AZE | RUS | ENG |

“Hər insanın dəyəri, etdiyi yaxşılıqlar qədərdir” - Örnək

“Hər insanın dəyəri, etdiyi yaxşılıqlar qədərdir” - Örnək
Xumar Ağayeva: “Bir cümlə ilə bir insanın həyatında nələrinsə dəyişəcəyinə inanıram”

Pozitivdir, möcüzələrə inanır. Özünün də dediyi kimi, bitib-tükənməz enerjisi var və bu enerjini insanlara yardım etməyə sərf edir. Çünki həyatın bumeranq olduğunu düşünür. Deyir ki, kainata hansı enerjini ötürürsənsə, bumeranq kimi o da mütləq sənə qayıdır.

Müsahibimiz xeyriyyəçi gənc, "Düşün və Yarat” səhifəsinin sahibi Xumar Ağayevadır. Könüllü şəkildə "Analarla həyat gözəldir”, "Sevgi paylaşdıqca çoxalır” məzmunlu tədbirlər həyata keçirir, sosial sahibkarlıq mövzularında, tələbələrə CV yazmağın qaydaları, iş tapma bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı seminarlar təşkil edir. Bundan əlavə, evdar, biznes qurmaq istəyən qadınlarla sahibkarları görüşdürür, əlaqələr qurmasına köməkçi olur.

Həmsöhbətimiz Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib. Təhsil Nazirliyində, Tələbə Qəbul üzrə Dövlət Komitəsində işləyib. 2012-ci ildən isə Azərbaycan Dillər Universitetinin elmi işçisidir.

Xumar insanlara kömək etməyə, onlara dəstək olmağa çalışır. Xüsusilə, qadınları aciz görməyi qəbul edə bilmir. "Bəxtim yoxdur, məndə alınmaz” kimi fikirlərə inanmır. Düşünür ki, insan, taleyini öz enerjisi, gücü ilə yazır: "Hər bir insanın müsbət enerjisi var. Enerjini insanlara ötürməyi bacarmalısan. Mən də ətrafıma gözəllik yaymaq istəyirəm. Faydalı olmaq məni xoşbəxt edir. Hətta yolda məyus gördüyün birinə belə yaxınlaşıb, onun əhvalını soruşa bilərəm. Düzdür, bu, bəzən qarşı tərəfin xoşuna gəlməyə bilər. Amma insanları kefsiz görmək istəmirəm. Yaxşılıq etmək, müsbət enerji vermək mənim üçün daha önəmlidir. Düşünürəm ki, yaxşı və pis insan yoxdur. Hər insanın mənfi və müsbət tərəfləri ola bilər. Onların doğru yönlərini kəşf etmək lazımdır. Seminarlarda hər insandan faydalanmağa, tələbələrə də faydalı olmasına çalışıram. Bəzən mənə deyirlər ki, əlavə vaxt xərcləyirsən, buradan nə qazanırsan ki? Amma bir cümlə ilə bir insanın həyatında nələrinsə dəyişəcəyinə inanıram. Bunun üçün də çalışıram”.
 


- Xumar xanım, "Düşün və yarat” platforması necə yarandı?
- Hər zaman pərakəndə şəkildə layihələr, tədbirlər həyata keçirirdim. Daha sonra qərara gəldim ki, bu layihələri  bir platforma üzərində toplayım. Bundan sonra "Düşün və yarat”la yoluma davam etdim. Əsas məqsədim odur ki, insanlar özlərini tək hiss etməsinlər. Bacardığım qədər onlara motivasiya verməyə çalışıram. Sosial sahibkarlıqla bağlı təlimlər keçirir, tələbələrin ekspertlərlə görüşünü təşkil edirəm. Bütün bu tədbirlərlə də bağlı çağırışları "Düşün və yarat”la edirəm. Platformada tələbələrlə bağlı tez-tez diskussiyalar təşkil edirəm. Bizdə tələbələr universiteti bitirdikdən sonra iş həyatına atılırlar. Bu, çox gecdir. Universitet vaxtından çalışmalısan ki, bitirəndə də asanlıqla yerini tapasan. İki-üç tələbənin belə istiqamətlənməsi, mənim ən böyük qazancımdır.
 


- Qadın və uşaq sığınacağındakı xeyriyyə aksiyası hər kəsin diqqətini çəkdi. Bunu necə həyata keçirdiniz?
- 4 yaşında qızım var. Qızımın geyindiyi, az istifadə olunan paltarları səhifədə satışa qoydum və elan etdim ki, buradan yığılan pullar sığınacağa sərf olunacaq. Çox ucuz qiymətlər qoyurdum ki, həm kiməsə faydası olsun, ehtiyacı olan alıb geyinə bilsin, həm də ondan gələn gəliri faydalı yerlərə xərcləyək. Yaxşı insanların da yardımları sayəsində uşaq sığınacağına getdik. Uşaqların təbəssümü, üzündəki sevinc nəyə desəniz dəyərdi. Sığınacaqda övladları ilə birlikdə xanımlar da yaşayır. Qadının öz ayaqları üstündə dura bilməməsi, möhtac olması məni məyus edir. Mənə görə, qadınlar kişilərdən qat-qat güclü varlıqlardır. Onlara da motivasiya vermək üçün söhbətlər edirdik. Uşaqları sevindirmək üçün hədiyyələr, şirniyyatlar aparmışdıq. Lakin bir gözləri gülürdüsə, digəri ağlayırdı. Bir qız uşağı diqqətimi çəkdi, o, sevinmirdi. Sual verdim ki, sən nə istəyirsən?  "Heç nə” dedi. Bu cavab çox sərt idi. Sanki demək istəyirdi ki, sən mənə istədiklərimi verə bilməzsən. Bu uşağın mənəvi aclığı o qədər idi ki, onu maddi heç nə maraqlandırmırdı. O uşaqları imkanın olmasa belə, bir dəfə ziyarət edib sevindirmək bizim borcumuzdur. 
 

 
- Qayğıya möhtac qadınların həyatlarını dəyişməyə can atırsınız. Siz qadını necə görmək istəyərdiniz?
- Qadın olmaq asan deyil. Qadın olmaq öz rənglərini tapmaq, özündən sonra iz qoymağı bacarmaqdır. Özünə hörmətin, özünə xas iffətin, övladına nümunəvi analığın nə demək olduğunu bilməkdir. Bəzən zirehləri geyinmək, qalxanlarla qorunmaq, yeri gələndə kişidən də güclü olmaqdır. Cəmiyyəti yetişdirən qadının özüdür. Qadın həm arıdır, həm ilan, yaxşılıq görsə balını, pislik görsə zəhərini verər. Belə bir deyim var: qadın nə yaxşıdır, nə də pisdir, sən nəsən, qadın odur. Mən bütün qadınları xoşbəxt, güclü, pozitiv, özünə güvənən görmək istəyirəm.
 

 
- Xumar xanım, ailəlisiniz, bir övladınız var. İşdən sonra vaxtınızın müəyyən hissəsini də xeyriyyə tədbirləri üçün xərcləyirsiniz. Yaxşılıq etmək sizə nə verir?
- Mənə görə, yaxşılıq əllə tutula, gözlə görülə, hiss edilə bilən bir duyğudur. Bəlkə başqaları yaxşılığı mücərrəd bir anlayış kimi görür. Birinə faydası dəyən bir hiss, necə duyulmaz, hiss edilməz, toxunulmaz ola bilər ki?! Hər insanın dəyəri etdiyi yaxşılıqlar qədərdir. Düşünürəm ki, sən etdiyin yaxşılıq boydasan, dəyərin, qiymətin yaxşılığın qədərdir. Xoşbəxtliyin yolu qısa olsa da, ona çatmaq çətindir. Hər kəs anlamaz, amma bu yol yaxşılıqdan keçir. Yaxşılığın böyüyü-kiçiyi olmaz. Bizə qalacaq əlimizdəkilər deyil, əldən verdiklərimizdir. Bəzən bir yaxşılığın içində bir ömrün savabı gizlənər. Yaxşılıq etmək mənim borcumdur, bu, mənə mənəvi rahatlıq verir. Məncə, insan yaxşılıq etdikcə, mənəvi cəhətdən təmizlənir. Birinə bir anlıq da olsa, təbəssüm bəxş edə biliriksə, demək həyatımız da boşuna getmir. Ehtiyacı olan insanlara yaxşılıq etmək bizə rahatlıq, sevinc bəxş etməlidir. İnsan tək özü üçün yaşayırsa, başqaları onun adı çəkiləndə ağlına yaxşı bir şey gətirmirsə, deməli, həyatı boşuna keçib. Yaxşılıq edəndə də qarşılıqsız etmək lazımdır. İnsanların səni gözəl xatırlaması, ətrafa gözəllik qatmaq sənin də mənəviyyatını zənginləşdirir.
 

 
- "İlin anası mənim anam” layihəsini universitet tələbələri arasında həyata keçirdiniz. Bu layihə necə başladı?
- Tələbələrin düşüncələrini, özünü ifadə tərzlərini, iç dünyalarını öyrənmək istəyirdim. Mətnin nə qədər olmasının əhəmiyyəti də yox idi. Sadəcə, ortaya düşüncə qoyulmasını, fərqli yanaşmaların çox olmasını arzulayırdım. Bu gün çox adam maddiyyata sevinir. Mənəviyyat demək olar ki, unudulub. Mənə görə, mənəvi hissləri oyatmaq lazımdır. Mənəvi xoşbəxtliyin verdiyi istiliyi maddiyyat verə bilmir. Layihə tələbələr tərəfindən də maraqla qarşılandı və mənə yüzlərlə maraqlı fikirlər, maillər gəldi. Oxuduğum mətnlər o qədər sevindirici idi ki... Simvolik olaraq, bir qalib seçməli idik və seçdik.
 

 
- Gələcək planlarınız nədir?
- Bacardığım qədər, insanlara faydalı olmağa çalışacağam. Xüsusilə, qadınlarla bağlı çox təlimlər, seminarlar təşkil edəcəyəm. Qadınları inandıracağam ki, nə zaman düşüncələrinizdəki qəlibləri, inancları dəyişdirə bilsəniz, o zaman sərhədlərinizi aşıb ürəyinizcə yaşamağa başlayarsınız. Hesab edirəm ki, insan bu dünyaya boşuna gəlməyib. Bizim bir missiyamız var. Tək özümüzə görə yaşamamalıyıq. Biz nələrisə öyrənə bilirik, amma unutmamalıyıq ki, bundan məhrum olan insanlar var. Bildiyimizi paylaşmalıyıq. Paylaşdıqca, cəmiyyətimiz daha da gözəlləşər. Dünyada bir nəfər belə, yaxşılıq etmək istəyən insan olsa, nəyəsə ümid etmək olar. İnanıram ki, o insanların sayı çoxalacaq.
 
Aygün ƏZİZ
 



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946