Hərflərlə danışan adam – Peşə

Hərflərlə danışan adam – Peşə

Gənclik qəzeti
25 Aprel 2016, 09:32 2562
Hərflərin sirrinə bələddir. İşinə o qədər bağlıdır ki, adi xəttatlardan fərqli olaraq, hərflərlə insan siması çəkir. Özünün də dediyi kimi, hərflərin mənəvi sirrinə bələd olub onlarla gözəl rəftar etməyi bacarır. Müsahibimiz qədim sənət olan xəttatlığı yaşatmağa çalışan gənc xəttat, Quran qiraətçisi Rəşad Ataşovdur.

“Elə iş görüm ki, kreativ olsun”

Rəşad 1983-cü ildə Bakıda anadan olub. Uşaqlıqdan ərəb hərflərini öyrənib və ərəb hərfləri ilə yazılan kitablar oxuyub. Xəttatlığa marağı da elə o dövrdən başlayıb: “1999-2000-ci illərdə Bakıda İran sərgiləri, Misir və Türkiyə mədəniyyət günləri keçirildi. Mən həmişə o sərgilərdə olurdum və ora gələn xəttatlardan baxıb götürürdüm. Bu sahədə xüsusi olaraq müəllimim olmayıb. Rəssamlığı bacarırdım. O vaxtlar Xalq rəssamı Mübariz Gəncəlidən insan anatomiyasını öyrəndim. Xəttatlığa olan həvəsim rəssamlıqdan deyil, oxuduğum Quran ayələrindən, ərəb hərflərinə olan məhəbbətimdən yarandı. 14-15 yaşlarımda “Bismillahir-Rəhmanir-Rəhim” yazmışdım. İstəyirdim elə iş görüm ki, kreativ olsun. İlk dəfə bu üsulu Məhəmməd Füzulidə sınamaq istəmişdim, amma tamamlaya bilmədim. Bir müddətdən sonra Nəsrəddin Tusini çəkməyə başladım və alındı. Portreti xətlərlə çəkmək marağım Məhəmməd Füzuliyə olan sevgimdən qaynaqlanmışdı”.

“Hərflərlə danışıram”


Sənətinin vurğunu olan müsahibimiz deyir ki, bu sənəti ona heç bir müəllim öyrətməyib. O, hərflərlə danışaraq işini icra edir: “Rəsmən bu sahədə mənim müəllimim olmayıb, sadəcə, baxıb, görüb-götürmüşəm. Bu işlə peşəkar şəkildə məşğul olmağa başladıqda artıq bu sənətin əsas xətt növlərindən ikisini - “nəstəlik” və “süls” xətlərini öyrənməyə başladım”.

Yuxarıda qeyd etdiyimiz kimi, həmsöhbətimizi digər xəttatlardan fərqləndirən cəhət hərflərlə insan simasını yaratmasıdır. Belə ki, o, şəxsin simasını hərflərdə əks etdirir: “Mən rəsmi kalliqrafiya (hüsn- xətt) ilə sintez edib dahi şəxsiyyətlərin portretlərini yaradıram. Xəttatlıq dünyaya yayılmış bir sənət növüdür. Çox mürəkkəb sənət olduğuna görə əksər insanlar bu sənətdən uzaq dururlar. Xəttatlıqda əsasən bambukdan, xüsusi olaraq kömürdən hazırlanmış mürəkkəbdən, yumurtadan və zəydən hazırlanmış kağızlardan istifadə olunur. Kətan üzərində xəttatlıq olmur. Rəssamlıqda kətan üzərində rəsm çəkmək mümkündür. Xoşun gəlməyən yerlərə kölgə vermək olur. Ancaq xətt sənətində bu, mümkün deyil. Məndən öncə xəttatlıqla rəsmin vəhdətini bir araya gətirənlər olub. Məsələn, insan namaz qılır, balıq üzərində “bismillah”, başqa heyvanlar üzərində ayələrin əks olunması və s. Ancaq xəttatlıqda sırf rəsmlə xətt sənətini bir araya gətirən vəhdət olmayıb. Mən hansısa insan rəsmini minimumdan çıxarıb, maksimuma doğru əks etdirəcək səviyyəyə gətirə bilmişəm. Rəsmdə kölgədən, effektlərdən istifadə olunur, lakin xətt üslubunda kölgədən istifadə edilmir. Sadəcə, hərfləri yazırsan və bu hərfləri elə yerləşdirməlisən ki, insan maksimum oxşasın. Hər hansı bir tarixi şəxsiyyətin portretini yaradarkən onun orijinallığını qoruyub saxlamaq lazımdır, ərəb dilində hərflərin quruluşunu dəyişməklə məna tamamilə itə bilər”.

“Dünya sanki dayanır”

Sənətinin xüsusiyyətlərindən danışan müsahibimiz deyir ki, əsl xəttat hərfləri sevməli, onlarla söhbət etməyi, düzgün rəftar etməyi bacarmalıdır: “Hər hərfi sevməlisən. Hərfləri sevməsən, bu işi görmək mümkün deyil. Bu işin xüsusiyyəti ilk olaraq hərflərin orfoqrafik görüntüsünü öyrənmək və bunu gördüyün işlərdə qoruyub saxlamaqdır. Digər tərəfdən, hərflərin mənəvi sirrinə bələd olub onlarla gözəl rəftar etməyi bacarmalısan, yəni hər hərfi sevməlisən. Bu sənət ilahi eşqi tərənnüm edir və təfəkkür burada çox önəmlidir. Mən hər dəfə işimi görərkən işimdən zövq alıram. Hərflərlə danışıram. Sanki hərflər məni qəlbən və ruhən tanrıya yaxınlaşdırır. Bu işlə məşğul olduğum zaman beynimdə nə stress qalır, nə də yorğunluq. Әtrafımda dinclik və sakitlik hökm sürür. Xəttatlıq məqsədilə qələmi əlinə alan insan üçün dünya sanki dayanır”.

Xəttatlıq, yoxsa rəssamlıq?

Gənc istedad sonda vurğuladı ki, Azərbaycanda bu sənətə maraq yox səviyyəsindədir. Onun sözlərinə görə, işin tədrisini edəcək xəttatlar belə yoxdur: “Rəssamların tanınmış xəttat yazılarını tabloya köçürməsi həmin şəxsin xəttat olmasından xəbər vermir. Xəttatlığın rəssamlıqla heç bir əlaqəsi yoxdur. Mənşələri eyni ola bilər. Amma rəssamlıqla xəttatlıq fərqli sahələrdir. İstənilən rəssam xəttat ola bilməz. Amma xəttatın əl qabiliyyəti mütləq olmalıdır. Xəttat rəsm çəkə bilər, amma rəssam xətt çəkə bilməz. Ümid edirəm, yaxın gələcəkdə bizim vətənimizdə də bu sənətin dəyəri başa düşüləcək və sənətimizə maraq artacaq”.

Aygün ƏZİZ