar yeriyəndə çiyinlərin yavaş-yavaş önə əyildiyini müşahidə edirik. Bu, həmin adamda skalioz xəstəliyinin olduğunu göstərir. Bunun irəliləməməyi üçün dərhal bizə müraciət edirlər. Üzgüçülüklə əyriliyin qarşısını 70-80% almaq olar. Ümumiyyətlə, hündürboy, gözəl qamətli olmaq istəyirsinizsə, davamlı olaraq 3 il getmək lazımdır”. 
 
Valideynlərinə təklif edirik ki...
 
Həmsöhbətim bəzi tələbələri ilə yarışlara qatıldığını, müxtəlif dərəcələr qazandıqlarını qeyd edir: "Elə uşaqları olur ki, çox istedadlıdırlar. Valideynlərinə təklif edirik ki, uşaqlar bunu professional şəkildə davam etdirsin. Bəziləri buna razı olur, bəziləri isə bir müddətdən sonra dayandırır. Davam etdirən tələbələrimizlə istər ölkəmizdə, istər xaricdə keçirilən yarışlara qatılırıq. Dərsləri dayandıranlar bəzən soruşurlar ki, bunun orqanizmə hansısa əks təsiri ola bilərmi? O zaman izah edirəm ki, bunun heç bir əks təsiri olmur”.
 
Üzgüçülüyə gələnlərin böyük bir qisminin müalicə üçün bu addımı atdığını deyən Rüstəm müəllim, autizmli tələbələrinin də olduğunu bildirir: "Hazırda müraciət edənlərin bir çoxu hobbi üçün yox, müalicə üçün gəlirlər. Bir neçə autizmli tələbələrim də var. Həmin uşaqlarla hərtərəfli məşğul oluram. Onların dilinin açılmasına, sərbəst hərəkət etmələrinə, ən əsası cəmiyyətə inteqrasiya olmalarına kömək edirəm. Onu da qeyd edim ki, həmin uşaqlar hovuzda üzən zaman mütləq şəkildə qolçaq taxmalıdırlar”.
 

 
3 qız, 25 oğlan tələbəm var
 
Məşqçi, oğlan tələbələrinin çox olduğunu deyir: "Hazırda 3 qız, 25 oğlan tələbəm var. Bunun da səbəblərindən biri bayaq da dediyim kimi, xanımlarda fobiyanın olmasıdır. Amma fobiyanı da birlikdə aşırıq. Maksimum 1 ay yarıma xanımlar, rahat şəkildə üzməyi öyrənə bilirlər. Ümumiyyətlə, dərs prosesində ehtiyac olanda, özüm də hovuza girib, tələbələrlə birlikdə söhbət edərək üzürəm”. 
 
Hovuzla dəniz arasında böyük fərq var
 
Rüstəm müəllim deyir ki, insanların etdiyi səhvlərdən biri də hovuzda üzməklə, dənizdə üzməyi bir tutmalarıdır: "İnsanlar hovuzda üzdükləri rahatlıqla dənizdə üzə bilməzlər. Hətta, üzməməlidirlər. Yəni düşünməsinlər ki, hovuzda üzə bilirlərsə, dənizdə istədikləri dərinliyə gedə bilərlər. Hovuzla dəniz arasında böyük fərq var. Məsələn, hovuzun suyu şirindi, dənizinki duzludur. Hovuzda insanın çəkisi yüngül, dənizdə isə ağır olur. Çəki ağır olanda da özünü suda idarə etmək çətinləşir. Digər tərəfdən, hovuzda bəlli bir dərinlik olur, amma dənizdə getdikcə dərinləşir. Orada suyun səviyyəsini bilmək olmur. 15-20 il üzgüçülüklə məşğul olmasının fərqi yoxdur, istənilən halda dənizdə ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına riayət etməlidir”.
 
Maraqlıdır, üzgüçülüyün digər idman növlərindən fərqi nədir? Rüstəm bəy deyir ki, üzgüçülük idman növlərinin hamısının baş tacıdır: "Bunu bütün idman müəllimləri təsdiq edər. Uşaq başqa hansı idman növünə getsə də, müəllimi ona üzgüçülüyü də tövsiyə edir. Çünki su sinir sistemini sakitləşdirir, damarlarda qanın dövranını tənzimləyir. Bu da digər idman növlərində yarışa çıxanda hansısa problemin yaranmasının qarşısını alır”. 
 

 
Eynək taxmadan üzsək, görmə qabiliyyətimiz 35-40% zəifləyər
 
Bir az da üzən zaman lazım olan avadanlıqlardan danışaq. Məşqçi qeyd edir ki, istifadə edilən hər bir əşyanın öz funksiyası var: "Hovuz geyimləri çox önəmlidir. Məsələn, istər xanımların, istər bəylərin geyindiyi paltarın materialı pambıq olmamalıdır. Çünki hovuzdakı suya vurulan dərmanla pambıq əks reaksiyaya girib dəriyə ziyan vura bilər ki, bu da müəyyən səpgilər və allergik xəstəliklər yaranmasına səbəb olar. Ona görə, yaxşı olar ki, paltar rezindən olsun. Sonra əsas olan geyimlərdən biri də papaqdır. Heç kim zəmanət vermir ki, onun saçının dibi sağlamdır. Elə müştəri var ki, onun başında bit və ya başqa bir xəstəlik ola bilər. Bu da suya tökülür, digər müştəri də istər-istəməz üzən zaman həmin suyu udur. Nəticədə həmin insanın sağlamlığı üçün təhlükə yaranır. Ona görə, baş geyimi mütləq şəkildə taxılmalıdır. Həmçinin eynək də lazımdır. Eynək gözə mikrob düşməsinin, zəifləmənin qarşısını alır. Əgər eynək taxmadan üzsək, görmə qabiliyyətimiz 35-40% zəifləyə bilər”. 
 
Hovuz kənarında zamanın necə keçdiyinin fərqində belə olmadıq. Amma məşqçinin tələbələri onu gözləyir. Ona görə də söhbətimizi yavaş-yavaş yekunlaşdırıb, təkrar islanmamaq üçün kənara çəkilib, dərs prosesini izləməyə davam edirəm. Etiraf edim ki, dərsi izləmək məndə də üzgüçülüyə maraq yaratdı. Qərara gəldim ki, ilk fürsətdə, mən də bu dərslərə yazılıb sağlam və gümrah bədənə sahib olum.
 
Günel Azadə