AZE | RUS | ENG |

“Həyatımın hər anına gecikmişəm”- Debüt

“Həyatımın hər anına gecikmişəm”- Debüt
Gülər Ləzgiyeva: Uşaqların alqışladığı səhnədə obraz canlandırmağı heç nəyə dəyişmərəm

Aktrisa olmaq bəlkə də bir şans məsələsidir. Təbii ki, sənət insandan dözüm, iradə, güc və səbr tələb edir. Təəssüf ki, bu günün gənclərində bunlara çox az rastlayırıq. Aktrisa olmaq üçün belə, bu sənəti seçən gənclərin əksəriyyəti televiziyalara can atır, simalarının daha tez tanınmasına nail olmaq istəyirlər.
"Debüt” rubrikamızın qonağı Gülər Ləzgiyevada isə biz bunun tam əksini görürük. Aktrisanın çalışdığı müəssisələr qısa zamanda bağlansa da, o ruhdan düşməyib, istədiyinə nail olmayınca daim mübarizə aparıb və aparır da. Onun sənət sevgisi sonsuz və mürəkkəbdir.
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissorluğu” ixtisasını bitirən aktrisamız hazırda Bakı Uşaq Teatrında çalışır.  
 
- Gülər xanım, niyə məhz aktrisa olmaq istədiniz?
 
- Əslində heç ağlımın ucundan belə keçməzdi ki, gələcəkdə aktrisa olaram. Məktəbdə oxuyarkən jurnalist olmaq istəyirdim. Bunun üçün yaxşı qabiliyyətimin olduğuna inanırdım. O zaman indiki millət vəkili Qənirə Paşayevanı özümə kumir kimi görürdüm. Artıq yuxarı sinfə keçəndə, ali məktəbə qəbul olmaq üçün İqtisadiyyat Universitetinin nəzdində açılmış kursa getdim. Orada universitetlərarası KVN yarışması keçirilirdi. Şagird olmağıma baxmayaraq, mən də oranın bir üzvünə çevrilmişdim. Oturub bir mahnı zümzümə edərkən Eldar Mansurov çevrildi və zaldan o səsin kimdən gəldiyini soruşdu. Elə hesab etdim ki, oxumağımla onun işinə mane oldum. Məni yanına çağırıb, gələcəkdə kim olmaq istədiyimi soruşdu, jurnalistikaya hazırlaşdığımı dedim. Bildirdi ki, mən sənədlərimi İncəsənət Universitetimə verməliyəm, bu sənət mənim üçün daha uğurlu olacaq. Bu barədə çox düşündüm. Qərara aldım ki, əgər Eldar müəllim bu fikri səsləndirirsə, demək ki, məndə nəsə görüb.
 
- Dərslərinizi necə oxuyurdunuz? Deyəsən məktəb illərindən incəsənətə meyilli olmusunuz.
 
- Fizika, kimya dərslərini sevmirdim. Baxmayaraq ki atam kimyaçı idi. Müəlliməm deyirdi ki, kimyaçı qızı olasan, kimya fənninə laqeyd yanaşasan. Hər dəfə kimya dərsində məktəbimizin  tədris işləri üzrə müavini qapını açıb deyəndə ki, "Ləzgiyeva, tədbir var, gedirsən” - tez durub qaçırdım.
 
- Bəs kimyaçı ailəsində incəsənəti seçə münasibət necə oldu?
 

- Fikrimi qətiləşdirdim və evdəkilərin də fikirlərini öyrənmək üçün belə bir istəyimin olduğunu bildirdim. Təbii ki, ailəm mənə ciddi yanaşmadı. Razılıqlarını aldım, amma onların gözlərindəki inamsızlığı hiss etdim. Artıq 2-ci il idi universitetə hazırlaşırdım. Məktəbi bitirdiyim il anam rəhmətə getdiyi üçün universitetə hazırlaşmamışdım. Ailəm də düşünürdü ki, yəqin bu, ötəri hissdir və Gülər qəbul olmayacaq.
 
- İncəsənət Universitetinə sənədlərini verməyə gələndə, kimlər sizdən imtahan götürdü?
 
- Sənəd verdiyimin ilk ili tanınmış rejissor Ağakişi Kazımov məni son turda kəsdi. Dedi ki, boyun incəsənət üçün balacadır. Amma məndən qabaq yetərincə balacaboy uşaqlar imtahandan keçmişdilər. Birinci turda Gülşad Baxşıyeva məni çox bəyənmişdi. İmtahanlara özüm evdə hazırlaşmışdım. Növbəti il imtahandan keçdim və universitetə qəbul oldum. Qabiliyyət imtahanına gələndə Gülşad Baxşıyeva dedi ki, bu sənin son şansındır. Müəllim kürsüsündə əyləşən sənətkarlarımız dedilər ki, hisslərini yoxlamaq istəyirik. Elə hesab et ki, evdə yanğın başlayıb və balaca uşaq da evdədir. Mən də açdım pəncərələri, başladım var gücümlə qışqırmağa. Universitetimizlə üzbəüz binada kim yaşayırdısa, hamısı səsimə çölə çıxmışdı. Universitetin aşağısında atam səsimi tanıyıb yanındakılara demişdi ki, "narahat olmayın, o qışqıran mənim qızımdır, inşallah ki, yuxarıda salamatçılıqdır”.
 
- Kimləri özünüzə müəllim hesab edirsiniz?
 
- Baxmayaraq ki estrada rejissorluğunda oxuyurduq, aktyorların dərslərində otururduq. Mən  mərhum sənətkarımız Yaşar Nurini, Telman Adıgözəlovu, hazırda universitetimizin sevimli müəllimlərindən olan Könül Axundovanı, Gülşad Baxşıyevanı özümə müəllim hesab edirəm. Müəllimlərimdən çox şey öyrəndim, onların göstərdiyi yolla getməyə üstünlük verirəm.
 
- Universiteti bitirdikdən sonra hansı işlərlə məşğul oldunuz?
 
- IV kursda təhsil alarkən Heydər Əliyev Sarayına bizi təcrübəyə göndərdilər. Orda bildirdilər ki, təcrübə boyunca özünü yaxşı göstərən tələbələrdən 2 nəfər işlə təmin ediləcək. Sarayda işıq rejissorluğu təcrübəsi keçirdim və bu sahəyə böyük həvəsim də var idi. Teatrda işləmək heç ağlımdan da keçmirdi. O işi çox gözlədim, ancaq məni işə götürmədilər.
 
- Bəs Estrada Teatrına necə qəbul oldunuz?

 
- Həmin ərəfələrdə məni Estrada Teatrına dəvət edirdilər. Ancaq razılıq vermirdim. Hələ də Saraydan zəng gözləyirdim. Bir gün gecə yatanda yuxumda rəhmətlik anamı gördüm. Gördüm ki, səhnədə oynayıram, anam da əllərində güllər mənə həvəslə baxır. Səhər qalxdım və qərarımı verdim. Dedim ki, mən teatra gedirəm. Onu da qeyd edim ki, mənim adımı anam Firəngiz Mütəllimovanın "Göz həkimi” tamaşasında oynadığı Gülər obrazına görə qoyub. O tamaşaya baxanda deyib ki, qızım olsa adını Gülər qoyacam.
 
- Bəs sonra?
 
- Çox heyf ki, o teatrda iki il çalışdım. 2014-cü ildə Bakı Estrada Teatrı bağlandı. Ondan sonra ANS telekanalında lətifələrdən ibarət "ŞouMız” verilişində aktrisa kimi fəaliyyət göstərdim. Çox keçmədi ki, həmin telekanal da bağlandı.  
 
 - Çalışdığınız məkanlar bağlanmamış oradan əl çəkməmisiniz. İndi deyirsiniz ki, Bakı Uşaq Teatrı da bağlanacaq?

 
 - Onu mənə burda da deyirlər (gülürük). Hələ təzəyəm də. Bakı Uşaq Teatrında da təqdimatımı teatrın istedadlı aktrisası Könül Şahbazova edib. Belə ki, onunla yayda Bursada bir layihəmiz olmuşdu. Bir ay boyunca milli tamaşalar hazırlamışdıq. O, teatrın rəhbəri İntiqam Soltana məndən danışıb. İntiqam müəllim də deyib ki, zəng elə, bu dəqiq gəlsə, biləcəm ki, Gülərin teatra həvəsi var və daimi olaraq bizimlə işləyəcək. Könül mənə zəng edəndə Əhmədlidə məktəbdə idim. Dedim ki, 15 dəqiqəyə ordayam. Vaxtında getməsəydim, qəbul etməzdilər. Bakı Uşaq Teatrında çox gözəl, mehriban kollektiv var.
 
- Özəl həyatınızda dəyişiklik gözlənilirmi?
 
 - Özəl həyatım deyə bir şey yoxdur.
 
- Niyə? Ailə qurmaq üçün yaşınız da uyğundur.
 
- Həyatımın hər anına gecikmişəm. Məktəbə gedəndə də, ali məktəbə qəbul olanda da, iş tapanda da və ailə quranda da... O sualın cavabını bilmirəm. Məni başa düşəcək birini gözləyirəm. Əgər kişi büdrəsə, qadın yıxılar. Uşaqlıqdan üzüm o qədər də çox gülməyib. Ona görə də düşünürəm ki, yanımda daha güclü biri olmalıdır. Axtardığım o insana hələ rast gəlməmişəm. 
 
- Gələcək hədəflərin nələrdir?
 
-  Bu sənətə böyük arzu və istəklərlə gəlmişdim. Azərbaycanda sənət baxımından qabağa getmək çətindir. İstəyirəm ki, sənətimlə tanınım və inkişaf edim. Teatrı atmaq istəmirəm. Gələcəyimi yenə də teatrda görürəm.
 
- Seriallara niyə çəkilmirsiniz?
 
- Bir iki dəfə serial təklifləri aldım. Elə hesab edirdim ki, serial aləmində yerim yoxdur. Heç bir teatrda işləmirdim deyə, özümü qəlbiqırıq hiss edirdim. Çünki hara gedirsənsə, soruşurlar ki, hansı teatrda işləyirsən? Teatr mühiti mənə daha çox önəmlidir. Yayda "Ata ocağı” serialına dəvət aldım. Ancaq qəbul etmədim, indi onun peşmançılığını çəkirəm. Həmidə Ömərova kimi bir sənətkarla eyni serialda oynamaq şansını əldən verdim. O serialı çox bəyənirəm.
 
- Sizin səsiniz radio verilişləri üçün daha çox yararlıdır. Bu sahədə necə, özünüzü sınamısınızmı?
 
- Bunu bilirəm, amma heç vaxt yolum radio ilə kəsişməyib. Avto FM radiosuna getdim, orda mənə prodüserlik təklif etdilər. Onun üçün istəmədim.
 
- Sizi, eyni zamanda, hər il Buta Sarayda keçirilən xeyriyyəçilik tədbirində də görürük. Bu, layihədirmi, yoxsa oranın işçisisiniz?
 
- 4 ildir ki, hər il Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Yeni il ərəfəsində Buta Sarayda kimsəsiz uşaqlar üçün keçirdiyi mərasimdə aktrisa kimi iştirak edirəm. Bu şənliyin mənim üçün yeri məxsusidir. O uşaqlar səni qucaqlayanda, həyatı tam olaraq anlayırsan. Başa düşürsən ki, insan hər şeyə şükür etməlidir. 2-3 günlük də olsa, onların üzünü güldürmək çox xoşdur. Bundan sonrakı həyatımı uşaqlara həsr etmək qərarını vermişəm. Məktəblərdə çalışandan sonra gördüm ki, uşaqlarla işləmək tamam başqadır. Məhz buna görə də Bakı Uşaq Teatrına getdim. Orada uşaqlarla işləmək daha əlverişlidir. Uşaqların alqışladığı səhnədə obraz canlandırmağı heç nəyə dəyişmərəm.  
 
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.2768
TRY 1 Türk lirəsi 0.3642
KWD 1 Küveyt dinarı 5.6242
SEK 1 İsveç kronu 0.1976
EUR 1 Avro 2.0067
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7000