• cümə, 29 Mart, 19:09
  • Baku Bakı 14°C

Hər şeydən çətini dünyanı öyrənməkdir

26.01.19 15:07 11010
Hər şeydən çətini dünyanı öyrənməkdir
Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adı çəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. İndiyədək 500-dən çox elmi-publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 20-yə yaxın kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi” nominasiyasının qalibi olub. Jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, 2003-2005-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Təqdimat üçün bu qədər yetər. Onun 77 illik ömrünün quru statistikaya ehtiyacı yoxdur.
Cahangir Məmmədlini müasir Azərbaycan mətbuatının yaşayan əfsanəsi də adlandırmaq olar. Özünəməxsus üslubu, dəsti – xətti var. Əbəs yerə "müasir mətbuatın” demədim. Ona görə ki, Cahangir Məmmədli müasirliyin və bəşəriliyin tərəfdarı olan tədqiqatçıdır, amma bütün bunların fövqündə milli-mənəvi dəyərlərə, poetik həssaslığa, Vətən sevgisinə qiymət verən elm xadimidir. Onun üçün ağlı-qaralı ömür bəzən bir məktuba sığır, bəzən bir günə, bəzən bir fəsilə... Onun poetik duyğuları "Mendelson mərmər pillələrdə qaldı...”, "Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə”, "Şanel - 5” kimi esselərində özünü göstərir. Bəzən də köhnə məktublardan, xatirələrdən boylanır.
Biz də ad günü ərəfəsində professorla müsahib olduq.
- Bu günə gəlib çıxan həyatınızı əvvəlcədən təsəvvür edərdinizmi, təhlükəli maneələr əvvəlcədən təsəvvür edilə bilərdimi?
- Yəqin ki, heç kim harasa gedib çıxan həyatını əvvəlcədən təsəvvür edə bilməz, bu, bir tale işidir. Atasız-anasız bir uşağın, qardaş və bacılarının ümidinə qalan bir zavallının taleyi isə lap müəmmalı olur. Bilmirəm, yaxşı oxumağım idi, yoxsa nədən idi - orta məktəbdə şagird dostlarımdan biri həmişə deyirdi ki, böyüyüb böyük adam olanda məni özünə sürücü götürərsən. Sinif dostlarım mənə belə bir ümidlə yanaşırdılar.Mən, əlbəttə, böyük-böyük vəzifələrdə olmamışam, amma doğrudan da, bu günə gəlib çıxmışam. Həyatımı, ömrümü borclu olduğum bir universitetdəyəm. Bu universitetin az qala, hamısı məni tanıyır və hiss etdiyim qədər xətrimi istəyirlər. Həyatımın bir çox çətin məqamlarında yanımda olan neçə-neçə keçmiş tələbəm var, Prezident təqaüdçüsüyəm, bir sıra ödül sahibiyəm, özümə və uşaqlarıma görə mənalı bir həyat yaşamışam və s. Belə bir uzun ömrün bir çox anlarında təhlükəli məqamlar da olub. Dünya yalnız xeyirxahlardan ibarət deyil. Ən çox mane olanlar və olmaq istəyənlər öz istəklərini daha çox paxıllıq üstündə qururlar. Belələri ilə çox rastlaşmışam, elə indinin özündə də rahatsızlığı hiss edirəm.
- Lap gənc yaşlarınızda hansı ədəbi qəhrəmanı sevmisiniz? Oxşamaq istədiyiniz ədəbi obraz vardımı?
- L.Tolstoyun "Dirilmə” romanındakı Nexlyudov ən çox sevdiyim obrazdır. Günahlarını yumaq üçün göstərdiyi çabalara görə. Amma təəssüf ki, oxşamaq istədiyim obraz yoxdur. Yəqin bədii obrazın yarandığı texnologiyanı bildiyim üçün...
- İstedad nədir və özünüzdə onu hiss edirsinizmi?
- Sualın ikinci tərəfindən başlamaq istəyirəm. Normal adam heç vaxt özündə istedad hiss eləmir. Onu başqaları hiss edir. İstedad, əslində çox intim bir şeydir. Nəyəsə, kiməsə sevginin nə qədər böyük olduğunu ancaq qarşı tərəf ölçə bilər. Bir də istedad deyəndə əsasən ədəbi fitrət, sənətə fitrət başa düşülür. Əslində isə istedad çox böyük anlayışdır. Adi daş yonandan tutmuş, azman şairədək bütün sahələri əhatə edir istedad. Deyəsən, hamı istedadla birgə doğulur, amma onu hər kəs gerçəkləşdirə bilmir. Deyəsən, mən gerçəkləşdirə bilməyənlər sırasındayam.
- Siz kəndlisiniz, yoxsa şəhərli?
- Bir dəfə belə bir sualı mənim müasirim olmuş böyük rus yazıçısı, kinorejissoru, aktyor Vasili Şukşinə vermişdilər. O da demişdi ki, mən bir ayağı qayıqda, bir ayağı sahildə olan adam kimiyəm. Bilmirəm dənizə çıxım, yoxsa sahilə qayıdım. Mən də bir az Şukşinin vəziyyətindəyəm. Qloballaşan dünyada kəndin yox olmaq təhlükəsi var. Xudu Məmmədov hər il yayda oğlunu kəndə göndərirdi ki, qurtarmaqda olan kəndin nə olduğunu bilsin. Başqalarını bilmirəm, mənim üçün kəndin bitməsi milli-mənəvi dəyərlərin bitməsi deməkdir. Bu qorxu məni ömürlük kəndçi olmağa çağırır.
- Sizin üçün klassika nədir?
- Ən müasir, super müasir sənət nümunələri. Yəqin klassika elə bu keyfiyyəti ilə həmin epiteti daşıyır.
- Daha çox qalibiyyət duyğusu yaşamısınız, yoxsa məğlubiyyət?
- Doğrusu, bunları heç hesablamamışam. Bircə onu bilirəm ki, məğlubiyyətlər mənim daha mübariz, təslimçilikdən uzaq olmağıma şərait yaradıb. 55 ildir ki, bir universitet həyatı yaşayıram. Bu uzun illər mənim ən böyük qələbəmdir.
- Uğursuzluqlarınıza necə baxırsınız?
- Uğursuzluq taleyimin ən etibarlı komponentidir. Heç vaxt məni tərk etmir. Böyük Füzuli Allaha müraciətlə: "Ya Rəb! Bəlayi eşq ilə qıl aşina məni... Bir dəm bəlayi-eşqdən etmə cüda məni... Mən istərəm bəlanı, çün istər bəla məni...” - deyəndə dərdə sevgisini ifadə etmişdi. Çünki onu dərd şair etmişdi. İndi Füzulinin yanında mən nə karəyəm ki, uğursuzluğu sevməyim. Uğursuzluqlar möhkəmliyin özülü kimi bir şeydir.
- Sizin üçün ən maraqlı iş nədir? Peşə mənasında...
- Mən özümün ən maraqlı işimi universiteti bitirib universitetdə qalanda tapmışam: Müəllimlik! Bu peşəni dəfələrlə dəyişmək imkanım olub. Əməlli-başlı "yağlı” vəzifələrə dəvət olunmuşam. Amma 1968-ci ildən tapdığım tələbələrimi heç vaxt itirmək istəməmişəm. Tale elə gətirdi ki, Bakı Dövlət Universiteti yəqin ki, məni son mənzilə yola salacaq müqəddəs bir iş yerim olacaq. Müəllimlik bağrıma sıxdığım tələbələrimin məkanı kimi mənə çox qiymətlidir.
- Xoşbəxtlik nədir?
- Bunun ən qısa cavabı bir xalq deyimindədir. İçi məni yandırır, çölü özgəni!
- Xəyal qırıqlığına necə baxırsınız? Sizdə belə şeylər olubmu?
- O qədər olub ki, mən artıq ona öyrəşmişəm. Məsələn, bir də görürsən, qəlbən hörmət etdiyin bir adam heç də sən düşündüyün deyilmiş, yaxud hər əsərini hadisə kimi qəbul etdiyin bir yazıçı millətə dönük çıxır. Yaxud, səmimiyyətinə inandığın bir qəzet bir paxılın bir qonaqlığına nədən desən yaza bilir və s.
- Həyatda sizə arxa duranlar və arxadan zərbə vuranlar olubmu?
- Doğmalarımı demirəm, arxa durmaq doğmaların borcudur. Ancaq sənə heç bir öhdəliyi olmayan adamın sənə arxa durması bir alın yazısıdır. Fakültəmizin professoru Şirməmməd Hüseynov mənə arxa durmuş ən güclü adam oldu. O, çox çətin bir maneəni kəçərək məni universitetdə saxladı və bu məqam taleyimə yazılan bir sevgi timsalıdır. İndiki vəzifəsinə görə adını çəkmək istəmirəm, son otuz ildə tanıdığım bir insan bəzən heç özü də bilmədən, xüsusi hesaba almadan, mənə arxa, dayaq olur. Heç nə ummadığım, heç bir kömək gözləmədiyim dostlarım var ki, onları özümə arxa bilirəm. Əflatun Amaşov, Səlahəddin Xəlilov, Rəşad Məcid, Aqil Abbas, Umud Rəhimoğlu mənim güvəndiyim adamlardır. Mənə arxa duranlar məndən o qədər uca olublar ki, zərbə vuranları hiss etməmişəm, onların kölgəsində yox olublar.
- Artıq bir müəllim kimi xeyli ömür yaşamısınız. Fəxr etdiyiniz keçmiş tələbələriniz varmı?
- Qürur duyduğum tələbələr sırasında Rəşad Məcid mənim fəxrimdir. Həm dostluğu, həm istedadı ilə, həm də "525-ci qəzet” dəki millətə xidməti ilə.
- Müasir olmaq nədir?
- Klassik milli ənənələri, min illərin sınağından çıxmış xalq dəyərlərini özündə yaşatmaqla yeni dünyanın haçansa klassik dəyər qazanmağa potensial imkanı olan dəyərlərini birləşdirə bilmək, qloballaşan dünyada dəblərin küyünə getməmək. Mümkün qədər informasiyalı olmaq və mümkün qədər bu informasiyadan yararlanmaq. Ətrafımızda belə adamlar mövcüddur. Azərbaycan şərqşünaslıq elminin korifeyi akademik Vasim Məmmədəliyev, xalq yazıçıları Anar, Elçin, xalq artistləri Mənsim İbrahimov, Alim Qasımov.... kimi adamlar həm də son dərəcə müasir düşüncəli olmaqları ilə fərqlənirlər.
- Əgər "insan bütün ömrü boyu öyrənir” fikrini qəbul etsək, siz bu gün nəyi və kimdən öyrənirsiniz?
- Hər şeydən çətini dünyanı öyrənməkdir. Çətindir ona görə ki, dünya bitib tükənən deyil. Mən dünyanı öyrənmək istəyirəm. Heç olmasa, bir az. Dünyanı bədii sözdən, teleproqramdan, elmi kitablardan, kiminsə bir sözündən, kafedranın texniki əməkdaşından, metro qatarında dilqəfəsə qoymayan cavan bir oğlandan, qəzet köşkündəki satıcıdan, qaçqın düşmüş bir kənd adamından... öyrənirəm. Mən ixtisasca jurnalist-filoloqam, yəni humanitar sahədəyəm. Amma müasir fizikanın, nanotexnologiyanın, biologiyanın, kimyanın - bir sözlə, dəqiq elmlərin populyar təqdimini verən populyar kitabları da alıram, oxuyuram.
- Niyə bizim nəsil sizin nəsildən az kitab oxuyur?
- Mən bütün günahları informasiya texnologiyasının üstünə yıxıram. İndi belə təsəvvür var ki, hər şeyi internet resurslarından ala bilərik. Amma belə deyil. Kağız qoxulu kitabı heç nə əvəz edə bilməz. Qurani-Kərim də kitabdır və kitabın müqəddəsliyini unutmaq olmaz. Yeni nəslin kitaba total etinasızlığı artıq öz fəsadlarını göstərməkdədir. Mən gəncliyin içindəyəm. Total bir savadsızlıq sindromu tək bizdə yox, bütün dünyada özünü büruzə verməkdədir.
- Əbədi bir problem olan "atalar və oğullar” probleminə necə baxırsınız? İndiki atalar və indiki oğullar...
- Doğrudan da əbədi problemdir. Amma bu "problem” olmasa dünyanın inkişafından əlimizi üzməliyik. Oğulların ataları bəyənməməsi inkişafın ən ciddi yoludur. Yəqin bu problem ona görə əbədidir ki, sona yetsə, inkişaf dayana bilər. Bəzən hər iki tərəfin bir "bəyənməməzlik” iddiası da olur. Əlbəttə, elə bu bəyənməməzliyin özü də inkişafın stimuludur. Amma bu bəyənməməzlik mənəm-mənəmliyə də çevrilməməlidir. Adətən, atalar oğulları "uşaq” hesab etdiyi kimi, oğullar da ataları "vaxtını keçirmiş” hesab edirlər. Rusiyada XIX əsrin ortalarında bu bəyənməməzlik elə həddə çatdı ki, İ.Turqenev özünün dünyaca məşhur "Atalar və oğulları”nı yazdı. 1960-cı illərdə Azərbaycanda yeni nəsil yazıçı və şairlərin köhnə nəsli gözümçıxdıya saldıqları mənim yadımdadır. Həmin o, gözümçıxdıya salınanlar sırasında Anar, Elçin kimi dövrümüzün böyük sənətkarları da vardı. Bir sözlə, atalar və oğullar, indiki terminlə desək, konsensusa gələndə inkişaf daha sürətli olur.
- Tələbələriniz sizi duyğulu adam kimi xarakterizə edirlər. Duyğulu adam kimdir?
- Ürəyimdən elə bu anda bir istək keçdi ki, bu sualın cavabına belə bir sərlövhə qoyum! "Mənim yaralı yerim”. Bilirsiniz, əbədi dünyaya az-çox bələd olan, özünün də az-çox qələmi olan adam duyğusuz ola bilməz. Mən lap uşaqlıqdan hind filmləri ilə böyümüşəm. Çünki o filmlərdən çox duyğulanırdım. Elə bu günün özündə də hansısa bir əsərin hansısa bir epizodu, hansısa bir şeirin hansısa bir misrası mənim duyğularımı tarıma çəkə bilər. Dostum Ramiz Rövşənin "Qara paltarlı qadın”, "Bir az uzun çəkdi ömür deyəsən”, "Çiçəklər doğulur bu yaz gecəsi” kimi şeirlərini oxuyub duyğulanmamaq olmur. Yaxud, Emel Sayının bir mahnısındakı "Seni öyle sevdim ölürcesine, Tanrının yazdığı şiircesine”, Linetin bir mahnısındakı "Sevgi çiçeyimdin könül bağımda, öyle yer etmişdin kalb otağımda”, Şəmistanın "Əsgər” mahnısı sətirlərindən necə duyğulanmayasan. Bəzən hansısa bir tələbənin universitetin verdiyi bilikdən artıq bilgi istedadı məni kövrəldə bilər. Elə leksik vahidlər var ki, onlar adamı mütləq kövrəldir: Şəhid, qürbət, dağ meşəsi, sevgi, sərin meh, ölüm və.s. Kövrələ bilən, ağlaya bilən adam duyğulu adamdır. Kövrələ bilən, ağlaya bilən adam heç vaxt pis adam ola bilməz. Deyəsən, elə mən də pis adam deyiləm.
- Tələbələrinizə fərq qoyduğunuz vaxtlar olubmu?
- Əlbəttə, tələbələrin hamısı mənə doğma və əzizdir. Amma nə gizlədək, axı, doğma və əzizlərin də içində bir seçim olur. Yaxşı oxuyan, istedadını hiss etdiyim tələbəni həmişə şəxsi nəzarətimdə saxlayıram. Mən belələri ilə universitetin dəhlizində də, yol yoldaşı olanda da – hər cür imkan yarandığında bildiklərimi bölüşürəm.
- Bəlkə ona görə ki, müəllim olaraq siz çox səxavətlisiniz...
- Tələbələrim, xüsusilə seçilən tələbələrim mənim ən yaxın dostlarım olur. Şirməmməd Hüseynov bizə səxavət dərsi də keçib. Mən onun tələbəsiyəm. Bizim jurnalistika fakültəsində heç bir müəllim heç vaxt heç kimdən bir alça da ummayıb. Amma yeri gələndə özümüz tələbəyə kömək olmuşuq.
- Maarifçilik sözü indi çox dəbdədir. Doğrudanmı hər sahədə maarifçilik vacibdir və vacibdirsə müasir insanı daha səmərəli nə ilə maarifləndirmək olar?
- Maarifçilik çox müqəddəs sözdür. Dünya yaranandan, Allah insana şüur verəndən bu günə maarifçilik vacib olub. Sadəcə, o bir anlayış kimi əvvəlcə Qərbdə, sonra bizlərdə indiki terminlə ifadə olunub. Azərbaycanın dahi şəxsiyyətləri özlərinin estetik idealları sırasında maarifçilik missiyasını önə çəkiblər. Nizaminin "Sirlər xəzinəsi”ndəki bütün hekayətləri maarifçi xarakter daşıyır. Füzulinin "Şikayətnamə” - si orta əsrlərdə yaranmış olsa da, bizim günlərin məmurunu adam olmağa çağırır . H.B.Zərdabi, M.F.Axundov, N.Nərimanov, Ü.Hacıbəyli Azərbaycan maarifçiliyinin ustadlarıdır. Bütün bədii sənət əsərləri həm də maarifçilik işi görür. Maarifçilərin maarifçilik missiyasını gerçəkləşdirməsi işində ən mühüm vasitə tirajlanan söz olub. Sözü mətbuat tirajladı - yəni eyni sözü milyonlara çatdırdı. Bu gün həmin missiyanı daha geniş şəkildə elektron informasiya vasitələri gerçəkləşdirir. Çox təəssüf ki, bir müddət əvvəl maarifçiliyin ən güclü vasitəsi olan televiziya, radio indi hər cür zir-zibillə dolu internet dünyası qarşısında məğlub olub. Sualınızın bu məqamına cavabda çox çətinlik çəkirəm.
- Dəyişən dünyaya necə baxırsınız?
- Dünya yaxşı yönə dəyişmir. Lukaşenkonun dəyişən dünyanın xarakterini ifadə edən bir cümləsi heç yadımdan çıxmır: "dünya ağlını itirib”. Həqiqətən dünya ağlını itirib. İndi əlində atom silahı olan ölkələrin başçıları dünyanın diktatoru rolunda çıxış edirlər. Bu yerdə "isterika” sözünü işlətməmək olmur. Hansısa ölkədən xoşu gəlməyən belə bir "isterik” diktator atomu olmayan ölkənin başçısını təhqir etmək dərəcəsində qeyri-etik ifadələrə yol verir. Lakin böyük qazax şairi və alimi Oljas Süleymenovun dediyi kimi, xalqların və dövlətlərin taleyi kardioqrammaya bənzəyir. Hansısa xalqın yuxarı qalxması heç də onun haçansa enməyəcəyi demək deyil və əskinə, kiminsə aşağı enməsi heç də onun haçansa qalxmayacağı demək deyil. Dünyanın dəyişməsi anında tarixin ibrət dərslərinə baxmaq bəziləri üçün heç də pis olmazdı.
- Müasir insanlarda sizi narahat edən cəhətlər varmı?
- Əlbəttə, müasir insanın bilgisi, həyata münasibəti, dünyanı duyması və s. kimi gözəl cəhətləri var. Ətrafımızda o qədər maraqlı insan var ki, adam onların müasir olmağı ilə öyünə bilər. Lakin müasir insanın dünya malına hərislik deyilən bir xisləti onu sələflərindən fərqləndirir. Biz guya yenidən islam dəyərlərinə qayıtmışıq, guya daha elmli olmuşuq. Amma bütün bunların arxasında bir aktyorluq da dayanır. Mollanın "mən deyəni elə, mən eləyəni eləmə” prinsipi indi çox işlək olub. Rüşvəti lənətləyib rüşvət alanlar, Vətən deyib oğlunu cəbhə bölgəsindən qorumaq, nəfsinə sahib çıxmaq deyib öz nəfsini boğmamaq... kimi yüzlərlə günahı boynuna götürənlər də çoxdur...
- Sizinlə dost olmaq asandır?
- Buna cavab üçün gərək sirrimi açam: Çoxları elə bilər ki, mən onları özümə dost hesab edirəm. Ancaq elə deyil. Mehriban münasibətlə dostluğun çox fərqi var. Dost illərin sınağından çıxmalıdır. Mənim dostlarım o qədər də çox deyil.
- "Cavanlıq bilsəydi, qocalıq bacarsaydı..” belə bir fikrə necə baxırsınız?
- Doğrusu, çox maraqlı və həm də elə mənim öz ömrümün cavab verməyə borclu olduğu bir sualdır. Ömür keçir, gün keçir və birdən ayılırsan ki, sən çox iş görə bilərdin, amma etməmisən. Onda adamın içindən bir ağrı keçir: ah cavanlıq! Yaxud, cavan olsaydım!... Deməli, haçansa cavanlıq bilməyib ki, filan işi vaxtında görmək lazımmış. Əlbəttə, burada daha çox ictimai işdən, bir az da dəqiq desəm, yaradıcılıq işindən söhbət gedir. Cavanlıqda "hələ ömür qabaqdadır” prinsipi ilə yaşamaq qocalıqda peşmançılığa gətirir. Şəxsən mənim indiyədək görmədiyim o qədər işlər var. İndiki yaşımda isə əsl seytnot vəziyyətindəyəm. Yəqin bu çox tipik bir hadisədir.
- Həyatımız da bir yazıdır, alın yazısı, amma... həyatınızda redaktəyə ehtiyac varmı?
- Mən bu yerdə ilk yazılarını redaktə etdiyim jurnalist tələbələrimə bənzəyirəm. Hansı cümləsini redaktə ediriksə, ixtisara salırıqsa, tələbə razılaşmaq istəmir. Çünki bu, onun yazısıdır, ona əzizdir. Bu həyat da mənimdir. Məncə, burada nəyisə redaktə və ya ixtisar etsən, bugünkü bütövlüyə, özümün razı qaldığım bir tale yoluna yarımçıqlıq gətirmiş olaram.
- Bu gün Cəlil Məmmədquluzadə qəflətən oyanıb bizim günlərimizə qayıtsaydı, bu zamanı necə qiymətləndirərdi?
- Mirzə Cəlil bu xalqın ruhu və yaddaşıdır. O, bir möcüzədir. Sual lap yerinə düşdü. Prezidentimiz İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında sərəncam imzalayıb. Mirzə Cəlili xeyli dərəcədə tanısam da onun yerinə bu suala cavab verə bilmərəm. Amma belə bir təxminim var ki, dərhal "Molla Nəsrəddin” jurnalını o dövrkü vəziyyətindəcə yenidən nəşrə başlayardı. Bu zamanın baş alıb gedən çirkablarını tənqid atəşinə tutardı. Yeni jurnalistikanı, bu jurnalistikanın təhqir, böhtan, yalan informasiyalarını lağa qoyardı, yenidən öz yaradıcılığı ilə bizə dərs verərdi.
- Ataların "ayağını yorğanına görə uzat” nəsihətinə necə baxırsınız?
- Əlbəttə bunu insanı cəhdlərdən, ideyalardan uzaqlaşmağa sövq edən bir çağırış kimi də interpretasiya etmək olar. Amma fikir atalarındısa, deməli, orda mütləq bir hikmət var. Bu hikmətin əsas məğzi ondadır ki, insan gərək olana qane olsun. Nəyisə artırmağı bacarırsansa, yaxşı yaşamaq cəhdin və buna imkanın varsa, heç kim sənə "ayağını yorğanına görə uzat” tələbini irəli sürməyəcək. Amma öz sadə və namuslu maaşı ilə yaşayan bir kişidən arvadının "roskoş” tələbi anında bu deyim ortaya qoyula bilər. Mən xeyli adam tanıyıram ki, "ayağını yorğanına görə uzatmamağı” ucbatından yorğandan çölə çıxan ayağındakı kredit borclarına görə bank qapılarındadır. Yaxud, savadı, bacarığı olmayan bir adam alimlik iddiasına düşür və bütün ömrü boyu saxta diplomun əziyyətini çəkir. Yüzlərlə belə misal çəkmək olar.
- Necə bilirsiniz, sizin taleyiniz uğurludur, uğursuz?
- Taleyimin ən böyük uğuru Azərbaycan kimi bir məmləkətin övladı olmağımdır. Mənim atam və anam cənubdan şimala köç etmiş adamlardandır. Hərdən fikirləşirəm, Allahım, birdən onlar tamam yad bir ölkəyə köç edəydilər, mən də o yad ölkədə doğulaydım, onda qorxudan bu fikri tezcənə tərk edirəm. Amma onlar Qarabağa, Ağdama, Novruzlu kəndinə gəldilər. İndi o kənd, o yurd-yuva ermənilərin əlindədir. Buna baxmayaraq, o kəndin xatirələri də mənə bəs edir. Bir gün o kəndə, o yurda əlbəttə, qayıdacağıq. Bəlkə məni yaşadan elə bu inamdır. İstedadını hər kəsin yüksək qiymətləndirdiyi yazıçı, dramaturq Əli Əmirli ilə mən həmin Novruzlu kəndində doğulmuşuq. Əlinin "Ağdamda nəyim qaldı?” avtobioqrafik romanını oxudum. Bu roman bütün bədii keyfiyyəti və sərt reallığı ilə məni yenidən o kəndə qaytardı. Uzun müddət romanın təsirindən çıxıb nəsə başqa bir şey yaza bilmədim. Taleyimə gəlincə, ömrümün çətin keçən ağır günləri olub. Atam mənim doğulmağımdan on gün əvvəl Rus - Alman müharibəsinə gedib və qayıtmayıb. Anam 6 aylığımda dünyasını dəyişib. Bacılarımın, qardaşımın ümidinə qalmışam. Savadı və biliyi ilə Mirzə İbrahimovun, Xudu Məhərrəmovun, Nurəddin Rzayevin, Bəxtiyar Vahabzadənin yol yoldaşı olmuş, mənə Vətən sevgisi, fəlsəfi duyğular, elm öyrətmiş, arxamda dağ kimi dayanmış bir əmioğlum - tanıyanların Bala Marks adandırdığı Zeynal Məmmədov dayandı və mən indi geriyə baxanda heç narahat olmadığım bir ömür yaşamaqdayam. İllərimin kədəri də, sevinci də özümündür və mənə əzizdir.
- Cahangir müəllim, deyirlər insan hər yaşda sevə bilər, belə bir fikir düzdürmü?
- Doğru fikirdir. Amma hər yaşın öz sevgi obyekti var. Cavan çağların ən böyük sevgisi həyatını bəzəyəcək bir qız olur. Bir azdan cavan ailədə doğulan körpələr yeni sevgi obyektidir. Sonra nəvələr, nəticələr. Amma insan qanmağa başladığı gündən ömrünün son anınadək dəyişməz bir sevgi ilə - Vətən sevgisi ilə yaşayır. Hər bir azərbaycanlıda bu sevgi var – cavanlığa, qocalığa baxmayan Vətən sevgisi!
- Niyə təmiz, böyük sevgilərin, sonu hər zaman hicran və əbədi həsrətlə nöqtələnir?
- Bu, bir tale məsələsidir. Yaradan necə yaratmağı, necə nizamlamağı çox yaxşı bilir. Təmiz və böyük sevgilərdən yaranan hicran və əbədi həsrət səndən sonrakı nəslin böyük və təmiz məhəbbətə daha ehtiyatla, itirmək təhlükəsini duyaraq yanaşmaq dərsinə çevrilir. Mən özümü bu dərslərin müəllimi kimi də görürəm. Mənə qismət olmuş "təmiz və böyük” sevginin əbədi həsrətini yaşamaqdayam. Sevgi söhbətində tale ilə barışmaqdan başqa əlac yoxdur.
- Bu dünyada sizə çox əziz bir adam var. Yeddi ilə yaxındır ki, onu itirmisiniz. Özüm şahid olmuşam ki, o adamın adı çəkiləndə gözləriniz dolur. Gözləriniz dolmasın, söhbət Səkinə xanımdan - sizin ömür - gün yoldaşınızdan gedir. Bitməyən o ağrını nəcə yaşayırsınız?
- Qəribə görünə bilər, amma olanı deyəcəm. Ömür-gün yoldaşımın itkisindən gələn ağrı indi mənə çox əziz bir həyat tərzidir. Elə bil o ağrısız yaşaya bilmərəm. Mən belə bir ağrını şair Nəriman Həsənzadədə görürəm və dərdin əzizliyini də onu dinləyəndə daha çox başa düşürəm. Bu dünyada ən əziz xatirələrim onunla – 46 il bir yerdə dostluq etdiyimiz Səkinə xanımla, bağlıdır. Doğrusu, mən o dərdin adını tapa bilmirdim. Bir gün qızlarımdan biri bunu "əziz dərd” adlandırdı və bunun bir həqiqət olduğunu onda dərk etdim. Evdəki iş otağımda onunla bağlı mənim üçün müqəddəslik kəsb edən çox şey var. Şəkillər, şəkillər, şəkillər.. və bir də min bir qeydləri olan əlyazmaları. Nəyi varsa, hamısını yanımda saxlayıram. Böyük bir sevginin ilk illərinin məktublarını oxuyuram darıxanda. O məktublar məni nə qədər kövrəltsə də, bir 10-cu sinif şagirdinin inşa istedadı kimi balalarıma, nəvələrimə örnəkdir. Biz onu Ağdamda, erməni əsirliyində olan kəndimizdən 6 kilometr aralıdakı bir kəndin qəbiristanlığında dəfn etmişik. Balaları, nəvələri inamla yaşamalıdırlar ki, sabah kəndimizə qayıdacağıq. Sualınızın əvvəlinə qayıdıram: Bu dərdi yaşamaq çox çətindir mənə. Bəzən iş stolumun arxasında oxuduğum hansısa bir poetik sətir, efirdən rast gəldiyim bir bədii film personajının uğursuz həyat anı, övladlarımızın qəfil xatirələrindən doğan kövrək söz anında mən heç kimə demədən, sanki heç nə olmamış kimi binamızın qarajına enib avtomobilə əyləşirəm və onu dəfn etdiyimiz kəndin mənə əziz olan qəbiristanlığına yollanıram. Bu hadisə gecə vaxtına da düşə bilər, günün günorta çağına da. Əsas odur ki, mən o qəbrin yanında dayanıb Xanımın qızlarına, nəvələrinə telefon açıram və onlar onda bilirlər ki, mən indi hardayam.
- Sizi tanıyanlar övladlarınıza necə bağlı olduğunuzu deyirlər. Sizin iş yoldaşınız Nəsir Əhmədli bir dəfə nə münasibətləsə elə dərs zamanı dedi ki, bəlkə də Cahangir Məmmədli yaxşı bir siyasətçi ola bilərdi. Mən bilirəm ki, ailəsinə həddindən artıq bağlılığı buna mane oldu.
- Ordan başlayım ki, Nəsir müəllim düz deyib. Yəni siyasətdə olan adam, əslində gərək, çox şeydən keçməyi gözə alsın. Mən belə şeylərdə bir az cəsarətsiz adamam. Gündəmdə olan bəzi siyasətçilərin ünvanına opponentlərinin haqlı, haqsız iradlarını, bəzən həqarətlərini görüb də siyasətə qoşulmaq...Bilirsinizmi, yəqin ki, hər kəs üçün onun ailəsi müqəddəsdir. Mənim üçün Vətən sevgisi, Azərbaycan məhəbbəti ailədən başlanır. Mənim iş yerimdə də amerikasayağı jurnalistikaya "heyran” qalan, öz dərsində tərəfsiz xəbəri təbliğ edənlər var. Fakültədə belələrindən biri mənim milli jurnalistikamızda dövlətçilik ideologiyası ilə bağlı ayrıca fənnin yaradılması kimi bir ideyama ironiya ilə baxdı. Amma mənim üçün hər bir Azərbaycan vətəndaşının həyatı, xoşbəxtliyi dövlətçiliyimizin qorunmasına bağlıdır. Bizim ailəmizin bütün üzvləri – nəvəli , nəticəli – hamımız bu fikirdəyik. Bu, bir həyat kredosudur. Mən hər qızımı evdən ər evinə köçürəndə (beş qız və beş köç!) ona bir məktub yazıb vermişəm. O məktublarda qadının ər evindəki yeri ilə bağlı fikirlərlə bərabər, Azərbaycan deyilən bir yurda layiq yaşamaq tövsiyələri var. Və onlar mənim o məktublardakı tövsiyələrimi heç vaxt unutmazlar...
- Azərbaycan ədəbiyyatında klassiklərdən kimin dirilməsini istərdiniz?
- Əvvəllər mənim Mirzə Ələkbər Sabirə yazığım gəlirdi. Deyirdim, bu dünyada rüşvətin, mövhumatın, məmur özbaşınalığının, harınların, insafsızların – bir sözlə, Sabirin tənqid etdiyi tiplərin yox olmasından sonra onun satirasına lüzum qalmayacaq. Amma, görünür, çox sadəlövh düşünmüşəm. Əksinə, bu böyük satirikin tənqid hədəfləri bu gün daha müasirdir. Ona görə də, məncə, Mirzə Ələkbər Sabirin bu dünyada yenidən doğulmasına çox böyük ehtiyac var.
- Dünyanın gələcəyini kim daha yaxşı görür? Fiziklər, yoxsa, liriklər?
- Əvvəllər dünyanın gələcəyini ədəbiyyatçılar, filosoflar daha yaxşı görürdülər. Çox təəssüf ki, indi söz fiziklərindir. Atomla, nüvə silahları ilə dünyanı hədələyən fiziklər dünyanın yaxın gələcəkdə məhv olacağı proqnozunu verirlər. Çexov deyirdi ki, əgər teatr səhnəsində divardan tüfəng asılıbsa, tamaşanın axırınadək o tüfəng mütləq açılmalıdır. Bu məntiqlə yanaşsaq, əgər nüvə ölkələri 80 il müddətində ən böyük maliyyə xərci qoyub yüzlərlə nüvə başlığı yaradıblarsa, onlar mütləq haçansa açılmalıdır. Fiziklər bir az da cəhd eləsələr, iqlimi dəyişdirməklə dünyanı bir neçə saata məhv edə biləcəklər. Ümid Allaha qalır..
- Kimi zəmanəmizin qəhrəmanı hesab edərsiniz?
- Dağılmaqda olan dünyanı xilas edəcək adamı və bir də Qarabağın Xankəndində üç rəngli bayrağımızı qaldıracaq kəsi. Öz kəndimizə dönməkdən böyük arzum yoxdur. O kəndə ki, indi onun sakinləri ilə təsadüfən-təsadüfə, həm də çoxçeşidli coğrafi məkanlarda – onların məskunlaşdığı qərib ellərdə görüşürük.
Aynurə Vəliyeva
banner

Oxşar Xəbərlər