Hər şeyini inadına borclu olan müəllim - Örnək

Elnarə Məhərrəmova: "Mən məhdudiyyətlərimlə bunu etməyə çalışarkən, siz nə üçün azadlığınızı xərcləyirsiniz?”
"Həyatımda heç vaxt "küsdüm, oynamıram” demədim. Bu kəndə bir məqsədlə gəldim - bura məni istədiyim
yerə götürə biləcək tunel kimi baxıram. Bu qədər uzağa gəlməyimin, həftəyə 20
saat dərs yükü götürməyimin, hər gün rayondan kəndə qədər 22 km yol getməyimin
tək səbəbi var: Mən zəif deyiləm”.
Müsahibimizkimya müəllimi Elnarə Məhərrəmovadır.
Elnarənin 24 yaşı var. Bakı Mühəndislik
Universitetinin kimya müəllimliyi ixtisasını bitirib. Bu il MİQ (müəllimlərin
işə qəbul) imtahanından 56 bal toplayaraq Zaqatala rayon Ələddin Cavadov adına
Bəhmətli kənd tam orta məktəbində işə qəbul olunub.
- Əslində fiziki məhdudiyyətli olduğum üçün abituriyentlik
illərində peşə seçməkdə qərarsız qaldım. Uşaq vaxtı cərrah olmaq istəyirdim, lakin
cərrahlıq fiziki güc tələb edir. Daha sonra düşündüm ki, fiziki gücümü də nəzərə
alacaq bir peşə seçim. 10-cu sinifdə oxuyanda, kimyanı yaxşı bildiyim üçün mühəndis
olmaq qərarına gəldim. Daha sonra yenə ağlımdan fiziki məhdudiyyətimlə əlaqəli
düşüncələr keçməyə başladı və "zəifliyimə görə iş tapa bilmərəm” deyib, çox
qorxdum. Dedim, madam ki, kimyanı yaxşı bilirəm, niyə kimya müəllimi olmayım? Hələ
3-cü sinifdə oxuyanda müəllimimiz hər uşağa test hazırlamağı tapşırdı. Kimin
sualları yaxşı olsa, digərlərini o suallarla imtahan edəcəkdi. 20 uşaq
arasından müəllim mənim suallarımı bəyəndi və digərlərini suallarımla imtahan
etdi. Hələ o zaman valideynimə "sənin qızından yaxşı müəllim olar” demişdi. Öyrətmək
hələ uşaqlıqdan ruhuma işləmişdi. Sinif yoldaşlarıma daim dərslərində kömək edərdim.
11-ci sinifdə qərara gəldim ki, müəllimliyi seçim. Həm fiziki cəhətdən əziyyətli
deyil, həm də məndə öyrətmək eşqi var. Hətta fiziki məhdudiyyətli müəllim
olaraq, çox şey edəcəyimi düşündüm. İstər-istəməz, fiziki məhdudiyyətimlə
uşaqların diqqətini cəlb edəcəyəm. Bu, onları düşünməyə vadar edəcək. Bəlkə də
mənə baxıb özündə müsbət dəyişikliklər edənlər çox olacaq. Axı müəllimlik elə bir peşədir ki, sırf insan həyatına
toxunursan. Heç vaxt fiziki məhdudiyyətliyəm deyə, oturaq iş düşünmədim. İnsanlarla
işləmək, hələ hər il dəyişəm fərqli xasiyyətli şagirdlərlə ünsiyyətdə olmaq,
onları öyrətmək mənim həyatımı da rəngləndirir.

- Yüksək bal
toplamağınıza baxmayaraq, şəhər məktəblərini deyil kənd məktəbini seçibsiniz...
- Universiteti ortalama 91 bal ilə bitirsəm də, 1
il işsiz qaldım. İş tapa bilmədiyimə görə, məyus olurdum. Çalışırdım ki, bunu
fiziki vəziyyətimə bağlamayım. Sırf buna görə, özümü kimlərəsə sübut etmək
ehtiyacı yarandı. Boyum balaca olduğu üçün ilk baxışdan heç kimin ağlına, mənim
müəllim ola biləcəyim gəlmirdi. Məni daha çox şagird zənn edirdilər. Zəif görüb
"bacara bilməz” deyənlər əlbəttə ki, çox idi. Qətiyyən insanların düşüncələrinə
köklənmədim. Mənim üçün əhəmiyyətli olan öz hisslərimdir. Həyatımda heç vaxt
"küsdüm, oynamıram” demədim. Bu kəndə bir məqsədlə gəlmişəm. Bura məni istədiyim
yerə götürə biləcək tunel kimi baxıram. Bu qədər uzağa gəlməyimin, həftəyə 20
saat dərs yükü götürməyimin, hər gün rayondan kəndə qədər 22 km yol getməyimin
tək səbəbi var: Mən zəif deyiləm. İlk dəfə gələndə çox yaxşı qarşılandım. 56
balla şəhərdən kəndə gəlməyim, insanları təəccübləndirirdi.- Bəs
uşaqların reaksiyası necə oldu? Fiziki məhdudiyyətli müəllimlə qarşılaşanda
sözləri və davranışları ilə sizi incitmədilər ki?
- Dərs dediyim ilk gündən uşaqlarla aramızda qəribə
sevgi bağı yarandı. Uşaqlar ilk 45 dəqiqədən sonra dedilər ki, gələn il də
onlara dərs deyim. Açığı, bu qədər sevilməyi gözləmirdim. Düzünü desəm, az da
olsa, məni incidəcəklərini düşünmüşdüm. Fiziki məhdudiyyətli olduğum üçün ələ
salan, lağ edənlərin olacağını da güman edirdim. Buna görə də, özümü psixoloji
cəhətdən hazırlamışdım. Bu qədər hörmətin qarşısında özüm də təəccübləndim. Bir
də hiss etdim ki, müəllim kollektivi mənimlə bağlı uşaqlara məlumat verib və
tapşırıblar ki, incitməsinlər. Məncə, etməsələr də olardı. Çünki uşaqlar həqiqətən
çox ürəyi təmiz, mədəni, tərbiyəli idilər. Nə balacası, nə böyüyü, heç birindən artıq-əskik
hərəkət görmədim.
- Bəli, tamamilə doğru təsbitdir. Cəmiyyət əvvəlki
kimi deyil. Mən abituriyent olduğum vaxtlarımda çox əziyyət çəkirdim. Hazırlığa
gedəndə, qadınlı-uşaqlı hər kəs qəribə baxışlarla baxır, qulaqlarını çəkirdilər.
Hətta balaca uşaqlar məni yamsılayır, gülürdülər. Qadınların da pıçıltısını
eşitməmək mümkün deyildi. Uşaqlığım, bu baxımdan çox çətin keçdi. Sanki məni sevən
çevrəm vardı və oradan kənara çıxanda incidiləcəyimi düşünürdüm. Bu səbəbdən qətiyyən mühit dəyişməyi
sevməzdim. Hətta qəbul imtahanında istədiyim universitetə və fakültəyə qəbul
olacaq qədər bal topladım, amma bir gözüm yaşlı idi. Anama dedim ki, mən istədiyim
yerə qəbul oldum, amma orada məni qəbul etməyəcəklərindən çox qorxuram. Anam dedi
ki, qızım orada hamısı savadlı insanlardır, cahil yoxdur ki, səni incidə...
Anam haqlı idi. Qrupda müəllimlər və tələbələr tərəfindən sevildim. Tanımadığım
insanlar belə, mənə təbəssümlə salam verirdilər. İndi qətiyyən mənim necə
göründüyüm heç kimi maraqlandırmır. Mənə xasiyyətimə görə qiymət verirlər. Lap
uşaq olarkən arzuladığım kimi... Bəzi fiziki məhdudiyyətli insanlar ancaq
bir-birləri ilə söhbət edir, bir məkana yığışırlar. Fiziki məhdudiyyətli
insanlar sağlam insanların arasına qarışarsa, o inteqrasiyanı bərpa edərlər.

- Şəhər məktəblərində
təhsil alan şagirdlərlə kənd məktəbindəki şagirdlər arasında hansı fərqlər var?
- Kənddə internet yox dərəcəsindədir. Mən buna
sevinirəm. Buradakı uşaqlar təhsilə daha meyillidir. Şəhərdə uşaqların başını
qatacaq, asudə vaxtlarını korlayan o qədər məqam var ki... Onların diqqətini dərsə
cəlb etmək çətindir. Buradakı uşaqların hamısı dərsi dinləyir. Amma məni təəssüfləndirən
odur ki, qızlar ailə qurmaqdan danışırlar. Daha çox ali təhsil almağa deyil,
ailə qurmağa fokuslanırlar. Onlara söhbət edirəm və sual verirəm ki, mənim 24
yaşım var və təhsilimi artırmağı planlaşdırıram, mən məhdudiyyətlərimlə bunu
etməyə çalışarkən, siz nə üçün azadlığınızı xərcləyirsiniz? Cavablarına isə
daha çox təəssüflənirəm: "Siz Bakıda yaşayırsınız, dünyagörüşünüz və ailənizin
düşüncəsi fərqlidir. Bizim ailələr bizdən bunu istəyir və bununla xoşbəxt
olurlar”.
- Magistratura təhsili almaq və bunu xaricdə etmək
istəyirəm. Bəlkə də inandırıcı gəlmir, amma bunu mütləq edəcəyəm. 18 yaşdan
bütün xərclərimi özüm qarşılayıram. Universitetdən təqaüd alırdım. Onunla bütün
xərclərimi ödəyir, hətta bacıma köynək də alırdım. Bunları öz gücümü özümə
sübut etmək üçün edirdim. Özümü daim sınağa çəkirəm ki, nəyi bacararam. Peşəmdə
hədəfim, çox sevilən, hörmət edilən müəllim olmaqdır. Mən nəinki uşaqlara
savad, bilik, elm öyrətmək, eyni zamanda onların həyata baxışını da dəyişmək
istərdim. Bunu istər görünüşlə, istər maarifləndirici söhbətlərlə, istərsə də çəkdiyim
əziyyətlərdən kiçik fraqment gətirməklə edirəm.
Ümid edirəm ki, təhsil verdiyim şagirdlərimin həyatına müsbət mənada toxuna
biləcəyəm. Onlarda edə biləcəyim ən kiçik dəyişiklik belə, mənim ən böyük
uğurumdur.
- Xanımların, xüsusilə də kəndlərdə azad ruhlu
olmasını istərdim. Heç kimdən asılı olmasınlar. Nə valideynlərindən, nə həyat
yoldaşlarından, nə də övladlarından. Hamı təhsil alsın, ən pis halda peşə öyrənsinlər
ki, sabah kiminsə əlinə baxmasınlar. Sabah övladlarının yanında başıaşağı,
cahil qalmasınlar. Bunu hamımız gələcək övladlarımıza borcluyuq. Bu gün biz
qadınlar sözümüzü çatdıra bilməsək, sabah övladlarımızın da səsi çıxmayacaq.
- Məsələn, dünən bir şagirdimin məyus olduğunu
gördüm. Dərdini soruşdum. Anası kimi qəbul etdiyi qadın xərçəng xəstəsi imiş.
Buna görə, dərs oxuya bilmədiyini dedi. Mən də özümdən bir misal gətirdim: "7-də
oxuyurdum. Nə olduğunu deməyəcəyəm, amma gözümdən yaş axaraq dərs oxuyurdum.
Bilirsənmi niyə? Çünki o günümü dəyişdirəcək tək silahım o əlimdəki dərslik,
kitab idi. Bəzən çox pis günlər yaşaya bilərik, amma bunu dəyişməyin tək yolu hələ
də qız uşağı üçün təhsildir. Məni bu günə gətirən, ogünkü inadımdır. Mən hər
şeyimi o azyaşlı qızcığazın inadına borcluyam. Sən də elə ol”. Həmin qız səhər
dərsə hazır gəldi.
Aygün ƏZİZ



