AZE | RUS | ENG |

Həsrətin möhkəmləndirdiyi ailə - Ailə

Həsrətin möhkəmləndirdiyi ailə - Ailə
Elmin Alışanov: "Bir-birini anlaya bilmək ən böyük xoşbəxtlikdir”

 Şəfaqət Alışanova: "Məsafələr bizim sevgimizi çoxaldır”
 
Onlar digər ailələrdən fərqlənirlər. Bir çoxları kimi səhər işə gedib 6-dan sonra evdə olmaq, birlikdə uzunmüddətli tətilə çıxmaq bu cütlüyə yaddır. Bu ailəni bir-birindən nəinki şəhərlər, bəzən sərhədlər ayırır. Amma bu "ayrılıqlar” onları bir-birinə daha çox bağlayır. Necə deyərlər, həsrətdən eşq doğur. Bu dəfə voleybolçu ailəsi ilə söhbətləşdik.

Rubrikamızın qonaqları Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin üzvü Elmin Alışanov və qadın yığmamızın oyunçusu Şəfaqət Alışanovadır. 
Onların ortaq nöqtəsi voleyboldur. Elə tanışlıqları da burada başlayıb. Uzun müddətli dostluq və həmkar münasibətləri sevgiyə çevrilib.
 

 
"Onun sakitliyini sevirdim”
 
Elmin deyir ki, 8 il bir-birlərini tanısalar da, 4 il sevgili olublar: "Şəfaqətin insana qarşı münasibəti, xarakteri, xüsusiyyətləri məni özünə çəkirdi. Onunla danışmaqdan, söhbət etməkdən, bölüşməkdən zövq alırdım. Görməyəndə darıxmağa başlayırdım. Sonra dedim ki, bu, axtardığım qadındır və bizim sevgi münasibətlərimiz başladı”.

Şəfaqətin isə diqqətini Elminin sakit təbiətli olması çəkib: "Mən çılğın, dəli-dolu insanam. Amma Elmin sakit təbiətlidir. Onun sakitliyini sevirdim. Bir-birimizi tamamladığımızı düşündüm və münasibətə qərar verdim”.

Cütlüyümüz deyir ki, ailə qurduqdan sonra həyatlarında heç bir dəyişiklik olmayıb: "Adətən deyirlər ki, sevgili vaxtı insanı tanımaq mümkün deyil. Ailə qurduqdan sonra tərəflərin bilinməyən xüsusiyyətləri ortaya çıxır. Amma bizdə elə deyil. Bizim işlə əlaqədar olaraq, onsuz da bütün günümüz birlikdə keçirdi və ailə kimi idik. Bir-birimizi o qədər yaxşı tanıyırıq ki... Ailə qurduqdan sonra da çətinliyimiz olmadı. Özümüz necə idiksə, elə də davam etdik. Bir-birimizi seçməkdə yanılmadıq və düzgün tanıyıb, qiymətləndirdik”.
 

 
"Sevgili vaxtı şərtlərim var idi”
 
Cütlüyümüz sevgili vaxtı qarşı tərəfdə bəyənmədikləri xüsusiyyətləri və bir-birindən tələblərini müəyyənləşdirib, evlənənə qədər bunu vərdiş halına gətiriblər.

Elmin:"Sevgili vaxtı müəyyən şərtlərim var idi. Elə evlilikdən sonrakı ssenarini də o zaman qurduq. Mən bəyənmədiyim xüsusiyyətləri əvvəlcədən dedim. Deyirdim ki, harasa gedəndə mənim xəbərim olmalıdır, gəlirsən və ya planın varsa, mən əvvəlcədən bilməliyəm. Şəfaqət də bunlarla razılaşdı. O, xasiyyətimi bilir və məni tanıdığı üçün problem yaşamırdıq”.

Şəfaqət:"Mən Elminin bütün istəklərini normal qəbul edirdim. Düzdür, əvvəllər gedib-gəldiyim yeri deməyə öyrəşə bilmirdim. Bəzən unudub demirdim və problemlərimiz olurdu. Amma bu, vərdiş halını aldı və problem yaşamırıq”.
 

 
"Bunun üçün həsrət çəkməyə dəyər”
 
Voleybolçu ailəsinin xüsusiyyətlərindən danışan Elmin deyir ki, tək çətinlikləri işlə bağlı olaraq aradakı məsafələr, bəzən də sərhədlərdir: "Bir-birimizi az görürük. Yarışlara, məşqlərə gedirik. İlin yarısı başımız qarışıq olur. Əsasən yay vaxtlarında bir yerdə oluruq”.

Şəfaqət: "Yay vaxtı da çox vaxt alınmır. Bəzən elə olur ki, o gəlir, mən gedirəm, mən gəlirəm, o gedir. Maksimum 1-2 həftə bir yerdə ola bilirik. Sonra hamı işinin ardınca gedir. Yəqin ki, gənc ailə üçün bundan çətin heç nə yoxdur”.

Elmin: "Müsbət tərəfi isə odur ki, idmançıyıq və ölkəmizi təmsil edirik. Fəal həyat tərzi keçirir, passiv deyilik. Müntəzəm məşqlər edir, ölkələri gəzir, ən əsası, bayrağımızı dalğalandırırıq. Bunun üçün həsrət çəkməyə dəyər”.

Şəfaqət:"Həyat tərzimizi heç kimə sözlə izah edə bilmərik. İdmançını ailədə ancaq idmançı başa düşə bilər. İkimiz  də eyni sahənin insanı olduğumuz üçün xoşbəxtik. Başqa sahənin adamlarına bizim münasibət qəribə gəlir. O qədər fərqli baxırlar ki... "Siz niyə evlənibsiniz ki, onsuz da bir-birinizi gec-gec görürsünüz”, "Siz necə ailəsiniz?” kimi fikirlər bildirirlər”.

Elmin:"İdmançı həyatı idmançı olmayan adam üçün çox fərqli gəlir. Məsələn, mən idmandan, voleyboldan, öz həyat tərzimizdən şövqlə danışanda onlar normal baxmırlar. Sual verirlər ki, bütün günü idman etmək olmaz, siz niyə yorulmursunuz? İşimizlə bağlı səfərdə olmağımızı, bir-birimizi gec görməyimizi insanlar ümumiyyətlə, qəbul edə bilmirlər. Karyera qurban tələb edir. Üstəlik, ölkəni təmsil edirsənsə, bu sənin borcundur. Bizim üçün fərqli və qeyri adi bir şey yoxdur. Düzdür, bir-birimiz üçün çox darıxırıq. Əlbəttə, istəyərəm hər dəqiqə Şəfaqətin yanında olum, o olmayanda özümü boşluqda hiss edirəm. Amma anlayırıq ki, bu, bizim həyatımızdır. Biz işimizə görə ayrılmaq məcburiyyətində qalırıq”.

Şəfaqət:"Bizim üçün normaldır. Düzdür, arada 2-3 günlük Bakıya gəlirik. Amma bəzən olur ki, mən gəlirəm, həmin vaxt Elmin getməlidir. Əsasən də, ailələrimizə bunu izah etmək çətin olur.  Əsas odur ki, bir-birimizi başa düşürük və məsafələr bizim sevgimizi çoxaldır. Biz maneə deyil”.
 

 
"Şəfaqəti evdə tapılanda bişirir”
 
Elminlə söhbətdən məlum olur ki, məşhur voleybolçu kimi tanıdığımız Şəfaqət Həbibova həm də yaxşı aşpazdır. Voleybol qədər olmasa da, mətbəx sevgisi də az deyil.

Şəfaqət:"Mətbəxi çox sevirəm. Evdə olanda mütləq fərqli yeməklər hazırlayıram. Elmin şirniyyatı, ümumiyyətlə, yeməyi sevir. Üstəlik, fərqli yeməklər tələb edir. Mən bişirirəm, o yeyir. Toyuq souzu, yarpaq dolmasını sevir. Amma tikə əti qətiyyən istəmir”.

Elmin:"Əslində, mən də yemək bişirməyi bacarıram. Amma etiraf edirəm ki, ailə qurduqdan sonra yemək bişirmirəm. Ancaq özümə çay süzürəm. Əvvəl tək yaşayır, özüm bişirirdim. Evlənəndən sonra, yemək bişirməkdən azad oldum. Daha doğrusu, Şəfaqəti evdə tapanda, o bişirir (gülürlər). Haqqını yeyə bilmərəm, nə istəyirəmsə, "yox” demir .
 

 
"Biz küsülü qala bilmirik”
 
Deyirlər ki, çəkişməsən bərkişməzsən. Ailədə xırda söz-söhbətlər, münaqişələr qaçılmazdır. Bu problemdən çıxış yolu isə cütlüklərdən biri oddursa, digərinin su olmasındadır. Bəs idmançı cütlüyümüzdə kim od, kim sudur?

Şəfaqət:"Bizim aramızda da söz-söhbətlər tez-tez olur. Amma qəribəsi odur ki, biz küsülü qala bilmirik. Bir-birimizi görən kimi gülmək tutur. Bu nə ilə bağlıdır bilmirəm. Davanın şiddəti nə qədər çox olsa da, göz-göz gələndə mütləq gülürük”.

Elmin:"Məsələn mən nə üçünsə əsəbiləşəndə Şəfaqəti danışdırmıram. Daha doğrusu, cəzalandırmaq üçün istəyirəm ki, bir müddət danışmayım. Çölə çıxıram, evə qayıdanda gülməyə başlayırıq”.
 
Məlum olur ki, münaqişə əsnasında od olan tərəf Şəfaqədir. Axı, özünün də dediyi kimi dəli-doludur. Su olan tərəf isə sakitliyi ilə Şəfaqətin diqqətini cəlb edən Elmindir.

Elmin: "Qadınla aqressiv danışmaqdan, kişinin qadına  təzyiq göstərməsindən xoşum gəlmir. Həmişə çalışıram ki, sakitləşək. Şiddətli formaya gəlməməyi üçün sakit dayanır, səbir edirəm. Bir müddət keçəndən sonra onsuz da hər ikimiz sakitləşirik. Buna görə, səbir etməyi seçirəm.
 

 
"Toyumuza voleybolla daxil olduq”
 
Cütlüyümüzün toy mərasimi bir müddət mediada müzakirə mövzusu olub. Fərqliliyi ilə seçilən əsl voleybolçu toyundan danışdıq. 

Elmin:"Mərasimin ən maraqlı məqamı bizim şadlıq sarayına daxil olduğumuz zaman yaşandı. Milli üzvləri və rəsmiləri 2 hissədə bölünərək, simvolik olaraq bir-birləri ilə voleybol oynadılar. Daha sonra isə himn oxundu. Bu ssenarini əvvəlcədən düşünmüşdük. Voleybolçu toyu olduğu üçün istədik məclisə voleybol oynayaraq girək”.

Şəfaqət deyir ki, Elmin toyda "baboçka” ilə otura bilmirdi: "Restorana daxil olan kimi Elmin dedi ki, mən sıxılıram "baboçka”nı çıxaracağam. 2 saat səbir edə bildi. 2 saat sonra artıq "baboçka” yox idi”.

Elmin:"Mən iki saat səbir etdim. Şəfaqət onu da edə bilmədi. Toydan yarım saat sonra idman ayaqqabısını geyindi”. 

Şəfaqət:"Dikdabanın üstündə yarım saatdan artıq dayana bilmərəm. Geyinə bilmirəm, çünki öyrəşməmişəm. İnsanların dikdabanda rahat gəzmələrini anlaya bilmirəm (gülürlər). 

Elmin:"Daha  çox idman geyimlərində oluruq. Biz bütün günü idmançı kimi gəzirik, hər yerə idman geyimində gedirik”.
 

 
"Kişi qadını qəsdən başa düşmək istəmir”
 
Ailədə xoşbəxtliyin sirrinə gəldikdə isə cütlüyümüz ən böyük sirrin anlayış olduğunun tərəfdarıdır: "Ailədə ilk növbədə bir-birinə qarşı hörmət olmalıdır. Cütlük əgər bir-birinə hörmət edirsə, bütün problemlər həll olunur. Hörmət, sayğı ən önəmli faktorlardır. Bir-birini anlaya bilmək ən böyük xoşbəxtlikdir”.

Şəfaqət:"Evlənəcəyin insanın xarakterini analiz etmək lazımdır. Onu tanıdığına əmin olduqdan sonra ailə qurmaq lazımdır. Hamı ilə ailə qurmaq olmaz”. 

Elmin:"Kişilərin anlayışsız olmaları ailədə problem yaradır. Qadınlar çətin varlıqlardır. Onları başa düşmək asan deyil. Elə insan var ki, bunu anlayır və çox dərinə getmir. Bu, çox yaxşıdır. Əgər anlayışlı olsan, qadını anlamaq istəsən, münasibət də gedir. Lakin bəzi münasibətlərdə kişi qadını qəsdən başa düşmək istəmir”.

Düşünürsünüzmü ki, sizin həsrət çəkdiyiniz halda, işlə bağlı ayrılıqlarınız fədakarlıqdır?

Elmin: "Biz neçə ildir ki, milli komandanın şərəfini qoruyuruq. Özümüzü inkişaf etdirmək və komandamızı təmsil etmək borcumuzdur. Biz işimizi çox sevirik. Şəxsən mən voleybolsuz qala bilmirəm”.

Şəfaqət:"Burada ailə kimiyik. Səhər məşq başlayır, axşam məşq bitənə qədər bir yerdəyik. Yatıb onu görürük, durub onu görürük. Voleyboldan necə imtina edə bilərik?  Bu, həyatımızın əsas parçasıdır. Elə voleybolu sevdiyim üçün də 26 yaşıma qədər gözləyib voleybolçu ilə ailə qurdum”. 

Aygün ƏZİZ
 





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945