AZE | RUS | ENG |


Həvəskarları peşəkarlara çevirən Bakı Film İnstitutu- Reportaj

Həvəskarları peşəkarlara çevirən Bakı Film İnstitutu- Reportaj
Fehruz Şamıyev: “Bir insanda istedad varsa, onu sadəcə cilalamaq, istiqamətləndirmək lazımdır”

Uzun müddət idi ki, Bakı Film İnstitutuna (BFİ) gedib oradakı tədris prosesi ilə tanış olmaq istəyirdim. Ancaq hər dəfə müxtəlif səbəblərdən bu məsələ yubanırdı. Nəhayət, bu günlərdə BFİ Təhsil Mərkəzinin direktoru Fehruz Şamıyevlə əlaqə saxlayıb "Aktyorluq” dərslərinə qonaq olmaq istədiyimi dedim. "Məmnuniyyətlə, gəlin, sizi gözləyirik” deməsindən bir neçə saat sonra BFİ-də görüşdük.
 

BFİ-nin yaranma səbəbləri
 
BFİ 2012-ci ildə Gənc Kinematoqrafçılar Mərkəzinin bazasında yaradılıb. Bu barədə məlumatlı idim. Lakin mərkəzin direktoru, prodüser Fehruz müəllimin dedikləri daha çox diqqətimi çəkdi: "Artıq 5 ildir ki BFİ təhsil mərkəzi kimi fəaliyyət göstərir. Düşündük ki, İncəsənət Universitetini bitirməyən, lakin çox istedadlı gənclərimiz var. Müxtəlif təhsil ocaqlarında oxumaqlarına baxmayaraq, onların kinoya bağlılıqları çoxdur. Sadəcə, iş elə gətirib ki, onlar başqa ixtisaslar üzrə təhsil almalı olublar. Bu cür gəncləri bir yerə yığmaqda BFİ-nin böyük rolu oldu. Dünya kinosuna nəzər yetirəndə görürük ki, xeyli sayda rejissor, aktyor və prodüserlər ixtisasca başqa sahə üzrə təhsil alıblar. Lakin istedadları sayəsində bu sənətdə kifayət qədər uğur qazanıblar. Belə hallar kinoda normaldır. Bu baxımdan, biz də kinorejissor, aktyor, prodüser kurslarını təşkil etdik. Hazırda kursumuz videomontaj proqramları üzrə də fəaliyyət göstərir. İlk dəfə kinoprodüser ixtisası üzrə kursumuz oldu. Həmin qrupda ssenarist, rejissor, hətta aktyor olmaq istəyən gənclər də vardı. Çünki ölkədə müxtəlif ixtisaslar üzrə kurslar yox idi. Buna görə hər kəs düşünürdü ki kinoprodüser kursunda oxumaqla qismən də olsa ssenarist, rejissorluq haqqında müəyyən bilgi ala biləcək. Sonradan biz belə qərara gəldik ki ayrıca rejissor, kinoprodüser, ssenarist, aktyor kursları təşkil edək”.
Deyilənə görə, aktyorluq kursuna maraq daha çoxdur. Dünya kinosunda tanınmış aktyorların əksəriyyəti demək olar ki, aktyor ixtisası üzrə ali təhsil almayıb. F.Şamıyevin fikrincə, əgər  bir insanda istedad varsa, onu sadəcə cilalamaq, istiqamətləndirmək lazımdır: "Kurslarımız özündə istedad olduğunu hiss edən gənclər üçündür. Müxtəlif ali məktəb bitirmələrinə baxmayaraq, istedadının olduğunu düşünən gənclər bizim kurslarda sənətin bazasını öyrənir. Düşünürəm ki, hər bir sahədə belədir. Sənətin əsas bazasını öyrənmək vacibdir. Ondan sonra təcrübə səni daha da inkişaf etdirəcək”.

BFİ hər bir istedadlı gəncin üzünə açıqdır

F.Şamıyev əlavə etdi ki, burada dərs deyən müəllimlərin hər biri öz sahəsinin peşəkarıdır: "Hazırda aktyorluq kursunda dərsləri əməkdar artist Nofəl Vəliyev keçir. Nofəl müəllim həm də İncəsənət Universitetində 3-cü kurs Dram kino aktyoru ixtisasında da kurs rəhbəridir. Rejissorluq ixtisasında dərsləri rejissor Cavid Təvəkkül və Əli İsa Cabbarov keçir. Onların hər iksi peşəkar insanlardır və müxtəlif beynəlxalq festivalların iştirakçısı və mükafatçılarıdır. Dərslərimiz daha çox praktikdir”.
Rejissorun sözünü yarımçıq kəsib bizə hakim kəsilən sualla müraciət edirik: "O zaman BFİ-nin İncəsənət Universitetindən nə kimi fərqi var?” F.Şamıyev İncəsənət Universitetinin ali təhsil ocağı olduğunu və orada ixtisasdan əlavə dərslər də keçirildiyini dedi: "Biz kino təhsili mərkəziyik və spesifik olaraq ancaq ixtisasla bağlı dərslər veririk. Üstəlik, dərslərdən əlavə, digər peşəkarların ustad dərslərini də təşkil edirik. Onlar da öz fikirlərini tələbələrimizlə bölüşürlər. Düşünürəm ki, ustad dərsləri kino sahəsində çox önəmlidir. Bəzən olur ki, kitabda olmayanları başqasının təcrübəsindən öyrənirsən. Peşəkarlar öz təcrübələrini bu master-klaslar vasitəsilə gənclərə çatdırırlar. Bakı Film İnstitutu da ixtisasından asılı olmayaraq hər bir istedadlı gəncin üzünə açıqdır”.
Söhbətə ara verib, dərs prosesinə qulaq kəsildik. Əməkdar artist, istedadlı aktyor və rejissor Nofəl Vəliyev tələbələri ətrafına cəm edib, onlarla etüdün hazırlanması, aktyor peşəkarlığı və s. barədə diskussiya aparırdı. Müəllimlə tələbələrin söhbətindən aydın olurdu ki, onlar obrazın daxili gərginliyi, mimika və bədən dili, təklif olunmuş vəziyyət, xəyali əşyalarla iş, emosiyanın büruzə verilməsi kimi dərsləri yaxşı səviyyədə məniməsəyiblər. Nofəl Vəliyev tələbələrlə hisslərə daha çox təsir edə bilən mövzular üzərində işləməyə çalışırdı.
 
Müzakirələrin sonunda tələbələrin ifasında "Aeroport” etüdünü izlədik. Əslində bu etüddə tələbələrə heç bir ssenari təqdim olunmamışdı. Rejissor onlara içlərindən gəldiyi kimi oynamağı tapşırmışdı. Onlar da tapşırığın öhdəsindən məharətlə gəlməyə çalışdılar. Etüd səhnəsi bitdikdən sonra iştirakçılarla söhbət etmək imkanı əldə etdik.
Səmədov Rüstəm 2012-ci ildə çəkilən "Metro” filminin  ssenarisini yazıb. Bundan əvvəl Moskvada "Obraz” məktəbini bitirib. Xarici kanalların birində teleaparıcı kimi çalışıb. İndi isə təhsilini artırmaq üçün Bakı Film İnstitutuna müraciət edib. Deyir ki, burada güclü səviyyədə dərs keçildiyindən xəbərsiz olub: "Biz Moskvada obraz, fənnin tədris olunması kimi bir çox dərslər keçmişik. Ancaq aktyor baxımdan belə dərslər keçməmişdik. Xırdalıqları açan olmamışdı. Burada da gözləyirdim ki, məşğələlər peşəkar səviyyədə olmayacaq. Tamaşalara baxandan sonra gördüm ki, heç də Moskva teatrlarından seçilmir”.

Tələbələrin dünyası

Məmmədli Şəhriyar da dedi ki, 2 ildir aktyorluğa maraq salıb: "Bu kursu mənə dostlarım məsləhət bildi. Kursa başlayanda gördüm ki deyilənlər həqiqətən də doğrudur. İnanmıram ki, bizə burada keçirilən metodikanı başqa bir kursda keçsinlər. Nofəl müəllim bizə səhnədə, efirdə necə davranmağın yollarını öyrədir. Öyrənmək də qalıb özümüzə. Ən çox ilhamlandığım odur ki, dünyaca məşhur aktyorların çoxu başqa sahələrdən gələnlərdir və onlar daha peşəkar aktyora çevriliblər”.
Əfsalov Bəhram isə reklam sahəsində  çalışır. Fotomodel kimi də fəaliyyət göstərir. Dostları ona ixtisasını genişləndirməyi və aktyorluq kursuna yazılmağı məsləhət görüblər: "Özümü aktyorluq sənətində də sınamaq istədim və Bakı Film İnstitutuna yazıldım. Aktyor olaraq filmlərdə rol almaq, bu sahədə çalışmaq istəyirəm. Burada obrazı yaşamağı, hiss etməyi, ona malik olmağı, bir sözlə, yoxdan varı öyrəndik”.
Digər tələbə Nəriman Novruzzadə də aktyorluq sənətinə uşaqlıdan bəri həvəsi olduğunu deyir: "Mən tamam başqa bir ixtisas üzrə təhsil almışam. Çox istəyirəm ki, bu sənəti öyrənim. Nofəl müəllimdən çox şey öyrəndim. Əvvəl hər şeyə başqa cür baxırdım. İndi isə fikirlərim dəyişib”.
Afaq Əhmədovanın isə kursa gəlişinin səbəbi tamam başqadır. O, Azərbaycan Respublikası Prezidenti Yanında  Dövlət  İdarəçilik Akademiyasında "Beynəlxalq münasibətlər” ixtisasını bitirib. Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinə qəbul olub. Sonra Nyu Yorkda müəyyən təlimlərə qatılıb. Daha sonra Moskvadakı Azərbaycan səfirliyində çalışıb. Vətənə geri döndükdən sonra öz təşkilatını təsis edib. Deyir ki, təşkilatın rəhbəri olaraq bir sıra konfranslar keçirib. Tədbirlərdə çıxış edəndə həyəcan keçirirmiş: "Tədbirlərdə nədənsə məsələnin məğzini danışanda fikrim başqa yerə gedirdi. Özümü necə idarə etmək lazım olduğunu bilmirdim. Bu kursda özümü kənardan görməyi öyrəndim. Bütün kənar fikirləri söndürüb özümə nəzarət etməyi öyrəndim. Burada az vaxt ərzində çox şey öyrənmişik. Kurs özümü tanımağa kömək etdi”.
Qeyd edək ki, BFİ-nin bundan əvvəlki məzunlarının səsi dünyanın ta o tayından eşidilməkdədir. Belə ki, onlardan ikisi dövlət proqramı ilə dünyanın ən böyük kino məktəblərindən sayılan London Film Məktəbində təhsil alır. Digərinin isə "İkinci Güllə" filmi bu yaxınlarda Azərbaycan kinoteatrında təqdim edildi. Həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının iki dəfə keçirilən "Yeni Nəfəs” ssenari müsabiqəsində əvvəlcə birinci yerin qalibi, ikinci müsabiqədə isə ikinci yerin qalibi məhz BFİ məzunları olub.
 




Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008