• çərşənbə, 24 Aprel, 22:07
  • Baku Bakı 23°C

“Həyatını dəyişmək üçün 28 yaş gec deyil”

28.02.20 11:30 4723
“Həyatını dəyişmək üçün 28 yaş gec deyil”
Türkiyəli ulduzlar "Fərdi inkişaf zirvəsi” seminarında maraqlı təcrübələrini bölüşdülər
Bir neçə gün öncə karyera, təşəbbüskarlıq, uğur hekayəsi, özünü inkişaf, sahibkarlıq, bədən dili, diksiya və s. mövzuları özündə birləşdirən "Fərdi inkişaf zirvəsi” seminarı baş tutdu. "Baku Business School”un təşkilatçılığı ilə baş tutan seminarda Türkiyədən dəvət olunmuş 4 spiker çıxış etdi.

Hələ seminar başlamamış "Baku Business School”un direktoru Əyyub Hüseynzadə ilə söhbətləşdik. Ə.Hüseynzadə bildirdi ki, seminarda çıxış edəcək spikerlər öz sahələrində bilik və bacarıqları, gücləri ilə gələn önə çıxmış şəxslərdir: "Spiker seçiminə diqqətlə yanaşırıq. Danışılacaq gözəl təcrübələri olmalıdır ki, dinləyənə nə isə aşılamış olsunlar. Məsələn, Nihat Kahveçi öz karyerasında pik həddi yaşamış bir insandır. Digər spikerlər də həmçinin. Spikerlər maraqlı olanda, proqrama rəng qatırlar, insanların marağını cəlb etmiş olur”.


Ə.Hüseynzadə bildirdi ki, bu cür seminarların hədəf auditoriyası yalnız gənclər deyil: "Fərdi inkişaf deyəndə, çox adam düşünür ki tələbələr üçündür, amma burda bədən dili, diksiya və s. kimi mövzularla bağlı da danışılır və bu, hər bir sahədə olan şəxsə lazımdır. Aparıcı, təlimçi, sahibkar və s. üçün də maraqlı ola bilər. Bu mövzuların hədəf kütləsi genişdir”.


Bu gün peşəkar da çoxdur, amma...

İlk olaraq Türkiyə millisinin sabiq üzvü Nihat Kahveciçıxdı. çıxış etdi. Futboldan, bu işə yanaşmasından, tranfserlərindən, məşqçilərindən və s. danışdı. Auditoriyadan gələn "İndi illər öncə ilə müqayisə edəndə, imkanlar çox yaxşıdır, bəs niyə futbolçular əvvəlki qədər uğurlu olmurlar?” sualına cavabı isə daha maraqlı oldu: "Bunu çox deyirlər ki, əvvəllər indiki qədər imkanlar yox idi, yığma komandalar üçün yaxşı şərait var, bəs niyə indi əvvəlkilər qədər uğur qazanılmır? Bununla bağlı bir fikrim var. Bu gün peşəkar da çoxdur, texnologiyadan da yaxşı istifadə edilir. Məlumata əlçatanlığımız saniyələr alır. Seçimlər, simalar, zehinlər hamısı gözəldir. Ancaq düşünürəm ki, bu, robot kimi mexanizm yaradır. Bunlar öz yerində, ancaq bir işdə uğurlu olmaq üçün insanda ona qoyacaq ürək olmalıdır. İşə ürək qoymursansa, nəticə əldə edə bilmirsən. Bu, tək futbola aid deyil, hər işdə belədir”.

19 yaşlı biri üçün 3 il uzun zaman deyil
"TRT Spor" kanalının şərhçisi Ərdoğan Arıkançıxışının əvvəlində auditoriyadakı tələbələrə belə bir sual ünvanladı: "Hazırda öz istədiyi ixtisas üzrə təhsil almayan tələbə var?”. Bir xeyli tələbə əl qaldırdı. Onlardan biri: ”Mən tibb üzrə təhsil almaq istəyirdim, ancaq qəbul imtahanında balım çatmadı deyə, kimya müəllimliyi üzrə oxuyası oldum. 3-cü kursdayam, 19 yaşım var. Düşünürəm ki, bu sahə mənim üçün uyğun deyil. Artıq 3 il sərf etmişəm, geri dönmək də çətindir. Bitirdikdən sonra incəsənət yönümlü sahədə yenidən təhsil almaq fikrim var. Rəssamlığa marağım böyükdür”.


Ə.Arıkan bildirdi ki, nəinki 19, heç 24-25 də yenidən başlamaq üçün gec deyil: "Həyatımızla bağlı ən vacib qərarları 15-30 yaş arasında veririk. Fəqət, bunu 50 yaşına çatınca hiss edirik. Bu müddətdə nə qədər doğru qərarlar verə, nə qədər doğru addımlar ata biliriksə, həyatımızın sonrakı dönəmi ona uyğun keçir. 19 yaşlı biri üçün 3 il uzun zaman deyil. 30-35-də insan sevmədiyi bir sahənin arxasınca getdiyini anlayanda, onun üçün bir az gec olur. 3 ili o vaxtlar sərf etmək heç də həmişə alınmır. Lap 23 yaşında ol, həyatını dəyişdirəcəksə, 3-4-5 ili bu dəyişikliyə qurban vermək olar. 23 yaşında qərar verib başqa təhsil alsan, 28 yaşında yeni bir yola başlaya bilirsən. Həyatını dəyişmək üçün 28 yaş gec yaş deyil. 35 yaşa gəlib bu qərarı verib başqa təhsil alanda, yaş 40 olur və üstünlük verilən biri olmursan. Həm üstünlük verilən, həm də işini doğru görən biri olmaq üçün özünü vaxtında tapmaq lazımdır”.

Ə.Arıkan deyir ki, həyatla bağlı heç bir işi axarına buraxmaq olmaz: "Adətən axarına buraxırıq. Universitetə qəbul olum, bitirim, sonra yaxşı-pis iş taparam, işləməyə başlayaram və öz axarı ilə gedər. Bir də baxırsan ki, 20 il keçdi, sonra pensiya yaşı gəlir və belə davam edir. Bəlkə də siz çox yaxşı idmançı, sənətçi və s. olacaqdınız. Mütəxəssislər deyirlər ki, hər insanın beynində daha yaxşı edə biləcəyi bir bacarıq bölməsi olur. Mütləq hamımızın bir-birimizdən üstünlükləri var. Amma çox adam öz bacarığını kəşf etmədən ölür. Ona görə axarına buraxmayın”.


Auditoriya qarşısında çıxış etməyi gözümüzdə böyüdürük

Auditoriyaya növbəti sual: Kim televiziyada aparıcı olmaq istəyər? Əlini qaldıran çox oldu, ancaq onların bir çoxu başqa sahələrdə çalışdıqlarını bildirdilər. Ə.Arıkan deyir ki, televiziyada çalışmaq istəyən, ancaq buna risk etməyən həddindən artıq şəxs var: "TV-də işləmək istəyənlərin çoxu "Bizi kimdir ora götürən?”, "Biz edə bilərikmi?” və s. düşünürlər. İstəyir, amma onda alınmayacağını düşünür. Başqa biriləri bunu edirsə, siz də bacararsınız. Əsas olan o işin səndən tələb etdiyi istiqamət üzrə üzərində işləməkdir. Mən bununla bağlı öz təcrübəmi bölüşəcəm. 24-25 yaşım var idi, satış işində çalışırdım. TRT-nin aparıcılıq elanını gördük. Dostlar dedilər ki, səsin pis deyil, bəlkə sınayasan. O vaxt özəl televiziyalar fəaliyyət göstərmirdi, bircə TRT idi, orda çalışmaq xəyal idi. Dedim ki, çox çətindir, alınmaz və s. Amma sonra fikirləşdim ki, bir sınayım. Bir yazılı, bir şifahi sınaq oldu. Şifahi sınaqda hər dəfə oxuyanda bir az da həyəcanlandığımı, çətinə düşdüyümü hiss edirdim. Səsim titrəməyə başladı, oxuya bilmədim. Spiker dedi ki, dayan, çox həyəcanlandın, nəfəs al, sonra davam edərsən. Belə durumla qarşılaşdığımda "alınmadı” deyə düşündüm. Arxaya rahat oturub "Bu qədər həyəcanlanacağımı təsəvvür etmirdim. İstər-istəməz adam həyəcanlanır” dedim. Bu zaman spikerin arxadan səsi gəldi. Dedi ki, bu səslə oxu. İndi daha da həyəcanlandım. Oxudum, amma o səslə yox (Gülür). Deyiblər ki, səsi pis deyil, şans verək. Bir neçə mərhələni keçdik, sonra 5 aylıq kurs keçdilər. 5 ay davamlı olaraq orda öyrənsəm də, sınaqdan keçmədim.10 nəfəri ehtiyata saxladılar, biri də mən idim. Sonra işə dəvət etdilər.

Onu da deyim ki, bu işə başlayana qədər çox utancaq, danışmağı sevməyən, auditoriya qarşısında danışmaqdan əziyyət çəkən biri idim. Amma bir işi işiniz olaraq gördüyünüz zaman həyatın başqa dəyişiklər gətirdiyinin şahidi olursunuz. Zamanla auditoriya qarşısında danışmaq qorxusunun nə qədər uşaqca bir həyəcan olduğunu düşünürsünüz. Gözümüzdə çox böyüdürük, belə etmək olmaz. Amma bunun üçün də öyrənməli, bir şeyləri bilməliyik ki, həyəcan olmadan danışaq”.


Həyəcanı dəf edib, gözəl danışığa nail olmaq üçün isə bəzi məsələləri diqqətdə saxlamaq lazımdır. Ə.Arıkan onlardan ən önəmlilərini qeyd etdi: "Auditoriya qarşısında çıxış edərkən dərindən nəfəs alıb danışmağa başlamaq lazımdır. Nəfəs almağı unutmayın. Hərflər, kəlmələr ağızdan çıxarkən onların haqqını vermək, gözəl şəkildə ağızdan çıxmasına diqqət etmək lazımdır. Bunun üçün dodaqlarımızı yaxşıca hərəkət etdirəcək, dilimizi ağızda yaxşı döndürəcəyik. Dediklərimizin daha yaxşı anlaşılması üçün ağzımızı yaxşı şəkildə açmalıyıq. Danışıq sürətini diqqətdə saxlamaq lazımdır. Çox sürətli danışırsansa, bir az yavaşlat, ya da əksinə. Eyni zamanda, müəyyənləşdirmək lazımdır ki, sənə aid olan səslə danışırsan, yoxsa səsini dəyişirsən. Öz səsinlə danışmaq da önəmlidir. Bunları tətbiq edərək, gözəl danışığa nail olmaq mümkündür”.

O qadın məni 2-3 ay əzdi, amma...

Sahibkar, yazıçı Mustafa Açıqgöz isə tələbə vaxtı işlədiyi dönəmdə müdirinin işçilərdən iş tələb etmə prinsipi ilə razılaşmasa da, özü rəhbər olunca, onu gözəl anladığını etiraf etdi: "Work and travel” proqramı ilə tələbə vaxtı Amerikada bir xidmət sektorunda işləyirdim. Həftənin 4 günü orda işləyirdik, 3 günüm boş qalırdı. Onu da bir dondurma hazırlanan yerdə çalışmaq qərarı vermişdim. Qadının 40 dənə dondurma mağazası var idi, hamısında da ən azı 20 nəfər işləyirdi. İşçi çox olduğu üçün gəlib hamının işinə baxa bilmirdi, iş prosesinə, işçilərə kamera ilə nəzarət edirdi. Bir gün kameradan baxanda, görüb ki, mən oturmuşam, işləmirəm. Öz-özümə düşünürdüm ki, müştəri yoxdur, nə iş görəcəm? Biznesin sahibi olan xanım mağazanın menecerinə zəng vurub deyir ki, Mustafa niyə işləmir? Dedim ki, iş yoxdur, nə edim? Deyib ki, mən ona saata görə pul verirəm, işi yoxdursa, çıxıb getsin. Ətrafı təmizləsin, ərzaqları səliqəyə salsın və s. Bu, mənə o vaxt bir az pis gəlmişdi. Amma sonra öz işimi quranda, onun yanaşmasını dərk etdim. 50 nəfər işçim var idi. Əgər onlar işlərini yola versəydilər, mən sabahı gün batıra bilərdim. O qadın məni 2-3 ay əzdi, amma işə sahiblənmənin nə olduğunu da öyrətmiş oldu”.


Həyatınızın fürsəti sizə təqdim olunduğunda

Türkiyənin TRT telekanalının aparıcısıTijenKaraş isə fürsətlərə hazır olmaq mövzusunu öz təcrübəsi ilə əsaslandırdı: "Əgər yoxlamasanız, bilməzsiniz. Xəbərçiliyə yeni başladığım vaxtlar idi. Uğur Dündar idarəçiliyi altında olan xəbərlərdə çalışırdım. Həmin ərəfədə Ərzincanda zəlzələ oldu. Mən də təcrübəsiz idim. Dedilər ki, studiyaya gir, xəbərini oxu, yaz və bağlantı et. İndi bu, mənim üçün çox bəsitdir. Lakin o zaman o qədər təcrübəsiz və özünə yetərincə güvənən biri deyildim. Ona görə, "edə bilmərəm” dedim. Dedilər edərsən, studiyaya girdim oxudum, çıxdım. Ölkə xaricindən bir izləyici zəng vurub dedi ki, az əvvəl sizi izlədim. Studiyada küləkmi var idi, yoxsa siz titrəyirdiniz? Dedim mən titrəyirdim (Gülür). O qədər həyəcanlanmışdım. 1 həftə sonra Uğur Dündar məni yanına çağırdı. Fikirləşdim ki, yəqin uğursuz gördülər, işdən çıxaracaqlar. Amma əksinə, dedilər ki, yaxşı gedirsən, öyrəşəcəksən, səni həftə sonu üçün ana xəbərə keçirməyi düşünürük. Mən nə cavab verdim? "Hazır deyiləm” dedim. Mənim yaşadığımı yaşamayın deyə, gənc vaxtı özünüzü nə qədər yetişdirsəniz, nə qədər hazır olsanız, o qədər yaxşı olacaq. Günün birində həyatınızın fürsəti sizə təqdim olunduğunda, mənim kimi etməzsiniz, daha hazır olursunuz. Boş özgüvəndən bəhs etmirəm”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər